Kamal Abdulla sizin üçün seçdi -LAYİHƏ

Kamal Abdulla sizin üçün  seçdi -LAYİHƏ
19 noyabr 2012
# 11:56

“Antologiya” layihəsi

Bu layihədə məşhur yazıçıların ən çox sevdikləri hekayələr çap ediləcək.

Layihənin növbəti qonağı yazıçı Kamal Abdulla biri milli, digəri xarici ədəbiyyatdan olmaqla iki hekayə seçdi: Ə. Haqverdiyevin “Odabaşının hekayəsi”ni və X. L. Borxesin “Haçalanan cığırların bağı”.

Kulis.az Kamal Abdullanın seçimi əsasında Borxesin “Haçalanan cığırların bağı” hekayəsini təqdim edir. Bu şənbə isə “Odabaşının hekayəsi” oxuculara təqdim ediləcək.


Əkrəm Əylisli sizin üçün seçdi: Selincer. “Banan balığının asan ovlanan günü”


Liddel Qarta məxsus “Cahan müharibəsi tarixi”nin iyirmi ikinci səhifəsində on üç Britaniya diviziyasının 1916-cı il iyulun 24-də Ser-Montoban ərazisinə nəzərdə tutduqları hücumu iyulun 29-una təxirə salmaq məcburiyyətində qaldıqları barədə yazılırdı. Kapitan Liddel Qart bu cüzi möhləti şiddətli yağışların ayağına bağlayırdı. Vaxtilə Sindao şəhərindəki Hoch Schule-də (almanca ali məktəb deməkdi – red.) ingilis dili tədris edən doktor Yu Sunun diqtəylə yazdığı, oxuduğu və imza atdığı ərizə baş verənlərə gözlənilməz işıq ucu salır. Mətnin əvvəlindən iki səhifə çatmır:

“...dəstəyi asdım. Və az əvvəl mənə almanca cavab verən səsi dərhal tanıdım. Bu, kapitan Riçard Meddenin səsiydi. Medden – Viktor Runeberqin mənzilindədi! Deməli, bütün səylərimiz hədər getdi, özümüzlə bahəm, hərçənd bizim məhvimiz mənə o qədər də önəmli deyildi, bəlkə də mənə elə gəlirdi. Deməli, Runeberq həbs olunub, ya da qətlə yetirilib (Bu, cəfəng və dəlisov uydurmadı. Prussiyalı casus Hans Rabener, - o, eyni zamanda həm də Viktor Runeberqdi, - onu həbs eləməyə gəlmiş kapitan Riçard Meddenin üzərinə hücum çəkib. Kapitan özünümüdafiə məqsədiylə kapitan Runeberqi ölümcül yaralayıb – red.) Dan yeri sökülməmiş məni də eyni tale gözləyir. Medden mərhəmət nədi, bilmir. Daha dəqiq söyləsək, bilməmək məcburiyyətindədir. Həmişə yetərincə səy göstərməməkdə, hətta bəlkə də xəyanətdə günahlandırılan, ingilislərə xidmət edən irlandiyalı bu fürsəti əldən verərdimi?! Almaniya imperiyasının iki casusunun ifşa edilməsi, yaxalanması və böyük ehtimalla aradan götürülməsi, şübhəsiz ki, ona böyük xal gətirəcəkdi. Öz otağıma qalxıb nədənsə qapını açarladım və dar dəmir çarpayıya uzandım. Bayırda axşam saat 6-nın həmişəki alatoranıydı. Heç nəylə yadda qalmayan bu adidən adi bir gündə labüd ölümlə üz-üzə qalmaq ağlasığmazdır. Mən, atadan erkən yetim qalmış birisi, mən, uşaqkən Xayfın bağında oynayan birisi indi öləcəm. Amma elə həmin andaca fikirləşdim ki, bu dünyada hər şey məhz indiyə dayaqlanır. Əsrlər bir-birini əvəzləyir, amma həqiqətdə hər şey yalnız indi baş verir; havada, yerdə və dənizdə o qədər insan var ki, amma əslində baş verənlər yalnız mənim yaşadıqlarımdı.

Meddenin atsifət üzünü xatırlamağım fəlsəfi düşüncələrimin üzərindən qalın bir xətt çəkdi. Qorxu qarışıq nifrət hissiylə (indi qorxularımı etiraf etməyimin bir qara qəpik qədər dəyəri yoxdu: indi mən Riçard Meddeni aldatmağa müvəffəq olmuşam və dar ağacından asılmağımı gözləyirəm) fikirləşdim: sevincindən papağını göyə atan bu qaba hərbiçi mənim Sirrdən agah olduğumu belə ağlına gətirmir – axı mən Ankra vadisində quraşdırılan yeni Britaniya topxanasının dəqiq yerini bilirəm. Boz səmanı yaran quş mənə Fransanın üzərində cövlan edib topxana parkını bombalayan təyyarəni xatırlatdı. İlahi, kaş ki, güllə beynimi dağıtmazdan öncə bu xəbəri var-gücümlə bağıra biləydim. Elə bağıraydım ki, sədam Almaniyaya çataydı... Səsim çox zəifiydi. Axı necə edim ki, o, şefin qulaqlarına çatsın? Kaş ki ünüm işi-gücü yalnız Runeberqlə mənim yaxamdan yapışmaq olan, hələ yaxşı ki, bizim Staffordşirdə olduğumuzu bilən və öz miskin kabinetində gününü qəzet oxumaqla keçirərək xəbər gözləyən bu ağciyər, mənfur adamcığaza çataydı... “Qaçmaq”, - öz-özümə dilləndim. Kirimişcə ayağa qalxıb pəncələrimin ucunda addımlamağa çalışdım, sanki Medden artıq məni pusurdu. Yəqin cibimdə siçanlar oynadığını bir daha təsdiqləmək üçün ora əl gəzdirdim. Əslində elə fikirləşdiyimdən artıq bir şey tapmadım. Amerika istehsalı olan saat, kvadrat kulonlu nikel zəncir, Runeberqin mənzilinin nə vaxtsa ifşa edilə biləcək, amma artıq heç bir əhəmiyyət kəsb etməyən açarları, qeyd dəftərçəsi, əslində yerindəcə cırıb atmalı olduğum halda hələ də saxladığım məktub, bir krona, iki şillinq və bir neçə pens, qırmızı-göy karandaş, cib dəsmalı, bircə gülləsi qalmış tapança. Nədənsə onu sıxdım, sanki qətiyyətimi artırırmış kimi əlimdə aşağı-yuxarı fırlatdım. On dəqiqədən sonra plan hazırıydı. Soraq kitabçasında xəbərimi çatdıra biləcək yeganə insanın soyadını tapdım: o, dəmir yoluyla burdan yarım saatlıq məsafədə, şəhərdən kənarda, Fentonda yaşayırdı.

Qoçaq olduğumu söyləmək ağılsızlıq olardı. İndi, niyyətimi artıq yerinə yetirdiyim bir zamanda bu etirafda buluna bilərəm; çətin ki, onu cəsarətli saysınlar. Özüm də bilirəm: onun həyata keçirilməsi dəhşətli bir şeydi və mən bunu Almaniyanın naminə etməmişəm. Məni casusluğa qədər alçalmağa təhrik etmiş bu barbar ölkədən məmnun olduğumu söyləmək riyakarlıq olardı. Bir də ki, İngiltərədə mənim üçün heç də Hötedən az əhəmiyyət kəsb etməyən sadə bir insan tanıyırdım. Onunla üst-üstə bir saat belə ünsiyyət qurmamışam, amma elə bu qədər vaxt onu Höteylə bir pillədə qoymağa bəs eləyib... Niyyətimi həyata keçirməyimin daha bir səbəbi vardı: şefin damarlarımdan axan qanın əcdadlarına nifrət bəslədiyini hiss edirdim. Ona sübut etmək istəyirdim ki, sarısifət də alman ordusunu xilas etmək iqtidarındadır. Və ən nəhayət, kapitandan qaçmalıydım. Onun səsi və yumruğu istənilən an qapının arxasında guruldaya bilərdi. Səssiz-səmirsiz geyinib, güzgüdəki əksimlə vidalaşdım, aşağı düşdüm, küçəyə boylanıb bayıra çıxdım. Stansiya yaxınlıqdaydı. Amma mən kebdən (İngiltərədə biratlı fayton – red.) yararlanmağı qərara aldım. Sanki bomboş küçədə ifşa olunmaqdan sığortalanmaq istəyirdim: mənə elə gəlirdi ki, hər an hər kəs məni tanıya bilər və müdafiəm sıfır dərəcəsindədi. Yadımdadı, vağzala mərkəsi girişə çatmamış faytonçuya dayanmağı əmr etdim və bilərəkdən tələsmədən düşdüm. Eşqrouv adlı bir yerə getmək fikrində olsam da, daha uzaq stansiyaya bilet götürdüm.

Qatar bir neçə dəqiqədən sonra yola düşəcəkdi, daha dəqiq desəm, saat doqquza on dəqiqə qalmış. Platforma, demək olar ki, boşuydu. Vaqonları dolaşdım: orda bir neçə fermer, matəm geyimli qadın, maraqla Tasitin “Annallar”ını (qədim Roma tarixçisi Publiy Korneli Tasitin külliyyatı – red.) oxuyan növcavan, sarğılarından məmnun qalan əsgər gördüyümü xatırlayıram. Vaqonlar, nəhayət, hərəkətə gəldi. Tanımağa məhkum olduğum insan məhz həmin an özünü perrona çatdırdı, lap azacıq gecikdi. Bu, kapitan Riçard Meddeniydi. Canıma vicvicə düşdü, məhv olmuşdum, pəncərədən uzaqlaşıb oturacağın lap küncünə sıxıldım.

Amma tezliklə bu hiss qəribə bir sevinclə əvəzləndi. Və özümə dedim ki, təkbətək döyüş start verdi və mən ilk vuruşmanı qazandım, fərq eləməz, qırx dəqiqəlik də olsa, əlahəzrət təsadüf sayəsində hücum mövqeyində olan rəqibi qabaqladım. Özümü inandırdım ki, bu kiçicik qələbə müsbət sonuca işarədi. O qədər də balaca olmadığına inandırdım: qatarların cədvəli mənə qiymətsiz vaxt fərqini bəxş etməsəydi, yəqin ki, indi dəmir barmaqlıqlar arasındaydım, ya da məni daha pis aqibət gözləyirdi. Bu cür əllamə düşüncələrlə özümə təlqin etdim ki, qorxaqlara xas uğurum işi xoşbəxt sonluqla başa çatdıracağımın bariz sübutudu. Sonralar məni tərk etməyəcək gücümü də məhz bu zəifliyimdən aldım. Mən günü-gündən insanları daha dəhşətli niyyətlərə təhrik edən zamanı öncədən görürəm; tezliklə yer üzü yalnız davakarlar və başkəsənlərin ümidinə qalacaq. Onlara bir məsləhətim var: ən dəhşətli niyyət sahibi artıq onu həyata keçirdiyini təsəvvüründə canlandırmalıdı, gələcəyini də keçmişi tək şəksiz etməlidi. Mən də bu cür etdim, bu arada gözlərimin önündə, ölünün nəzərlərində bəlkə də həyatımın sonuncu gününün aramla gecəylə qovuşması əks olunurdu. Qatar xəfifcə göyrüş ağaclarının yanından ötüb keçirdi. Sonra sanki düz talanın ortasında dayandı. Stansiyanın adını çəkən olmadı. “Bu, Eşqrouvdu?” – perrondakı oğlan uşaqlarından soruşdum. “Hə, Eşqrouvdu”, - söylədilər. Qatardan endim.
Fənər platformanı işıqlandırsa da, uşaqların üzü kölgədə qalırdı. Onlardan biri soruşdu: “Siz həkim Stiven Alberin evinə gəlmisiniz?” O biri cavab söyləmədən dilləndi: “Yol uzundu, amma qorxmayın, azmayacaqsınız: burdan sola dönün və hər yolayrıcında yenidən sola burulun”. Sonuncu manatımı onlara atıb daş pillələrlə aşağı endim və tezliklə xəlvət yola çıxdım. O, aşağıya doğru gedirdi. Ayağımın altında torpaq cığır, başımın üzərində bir-birinə sarmaşan budaqlar, səmanın qoynunda bədirlənmiş ay məni müşayiət edirdi.

Bir an Riçard Meddenin təhlükəli planımdan xəbər tutduğunu sandım. Amma anındaca özümü sakitləşdirdim, bu, mümkün deyildi. Hər dəfə sola burulmaq şərti mənə bunun bəzi labirintlərdə mərkəzi meydançanı tapmaq üsulu olduğunu xatırlatdı. Labirintlərdən başım çıxır: axı mən Yunnani hökmdarı Syuy Penin nəticəsiydim. Axı bu hökmdar qəhrəmanlarının sayına görə “Qırmızı komada yuxu” kitabındakı qələbəliyi belə ötən bir roman yazmaq üçün taxt-tacdan əl çəkmişdi. Onun yaratdığı labirintdə hər kəs aza bilərdi. Bu əməyə nə az-nə çox, düz on üç il sərf eləmişdi, ta ki sonunda bir yadelli tərəfindən qətlə yetirilmişdi. Bu arada romanı çox mənasız alınıb, labirintisə elə də tapmaq mümkün olmayıb. İngilis ağaclarının çətiri altında bu itirilmiş labirintin xəyallarına daldım: onu toxunulmaz və eyibsiz şəkildə dağın əlçatmaz zirvəsində dayanmış, düyü zəmilərinin ortasında və hüdudsuz suların dərinliyində itib-batmış halda təsəvvür etdim.

Onu yalnız səkkizguşəli köşk və cığırlarla deyil, bütöv bir çaylarla, əyalətlərlə, dövlətlərlə gördüm. Mən labirintlərin labirintini düşündüm, durmadan düyünlənən və böyüyən, keçmişlə gələcəyi bir araya gətirən və möcüzəli şəkildə Cahanı özündə ehtiva edən birini xəyal etdim. Xəyalların içində itib-bataraq, qaçqın taleyimi belə unutdum və vaxt hissini itirərək hətta özümü zamanın şüuru belə sandım. Sadəcə öz həyatıyla yaşayan bu qaranlıq zəmini, ayı, qürubun son şəfəqlərini və alatoranı duydum, yorğunluğumu belə unutdum. Ürəkaçan axşamıydı. Yol artıq alatorana bürünmüş düzənlik boyu uzanır və qol-budaq açırdı. Düşündüm ki, insanın düşməni yalnız insan ola bilər, fərq eləməz, bu, və ya başqa yerin insanları olsun. Amma işıldaquşların səsini ağuşuna almış, bağları, suları, qürubları qoynunda bəsləyən torpaq bu vəzifəni heç vaxt üzərinə götürməz. Bu arada pas atmış hündür darvazaların qarşısına gəlib çıxdım. Hasarın o tayında xiyaban və pavilyona bənzər bir tikili gözə dəyirdi. Və həmin an fərqinə vardım: musiqi səsi ordan gəlirdi, amma ən ağlasığmazı onun Çin havası olmasıydı. Məhz bu səbəbdən musiqini düşünmədən, fərqinə belə varmadan qavramışdım. Hasarın üzərində zınqırovun, zəngin olduğunu xatırlamıram, bəklə də onu eləcə döydüm. Musiqi səsi hələ də qulaqlarımdaydı.

Hasarın arxasından işartısı gah qaranlığı yaran, gah da ağaclara dikilən süd rəngli, nağara şəkilli fənər göründü. O, yekəpər bir kişinin əlindəydi. İşıq gözümə düşdüyündən fənər sahibini yaxşı görə bilmədim. O, darvazaları aralayıb ana dilimdə sakitcə söylədi:

- Deyəsən, möhtərəm Si Pen tənhalığımı bölüşmək kimi bir öhdəliyi üzərinə götürüb. Yəqin bağı gəzmək istəyirsiniz?

O məni casus yoldaşlarımdan birinin adıyla çağırdı və mən karıxmış halda təkrarladım:

- Bağ?

- Hə, bağ, haçalanan cığırların bağını söyləyirəm.

Xatirələr izaholunmaz əminliklə yaddaşımda qövr elədi və mən söylədim:

- Bu, ulu babam Syuy Penin bağıdı.

- Ulu babanızın? Demək, siz adı dillər əzbəri olan bu adamın nəslindənsiniz? Buyurun.

Nəm cığır lap uşaqlığımın bağındakı tək burulurdu. Biz Şərq və Avropa dillərində yazılmış kitablarla zəngin bir kitabxanaya keçdik. İtirilmiş Ensiklopediyanın sarı ipəklə cildlənmiş əlyazmalarını tanıdım. Onun nəşrilə Nurlu Xanədanın Üçüncü İmperatorunun özü məşğul olsa da, kitabı eləcə də çap etmək nəsib olmamışdı. Otağın bir küncündə diyircəkli qrammofon tunc simurqa yoldaşlıq edirdi. Üstəlik çəhrayı çini dibçəyi və ustalarımızın fars dulusçularından öyrəndikləri o mavi rəngli qədim şeyləri də xatırlayıram...

Bir kənarda dayanıb məni izləyən Stiven Alberin üzündə təbəssüm oynayırdı. Bayaq söylədiyim kimi, yekəpərdi, əvəzində üzü çox incəydi, boz gözləri vardı, saqqalı ağarmışdı. Həm pastora (protestant keşiş – red.), həm də eyni zamanda dənizçiyə oxşayırdı; yalnız sonralar mənə söylədi ki, “çinşünaslığa könül verməmişdən” öncə Tençunda missioner olub.
Mən uzun, alçaq taxtda oturdum, o isə pəncərəylə hündür dairəvi saatın arasında özünə yer elədi. Hesablamalarıma görə, təqibçim Riçard Medden, ən azından, yaxın bir saata bura gəlib çıxmayacaq. Qəti qərarımı azacıq ertələyə bilərdim.

- Həə, Syuy Pen, həqiqətən, heyrətamizdi, - Stiven Alber sözə başladı. – Öz vilayətinin qubernatoru, astronomiya və astrologiya bilicisi, əla şahmat oyunçusu, məşhur şair və xəttat bircə kitab və labirint yaratmaq üçün hər şeyin üstündən qalın bir xətt çəkib. O, zalım şahlıq sevincindən, saysız-hesabsız kənizlərdən, kef məclislərindən və hətta öz idrakından əl çəkərək, düz otuz il Könül Oxşayan Tənhalıq Dərgahına qapanıb. Syanın ölümündən sonra şagirdləri orda bir yığın qaralamadan savayı heç nə tapmayıblar. Elə sizə də məlum olduğu kimi, ailəsi bu qaralamaları yandırmaq istəyirmiş, amma onun qəyyumu sayılan rahib – heç bilmirəm, ya daosmuş, ya buddist – onların nəşrinə israr edib.

- Biz, Syuy Penin varisləri, - əlavə etdim, - indiyəcən bu rahibi lənətləyirik. Onun çap elədikləri başdan-başa cəfəngiyatdı. Bu kitab uyarsız və mənasız cızma-qara qalağından savayı bir şey deyil. Haçansa onu gözdən keçirmişdim: qəhrəman üçüncü fəsildə ölür, dördüncüsündə yenidən dirilir. O ki qaldı Syuy Penin labirintinə...

- O labirint burdadı, - üzərinə lak çəkilmiş hündür masaya işarə etdi.
- Fil sümüyündən oyuncaq! – bilaixtiyar ucadan səsləndim. – Miniatür nə vaxtdan labirint olub?..

- Rəmzlər labirinti, - düzəliş etdi. – Gözəgörünməz zaman labirinti. Mən, yadelli ingilis bu sadə sirri aça bildim. Şübhəsiz, yüz il sonra artıq təfərrüatlara vara bilməzsən, amma nə baş verdiyini ehtimal etmək olar. Yəqin Syuy Pen bir dəfə “Mən kitab yazmaq üçün gedirəm” deyib, başqa vaxtsa “Labirint qurmaq üçün gedirəm” söyləyib. Hər kəsə iki ayrı şey təqdim olunub; amma heç kəsin də ağlına gəlməyib ki, kitab və labirint eyni şeydi. Könül Oxşayan Tənhalıq Dərgahı böyük ehtimalla baxımsız qalmış bağın düz ortasında olubmuş; yəqin elə bu məqam labirintin maddi olma illüziyasına rəvac verib. Günlərin birində Syuy Pen ölür; ucu-bucağı olmayan malikanədə heç kəs labirintə rast gəlmir; roman o qədər dolambaclarla doludu ki, elə onun özünün labirint olduğunu düşündüm. Açmanı tapmaqda iki təsadüf yardımçım oldu: birincisi, guya Syuy Penin, həqiqətən də, sonsuz labirint qurması barədə maraqlı rəvayət, ikincisi, tapdığım məktubdan bir parça.

Alber ayağa qalxdı. Bir anlıq arxası mənə tərəf dayandı və masanın qara-qızılı siyirtməsini irəli çəkdi. Sonra geri çevrildi, əlində nə vaxtsa al qırmızı olmuş, illərin hökmüylə çəhrayı çalar almış, bükükləri sürtülmüş bir parça kağız tutmuşdu. Syuy Pen bir xəttat kimi məşhur olmağa layiqiydi. Qanı mənim qanımdan olan bir insanın vaxtilə nam-nazik lələklə cızdığı bu sözləri anlaşılmaz iç əsməcəsiylə oxudum: “Ayrı-ayrı (heç də hamısına yox) gələcək zamanlara haçalanan cığırların bağını miras qoyuram”. Kağızı sakitcə ona qaytardım. Alber davam etdi:

- Hələ bu məktubu tapmamış tez-tez özümdən soruşurdum: axı kitab necə sonsuz olar ki? Ağlıma dövrəsi qapanmayan cilddən savayı heç nə gəlmirdi; yəqin bu cilddə sonuncu səhifə birincisini təkrarlayır, elə bu da onun istədiyi qədər davam etməsinə rəvac verir. “Min bir gecə” nağılının ortasındakı həmin gecəni də xatırladım. O gecə Şəhrizad xəttatın möcüzəli şəkildə buraxdığı səhv sayəsində bu nağılı nöqtəbənöqtə, təkrar-təkrar danışmağı qərara alır. Və hər dəfəsində təkrar başladığı gecəyə qayıtmaq qorxusuyla üz-üzə qalır. Beləcə, sonsuzluğadək davam edir. Bir də Platon ruhunda əsərləri yaddaşımda eşələdim. Bu kitabların məğzi nəsildən nəslə ötürülə bilərdi, və hər yeni varis ona öz fəslini sırıyardı, ya da sələflərinin yazdıqları səhifəyə müti qayğıkeşliklə dəyişikliklər edərdi. Bu uydurmalar mənə təsəlli verirdi, amma deyəsən, onların hamısı dəxilsiziydi. Ehtimallar içində boğularkən Oksforddan az əvvəl nəzərdən keçirdiyiniz məktubu aldım. Şübhəsiz ki, onun məzmunu üzərində baş sındırdım: “Ayrı-ayrı (heç də hamısına yox) gələcək zamanlara haçalanan cığırların bağını miras qoyuram”. Bax, elə o zaman məhz əlaqəsiz romanın “haçalanan cığırların bağı” olduğunu anladım, sən demə, “ayrı-ayrı (heç də hamısına yox) gələcək zamanlara” ifadəsi fəzanın deyil, zamanın qollara ayrıldığına işarəymiş. Romana gözucu nəzər salmaq zənnimdə yanılmadığımı sübut etdi. İstənilən romanın qəhrəmanı bir neçə imkanla üz-üzə qaldıqda qalanlarını sağa-sola süpürərək yalnız birinin üzərində dayanır; Syuy Penin həllini tapmayan romanının qəhrəmanısa eyni vaxtda bütün seçimləri edir. Və beləcə müxtəlif gələcək zamanlar doğurur, onlar da öz növbəsində qol-budaq ataraq çoxalırlar. Romandakı ziddiyyət də elə burdandı. Tutalım, Fanın sirri var; tanımadığı birisi qapısını döyür; Fan onu öldürməyi qərara alır. Görünən qədərincə, ehtimal olunan bir neçə sonuc var: Fan çağırılmamış qonağı öldürə bilər; ya da qonaq Fanı cəhənnəmə vasil edər; hər ikisi sağ qalar və sair və ilaxır. Bax, elə Syuy Penin kitabında da bütün bu sonucların hamısı həyata keçirilir, və onlardan hər biri yeni şaxələrə şərait yaradır. Bəzən bu dolanbacın cığırları kəsişir: məsələn, siz mənim yanıma gəlmisiniz, amma keçmişin ehtimal olunan variantlarından birində siz mənim düşmənimsiniz, digərində dostumsunuz. Mənim dözülməz tələffüzümü qulaqardına vura bilsəniz, bir neçə səhifə oxuyardım sizin üçün.
Parlaq lampa işığında üzü lap qoca görünürdü, amma onda həm də sanki zamana tabe olmayacaq, hətta deyərdim, əbədi bir şey vardı. Alber aramla və anlaşıqlı şəkildə bir epik fəslin iki variantını oxudu. Zülmət qaranlıqda həyat bir qədər dayanıb, onlar canlarını düşünmədiklərindən asanlıqla qələbə çalırlar. İkincisində elə həmin döyüşçülər qızğın bayram yaşayan saraydan keçirlər; onlar döyüşün qığılcımlarını bayramın davamı sayırlar və yenidən qələbə çalırlar.

Bu qədim rəvayətləri lazım olan ehtiramla dinləyirdim. Amma ən maraqlısı onları nə vaxtsa əcdadımın qoşmasıydı. Budur, indi onlar təhlükəli macəraya qol qoyduğum bir zamanda, vətənimdən çox uzaqdakı bir adada, tamam başqa bir imperiyanın sakini sayəsində zühur edib. Hər iki variantda təkrarlanan, sirli bir ehkam kimi səslənən sonucu xatırlayıram: “Beləcə, qulaq batıran hayqırtı, valeh edən iç sakitliyiylə döyüşürdülər qəhrəmanlar. Onlar ölməyə və öldürməyə hazırıydılar”.

Bu məqamda ətrafımda və içimdə hansısa gözəgörünməz cansız bir şeyin doğulduğunu hiss etdim. Bu, şaxələnən, paralel yürüş edən və ən sonunda bir-birinə qovuşan döyüşçülərin doğması deyildi, bu heç sezilməyən, daha sirli bir şeydi, əslində qəhrəmanlar özü bu naməlumun timsalıydı. Stiven Alber davam etdi:

- Sizin məşhuri-cahan əcdadınızın boş vaxtlarında bu variasiyalarla boş-boşuna əyləndiyini zənn etmirəm. Sonu görünməyən ritorik eksperimentə on üç il həsr eləmək – bu çox gülünc görünərdi. Bizim ölkədə roman öyəsi bir janr deyil, o dövrdəsə, ümumiyyətlə, nifrətəlayiqdi. Şübhəsiz, Syuy Pen əla roman yazırdı, amma üstəlik ədəbiyyatçı olan ulu babanız, çətin ki, özünü sadəcə bununla məhdudlaşdırmış olaydı. Müasirləri Syuy Penin metafizik, mistik niyyətlərindən uzun-uzadı yazıblar. Əslində fəlsəfi mübahisələr elə onun romanında da az yer tutmur. Heç bir sualın onu bitib-tükənməyən zaman məsələsi qədər həyəcanlandırmadığını da bilirəm. Nolsun ki? Axı elə “Bağ”ın səhifələrində rast gəlinməyən yeganə sual da budu. O, bircə dəfə də olsun “zaman” ifadəsini işlətmir. Bu, inadcıl susmanı nəylə izah edə bilərsiniz ki?

Bir neçə fərziyyə irəli sürdüm – hamısı bir-birindən yarıtmaz. Onda müzakirəyə başladıq; və nəhayət, Stiven Alber soruşdu:

- Açması “şahmat” sözü olan tapmacada yolverilməz yeganə söz hansıdı?

Bir saniyə fikirləşib söylədim:

- “Şahmat” sözü.

- Əlbəttə ki, - Alber ağzımdan çıxanı göydə tutdu. – Elə “Haçalanan cığırların bağı” da möhtəşəm tapmacadı, pritçadı, və sözsüz ki, açması zamandı; məhz bu məhrəm səbəb onu xatırlatmağı qadağan edir. Əvəzində daima ətrafında var-gəl etmək, hansısa yöndəmsiz məcazlara qaçmağın özü elə onu nəzərə çarpdırmağın ən aşkar üsuludu. Syuy Pen öz sonsuz romanının hər döngəsində məhz bu dolanbaca üstünlük verib. Yüzlərlə əlyazmanı tutuşdurmuşam, başısoyuq xəttatların yazıya əlavə etdikləri səhvləri düzəltmişəm, bu qarmaqarışıqlığı bacardığım qədər düzənləməyə çalışmışam, deyəsən, ona ağıllı görkəm belə verə bilmişəm, kitabı bütövlükdə tərcümə etmişəm – və sonunda əmin olmuşam: əsərin heç yerində “zaman” sözüylə rastlaşmamışam. Açma aşkardı: “Haçalanan cığırların bağı” Syuy Penin gördüyü sonu olmayan, amma həm də korlanmamış dünyanın simasıdı. Nyutondan və Şopenhauerdən fərqli olaraq, sizin əcdadınız vahid, mütləq zamana deyil, vaxt sıralamasının sonsuzluğuna, ayrılan, kəsişən və paralel addımlayan zamana inanırdı. Və bu yaxınlaşan, şaxələnən, çarpazlaşan, ya da əsrlər boyu eləcə də təmas nöqtəsində toqquşmayan zaman toru özündə mümkün olan bütün ehtimalları cəmləşdirir. Bu zamanların çoxunda biz ikilikdə mövcud deyilik, hansındasa siz varsınız, mən yox; digərində, əksinə, mən mövcudam, siz deyilsiniz; lap o birində yenə yanaşı addımlayırıq. Onlardan birində, səadət quşunun mənim başıma qonduğu dönəmdə siz ayağınızı evimin kandarına basdınız; digərində bağdan keçərkən məni ölü aşkarladınız, üçüncüsündə elə bu sözləri təkrarlayıram, amma bu, xəyaldı, kabusdu.

- İstənilən zamanda, - içimi qaynadan əsməcəylə söylədim, - Syuy Pen bağının zühuruna görə sizə minnətdaram.

- Hamısında deyil, - gülümsəyərək söylədi. – Zaman əbədi şaxələnməklə gələcəyin sonsuz sayda variantlarını yaratmış olur. Onlardan birində mən sizin düşməninizəm.

İçimdə yenidən bir şeylər doğdu. Sanki evin kənarındakı nəm bağ saysız-hesabsız insan kölgələriylə doludu. Bu, Alberlə məniydim, amma həm də digər zaman ölçüləriylə çoxaldılmış və şəklini dəyişmiş, özgə bizlərdik. Başımı qaldırdım, cisimsiz kabus yoxa çıxdı. Sarı-qara bağda yalnız bircə adam gördüm, amma bu adam heykəl tək sarsılmazdı, cığırla bizə tərəf yaxınlaşırdı. Bu, kapitan Riçard Meddeneydi.

- Gələcək artıq kandardadı, - etiraz etdim, - amma mən yenə də sizin dostunuzam. Məktuba bir daha baxmağı rica edərdim.

Alber ayağa qalxdı. O, bir anlıq arxası mənə tərəf dayanıb hündür masanın siyirtməsini açdı. Tapançam çoxdan hazır vəziyyətdəydi. Bütün diqqətimlə nişan alıb atəş açdım: Alber anındaca yerə sərələndi, heç uf da demədi. İnanın ki, onu ölümü anidən ani oldu.

Yerdə qalanı reallıqdan uzaqdı, əslində heç bir əhəmiyyət də kəsb eləmir. Medden içəri soxulub məni həbs elədi. Dar ağacına məhkum olundum. Nə qədər dəhşətli səslənsə də, mən qalib gəldim: zərbə endiriləsi şəhərin adını Berlinə ötürdüm. Dünən onu bombalayıblar: bu haqda hansısa Yu Sunun məşhur çinşünas Stiven Alberi sirli şəkildə qətlə yetirilməsini söyləyən xəbərdə oxudum. Şef bu tapmacanın açmasına vara bilmişdi. İndi o bilir ki, öhdəmə düşən vəzifə ona Alber şəhərinin adını hansı yollasa çatdırmaqdı. Və müharibənin bu qızğın çağında, bu gurhagurda yalnız bircə yolum vardı – o adı daşıyan insanı qətlə yetirmək. Yalnız bircə şeyi bilmir, əslində onu heç kəs bilməyəcək – ağrım və yorğunluğum elə dözülməzdi ki”.

Çevirdi: Kifayət Haqverdiyeva

# 2483 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #