Rusiya ilə Azərbaycan arasında “Ümid mələyi”

Rusiya ilə Azərbaycan arasında “Ümid mələyi”
1 may 2018
# 17:10

Şəmsiyyə Camalova

Bu günlərdə «Pastiy-N» nəşriyyatında məşhur rus şairi Aleksandr Kerdanın «Ümid mələyi» şeirlər toplusu çap olunub.

Şeirləri ana dilimizə Rusiya vətəndaşı olan soydaşımız, RF Əməkdar Mədəniyyət işçisi Knyaz Qoçaq və Məmməd Oruc çeviriblər.

Kitaba sanballı ön söz yazmış şair, Əməkdar İncəsənət xadimi, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü Səyavuş Məmmədzadə bu xoş məramı körpü adlandıraraq qeyd edir ki, Rusiya ilə geniş əlaqələrin xatirəyə çevrildiyi bir zamanda «Ümid mələyi» kitabı ilə yeni bir körpü atılıb.

S.Məmmədzadə bu ön sözdə daha sonra vurğulayır ki, Azərbaycan oxucusu bu körpüdən həvəslə keçəcək, çağdaş rus poeziyası ilə bağlı onlarca suala cavab tapacaq və sovet dönəmindən sonra yenidən inşa olunan Rusiyanın, xüsusən Şərqi Rusiyanın – Orta Uralın, Sibirin mənzərələrini (bir çox anlamlarda) gözləri önünə gətirə biləcək.

A.Kerdanın «Obereq» («Göz muncuğu») kitabı əsasında tərcümə və tərtib olunmuş bu toplunun annotasiyasında oxuyuruq: çağdaş rus düşüncəsinə, çağdaş rus mənəviyyatına, çağdaş rus məfkurəsinə yaxından varmaq – vaqif olmaq istəyirsinizsə, bu kitabçada toplanmış poeziya örnəkləri bələdçiniz ola bilər.

Bəs kimdir Aleksandr Kerdan? Kitabın şəkilaltı sözündə bu sualın da kəsə cavabı var: Çelyabinsk vilayətində dünyaya gələn A.B.Kedan Rusiyada şair, nasir, publisist kimi tanınır. Fəlsəfə elmləri namizədi, kulturologiya doktorudur, RF Əməkdar mədəniyyət işçisidir. «Polyarnaya zvezda», «Yuqra», «Traditsiya», «Çesti oteçestva» ədəbi mükafatlarının laureatıdır. Altmışdan artıq şeir və nəsr kitablarının, o cümlədən «Komandorun xaçı», «Gözətçi», «Ruhların daşı», «Uzaqlaşdırılmış sahil» romanlarının müəllifidir. Yekaterinburq şəhərində yaşayan A.Kerdan RF Yazıçılar birliyinin həmsədri, Ural Yazıçılar Assosiasiyasının koordinatorudur.

A.Kerdan «Uzaqlaşdırılmış sahil» romanında dekabrist hərəkatına tamam başqa bir bucaqdan yanaşaraq yazır ki, ruslara konstitusiya, parlament yox, işgüzar hökmdar lazımdır. A.Kerdan şeirlərində də «çayın axarına qarşı» üzməkdən çəkinmir.

Yeri gəlmişkən Məmməd Oruc (Knyaz Qoçaqla birlikdə) 1914-cü ildə daha bir görkəmli rus şairinin Dmitri Mizqulinin «Şam» adlı şeir kitabını xalq yazıçısı Çingiz Abdullayevin ön sözüylə ana dilimizdə «Qanun» nəşriyyatında çap etdirmiş və bu xidmətinə görə RF-nın Beynəlxalq Yuqra ödülünə layiq görülmüşdü.

Və beləliklə, demək olar ki, «Ümid mələyi» Rusiya Federasiyası ilə ədəbi əlaqələr müstəvisində növbəti addımdır.

Uğurlu olsun!

# 1106 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #