Bu yazıçılar şişirdilibmiş - SORĞU

Bu yazıçılar şişirdilibmiş - <span style="color:red;">SORĞU
20 iyul 2016
# 08:30

Bəzi məşhur yazıçılar, şairlər var ki, onlar bu şöhrətə layiq deyillər. Hansısa səbəbdən şişirdilib və cəmiyyətin sevimli yazıçısına, şairinə çevrilib.

Bəs bizim yazarlar necə düşünür? Dünya ədəbiyyatında hansı yazıçının şöhrətini süni, şişirdilmiş hesab edirlər?

Kulis.Az bu barədə yazarlardan münasibət öyrənib. Cavabları təqdim edirik.

Əkrəm Əylisli: “Demokratik dünyada kimisə şişirtmək mümkün deyil. Ancaq demokratik olmayan yerlərdə lazım olmayanı şişirdirlər. Qərb dünyasında şişirdilmiş yazıçı tanımıram. Sovet vaxtı şişirdilmiş yazıçılar çox idi. Məsələn, Çingiz Aytmatovun özü də şişirdilmiş yazıçıdır. Rusların içində Georgi Markovun adını çəkə bilərəm. Stalin dövründə kim ki sədaqətlə qulluq edirdi, onu şişirdirdilər. Sovet totalitar rejimdə bu mümkündür. Amerika ədəbiyyatında kimi şişirdə bilərlər axı? Hamısı həqiqi yazıçılardır. Azərbaycanda Sovet vaxtı kimi istəyiblər şişirdiblər. Səməd Vurğunu Stalinə yazdığı şeirlərə görə şişirdiblər, Rəsul Rzanı, Məmməd Rahimi “Lenin” poemasına görə şişirdiblər... Ancaq Cəfər Cabbarlı bunların içində müstəsna şəxsiyyətdir. O, həm Sovet hökumətinin ürəyincə olan “Sevil”i, “Almaz”ı yazdı, həm də istedadı ilə seçildi. Öz istedadına sonacan xəyanət etmədi”.

Anar: “Mən heç bu barədə fikirləşməmişəm. Hərənin öz fikri ola bilər. Bu da mənim fikrimdi. Azərbaycanda şişirdilmiş yazıçı yoxdur. Hər yazıçı öz layiqli qiymətini alıb”.

Elçin: Kafka mənim aləmimdə bir az şişirdilmiş yazıçıdır. Onun «Qəsr», “Məhkəmə işi”, “Amerika” romanları, hekayələri, xüsusən pritçaları istedadlı və sanballı ədəbiyyatdır, buna şübhə yoxdur. Ancaq bununla bərabər, Kafka bir az şişirdilmiş fiqurdur. İki cür yazıçı var: ədəbi bəxti gətirən yazıçılar və ədəbi bəxti gətirməyən yazıçılar. Bir insan kimi Kafkanın həyatda, güzəranda bəxti gətirməyib, yazıları çap olunmayıb. Dostu Maks Broda vəsiyyət edib ki, əlyazmalarının hamısını yandırsın və o fikirlə də həyatdan köçüb. Brod isə «vəfasız» çıxır və bu əsərləri çapa verir və onlar dərhal da diqqəti cəlb edir. Bu, Kafkanın bir yazıçı kimi gətirən bəxtidır. Əvvəlki söhbətə qayıdırıq, hər şeyin nisbi olmağına. Görürsən, dost əhdə vəfasız çıxır, Kafka isə bir yazıçı kimi anadan olur. Mən şübhə etmirəm ki, dünyada bəxti küsən elə yazıçılar olub ki, gözəl əsərlərini də özləri ilə bərabər aparıblar, itib-batıb. Dəb sənətə yad olan bir şeydir. Kafkaya münasibətdə bir az dəb var. Oxuyan da onun adını çəkir, oxumayan da. (Bu hissə yazıçının Kulis.Az-a müsahibəsindən götürülüb)

Fikrət Qoca: “Mənim qəbul eləmədiyim yazıçı ola bilər. O da özümdə gizlənib. Nə ixtiyarım var onu kiməsə deyim? Dünya ədəbiyyatında qalan yazıçılar varsa, deməli onlar həqiqətən yazıçıdırlar. Mənim nə işimə, kim şişirdilib, kim nə boydadır? Sizə deyim ki, heç nədən bir şey düzəltmək olmur. Mənə görə, hər yazıçının öz yeri var. Sovet dövründə şişirdilənlər bu gün də oxunur. Nə olsun rəhbərə şeir yazıb? Şeir kimi şeirdir. Dil qorunub, axıcıdır. Kimə yazılmağından asılı deyil şeir”.

Çingiz Abdullayev: “Çingiz Abdullayev. Çox şişirdirlər (gülür). XX əsrdə çoxlu Nobel mükafatları veriblər. Layiq olmayan çoxları var idi o mükafatların içində. Keçən il də Svetlana Aleksieviçə verdilər. Bu biabırçılıqdır. Onu nəinki şişirdilmiş yazıçı, ümumiyyətlə, yazıçı hesab etmirəm”.

Seyran Səxavət: “Mənim tanıdığım, yəni oxuduğum şöhrətli yazıçılar layiqlidir. Layiq olmayan yazıçıları şişirdilmiş hesab edirəm. Şişirdilənləri oxuya bilmirəm. Oxuya bilmədiyim yazıçılardan biri də Orhan Pamukdur. Amma bu o demək deyil ki, o zəif yazıçıdır, ya da mən zəif oxucuyam. Əhvalımın elə bir vaxtına təsadüf edib ki, oxuya bilməmişəm. Oxuya bilmədiyim yazıçıya bir də qayıdıb oxumağa çalışmıram”.

Vaqif Nəsib: “Azərbaycandan Füzulini şişirdilmiş hesab edirəm. Dünya ədəbiyyatından Şekspiri. Rus yazıçılarından Tolstoy, Dostoyevski”.

Elçin Hüseynbəyli: “Nobel mükafatı almış Elfrida Yelineki şişirdilmiş yazıçı hesab edirəm. Elfrida feminist düşüncənin daşıyıcısı kimi əsərlər yazıb. Rus dilində bir neçə əsərini oxumuşam, bəyənməmişəm. Daha bir neçə Nobel mükafatçısını şişirdilmiş hesab edirəm. Təəssüf, adları yadımda deyil. Bizim ədəbiyyatda həm ölülərin, həm də sağların içində xeyli şişirdilmiş adamlar var. Sağlar lap çox şişirdiliblər. Sadəcə ad çəkmək istəmirəm, yoxsa qan düşər. Bircə onu deyim ki, ölülər heç olmasa ideologiyaya xidmət edib şöhrət tapırdılar, sağlar isə özlərinə xidmət edib şöhrət qazanırlar”.

Seymur Baycan: “Dünya ədəbiyyatından yadıma bir adam düşmür hal-hazırda. Azərbaycan ədəbiyyatından Anar və Elçin. Atalarının hesabına yazıçı olublar. Şairləri də demək olarsa, Rəsul Rzanın da, Bəxtiyar Vahabzadənin də adını əlavə edə bilərəm”.

Rəbiqə Nazimqızı: “Çətindir bu suala cavab vermək. Gəlin belə deyək, Nobel alan Elfrida Yelinekin adını deyərdim, qalanları indi yadıma düşmür, amma yəqin ki, olub”.

Nəriman Əbdürrəhmanlı: “Məsələn, Haruki Murakaminin. Əsərlərinin əksəriyyətini oxumuşam, təbliğatı səviyyəsində olan nəsri yoxdu. Əksinə, Kenzi Maruyama o qədər şöhrətli deyil, amma ədəbi nəfəs sarıdan möhtəşəmdi”.

Azad Yaşar: “Ən qəribə məqam odur ki, belə yazıçılara ilk növbədə nobelçi və bukerçi yazarlar arasında daha çox rastlanır. Sovet İttifaqında və sosialist düşərgəsinə aid ölkələrdə yazıb-yaradan qələm sahiblərinin də arasında belələri az deyildi. O ki qaldı, bunları təyin eləməyə... Bu o yazarlardır ki, bir-iki əsərini (bəzən hətta yarıyacan!) oxuyandan sonra öz-özündən soruşursan ki, əcəba, bu adam nəyin bahasına qazanıbmış bunca şanı-şöhrəti? Və cavab tapmırsan. Hə, bax, onda təxmin edirsən ki, arada siyasi-ideoloji, irqçi-millətçi, loja-sekta maraqları var. Bunların isə həqiqi sənətə heç zaman dəxli olmayıbdır. Bizdə bu yanaşma daha dar miqyaslıdır – yerlibazlıq, qohumbazlıq, qudabazlıq və sair”.

Yaşar: “Aleksandr Solijenitsin, Yasunari Kavabata, Elis Munro. Bunların yaradıcılığını oxumuşam. Üçü də Nobel mükafatçısıdır. Ədəbiyyata yenilik gətirməyiblər. Heç birində heyrətləndirici, ortabab yazıçılardan fərqləndirici xüsusiyyət görməmişəm”.

Svetlana Turan: “Əgər hər hansı yazıçı dünya şöhrəti qazanırsa, deməli, əksəriyyət onu oxuyur, əsərlərini sevir. Eyni zamanda, onu bəyənməyən bir qisim adam da, təbii ki, olur. Amma bu o demək deyil ki, onu sevməyən oxucular yazıçının şöhrətini şişirdilmiş hesab etməlidir. Şöhrət qazanıbsa, deməli, öz fikirləri, əsərləri, yaradıcılığı ilə əksər dünya oxucularının ağlına yol tapa bilib. Yaradıcılığını sevmədiyim, bəyənmədiyim yazıçılar var, amma mənə görə, şişirdilmiş yazıçı yoxdur.”

Qismət: “Aleksandr Soljenitsini şişirdilmiş yazıçı hesab edirəm. Mənim fikrimcə onu yazdıqlarının bədii gücündən, estetik səviyyəsindən daha çox siyasi proseslərdəki iştirakı ilə tanıyıb və təbliğ ediblər. Onun cəsarəti istedadından çox idi, yazdıqlarının ən yaxşısı “İvan Denisoviçin bir günüdür”, bu da hətta öz dövründə belə çox köhnə üslubda yazılmış ortabab bir əsərdir. Nobel Komitəsi bir xal fərqli ilə Borxesi Soljenistsinə uduzdurmaqla, özləri də bilmədən Borxesin mükafatlar üstü olduğunu təsdiq etmiş oldular”.

Könül Həsənqulu: “Nadirən olub ki, dünyaca məşhur imzaların bir əsərini yüz səhifədən artıq oxuya bilməyim, ancaq bununla həmin müəllifin yaradıcılığı haqda rəy verməyi özüm üçün doğru sanmıram. Səbəblər çoxdur. Ola bilər ki, həmin əsər möhtəşəm olsun, sadəcə mənim zövqümü oxşamasın və yaxud da müəllifin mən oxumadığım digər əsərləri olduqca güclü olsun. Mən düşünürəm ki, dünya ədəbiyyatı dünya musiqisindən fərqli olaraq heç vaxt şişirdilmiş fərdləri özündə qoruyub saxlamaz. Sevmədiyim müəlliflər, əsərlər isə mənim, yəni oxucuların onlara yanaşma tərzinin yanlışlığı ola bilər”.

Cavid Zeynallı: “Çarlz Bukovskini şişirdilmiş hesab edirəm. Oxudum və sevmədim”.

Ülvi Babasoy: “Maraqlıdır, 2-3 gündür 19, 20 və 21-ci əsr dünya ədəbiyyatından oxuyacağım mühazirələrin tematik planın hazırlayıram. Müasir yazıçılar arasında seçim etməliyəm. Xalid Hüseyni proqramda var. Mənsə onu çıxardıb Kazuo Ishıguro və Zadie Smithi əlavə etdim. Den Braunu isə Stiven Kinqlə əvəzlədim. Hərçənd ki, Den Braun sevimli yazıçımdır. Ondan çox şey öyrənmişəm. Hüseyni və Braunun şöhrəti çox şişirdilib. Məsələ belədir ki, bir yazıçını digəri ilə müqayisə etmək doğru deyil. Ancaq kimlərinsə PR-ı onları daha çox tanıdır. Anri Truaya deyir ki, artıq sənətkarlıq xüsusiyyətləri vacib deyil, asan başa düşülən və reklam olunan mətnlər öndədir. Əlbəttə ki, Truayanın bu fikrində çağdaş ədəbiyyatın vəziyyətinə ironiya var. Hər dövrdə şişirdilmiş yazıçılar olmasa da şöhrəti qabaqda olan yazıçılar olub. Əlif Şəfəq öz müasirlərindən nəylə fərqlənir? Şişirdilməsi ilə. Bir az əvvələ qayıtsaq, Markesin şöhrəti yerə-göyə sığmırdı. Bunun özü də şişirdilməkdi. Ancaq Əlif Şəfəq kimi deyil, haqlı və gözəl. Dozası artıq olsa da. Markesin şişirdilmiş şöhrəti Latın Amerikası ədəbiyyatının digər nümayəndələrini kölgələndirdi. E. Sabato, Karlos Fuentes, M.V.Lyosa, Qoytisolo kimi yazıçıları yada düşmədi. Bir müddət unuduldu. Ən azından bizim oxucular üçün. Ona görə şişirtməmək lazım. Kafkanı şişirdib onun ustadı Floberi unutmağa nə hacət!”

Orxan Bahadırsoy: “Düzü, mən bütün yazıçıları, şairləri, bir sözlə, bütün yaradıcı insanları sevirəm. Hamısının da şöhrətə, sevgiyə, pərəstişə layiq olduğunu düşünürəm. Bütün yaradıcı insanlar zaman-zaman öz auditoriyalarını tapırlar və həmin auditoriyaya xidmət ediblər. Əgər bir yazıçının əsəri dünyada bir insanı sevindirib, xoşbəxt edibsə, o yazıçını niyə pisləməliyik ki? Amma şöhrətin böyüklüyündən danışsaq, hesab edirəm ki, Stiven Kinq olduğundan daha çox şişirdilir. Ya da ki, mən bu adamı heç cür bəyənə bilmirəm”.

Nadir Qocabəyli: “Dünya ədəbiyyatında mənim oxuduğum, tanıdığım və tərcümə etdiyim yazıçılar arasında belə birini xatırlaya bilmirəm. Həm də bu barədə heç düşünməmiş və araşdırma aparmamışam. Mən Dostoyevski, Tolstoy və Markes haqqında bu cür fikirlərə rast gəlmişəm, ancaq bunlarla razı deyiləm, onların hər üçünü böyük yazıçılar hesab edirəm. Nəhayət, bir azərbaycanlı olaraq özümü belə bir iddialı mülahizə irəli sürməyə hazır hesab etmirəm”.

# 1512 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #