Aydın Talıbzadə: “Eqo olmasa bu müsahibəyə gəlməzdim”

Aydın Talıbzadə: “Eqo olmasa bu müsahibəyə gəlməzdim”
2 iyun 2015
# 07:30

Kulis Şərif Ağayar və Aliyənin "Əbuhübb" adlı yeni romanı çapdan çıxan yazıçı-kulturoloq Aydın Talıbzadə ilə söhbətini təqdim edir.

- Ənənəvi də olsa soruşaq: necə oldu ki, roman yazmağa ehtiyac duydunuz?

- Dostlarım şahiddir ki, 18 yaşımdan – hələ tələbəlik illərindən roman yazmağa başlamışam. Yəni mənim içimdə bir roman vardı. “Sonra Kəpənək modeli 102” yazıldı.

- Demək, romana yeni başlamamsınız...

- Romana başlamışam bir az iddialı görünə bilər. Sadəcə yazmaqdan zövq alıram. Prosesin özü maraqlıdır mənə.

- O nə idi ki, tənqidi yazılarda, esselərdə yaza bilmədiniz, romana ehtiyac duydunuz.

- Bir alim, bir teatrşünas, bir tənqidçi kimi yazanda sən o mövzunun qulusan. Amma romanda özünü daha çox ifadə etmək imkanına malik olursan. Mən uzun müddət rus dilində hekayələr yazmışam. Onları yalnız rusdilli dostlarıma göstərirdim. Əslində, bu hekayələri ruscanı öyrənmək xatirinə yazırdım. Mənə dedilər ki, sən bu hekayələri yazmırsan, sən bu hekayələrlə nəfəs alırsan.

- Elmdən nəsrə gəlmək təcrübəsi var dünyada. Məsələn, Umberto Ekon... Azərbaycanda Kamal Abdulla...

- Bəlkə, Kamal Abdullanın romançılığı olmasaydı, mən də bu romanı yazmayacaqdım.

- O, sizi həvəsləndirdi?

- Yox, o sadəcə mənə inam verdi.

- Ola bilər. Amma sizdə də o semiotik çalarlar var, roman haqqında danışanda buna toxunarıq. Qulağıma belə bir fikir çatdı ki, siz öz romanınız haqda yazı yazmaq istəyirsiniz. Ekoda bu təcrübə də var. Müəllif öz əsərini aşır.

- Bilirsiniz, bu ideya mənə haradan gəlmişdi? Bir italiyan şair var, kitab çap etdirir, amma alınmır. Heç kim oxumur, əsərin üstündən sükutla keçirlər. Şair götürür özü haqqında maraqlı bir məqalə yazır. Məqalədən sonra kitab populyarlaşır və reytinq qazanır. Mən reytinq qazanmaq yox, romanı şərh etmək, roman haqqında danışmaq naminə belə düşündüm. Romanım getdikcə özümün xoşuma gəlir. Əvvəldə nə qədər ehtiyatlı idimsə, hətta arada oldu ki, öz-özümə dedim, gedim romanı mətbəədən götürüm, çapını saxlayım. Sonra Nərmin Kamalın sözü yadıma düşdü ki, Fransada hər 15 dəqiqədə bir roman çap olunur. Dedim, bizdə də biri artıq olsun... İndi, dediyim kimi, roman getdikcə daha çox xoşuma gəlir. Bu artıq mətnin özünün həyatıdır.

- Deyirlər, müəllifi sonradan təsirləndirən əsər daha güclüdür. Əsəri bitirirsən, əslində hər şey bundan sonra başlayır...

- Təzə bitirəndə şübhə edirsən ki, bu nə idi mən yazdım. Amma müəyyən vaxtdan sonra bu fikir yox olur.

- Belə anladım ki, romanı özünüz məqalənizlə təqdim edəcəksiniz?

- Hələ bilmirəm. Bilirsiniz, bəzən müəyyən adamlarla romandan danışanda hiss edirəm ki, doğrudan da bu məqaləni yazmağa ehtiyac var. Sonra həvəsdən düşürəm. İndi məni başqa məsələlər maraqlandırır, başqa məsələlərin içindəyəm. Bir də ora qayıtmaq istəmirəm.

- Fikrinizdə başqa bir roman varmı?

- Yox, başqa bir roman yoxdur. Bundan sonra nə gələcək, onu Allah bilir.

- Siz deyirdiz şünasliq bir həyat tərzidir, düçüncə tərzidir. Romanı yazanda siz bu tərz mane oldumu?

- Əsla yox. Roman altı aya yazılıb.

- Kitabda bir nüans diqqətimi çəkdi: esse və şünas yazılarından gələn ifadələr, terminlər... Məsələn, “inikas” kimi sözlər. Bu bilərəkdəndirmi?

- Terminologiyanı mən bilərəkdən saxlamışam.

- Amma elə yerlər var ki, mətn tərtəmizdir, sırf bədii mətndir.

- Ay sağ ol. Xüsusilə müasir dövrə aid əhvalatda mən o terminologiyanı saxladım. Çünki, biz elə bil terminologiyanı bədiiləşdirməkdən qorxuruq. Bizdə belə bir fikir var ki, Azərbaycan insanı bu cür terminlərlə düşünə bilməz. Dilimizin elmi bəsitliyini saxlayırıq. Guya bu bədiidir. Personaj elmi termin işlətməyə gərək duyursa biz ondan eymənirik. Amma mən görmüşəm ki, insanlar belə danışırlar və bu kifayət qədər gəlişmiş faktdır. Ona görə bunu saxladım. İkinci bir məsələ də var. Romanda Toltı bəylə bağlı hadisələr, orta əsrlərdə baş verən əhvalatlarda təhkiyənin özündə bir də görürsən ki, müasir bir söz işlənir. Bunu mənə bir neşə adm dedi. Amma mən bunu özüm elə saxlamışam ki, oxucu qəfil səksənsin. Başa düşsün ki, orta əsrlərdəki hadisələr şüşə bir qapaq altında baş verir - televiziyada baş verən romandır.

- Deməli iki dil plastı var - qədim dövrdəki əhvalatı təsvir edən poetik dil, müasir dövrdən danışan esseistikaya yaxın dil.

- Bəli.

- Romanda bir məqam adamı düşündürür: Toltı bəy niyə qızını özü zorlayır? Əgər onu Cingöz xanın cənazəsilə birgə basdırılmaqdan qorumaq üçün edirsə belə, bunu nökərinə tapşıra bilərdi. Ola bilsin nəzəri baxımdan o, öz qızını zorlamalıdır ki, təsəvvüf yoluna çıxmaq üçün özündə mənlik deyə bir şey qalmasın...

- Yox yox, qətiyyən elə deyil. Toltı bəy seytnot vəziyyətinin personajıdır. O, elə bir personajdır ki, onun başqa bir çarəsi yoxdur. O, qızını nökərinə tapşıra bilməzdi. O insanlar onun qızına layiq olmayan insanlardır. Toltı bəy kimisə gətirib qızı ilə bir yatağa salmağa özünə layiq bilmir. Buna vaxtı da yoxdur. Cingöz xan ölüb, onun dəfni olacaq. O isə həm qızını xilas etməli, həm də Təncigül xanımdan öc almalıdır. Bax bu iki hissin qaynağında gəlib alçaqlığın ən son nöqtəsinə düşür. Bundan sonra o, təmizlənməlidir.

- Füzulinin beyti də var: Çün düşmədən əyağə, çıxmadı başə badə...

- Bu, sadəcə mənim sevdiyim beytlərdən biridir. Burada məsə başqadır. Toltı bəy özünü təmizləyə bilmir. Ona görə təmizləyə bilmir ki, Pünhaniyyə onu bir kənara atır - şəhər onu qəbul etmir. Yəni o, gəlib o həddə çatmadı. Tuncalsa gəlib o nirvanaya çatdı.

- Amma Füzulinin heykəli ilə arasında səkkiz fəvvarə var idi...

- Füzuli məsələsində sizinlə qəti razı deyiləm. Çünki, bu romandan dışarıdadır. Hətta Füzulinin heykəli də orada Tuncalın bu heykələ, Füzulinin özünə ironiyasıdır.

- Onda səkkiz rəqəmi təsadüfidir? Mənə görə sufiliyin səkkiz mərhələsinə işarədir.

- Səkkiz sonsuzluqdur. Sufilikdə mərhələ yeddidir, on ikidir, on beşdir... Vadilər və dayanacaqlar.

- Cingöz xanın adının Çingiz xana oxşaması necə, təsadüfidir?

- Əslində romanın ideyası Çingiz xandan gəlir. Mən Rusiya telekanalında bir verilişə baxırdım. Orada göstərirdilər ki, Tunqus vilayətində bir əyanın qəbrində qırx bakirə qızın basdırıldığını aşkarlayıblar. Bu ideya məni çox təsirləndirdi. Mən bu ideyadan sonra ilk epizodu yazdım, amma elə ordaca qaldı, davam etmədim.

- Romanda mətn içində mətn var: Toltı bəyin hikmətli fikirləri. Axı müəyyən bir mərhələyə çatmayan adam bu fikirləri deyə bilməz.

- Məsələ burasındadır ki, Toltı bəyin böyük bir iş təcrübəsi, həyat təcrübəsi var. İnsanların müxtəlif üzünü görüb. Toltı bəy elə bir vəziyyətə gəlib çatır ki, onun özünə və ya başqalarına sübut edəsi heç nəyi yoxdur. Bu şəraitdə, bu vəziyyətdə bu deyimlər gəlir. Bu fikirləri özündən bir yadigar kimi saxlamaq istəyir. Amma nirvanaya çata bilmir. Dərvişlər zikrə başlayanda o yenə də kənarda qalır. Ona görə də şəhər gedir, o qalır.

- Bəs niyə insestdən doğulan uşaq Pünhaniyyə şəhərinin şeyxi-kəbiri olmalı idi?

- Misirdə təmiz qan insestdən doğulanlarda olurdu. Ali qan bu adamlarda idi. Təmiz qandan doğulanlar ya məhv olub gedir - onların yaşamağa fiziki imkanları çatmırdı –, ya da müqəddəs olurdu. Avropada bir vaxtlar bu adətə qayıtmaq istəyirdilər.

- Mesajı nədir?

- Heç bir mesaj yoxdur, sadəcə bir situasiya, təklif olunan vəziyyətdir. Bu vəziyyətsə Əbuhübbə deyil, Toltı bəyə ünvanlanıb. Çünki Toltı bəy özünün davranışı ilə həyatının üstündən xətt çəkir - insan kimi yox olur. Əbuhübb isə qalır. Əbuhübb necə olacaqsa özü olacaq, biz bilmirik o necə olacaq. Hər halda şeyxlər onu Pünhaniyyənin şeyxi kimi görürlər. Toltı bəy öz cəmiyyətinin bir nömrəli insanıdır. Onun qızı ilə əlaqəsindən doğulan nəvə, təbii ki, bu genetik kodun daşıyıcısıdır. Artıq, Toltı bəy nirvanaya hazır idi, amma son məqamda özünü üstələyə bilmədi, onda sərkərdə başlanğıcı qalib gəldi. Özünü sındıra bilmədi, nirvanaya yetişə bilmədi. Qürur və kibr qalib gəldi. Artıq bu halət onun oğlunda-nəvəsində görünəcək.

- Sizə görə nirvanaya çatan rəssam Tuncalınsa əlində nə var-dövlət var, nə hakimiyyət. Demək, bu çətin yolları qılıncla deyil, sənətlə daha rahat keçmək olar. Amma mənə elə gəlir ki, Tuncal da fənafillah məqamına çata bilmir...

- Tuncal istəyir ki, fənafillah olsun, amma ora gedə bilmir. Romanda bir məqam var. Tuncal gəlir, görür ki, bir əyyaş uzanır, onunla söhbətində eqoizmi baş qaldırır - çünki o əyyaşa doğrudan-doğruya heç nə lazım deyildi.

- Siz Tuncal obrazında deyəsən rəssam Ucal Haqverdiyevi nəzərdə tutmusunuz.

- Bəli, mənə Tuncal obrazını verən insan Ucal Haqverdiyev olub. Ucal rəssam idi, bizim məhəllədə olurdu. Mən onun hamıdan seçildiyini görürdüm. Qəribə bir görkəmi var idi. Özünü sərbəst aparırdı, heç nəyə iddiası olmayan bir adam idi. Mənə onunla ünsiyyətdə olmamışam. Yalnız seyr etmişəm kənardan. Siz yəqin ki, onu Vaqif Mustafayevin “Fransız” filmində görmüsünüz - tərcüməçini oynayırdı.

- Deyəsən, xristianlığı qəbul etmişdi, kilsələrdə də freskalar çəkirdi, yox?

- Ucalın həyatını bilmirəm. Sadəcə Tuncal obrazının prototipidir. Çox orijinal bir insan idi.

- Burada bir qadın azadlığı məsələsi də var. Fərizə ilə Tuncalın birgəlik, xoşbəxtlik imkanları məhduddur. Fərizə yenə gedir özünə varlı ər tapır.

- Yox, məncə, Tuncal başqa bir qadın tapa bilməzdi. İstər mental qatda, istər şəxsi intim qatda. Məncə, Tuncalla Fərizə bir-birlərini o situasiyaya, vəziyyətə görə ideal şəkildə tamamlayırdılar. Bu romanın içində siz deyən nüansları axtarmaq lazım deyil, başqa mesajlar axtarmaq lazımdır.

- Mən Fərizə ilə Təncigül xanım arasında paralellər hiss etdim.

- Siz romana birbaşa, sanki xətkeşlə yanaşırsınız. Bu romandır, burada, insanların təklif olunan vəziyyətdə necə davranacaqları maraqlıdır. Mən kiməsə nəsə mesaj göndərmək istəməmişəm. Məncə, roman mesajlardan azad olmalıdır. Siz diqqət etmisinzsə, o, sərbəst yazılıb.

- Sadəcə bu, mənim yozumumdur.

- Bildim, siz mesaj axtarırsınızsa, o, sizin öz mişinizdir, mən mesaj axtarmıram. Bilirsiniz, biz kimə xoşbəxt deyirik? Mən dövlətli insanların ölümünü görmüşəm, biz onlara xoşbəxt demirik. Xoşbəxtlik xoşbəxt ölümdür. Kim xoşbəxt ölürsə, biz ona xoşbəxt deyirik. Tuncal çox xoşbəxt ölür. Gedir, otun üstünə uzanır, heç bilmir də ki, öləcək ya yox. Cibimdən də yüz manatlıq əsginas, üstünə “Mənim insanlara yazığım gəlir” yazılmış kağız çıxır. Çünki, insanlar doğrudan-doğruya yazıqdır. Onlar ömrü boyu işləyir, amma heç nəyə çata bilmirlər. İstəklər zəncirində dolaşıb qalırlar. Tuncalın da istəyi var idi. O, özünü reallaşdırmaq istəyirdi və başa düşmüşdü ki, özünü reallaşdıra bilmir. Onun sonuncu qaçıb gizləndiyi yer götürdüyü daş idi - intihar etmək istəyirdi. Amma sonra şəhəri, şəhərdəki uşaqları gördü, yeni həyatı gördü və yenə də anladı ki, özü şüşə qapağın altında qalıb.

- Mən bu romanda Bakı nostaljisi və yaxşı mənada bir qədeşlik gördüm...

- Orada bu var. Tuncalla məhəllədəki insanların kontaktında bu var. Maşına görə bıçaqlaşma epizodu var orada. Mühafizəkar mühit və yeni adamlar... Maraqlıdır ki, Toltı bəyi də şəhər qəbul etmir, Tuncal da şəhərə uyuşa bilmir. Burada bu paralelləşmə güclüdür.

- Mən oxuyada Tuncalı Toltı Bəyin, Fərizəni də Təncigül xatunun müasir variantı hesab etmişəm.

- Yox, tamamilə başqadır. Sadəcə olaraq Fərizə ilə Tuncal seriala baxırlar - Əbühübb romanı serialdır, onlarla düşük serialdan biri... Sadəcə Tuncal deyir ki, Əbuhübb onun babasının adıdır. Onun şəcərəsindən olmaq ehtimalını da saxlamışam yəni...

- Əbuhübb təriqətdən gələn addır...

- Sadəcə yaxşı bir addır, amma siz haqlısınız sufi paroludur. Gizli saxlanılan parollardan biridir. Bunu hər adam bilmir.

- Siz sufiliyi araşdlrmısınız?

- Mən sovet dövründə “Orta əsrlər şərq teatrının poetikası”nı yazanda. Mövləvi dərvişlərinin səma məclislərini öyrənmişəm. Bu mövzu mənə çox yaxındır.

- Dinlə aranız neecədir?

- Məncə, insanla tanrı arasında heç bir din tablaya bilmir, bunu dəfələrlə demişəm. Bu, romanda da mühüm məqamlardan biridir. Mənəvi təmizlik nədir, mənəvi paklıq nədir və s.

- Aydın müəllim, orada bir əsas ideya var ki, insan imtina edə-edə gəlib təmizliyə, yəni xoşbəxtliyə qovuşur. Amma Sovetskinin dağılması Tuincala pis təsir edir. Bəs Sovetski imtina edilməli olanlardan deyilmi?

- Təbii. Biz hara gediriksə, keçmişimizi işimizdə aparırıq. Biz o keçmişdən ayrıla bilsək daha xoşbəxt olarıq. Heç vaxt bu günlə yaşaya bilmirik. Keçmiş bizim altşüurumuzdadır.

- Buddizmlə sufilik arasında paralellər görmüsünüz... Yəqin etiraf edərsiniz...

- Bunlar bir-birinə bağlı məsələlərdir. Mən Noh teatrı ilə Miniatür sənəti arasında bir oxşarlıq tapmışdım. Hətta islamla induzim arasında da bir bağ var.

- Bayaq keçmişin insanı incitdiyindən danışdıq...

- Amma keçmiş yalnız incitmir. İndi burada danışıramsa yaddaşım mənə deyir ki, Aydın, bunu de, bunu demə. Yaş məsələsi var. Keçmiş mane olur. Amma burada Qan Turalı ilə Mirmehdi Ağaoğlu danışsa belə olmayacaqdı. Onların keçmişi daha azdır və çiyinlərindən basmır.

- Onda gəlin buna şüur deyək. Bir şey bizim şüurumuzda daim bizlə danışır. Susdura bimədiyimiz səs var. O, keçmişdən, gələcəkdən danışıb bizi rahat olmağa qoymur. Buna hardasa eqonun səsi deyək. Amma sənət də eqonun iddiası deyilmi?

- Elədir. Bəs niyə bütün sənətkarlar intihar edir? Sən gəlib hansısa zirvəyə çıxırsan və səndə bir fikir var ki, başqaları da gəlib bu zirvəyə çıxacaq. Bu, təbii ki, eqodur. Sufilik eqodan çıxmaqdır. Eqodan çıxanda sən rahat olursan.

- Selincer çıxdı, rahat oldu və yazmadı...

- Hə, çıxdı və yazmadı. O, hər şeydən imtina etdi.

- Ümumiyyətlə, bizi də indi eqo danışdırır.

- Eqo olmasa mən bu müsahibəyə gəlməzdim.

- Sənətlə din arasında bu məqamda hansısa ziddiyyət yaranmırmı? Sənət eqodur, amma din eqodan imtina.

- Din də eqodur. Dində ierarxiya varsa deməli mütləq eqo var. Ona görə də sufi dindən kənara çıxır.

- Eqodan imtina, özünü mükəmməlləşdirmək, ruhunu paklaşdırmaq bunlar haradasa laqeydliyə gətirib çıxarmır ki?

- Bilirsən, sufiliyin ən əsas ideyalarından biri nədir? Heç nəyə bağlanma. Heç nəyə bağlanmayanda sən artıq laqeyd olursan. Selincer kimi...

- Bu, birbaşa laqeydlik deyil, sən laqeyd qalmaya-qalmaya laqeyd qalırsan. Buddaya laqeyd demək olmaz. O hər şeyi görür, bilir... Bunlar mürəkkəb məsələlərdir, məncə biz bir az başqa mövzulara qayıdaq.

- Yox, söhbət maraqlıdırsa bunu etmək lazımdır. Aliyə dedi və biz sual qarşısında qaldıq, bunun cavabını tapmaq istəyirəm. Düz deyir o, laqeydlik və eqodan imtina etmək... Bunlar çox yaxın müstəvilərdə dayanıblar. Əgər sən eqodan imtina edirsənsə, o demək deyil ki, yaxşılıqdan imtina edirsən. Eqodan imtina edəndə insan olaraq qalırsan, yaxşılığı edən o insandır ki, o, eqodan imtina edib.

- Təsadüfən bu gün “Sergi ata”nı oxuyurdum. Məncə, sizin romanla o əsərin çox mistik bir bağı var.

- Çox qəribədir, bir neçə gün öncə kafedrada oturub söhbət edəndə bir nəfər dedi ki, sizin romanınızla “Sergi ata” əsəri arasında bir əlaqə var. Mən heç bilmirdim ki, Şərif də bunu deyəcək. “Sergi ata” əla romandır. Amma bunu mənə deyəndə dedim ki, “Sergi ata” hara, “Əbuhübb” hara? Keşiş sağalmaq ümidi ilə onun yanına gələn qıza təcavüz edir. Özü də qız deyəsən, bir az ruhi xəstə olur. Yəni bu möhtəşəm adam da – Sergi ata da eqodan qurtula bilmir.

- Mən o kitabı Mirmehdidən alıb oxumuşdum. Ona qaytaranda dedim ki, islamda bu romana oxşar balaca bir pritça var. Peyğəmbər deyir ki, kim mənim istədiyim iki rükət namazı qıla bilsə, ona bu dəvələrdən birini bağışlayacağam. İmam Əli deyir ki, mən qılaram. Qılır da. Peyğəmbər soruşanda deyir, ya peyğəmbər, qıldım da, amma bir anlıq zənnim yayındı, düşündüm ki, görəsən böyük dəvəni verəcəksən, yoxsa balacanı? İnsan axıradək eqodan imtina etməyi bacarmır. Hətta iki rükət namazda da. Füzulidə də var: güzgüdən umdum sidq əks-müddüa gördüm. Bu dünyada mütləq həqiqət yoxdur. İnsan yalnız ölüb ona qovuşa bilər. Məncə, yalnız Budda bu dünyada ideal həqiqətə qovuşa bildi.

- Budda xoşbəxtdi, ona görə ki, daha doğulmayacaq. Silsilə bitdi. Axı təkrar doğulmalar var...

- Aydın müəllim, romanda sizin bir cümləniz məni incitdi. Obrazın dilindən də olsa, deyirsiniz ki, düz danışmaq kasıbın son silahıdır. Amma gəlin razılaşaq ki, düz danışdığı üçün kasıb olan insanlar da var. Uzağa getməyək, mərhum şairimiz Ağa Laşınlı... Rüşvət verirdilər, götürmürdü, halbuki dərman puluna belə ehtiyacı var idi. Yəni düz olduğu üçün kasıb idi, kasıb olduğu üçün düz danışmaqla silahlanmamışdı.

- Mən sizinlə razıyam. Amma Toltı bəy niyə o yerə gəlib çıxır? Çünki şəri şərlə məhv edib. Mənə elə gəlir ki, şərə qarşı mübarizə aparanda mübarizənin özü də şərləşir. Yəni, hər bir mübarizə əslində şərdir. Mütləq bulaşırsan, mütləq bağlanırsan. Sən istəyirsən nəsə yaxşı olsun, bunun üstündə kimisə öldürürsən. Yəni şər elə şər törədir. Mən belə düşünürəm.

- Romanda həm də aristokrat təbəqənin qara camaata yuxarıdan aşağı baxmağı var: Tutalım Toltı bəy Saytubanın sevgi etirafından sonra onun sevgisini pulla alır. Qaravaşın sevgisinə inanmır. Ola bilsin onu yaxşı tanıyır... Düzü bu kübar, əsil-nəcabət ayrı seçkiliyi bir az qıcıq oyadır.

- Bir balerina var, deyilənə görə, o hətta Stalinin məşuqəsi də olub və s. O, həyatından danışırdı, deyirdi ki, bir gün atam bir kapitanla gəldi. Atam polkovnik idi. Mən o kapitanı sevirdim. Kapitan gedəndən sonra atam mənə dedi ki, bilirsən, bu kapitan bizim dairənin adamı deyil, sən ona ərə getmə. Deyir, mən inad etdim, onu sevirdim. Kapitana ərə getdim. Üstündən iki il keçdi, başa düşdüm ki, atam bizim dairənin adamı deyəndə nəyi nəzərdə tutub. Yəni, nəslin genetik kodları var. Tək genetik deyil, sosial kod da var. Səndə sosial kod necədirsə, oğlun da elə o sosial kodla olacaq.

- Bizim xalq bunu belə ifadə edir: “Kasıbın üstündən qırx il də kasıblığın iyi getmir”.

- Ay sağ ol. Bilirsiz, elə adam var pulu yoxdur, onu dövlətli bilirlər.

- Amma bir ifadə də var: “Yetim quzu qoç olmaz”. Hərçənd islam peyğəmbəri də yetim idi...

- Amma yetim olsa da onun şəcərəsi görün haralara gedib çıxırdı. Haşimilərdən gəlirdi. Çəcərə var idi və nə qədər güclü idi. Peyğəmbər də heçdən gəlib olmadı. Bu, yalnız əsli-nəslində kimlər olub məsələsi deyil, yox. Sadəcə bu nəsildəkilər təmiz adam olublar. Bu, önəmli faktdır.

- Aydın müəliim, “Əbühübb” şərq romanıdır. Şərq sanki fərdlər üzərində qurur hər şeyi, fərddən nicat gözləyir, insanın özünə güvənir. Qərblisə sistemi düzəldir, sistemə inanır...

- Bilirsən, mən indi sənin dediyini yüz faiz başa düşmədim. Amma mən bir şeyi bilirəm, şərqli özünə hər yerdə nirvana, rahatlıq axtarır. Avropalı isə hər şeyi rasional şəkildə düzəltməyə çalışır.

- Paradoks da ondadır ki, nə qədər inkişaf etsələr də yaponlar qədər xoşbəxt deyillər.

- Yəni dünyadan çox istədikcə, çox narahat olacaqsan.

- Amma indi mənzərə başqa şey göstərir...

- Mənzərə göstərir ki, biz indi hamımız komfortun əsiriyik: maşın, geyim, dolanışıq axtarırıq və bu istəklərin sonu yoxdur. Amma bunun hamısından imtina edib pendir-çörəklə xoşbəxt olmaq olar.

- Müasir ədəbi prosesi izləyirsinizmi? 15 dəqiqədən bir olmasa da bizdə də romanlar yazılır.

- Deyim ki, mən romanları oxuyuram, düz olmaz. Təqdim olunanları oxuyuram.

- Oxuduğunuz yeni əsərlərdə ən gözəçarpan problem nədir?

- Dil problemi ilə çox rastlaşıram. Qaraqanın “A” romanını oxudum, gördüm ki, üzdən bir şeydir, ondan heç nə öyrənə bilmirsən. Əksər romanlar belədir. Bunu indi şünas kimi danışıram ha, yazıçı kimi yox. Amma bu uşaqlar roman yazırsa pis iş görmürlər. Hamısı düşüncənin məhsuludur və bunu müsbət enerji ilə paylaşırlar. Mən kulisdə, kult.azda Slavyan Universitetində yaranan ədəbi qrupları təqdir edirəm.

# 1633 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #