Əkrəm Əylislinin yeni povesti SON

Əkrəm Əylislinin yeni povesti SON
1 avqust 2014
# 11:45

Kulis.Az görkəmli yazıçı Əkrəm Əylislinin “Dağlar deyir ki, soyuqdur” povestini təqdim edir.

Əvvəli burda:

I hissə

II hissə

7

Ertəsi gün saat 7 tamamda yuxudan ayılanda Mamedov kəndə getməməyinə bir o qədər sevinməsə də, bu məsələni açıb Cəfərə deməməyinə çox sevindi. Əvvəla, evi satmaq məsələsində Cəfərə bel bağlamaq xalis axmaqlıq olardı. Cəfər keflihavasına hər işi boynuna götürüb, sonra güman ki, aradan çıxacaqdı. İkincisi, əgər Mamedovun yalanı üzə çıxsaydı, buna görə Cəfər əməlli-başlı əsəbləşib, aləmi qatıb-qarışdıra bilərdi.

Bir xeyli fikirləşəndən sonra Mamedovun ağlına yerləşən bu oldu ki, bir azdan həyətə düşüb, evi satmaq barədə Höcətulla ilə söhbət eləsin. Başının papağından tutmuş, başmaqlarının ucunacan tipik kənd adamı olsa da, Höcətullanın şəhərdə bilmədiyi şey yox idi. Hər səhər sübh tezdən həyətdə peyda olub, axşamlar saat 10-11 olmamış evinə getməyən Höcətulla Mamedovun yaşadığı evin həyətində 90-cı illərin əvvəllərində peyda olmuşdu. Talış idi, Lənkəranın hansısa kəndindən idi. Ancaq Azərbaycan dilində o qədər səlis danışırdı ki, əgər özü deməsəydi, onun talış olduğunu çətin ki, kimsə ağlına gətirə biləydi. Dediyinə görə, “dünyanın düz vədəsi” – yəni sovet hökumətinin vaxtında kənddə baytar həkimi işləmişdi. Hələ qıvraq kişi ikən bir gün gəlib, həyətdə özünə yer eləmiş Höcətulla indiki səksən yaşında da hamının hər işinə yarıyırdı. Kiminin xalı-xalçasını, kiminin maşınını yuyurdu. Kimisinə dükandan çörək alırdı, kimisinin evindəki zibili aparıb zibil qutusuna atırdı.

Höcətullanın “iş günü” də elə o zibil qutularından başlanırdı. Həyətə girən kimi birbaşa zibil qutularına hücum çəkirdi. Köhnə ayaqqabıdan tutmuş, təzə konfet karobkasınacan - əlinə keçəni yığıb zənbilinə doldururdu. Evin sakinlərinin “Höcətullanın iqamətgahı” dediyi taxtadan və dəmirdən quraşdırılmış köhnə pinəçi budkası da elə o zibilxananın yanındaydı və o budkanın içində Höcətulla özü üçün əməllicə yaşayış yeri düzəltmişdi: oturmağa stolu, yatmağa köhnə divanı; çaydanı, qazanı, qab-qaşığı – hər şeyi vardı.

Höcətulla işi olanda işini görürdü. İşi olmayanda gündüz qəzet köşkündən pulsuz alıb gətirib, axşam aparıb sahibinə qaytardığı qəzetləri oturub rahat-rahat oxuyurdu. Əlavə vaxtı olanda, əllərini arxasında cütləyib, həyətdə ağayana ağsaqqal ədası ilə gəzinə-gəzinə, rastlaşdığı adamlarla dünyanın işləri barədə həvəslə söhbətə girişirdi. Və qocalı-cavanlı hər hansı bir siqaret çəkən adam görəndə o adama dərs verməli olduğunu heç vaxt yadından çıxarmırdı:

- Bu zəhrimarı niyə çəkirsən? Şəhərin öz zəhəri azdı sənin üçün? Canına heyifin gəlsin. Lap o araq ki var, o da bu zəhrimardan yaxşıdı. Çəkmə, rədd elə getsin. Bundansa qoz al, qənfet al ye. O tüstüdən kim xeyir görüb. Pul da gedir, can da…

Evin bütün sakinlərini adbaad tanısa da, Höcətulla heç kəsi adı ilə çağırmırdı.

Yaşından, vəzifəsindən asılı olmayaraq, hamıya “sən” deyirdi, “qonşu” deyirdi.

Mamedov həyətə düşəndə bir qədər qəddi bükülmüş Höcətulla, yenə əlləri arxasında, öz “iqamətgahının” qabağında gəzinirdi. Mamedovu görən kimi qəddini düzəltdi. Uzaqdan-uzağa:

- Sabahın xeyir olsun, qonşu! – dedi və əl verib Mamedovla görüşdü. – Bu evin adamı yatmaqda bilmirəm nə görüb. – Pencəyinin yan cibindən çıxardığı qol saatına baxdı. – On birin yarısıdı, hələ də yatır hamısı. Nədi-nədi bayramdı yenə. Bəyəm bayram birdi, ikidi. O qədər bayram var ki, heç bilmirsən hansı nə bayramıdı.

- Dəymə, qoy yatsınlar. – Ev satmaq söhbətini necə başlayacağını fikirləşə-fikirləşə, Mamedov bu sözləri elə-belə söz demək xatirinə dedi.

- Axı səhərin havası ayrı şeydi, qonşu. Mənim bu havaya heyifim gəlir.

- İstəyirəm səndən bir söz soruşam, Höcətulla.

- Buyur, ikisini soruş.

- Buralarda ev almaq istəyən adam tanıyırsan? Mən hələ ev-zad satmıram ha. Deyirəm, işdi də, birdən elə gətirər ki, oğlumun yanına getməli olaram.

- Mahirin? Allah onu xata-baladan saxlasın. Çox mərifətli uşaqdır. Gözümün qabağında böyüyüb. Bu dəfə telefonda danışanda ona Höcətulla əmisindən salam deyərsən.

- Deyərəm, mütləq deyərəm. Deyirəm, iş birdən elə gətirər ki…

Höcətulla budkanın qabağında dairə vurub, qayıdıb Mamedovla üzbəsurət dayandı və özündən razı-razı ucadan bəyan elədi:

- İndi burda heç kəs ev almaz!

- Niyə? Nə olub ki?

- Necə nə olub? Sökürlər də, evləri bir-bir sökürlər. O tərəfdə beş-on evi çoxdan söküblər. Görməmisən?

- O tərəflərə çoxdan yolum düşməyib. Bəs demirlər, niyə sökürlər? – Ürəyindən qara qanlar axan Mamedov ümidsizcəsinə soruşdu.

Mamedovun halının pozulmağı Höcətullanın gözündən qaçmadı.

- Pulunu verəcəklər də, niyə dərd eləyirsən. Gedib bundan da yaxşı yerdə özünə ev alarsan.

“Bundan da yaxşı yerdə. Bundan da yaxşı yerdə”. – Ürəyində bu sözləri deyə-deyə Mamedov Höcətulladan aralandı. Evdən çıxanda televizoru söndürməmişdi. İçəri girib, ekranda Əjdər Əzimoviçin sifətini görəndə Mamedovun əhvalı tamam pozuldu. Televizoru söndürüb, oturub xeyli fikirləşəndən sonra axırda qərara gəldi ki, Cəfərə zəng eləsin.

- Mənəm, Mamedovdu, necəsən, Cəfər ?

- Mənim necə olmağım sənə çox lazımdır? – Cəfər həmişəki ədası ilə cavab verdi.

- Hardasan? Bulvardasan ?

- Yox, evdəyəm. Bu gün evdən çıxmayacağam. – Cəfərin sinəsinin xışıltısı telefonda da rahat eşidilirdi.

- Deyəsən, səhər-səhər içmisən axı ?

- İndi səhərdi bəyəm? Mən elə bilirdim axşamdı, dədəmin goru.

- Səndən bir şey soruşacaqdım. Heyif ki, ağlın yerində deyil.

- Mənim ağlım həmişə yerindədi, Mamedov. Özünə baxma.

- Deyirlər, bizim evləri sökəcəklər. Eşitməmisən ki, Cəfər ?

- Bunu orda kim deyib sənə?

Mamedov, avtomatik olaraq:

- Höcətulla, - dedi və səhvini başa düşüb duruxdu.

- Höcətulla? O kimdi, ə ? Belə ad talışlarda olur.

- Addı da, mən qoymamışam ki?

- O adam kimlərdəndi?

- Nə bilim kimlərdəndi. Adamdı da… biznesmendi. Kəndə istirahətə gəlib. İndicə meydanda gördüm.

- Sən orda səhər-səhər meydana gedirsən? Nə var, ə, o meydanda səhər-səhər? Sən o meydana axşamçağı get, gör orda indi nəyi müzakirə eləyirlər. Alarvadından, quleybanidən – nədən danışırlar. Get otur qulaq as. Sənin üçün maraqlı olar… Çaqqallar gəlmişdi dünən?

- Yox, dünən gəlmədilər. Gəlsələr də səslərin eşitmədim.

- Pah atonnan! Demək orda çaqqalları da qırıb qurtarıblar? – Cəfər vahiməli-vahiməli dedi və bir az susandan sonra yumşaq, qəhərli səslə soruşdu:

- Ə, bura bax, bu səhər tut yemisən?

- Yemişəm.

- Mənə qulaq as, Mamedov. Tutu lap səhər tezdən, özü də çıx ağacda ye. Ağacda tut yeməyin ayrı ləzzəti var. Ancaq çox yemə, çox yeyərsən, tırıxlamaya düşərsən.

- İndi mənim ağaca çıxan vaxtımdı?

- Səni bilmirəm, Mamedov, amma mən olsaydım, sən öl, çıxardım. Desəm, inanmarsan, ayağım Bakıya dəyəndən lap bu günəcən hər yay ürəyimdə bircə arzu olub: gedib kənddə bir tut ağacına çıxıb, doyunca tut yeyəydim. İnan, Mamedov, Allahımız haqqı yalan demirəm.

Mamedov inandı ki, Cəfər məzələnmir, onun belə bir arzusu həqiqətən olub. Ancaq cavab verməyə söz tapmadı.

- Albalı da yetişib, Mamedov?

- Yetişib. “Yenə başladı dolamağa” – Mamedov ürəyində dedi. Və evi satmaq barədə Cəfərdən hər hansı bir ciddi söz eşidəcəyinə ümidini itirib, onun dediklərinə züy tutmağı lazım bildi.

- Onda icazə ver, sabah sənə bir vedrə tut göndərim.

Cəfər əməlli-başlı əsəbiləşdi:

- A heyvan, mən sənə tutu ağacda yeməyin ləzzətini dedim. Axı mən demədim ki, şəhərdə tut tapılmır yeməyə… Bəs yaxşı, Mamedov, Höcətulla deyilən o biznesmen kimdən eşidib ki, sizin evləri sökəcəklər?

- Bilmirəm. Kimdən eşitdiyini demədi.

- Sökəcəklər söksünlər də, sənə nə ziyanı var? Pulunu alıb, çıxıb gedərsən Amerikaya.

- Evə heyfim gəlir? Qəşəng evdi, orginal arxitekturası var. Dedim, bəlkə sənin sözünü eşidən olar. Məşhur adamsan, tanınan ziyalısan. Yuxarılarda da tanış-bilişin çoxdu.

- Yenə sarsaqladın, Mamedov! – Cəfər içkili-xırıltılı səslə dedi. – Olmaya sən də məni hökümət adamı hesab eləyirsən. Hökümətin bir millət nökəri və onları itaətdə saxlayan 4-5 min bəyi, xanı var. Hökümət neynir ziyalını?!

Qəribə adamıydı Cəfər, gah yumşalırdı, gah sərtləşirdi. Bircə dəqiqənin içində əhvalı on dəfə dəyişirdi. Bir müddət yenə susdu, dillənmədi. Sonra dilləndi, ancaq bu səs onun bayaqkı səsi deyildi.

- Bu gecə çox pis yatmışam, Mamedov. Dəhşətli yuxu görmüşəm yenə. Özü də bilirsən harda? Sənin yuxuda gördüyün o yer var ha – Seyidin söyüdünün yanı. Mən də ordaydım yuxuda. Orda, arxın qırağında bəlkə bir milyon sarı qarışqa bir yekə koramalın canına daraşıb, yazığı yerindən tərmənməyə qoymurdu. Koramal çaşıb qalmışdı. Anlaya bilmirdi ki, o xırdaca-xırdaca həşərat hardan peyda olub və niyə onun canına daraşıb. O koramal bilmirdi ki, ölüm necə olur. Ancaq öləcəyini bilirdi.

Cəfərin bu gün lap səhərdən içməyə başladığını Mamedov əvvəldən hiss eləmişdi. İndi yəqin elədi ki, elə bu saatın özündə də Cəfər dayanmadan içir. Hətta Cəfərin içdiyi arağın iyi də Mamedovun burnuna dəydi.

- O koramal, Cəfər, necə koramal idi? Nubar müəllimin dərsində məktəbə gətirdiyin həmin koramal deyildi ki ? – Bu da, öz aləmində, Mamedovun zarafatıydı.

- Oydu, Mamedov, həmin koramal idi. Yadındadı da, necə qəribə rəngi vardı: sapsarı, sütül yaz zanbağı kimi. Qəşəng də gözləri vardı əclafın. Adamın öpməyi gəlirdi.

- Koramalın gözləri yadımda deyil. Ancaq Nubar müəllimin qarnıma vurduğu təpik yaxşı yadımdadı.

- Bildin, ya bilmədin o Nübar ölüb, ya qalır?

- Yox, ölməyib, qalır hələ. Səhər tövlələrinin qabağından səsi gəlirdi.

- Bəs o tövlənin iyi vurmur sizin həyətə?

- Vurur. Yel əsəndə vurur hərdən. Ancaq Bakıdakı zibil tığlarının iyindən o tövlənin iyi yaxşıdır.

Cəfər ucadan güldü:

- Bax, bunu, Mamedov, yaxşı dedin. İstəsən, sən də hərdənbir ağıllı söz deyə bilərsən. Dayan, qoy mən yığım səni, konturun qurtarmasın.

- Danış, qorxma, konturum çoxdu. Gələndə telefonuma 100 manatlıq kontur qoymuşam.

Cəfər Mamedovun dediyinə əhəmiyyət vermədi. Telefonu bağlayıb, özü zəng elədi.

- Bu gün çıx çöl-bayırı yaxşı-yaxşı gəz dolan. Mehbalının gölünə də mütləq get bax. – İçə-içə, yeyə-yeyə danışan Cəfər ağzını marçıldada-marçıldada dedi və söhbəti, gözlənilmədən, Maşallahın üstünə gətirdi. – O Maşallah da, Mamedov, az aşın duzu deyilmiş. O lotu bilirmiş ki, əgər insan qorxmasa, heç vaxt batmaz suda. Ona görə də üzə bilməyən uşaqlara elə ürəkli-ürəkli komanda verirdi. “Tullan, qorxma, mən burda durmuşam. Bir, iki, üç!”. Uşaq da üzə düşüb, tullanırdı gölə. Göl də dəriniydi axı. Eni-uzunu bir ºey olmasa da, kənddəki “göl” dediyimiz hovuzların hamısından dərin idi. Elə uşaqları da o dərinlik qorxudurdu. Ancaq o vaxtacan heç arxda da çimməyən uşaqlar suya tullanan kimi görürdü ki, üzmək üçün heç bir biclik, priyom-zad lazım deyilmiş. Uşaq başa düşürdü ki, məsələ üzməyi bacarıb – bacarmamaqda deyil. Məsələ qorxmamaqdadır. Dünyada üzə bilməyən bir dənə də canlı məxluq yoxdu, Mamedov, sən bunu bilirsən, ya yox? Yer üzünün quruya, istiyə ən həris heyvanı kərtənkələ də suda reaktiv raket kimi üzür. Bunu özüm yüz dəfə sınaqdan çıxarmışam. Görmüşdün də: kirpini, oxatanı, tısbağanı, siçanı, siçovulu tutub, buraxırdıq arxın suyuna. Hamısı Maşallahdan yaxşı üzürdü. Bu dünyada yaşayan canlı məxluqun ən qorxağı insandı, Mamedov. İnsanı insanlıqdan çıxardan da ancaq qorxaqlıqdır.

- Orası elədi. – Mamedov Cəfərin dediyini təsdiqlədi. – Ancaq bunun Maşallaha nə dəxli var. Olmaya onu da yuxuda görmüsən.

- Yuxuda niyə. Səhər gözümü açandan elə onu fikirləşirdim. Hələ sən zəng eləməmişdən. - Və yenə gözlənilməz sual: - Sən orda gecələr qorxmursan ki?

- Yox, Cəfər, mən burda nədən qorxmalıyam ki? – Mamedov həyəcanlı səslə dedi və dünyanın təpədən dırnağacan qorxuya qərq olduğu o uzaq və yaxın payız gününün qətran kimi qara yeli, Əjdər Əzimoviçin səsi və surətilə birgə, Mamedovun canında gəzdi.

- Olar da. Dedim, birdən quleybanidən, alarvadından, cindən-zaddan qorxarsan. Yaxşı, Mamedov, bəsdi çox çərənnədik. Ancaq mütləq çıx bu gün kəndin hər yerini yaxşı-yaxşı gəz-dolan. Axşam zəng eləyəcəyəm sənə.

8

O axşam Cəfər Mamedovu itirib-axtarmadı. Ancaq həmişə günortaycan yatan Cəfər ertəsi gün səhərin elə bir vaxtında zəng elədi ki, Mamedov qulağına inanmadı: hələ heç 7-nin yarısı da olmamışdı.

- Yatmışdın, Mamedov?

- Yox, çoxdan durmuşam. – Mamedov qondarma gümrah səslə dedi. – Bəs sən nə əcəb bu gün belə tez durmusan?

- Bu gün kefim belə istəyib. – Cəfər uşaq kimi sevinə-sevinə dedi. – İndicə, bilirsən, nə düşüb yadıma: Kefli Mirzə Möhsünün sözləri. Deyirdi, xristian səhər durub, başın yuyub, fikr eləyir, müsəlman səhər durub, götün yuyub, zikr eləyir… Yadındadı o Mirzə Möhsün? Kolxozun hesabdarıydı. Çox dərin adamıydı o kişi.

- Elə bu ?

- Sənin üçün bu, azdı bəyəm? Sən havaxt bundan ağıllı söz eşitmisən?

- Heç vaxt. Bəs özün neynirsən bu səhər? Fikr eləyirsən, yoxsa zikr eləyirsən? Deyəsən, vurmusan axı tezdən-tezdən.

- Hə, indicə vurmuşam 50 qram. – Bir az susub, ucadan bəyan elədi: - Sabahdan içkini tərgidirəm, Mamedov. Sənə kişi kimi söz verirəm.

- Allah ağzından eşitsin.

- Allah belə şeylərə qarışmır. Onun üçün içən də birdi, içməyən də. Allah üçün heç ölüynən dirinin də fərqi yoxdur. Çünki Allah hər iki dünyanın sahibidir: həm bu dünyanın, həm də o dünyanın. Allahın imperiyasının ucu-bucağı yoxdur. Bilirsən, Budda öləndə nə deyib? Deyib, bu dünyanın yuxusundan ayılmağın vaxtı gəldi. Bizim o Mirzə Möhsünün də hər sözü hikmətiydi. Səsi də elə bil göydən gəlirdi. O səs hələ də qulağımdadı. Rəhmətlik kolxoz idarəsinin qabağında dayanıb, elə bil Allahın yanından danışırdı. Deyirdi: “Bu kənddə hər nə var, mənə öz dərdini danışır. Quşlar deyir ki, azıq. İtlər deyir ki, acıq. Dağlar deyir ki, soyuqdur. Düzlər deyir ki, su yoxdur. Dağlara baxıram – ağlamağım, düzlərə baxıram – ulamağım, bağlara baxıram – bağırmağım, yollara baxıram – bu kənddən baş götürüb getməyim gəlir”. Sözə bax, Allah, Allah! Bir qoca hesabdarın sözündəki hikmətə bax!..

Mamedov telefonda aşkar eşitdi ki, Cəfər stəkana araq süzür. O arağı Cəfərin necə əziyyətlə içdiyini də təsəvvürünə gətirə bildi. Anladı ki, bu gün Cəfər tamam başqa not üstdə köklənib və bu saat kiminlə danışmağının da bəlkə onun üçün heç bir fərqi yoxdur. Hiss elədi ki, Cəfərin ürəyi yaman dolub və Cəfər ürəyini boşaltmasa dayanan deyil.

Sən o kəndə getməyinən məni burda əməlli-başlı işə salmısan. Otuz-qırx il idi ki, kənd-zad yuxuma girmirdi. İndi iki-üç gündü ki, gecə səhərəcən dəhşətli yuxular görürəm.

- Nədi ki, olmaya o göyçək koramalı yenə yuxuda görmüsən.

- Əşi, koramal nədi? Bu gecə özümü görmüşəm. Tək özümü. Beşikdə. Üç aylığımda. O beşiklər indi də qalır, görəsən? Taxta beşiklər. Bu gecə yuxumda, qolum-qıçım sarıqlı, həmin o taxta beşikdə uzanmışdım. Üç aylıq uşağıdım, Mamedov, düz üç aylıq! Yuxudan ayılmışdım. Day yatmaq istəmirdim, yatmaqdan doymuşdum xirtdəyəcən. Dartınırdım, qolumun-qıçımın sarğısını açmaq istəyirdim. Qışqırıb, anamı çağırırdım, anam səsimi eşitmirdi. Heç kəs səsimi eşitmirdi, Mamedov. Üç aylıq uşaq idim, ancaq hər şeyi qanırdım. Bilirdim ki, anam var, dünya var. Göy var, göydə ulduzlar var… Günəş var, Ay var, Allah var!.. İnanırsan?

Mamedov inanmasa da :

- İnanıram, - dedi. Cəfərin könlünə dəymək istəmədi.

Özünü tox tutmağa nə qədər cəhd göstərsə də, Cəfərin öz içində ağladığını Mamedov hiss eləyirdi. Hətta onun içindən axan göz yaşlarının səsini də sanki eşidirdi. Və Cəfərin sonrakı sözlərini eşidəndə Mamedovun özü də ağlamaq həddinə çatdı.

- Eşit, gör nə deyirəm. O qızın qəbirinin yeri yadında olmalıdı. Bu gün mütləq gedərsən qəbirstanlığa. Bir dəstə süsən gülüynən, eşidirsən? Süsən çöl zanbağıdı. Arxların qırağında, günəvər yerlərdə bitir. Sarımtıl-çəhrayı rəngi olur. Özün min dəfə görmüsən. Aparıb, xəlvətcə qızın qəbrinin üstünə qoyarsan. Sağlığında neçə dəfə yalvarmışdı mənə. Demişdi, mən öləndə qəbirimin üstünə bir dəstə gül qoyarsan. Özü də - süsən, yalnız süsən! Başqa gül istəmirdi. Neçə vaxt hər gün özümə söz verdim ki, gedib bir qucaq süsən dərib, gecə xəlvətcə aparıb, o qəbirin üstünə qoyum. Gündüz apara bilməzdim, çünki dədəm xəbər tutsa, inan ki, dərimə saman təpərdi. Gecə də qeyrətim çatmadı – qorxdum qəbiristanlığa getməkdən. Gör o vaxtdan nə qədər keçib. Ancaq qızın o istəyi ydımdan çıxmır ki, çıxmır. Mənim bu xahişimi yerinə yetirsən, sənə ömrüm boyu minnətdar olaram. Əlimdən gələni eləyərəm ki, evin də sökülməsin. Sən o bir dəstə süsəni bu gün hökmən dər, apar ora. Mənim o kəndə bundan sonra çətin ki, yolum düşə.

Mamedov heyrət içində donub qaldı. Gördü ki, onun kənddə olmağına inanmağı Cəfəri həqiqətən yerindən oynadıb. Mamedovun Cəfərə yazığı gəldi. O qədər yazığı gəldi ki, kəndə də, özünə də, qurduğu-oynadığı oyuna da tüpürüb, Cəfərə hər şeyi açıb demək istədi. Amma deməyə ürəyi gəlmədi.

- Baş üstə. Gözüm üstə. Qorxma. Narahat olma. Hər şey sən deyən kimi olacaq. – Bu sözləri Mamedov ürəyində özünə lənət yağdıra-yağdıra dedi. – Sən də bu içməyi bir az azalt da, nə olar? İçsən də səhər tezdən içmə barı. Mənbilən, sən bu vaxt içmirdin axı.

- Dedim də, sabahdan tərgidirəm.- Mamedovun verdiyi vədə əməl edib, qəbristanlığa gül aparacağına asanca inanan Cəfər sevincək səslə dedi. – Sən çestni adamsan, Mamedov. Mənim buna heç vaxt şübhəm olmayıb.

İstəsəm, mən də çestni adam ola bilərdim. Ancaq Allah rəhm elədi mənə. Bir azca istedad da verdi ki, çaqqalları cəmdək sökən bu mütrüf dünyada mən də birtəhər başımı girləyə bilim. Bu gündən bütün olub-keçənlərə bir qoz, Mamedov. Sabahdan ciddi işə başlayıram. İncili, Tövratı özüm dilimizə çevirəcəyəm. Molla dilinə yox, bax o Allahın yanından danışan Mirzə Möhsünün dilinə. Qulaq as, gör kişilər üç min il bundan qabaq biz allahsız bəndələrə nələr deyib gedib. Süleyman peyğəmbər, eşitmisən? Yəhudi padişahı Davidin oğlu. Bir adı da Yeklesiast olub. Yek-le-si-ast, yəni sirr bilən, yol göstərən, ağıl öyrədən, yadında saxla! Eşit onun sözlərini oxuyuram sənə: «Род проходит и род приходит, а земля пребывает вовеки. Восходит солнце, и заходит солнце, и спешит к месту своему, где оно восходит… Все реки текут в море, но море не переполняется : к тому месту, откуда реки текут, они возвращаются, чтобы опять течь…

Что было то и будет, и что делалось, то и будет делатся, и нет ничего нового под солнцем. Всему свое время, и время всякой вещи под небом: время искать и время терять; время разбрасывать камни, и время собирать камни… Участь сынов человеческих и участь животных – участь одна: как те умирают, так умирают и эти, и одно дыхание у всех, и нет у человека преимущества перед скотом, потому, что все – суета! Все идет в одно место: все произошло из праха и все возвратится в прах…» (Sətri tərcüməsi: “Nəsil gəlir və nəsil gedir, dünya isə daim yerindədir. Günəş çıxır və günəş batır və yenə öz yerinə tələsir – həmişə çıxdığı yerə … Bütün çaylar dənizə axır, ancaq dəniz dolub daşmır : çaylar öz mənbəyinə qayıdır – yenidən dənizə tökülmək üçün … Olmuşlar bir də olacaq və edilmişlər yenə ediləcək və heç nə yeni deyil günəşin altında… Hər şeyin öz zamanı var və hər zamanın öz əməli var – uca göylərdən aşağıda: axtarmağın zamanı və tapmağın zamanı; daşı tökməyin zamanı və daşı yığmağın zamanı... Bəşər övladı və cəmi heyvanat eyni aqibətə mübtəladır: insanı da, heyvanı da ölüm gözləyir; insan da, heyvan da eyni hava ilə nəfəs alır və havası qurtaranda heç olur və insanın heyvandan üstünlüyü yox – belə olub, belə də olacaq! Yer – məlum, məkan məlum: torpaqdan yaranan torpaq olur və hər şey yenidən başlanır...”)

İndi Cəfərin özü də sanki Allahın yanından danışırdı : Səsi titrəyə-titrəyə, coşa-coşa, təntiyə-təntiyə. Rusun dəftərxana dilini bəlkə lap rusların özündən də yaxşı bilən Mamedov dünyada belə bir rus dili də olduğunu ömründə ilk dəfə eşidirdi və ömründə ilk dəfəydi ki, sözün təsirindən sanki ovsunlanmışdı. Onun bir yaxşı söz tapıb, Cəfərə deməyi gəldi. Ancaq o sözü Mamedov tapıb deyə bilmədi.

Mən də burda, deyəsən, yavaş-yavaş darıxmağa başlayıram, - dedi. – Deyirəm bir-iki gün də qalım, çıxım gəlim şəhərə.

Bu sözləri deməklə Mamedov Cəfərə kələk gəlməyin əvvəl nəzərdə tutduğu müddətini qısaltmaq üçün özünə “əl yeri” qoymaq istəyirdi. Qəflətən hiss elədi ki, onun dediyi sözləri Cəfər eşitmir.

Cəfər telefonu söndürmüşdü.

9

Ertəsi gün Mamedov kəndə getməməyinin hədsiz peşmançılığı içində gözlərini açdı.

Bu gecəki yuxusunda kəndi həmişəkindən də qarmaqarışıq görmüşdü. Hər yandan qorxunc qayalarla əhatə olunmuş tikanlı, kollu-koslu yad bir məkan. Aşağıda – ucu-bucağı görünməyən dar və dərin dərə. Üstü yumurta qabığı kimi hamar – nəhəng çay daşları. O daşların arasından çay axırdı və o daşların arasındakı gölməçələrdə - balıq yerinə - balıq boyda, balıq rəngdə koramallar, kirpilər, oxatanlar, kərtənkələlər üzürdü. Ətrafda ins-cins gözə dəymirdi. Ancaq haradansa – lap uzaqlardan – çayın başlandığı naməlum dünyadan sehrli-vahiməli bir səs gəlirdi və çayın hamar daşlarının arsındakı gölməçələrdə üzən balıq-koramallar, balıq-kirpilər, balıq-oxatanlar, balıq-kərtənkələlər o səsin vahiməsindən çaşıb, hərdən suyun üzündə hərəkətsiz qalırdı: «Все реки текут в море. Все реки текут в море!».

O, bura haradan gəlib çıxmışdı? Burada nə axtarırdı?... Birdən ağlına yerləşdi ki, çimməyə yer axtarır. Və elə həmin anda da ona elə gəldi ki, artıq çimib çıxıb. Belə isə onun pal-paltarı hardaydı bəs ? Çiməndə harda soyunmuşdu ?...

Yuxunun ən həyəcanlı anları da elə burdan başladı. İndi bir dünya daşın-qayanın, kolun-kosun arasında Mamedov – lüt-ətcəbala - lələgiryan qalmışdı. Dünyada bir vaxt ona məxsus olan hər şey yoxa çıxmışdı : əyninin paltarı, cibinin pulu, telefonu, evinin açarı…

Əvvəl çayda çimmək üçün münasib yer, sonra itmiş şalvar-köynəyini axtaran Mamedov, yuxusunda, Bakını küçə-küçə, tin-tin dolanıb, evinin yerini axtarmışdı. Bundan əlavə, yolunu unutduğu o dərin, dar dərədən yol tapıb çıxmaq üçün yuxuda xeyli həyəcanlı anlar yaşamışdı. Ancaq bunların heç biri, sən demə, onun bu gecəki narahat yuxu axtarışlarının əsas məkanı, baş obyekti deyilmiş. Mamedovun yuxuda axtardığı və tapa bilmədiyi Mehbalının o dərin hovuzuymuş !.. Bunu Mamedov durub, yuyunub-rahatlanıb, oturub çay içib, çörək yeyəndə, nəhayət, yadına sala bildi. Və insafsız kənd uşaqlarının, o hovuzun yanında, bir vaxt onun başına açdığı müsibət də məhz bu anda Mamedovun yadına düşdü… Bir dəfə, Mamedov göldə çiməndə, uşaqlar şalvar-köynəyini götürüb gizlətmişdi. Mamedov – lüt-ətcəbala - ətrafdakı kol-kosun, ot-alafın içində bir saat eşələnəndən sonra axırda öz şalvar-köynəyini böyük bir ot tayasının arxasında tapmışdı. Mamedovun yuxuda gördüyü mənzərə Mehbalının gölünün ətrafındakı mənzərədən xeyli fərqli olsa da, onun o gün keçirdiyi həyəcan bu gecə yuxuda keçirdiyi həyəcanın sanki eyni idi, təkrarıydı. Ovqat da eynilə həmin ovqat idi : çarəsizlik, çıxılmazlıq ovqatı. Ancaq o dərin, dar dərəni Mamedov heç vaxt heç yerdə görməmişdi. O necə dərəydi, pərvərdigara ! O hamar çay daşları niyə o qədər nəhəng və qorxunc idi və o daşların arasındakı gölməçələrdə üzən balıqlar görəsən nə zamandan bəri dönüb koramala, kirpiyə, kərtənkələyə çevrilmişdi. Hələ o səs: «Все реки текут в море. Все реки текут в море!..» Yox, o səs nə Cəfərin, nə də hesabdar Mirzə Möhsünün səsiydi. Bəs o səs kimin səsiydi, pərvərdigara?!.

“Bütün çaylar dənizə axır. Bütün çaylar dənizə axır”. – Bu sözləri Mamedov bir neçə dəfə azərbaycanca dedi. Ancaq bu sözlərin azərbaycancası onun ruhunu tərpətmədi, ürəyini yerindən oynatmadı. Mamedov başa düşdü ki, burada əsas rolu oynayan söz deyilmiş, səs imiş. Və Mamedova elə gəldi ki, onu yuxuda ovsunlayan və ovsunlamaqda hələ də davam eləyən o səs bu dünyadan gələn səs deyilmiş. O səs haradansa başqa bir dünyadan gəlirmiş. Elə Cəfərin dünənki səsi də onun həmişəki səsi deyildi. Cəfərin dünənki səsində elə bil üç min il bundan qabaqkı dünyadan da nəsə vardı…Bəlkə o səs elə o Süleyman peyğəmbərin öz səsiydi ! Birdən ağlına gələn bu fikirdən Mamedovun beynində sanki ildırım çaxdı. Bir qəribə - od kimi isti hava bütün damarlarını gəzdi, içini əsim-əsim əsdirdi. “Səndə şeytan tükü var, Cəfər, - dedi. – Sən məni əvvəl-axır dəli eləyəcəksən…”

Gördüyü yuxunun mistik dünyasından heç cür uzaqlaşa bilməyən Mamedov Cəfərin tilsimli toruna düşüb, kəndə getməməyinin nisgilli-həyəcanlı ovqatından da yaxa qurtara bilmirdi. Kənd onun nəzərində yenə gözəl olmuşdu, cazibədar olmuşdu. Bu saat Mamedovun, kənddəki evinin küçə qapısını açmağı, o qapıdan həyətə girib, o həyətin havasını sinə dolusu ciyərinə çəkməyi, həyətdəki qoca tut ağacının kölgəsində oturub, bu dünyanın işləri barədə doyunca düşünməyi gəlirdi. Mamedov Seyidin söyüdünün yanından keçən sərin suda əl-üzünü yumaq istəyirdi və Mehbalının gölünə bircə dəfə baxmaq bu saat Mamedov üçün böyük xoşbəxtlik olardı. Və əvvəllər Cəfərin hər sözünə şübhə ilə yanaşan Mamedov onun hər yay tut ağacına çıxıb, ağacda tut yemək barədə dediyi o sözlərin hər birinin doğru olduğuna indi zərrə qədər də şübhə eləmirdi.

Cəfər ağacda tut yeməyi necə arzulamışdısa, eynən eləcə də Mamedov Mehbalının gölündə çimməyi illər boyu həmişə arzulamışdı. O gölü indiyəcən bəlkə min dəfə yuxuda görmüşdü: gah duru, gah bulanıq ; gah buz kimi sərt və soyuq; gah atlas kimi yumşaq və mülayim…

Əhvalının xoş çağlarında öz yuxularında Mamedov o gölün suyunda balıq kimi üzdükcə üzmüşdü. Darıxanda, sıxılanda, işi bərkə düşəndə o göldə boğulduğunu görüb, yuxudan qışqırıb ayılmışdı. Kaş dünyada bir də gün o gün olaydı ki, o göldə doyunca üzmək Mamedova son dəfə qismət olaydı. Daha onun bu dünyada bundan böyük arzusu yox idi. Qovğasız, macarasız adi ömür yaşayanların da, görünür, ürəyinin bir yerində bir qərib və qəribanə nağılı-əfsanəsi hökmən olurmuş.

Bu da Mamedovun yekrəng həyatının belə bir çoxrəngli nağılıydı.

Bu nağılda bir yay bu şəhərdə ağzından od püskürən günəşin alovu-atəşi vardı. Bakının amansız bürküsündə - əlində imtahan vərəqəsi, ürəyində kənd havası – ağacsız, kölgəsiz bir binanın qabağında uzun növbəyə düzülən neçə-neçə kənd uşağının sonsuz su həsrəti, nəhayətsiz kölgə istəyi vardı… Oxuduğu texnikumun - bircə uzunsov, böyük otaqdan ibarət - alaqaranlıq yataqxanası. Bir otaqda – 42 dəmir çarpayı və bir o qədər də tələbə. Əgər Mamedov qəbul imtahanları qurtarandan dərslərin başlanmağınacan qalan iki həftənin bircəsini gedib kənddə keçirib, o göldə doyunca çimib, sonra Bakıya qayıtsaydı, bəlkə o göl də ondan ötrü belə bir nağıla-əfsanəyə çevrilməzdi. Ancaq getmədi. Gedə bilmədi. Çünki onun – o baş, bu baş – iki dəfə bilet almağa pulu yox idi. Mamedov olan-qalan pulunu özünün ilk stipendiyasını alanacan birtəhər üzünə tutmalıydı. Və uzunsov, alaqaranlıq otaqda, gecə-gündüz tər tökə-tökə, o göldə çimməyin həsrətini o qədər çəkməliydi ki, dünyanın balaca bir su hovuzu, nağıla-əfsanəyə çevrilib, onun ruhuna, yaddaşına əbədi həkk olunmalıydı.

Zavoda direktor təyin ediləndən əvvəl o yataqxana, demək olar ki, həmişə Mamedovun yadında olmuşdu.Vaxt tapdıqca gedib, o yataqxananın yerləşdiyi binanın yan-yörəsində hərlənib, ötüb-keçən günləri yadına salmışdı. Zavodda direktor işlədiyi dövrdə buna vaxt tapmadı. Sonra vaxt tapdı, ancaq yataqxananın yerləşdiyi evi tapa bilmədi. Şəhərin mərkəzindəki iki parallel küçənin arasında, insan çoxluğundan və avtomobil səs-küyündən kənarda öz ayrıca həyatını tələsmədən, təntimədən rahatca yaşayan – hündürlüyü indiki binaların 7-8 mərtəbəsinə bərabər – o dördmərtəbəli, həyətli, eyvanlı, dolama pilləkənli Bakı evi aşağı mərtəbəsindəki o uzunsov, alaqaranlıq yataqxanayla birgə sanki yer üzündən silinib-süpürülmüşdü, uçmuşdu, itmişdi, qeybə çəkilmişdi.

Özünün harda olduğunu kəsdirə bilməyən Mamedov o evin yerində tikilmiş binaya hayıl-mayıl baxa-baxa qaldı. Qorxdu, ancaq nədən və niyə qorxduğunu anlayıb-aşıra bilmədi. Çünki o binanın görkəmində insanı qorxuda biləcək heç nə yox idi. İşıqlı-yaraşıqlı uca binaydı. Qabağı – güllü-çiçəkli xuyaban, ətrafı abad, tərtəmiz... Yox, Mamedov o təzə binadan qorxmamışdı, oradakı köhnə evin əbədi yoxa çıxmağından qorxmuşdu. O evdə yaşayanların səsi, sifəti, yerişi-duruşu bəlkə olduğundan da diri və dolğun bir şəkildə o gün Mamedovun xəyalında canlanmışdı. Və Mamedov ondan qorxmuşdu ki, o sifətlər bu yerlərdə bir də görünməyəcəkdi. O səslər buralarda bir də eşidilməyəcəkdi. Allah bilir hansı zamanlardan bəri bir yerdə yaşayan, biri-birinin indisinə, keçmişinə bələd olan, rəftarına, xasiyyətinə, sözünə, səsinə öyrəşən xeyli sayda insanın bu insani ehtiyacdan, ailəvi ünsiyyətdən həmişəlik məhrum olmağı Mamedovu əzmişdi, sıxmışdı, sarsıtmışdı. Hər küncünü-bucağını tanıdığı, hər daşına, divarına bələd olduğu o xudmani yurd yerinin, insan yuvasının əbədi yoxa çıxdığını gözlərilə görəndən sonra da o gün Mamedov o təzə binanın ətrafında, xəstə qoyun kimi gicələ-gicələ, o yox olmuş köhnə evin həyətini axtarmışdı. O həyətdəki nar və əncir ağaclarını, üzüm tənəklərini bir-bir yadına salmışdı. Həyətin ortasındakı talvarı, o talvarın altındakı yaşıl rəngli, uzun stolu və o stolun ətrafına yığışıb, günuzunu deyə-gülə nərd oynayan, çay içən, küçədə-bazarda eşitdiklərini və televizorda gördüklərini həvəslə bir-birinə danışan insanları gözünün qabağına gətirmişdi və o həyətdən, o talvardan, o söhbətdən məhrum olanların sonrakı həyatı Mamedova o qədər cansıxıcı görünmüşdü ki, o yaraşıqlı təzə bina və o binanın ətrafındakı qüsursuz-qənirsiz abadlıq ona qorxunc və qəribanə qəbiristanlıq təsiri bağışlamışdı. Və o abadlıqdan Mamedov elə bir çarəsizlik və çıxılmazlıq ovqatında ayrılıb-uzaqlaşmışdı ki, elə bil o evin, o həyətin, o yataqxananın yerində təzə bina tikilməmişdi, orada zorakılığın, amansızlığın və allahsızlığın insana meydan oxuyan canlı heykəli qoyulmuşdu.

Gecə gördüyü yuxuda Mehbalının gölünü, itmiş şalvar-köynəyini, telefonunu, açarlarını, evini axtaran Mamedov indi, hələ səhər ikən, öz evində də elə bil nəyisə axtarmaqdaydı. Bir otaqdan çıxıb, o birinə girirdi. Hər otağın divarını, tavanını, pəncərəsini qəribə bir maraqla sanki müayinədən keçirirdi. Gah qərara gəlirdi ki, Cəfərə zəng eləsin. Gah fikrindən keçirdi ki, indicə həyətə düşüb, evin sökülməyi barədə “qonşu” Höcətulla ilə bir də söhbət eləsin. Ancaq bunların heç birini etməyə ərdəmi gəlmirdi, qətiyyəti çatmırdı.

Sonra Mamedov özündə zor tapıb, Cəfərə, qısa fasilələrlə, bir neçə dəfə telefon açdı. Cəfərdən səs çıxmadı. Və Mamedov inandı ki, indi ona Cəfərin səsini eşitməkdən savayı heç nə lazım deyil. Hətta sökülməyə məhkum edilmiş evinin aqibəti də əvvəlki aktuallığını itirdi. “Cəfər, - dedi, - ay zalım, ay hərdəmxəyal, kənd nə tez yadından çıxdı. O göyçək koramal nə oldu bəs. Ağacda tut yemək həvəsin nə tez söndü...” – Beləcə, öz-özünə danışa-danışa Mamedov otaqları səydəmləyirdi. Telefonda isə eyni qadın səsi, insafsız və amansızcasına, elə öz dediyini deyirdi: “Bu nömrəyə zəng çatmır. Bu nömrəyə zəng çatmır...”

10

Oradakı evlərin başına azı bir saat dolanandan sonra Mamedov Cəfərin evini nəhayət ki, tapmışdı. Bu ev onun eviydi. Bu həyət onun həyətiydi. Bu həyəti o heç vaxt görməmişdi, həyətə yığışan insanların da heç birini tanımırdı. Bir tərəfi həyətə, bir tərəfi küçəyə baxan bu beşmərtəbəli binada Cəfərdən savayı kimsə ölə bilməzdimi? Bəs həyətdəki çadırı görən kimi Mamedov ölənin məhz Cəfər olduğunu nədən bildi?! Kaş bu da yuxu olaydı, pərvərdigara! Ya da Cəfərin növbəti kələyi, hoqqası olaydı.

Yenə də yuxu gördüyünü Mamedov o vaxt ağlına gətirdi ki, bayırdan ehmalca boylanıb, çadırın içərisində oturan adamlara baxdı və məclisi aparan mollanın, bir vaxtlar Cəfərin dolayıb cırnatdığı həmin o lənkəranlı molla olduğunu gördü: “Məhəmməd, Mamed, Mehmetcik... Mamusta, kənd yeri. Mal təzəyi...” Mamedov məclisə göz gəzdirib, yasa kənddən də kiminsə gəlib-gəlmədiyini bilmək istədi. Məclisdə kənd adamı gözünə dəymədi. Ancaq məclisin yuxarı başında əyləşən “bazburutlu” adamların arasında Əjdər Əzimoviçi görəndə bütün bunları məhz yuxuda gördüyünə, bir Allah bilir ki, Mamedov necə inanmaq istədi. Elə çadırın ağzındanca geri dönüb, həyətdən uzaqlaşanda arxadan eşitdiyi səs onu bir də şübhəyə saldı: HÖCƏTULLA! Cəfər hara, Höcətulla hara?.. Bu adam Cəfərin yasında nə gəzirdi!

- Hara qonşu? Bəs niyə keçmədin içəriyə?

- İçəridə adam çoxdu. – Mamedov könülsüz dilləndi.

- Heyf. Heyf ondan – Cəfər müəllimdən. Elə kişi bir də dünyaya gəlməyəcək. – Höcətulla Mamedovun qolundan yapışıb, onu məclisə qaytarmaq istədi.

Mamedov yerindən tərpənmədi.

- Qoy gedim, - dedi, - vacib işim var. Sən Cəfər müəllimi hardan tanıyırdın?

- Necə hardan? – Höcətulla heyrətləndi elə bil. – Biz onnan qırx ilin dostuyduq. Onu mənnən yaxşı kim tanıyırdı. Sovetin vaxtında bir ayağı bizim kənddəydi rəhmətliyin. Həftənin axırında gələrdi...Taksiynən!.. Şənbəni-bazarı mənim əmoğlumun evində gecəyarıyacan yeyib-içib kef eləyərdi. Əmoğlumnan inistutda bir yerdə oxumuşdular. Möhkəm dostuydular. Dost nədi, lap qardaş kimiydilər. Cəfər müəllim hər dəfə kəndə gələndə ayağının altında erkək kəsərdik. Mən o rəhmətliynən yüz məclisdə olmuşam. Kababın da həmişə özüm çəkmişəm.

Mamedovu fikir götürmüşdü.

- O molla da sizin kənddəndi?

- Yox, o bizim qonşu kənddəndi. Adı da Höcətulladı, mənim adaşımdı.

- Cəfər müəllim o mollanı görmüşdü sizin kənddə?

- Bilmirəm. Deyəmmərəm. Bəlkə görmüşdü. Bəlkə görməmişdi. Axı onda molla deyildi adaşım. Lənkəranda komsomol komitəsinin katibiydi.

- Doğrudan? Allah, allah! – Mamedov ürəkdən nalə çəkdi.

Və o vaxt o yas məclisində Cəfərin mollanı ələ salmağının səbəbini başa düşüb, qismən rahatlandı. Cəfər molla Höcətullanı, hələ onun komsomol işçisi olduğu vaxtlarda, haçansa görmüşdü. Buna heç bir şübhə ola bilməzdi. Onda bəs necə olmuşdu ki, o vaxt o yas məclisində Cəfər keçmiş komsomol işçisini tanımışdı, amma o komsomol-molla Cəfəri tanıya bilməmişdi? Komsomoldakı vəzifəsini itirəndən sonra Höcətulla bəlkə əvvəlki yaddaşını da itirmişdi... “Məmməd, Mamed, Mamusta...” Üzün gülsün, Cəfər!..

Höcətulla öz molla həmyerlisini ağızdolusu tərifləməyə başladı (görünür, kiminsə yas məclisini keçirmək üçün Mamedova molla lazım olduğunu zənn etmişdi).

- Çox elmli molladı, qonşu, sovetdə komsomol olmağına baxma. İranda üç il mollalıq dərsi oxuyub. Quranı başdan ayağa əzbər bilir. Xeyir ola, qonşu, mollanı nə əcəb xəbər alırsan?

- Elə-belə soruşdum. Sifəti tanış gəldi mənə. Cəfərin rəhmətə getməyini sən nədən bildin?

- Bunu biməyə nə var ki? Qəzetlərin çoxusu yazıb.

Sovet hökuməti yıxılandan sonra heç vaxt qəzet oxumayan Mamedov özünü o yerə qoymaq istəmədi.

- Mən bu gün qəzetlərə baxmamışam, - dedi. - Onda belə çıxır ki, rəhmətlik dünən ölüb?

- Nə dünən? Dünən nədi? Cəfər müəllim srağagün gecə yarısından sonra qəflətən dünyasını dəyişib. Qəflətən deyəndə ki... – Höcətulla xırpdan səsini kəsib, xoflu-xoflu ətrafa boylandı. Göyə baxdı, yerə baxdı. Həyətdəki kol-kosa, ağac-budağa baxdı. Və bütün bu hoqqalardan sonra qəflətən Mamedovun qoluna girib, onu mağardan uzaqlaşdırdı və həyətin qurtaracağındakı daş hasarın yanınacan aparıb, oradakı, meyvəsi təzə yetişən tut ağacını göstərdi.

- Cəfər müəllim bu ağacdan yıxılıb. – Höcətulla ətrafa boylanıb, ehtiyatla Mamedovun qulağına pıçıldadı. – Gecəyarısı hamının yatan vaxtı... O qədər içib ki, deyirlər, gecənin yarısında könlünə tut yemək düşüb. Tənbəllik eləməyib...

- Saxla, bəsdi. Danışma day!.. – Mamedov dizləri əsə-əsə, həyətdən uzaqlaşıb, küçədə bir vaxt Cəfərdən ayrıldığı yola çıxdı.

Höcətulla tövşüyə-tövşüyə onun arxasınca şütüyürdü.

Taksinin arxa oturacağında yanaşı otursalar da, evə çatana kimi dinib-danışmadılar. Həyətdə Höcətulla Mamedovun sözlü-sözlü baxdığını görüb, evin sökülməyi barədə onu bir daha məlumatlandırmağı lazım bildi:

- Evin məsələsi belədi, qonşu. Hamısın sökəcəklər. Bu məhlədə, ilin axırınacan, bir dənə də köhnə ev qalmayacaq. Ancaq sən fikir eləmə. Ürəyinə salma bunu. Hökumət istəyirsə, demək, sökülməlidi. O boyda Sovet hökumətini yıxıb böyrü üstə qoydular. Cəfər müəllim kimi alim adamın qədrini bilmədilər. Səni, məni kimdi adam yerinə qoyan.

Ancaq Höcətulla hardan biləydi ki, evin sökülüb-sökülməməyi bu saat Mamedovun heç vecinə də deyildi.

- Yasda yuxarı başda bir nəfər qara kostyumlu adam oturmuşdu. Qırmızı qalstuklu. Adı Əjdərdi, Əjdər Əzimoviç. Onu da tanıyırsan?

- Əjdər müəllimi? Onu kim tanımır ki? Sovetdə yaxşı vəzifələrdə işləyib. İndi də yaxşı vəzifədə işləyir. Bu yaxınlarda hələ elmi ad da alıb. Nə əcəb soruşursan Əjdər müəllimi?

Mamedov cavab vermədi. Qorxdu ki, ağzını açan kimi hönkürüb ağlaya bilər.

EPİLOQ

O gecəki yuxu səyahətinin lap əvvəlində Mamedov yenə Cəfərin həyətindəki yas çadırının eşik tərəfində durmuşdu. Ancaq budəfəki məclis yas məclisi deyildi, kef məclisiydi.

Məclisin yuxarı başında – dünən molla Höcətullanın oturduğu yerdə indi Cəfər, əlində araq dolu stəkanı ayaq üstdə sağlıq deyirdi. Əyninə tünd qara kostyum geyib, boynuna al qırmızı qalstuk taxmış Əjdər Əzimoviç qulaqlarını şəkləyib, Cəfərin dediklərinə diqqətlə qulaq asırdı. Mamedovu görəndə sevindi:

- Ba, gəlmisən, Mamedov! Yaxşı ki, tez gəlmisən. Səndən niyaran qalmışdım, dədəmin goru. Gəl görüm. Gəl sən də 100 qram araq vur Əjdər Əzimoviçin çestinə. Kişi can qoyub, elmi ad alıb. Alıb Mamedov, dədəmin goru! Dədəmin goruna mıxlıyım. Ə, Canik, hardasan? Gəl Mamedov müəllimə araq süz...

Mamedov hər yerə göz gəzdirdi, Caniki heç yerdə görə bilmədi. Caniki oralarda görməməyi hələ bir yana dursun, sonra o, bulvarda “Mirvari” kafesini çox axtardı. Kafe tapılmadı ki, tapılmadı. Və gördüyü yuxunun elə bu yerindəncə onun həmişəki əzablı yuxu axtarışlarının biri-birindən üzücü “serialları” başlandı. İndicə Bakının bulvarında “Mirvari” kafesini axtaran Mamedov az sonra harda olduğunu və nəyi axtardığını anlayıb-aşıra bilmədi.

Bu nəydi: uca dağlardan aşağıda bir, ürəksıxan dar dərəydimi, yoxsa nəhəng göydələnlər arasında bu da belə bir səmasız, işıqsız – ölü şəhər küçəsiydi?.. Əgər dərəydisə, bəs onun çayı, suyu niyə yoxdu? Əgər şəhərdisə, bəs niyə bu şəhərdə bir nəfər də bəni-insan gözə dəymirdi... Və bu mistik mənzərədə əgər reallıqdan da nəsə vardısa, onda bu şəhərin adı yəqin ki, Nyu-York olmalıydı və Mamedovun bu şəhərdə axtardığı olsa-olsa, onun Amerikada yaşayan oğlunun evi ola bilərdi. Bəs onda dağabənzər uca binaların arasındakı bu qəribə Nyu-York küçəsi niyə bu qədər dardı, görəsən? Elə bil heç küçə də deyildi, adicə kənd yoluydu – işıqsız, insansız, səssiz-səmirsiz... Bu yol bir azca da, təzəlikcə quruyub, hələ nəmi çəkilməmiş çay yatağına bənzəyirdi. Və Mamedov, küçənin aşağı tərəfində, qəflətən gözünə görünən işartını Atlantik okeanının suyuna bənzədib, buranın Nyu-York olduğuna nəhayət inanmaq istəyirdi ki, qulağına hesabdar Möhsünün səsi gəldi: “Dağlar deyir ki, soyuqdur. Düzlər deyir ki, su yoxdur.” Səs arxadan, yolun əks tərəfindən gəlirdi. Və dönüb səs gələn tərəfə baxanda orada Mamedov hesabdar Möhsünü yox, Cəfəri gördü. Səsi özündən canlı və güclü, sifəti çay daşı kimi bomboz, başıaçıq, yaxasıaçıq Cəfər, əl-qolunu ölçə-ölçə, danışa-danışa, deyinə-deyinə yuxarıdan aşağı Mamedova tərəf gəlirdi və qorxulu-vahiməli səslə uzaqdan-uzağa belə deyirdi: “Bu dərədə nə gəzirsən, Mamedov? Sən orda nə axtarırsan? Bu dərədə süsən bitməz. Gündüz gün çıxmaz. Gecə ay çıxmaz. Qaç, tez ol, çıx yoldan, indicə dünyanı su basacaq. Göl uçdu. Göl partladı. Mehbalının gölü! Mehbalının gölü!” Hərdən Cəfərin səsi batırdı, üzü görünmürdü. Cəfərdən o tərəfdə qara-qara dağlar dayanmışdı və o qara-qara dağların zirvəsində ağappaq qar görünürdü.

# 4670 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #