Yanlış tanıdığımız Kafka

Yanlış tanıdığımız Kafka
23 noyabr 2017
# 17:45

Müasir ədəbiyyatda ən çox müraciət olunan, ən çox təsirləndirən və ən çox düşündürən adlardan biri Frans Kafkadır. Kafka niyə bu qədər oxunur? Niyə anlayan-anlamayan hər kəs onu oxumağı özünə borc bilir? Burda dəb anlayışı da var. Məhz dəb! Təkcə geyimdə, dizaynda olmur ki, ədəbiyyatda da var. Hər aşığın öz dövranı olduğu kimi, hər yazarın da öz dövranı, öz dəbi var. Bu gün Kafka oxumaq yüksək intellektuallıqdan xəbər verir.

Odur ki, özünü bu cür təqdim etmək istəyənlər üçün ilk iş Kafkanın əsərlərini oxumaq, ən azından kitab rəfinə yerləşdirmək, hələ üstəlik müəllifin kitablarından biri ilə şəkil çəkdirib sosial şəbəkələrdə paylaşmaq olur. Kafka oxucularda ikitirəlik yaratmağı bacaran yazıçıdır. Onun əsərlərini oxuyanlar iki qrupa bölünür: əsərləri ilk başda anlayıb sonra hesabı qarışdıranlar və əsərin məğzini əvvəlcə anlamayıb tədricən həzm edənlər. Amma ifşa olunmaq istəməyən üçüncü qrup oxucular da var: Kafkanın durumunda olanlar. Elə söhbət də məhz onların üzərində qurulmalıdır. Çünki yazıçını ən yaxşı onlar anlayırlar. Lap ilk cümləsindən son nöqtəsinə kimi. Kafkanın hər hansı əsərini ələ alan kimi sanki özlərinin iç dünyasını sətirlərdə görürlər. Bəs niyə özlərini ələ vermək istəmirlər? Məsələ burasındadır ki, Kafka bir çox qələmdaşları kimi depressiyadan əziyyət çəkib. Depressiya qələm adamı üçün ilham pərisinin xəstə halıdır. Münbit qaynaqdır. Dünyanın ən böyük, ən təsirli əsərlərinə məhz depressiya istiqamət verib. Belə də olmalıdır: nə qədər güclü olursa-olsun insan təxəyyülü bu qədər incəliklərə vara bilməz. İncəliklərin də dibi uçurum kimi qaranlıq olur, ora işıq tutan isə depressiyadır. Yəni sıravi adamlar üçün dəhşətli görünən, hələm-hələm etiraf olunmaq istənməyən bu mərəz, yaradıcı adamlar üçün çox faydalıdır. Xəstəlik qarşısında qorxu insanda nəyəsə maraq yaradır. Başqa vaxt hər hansı bilgiyə bu qədər maraq göstərmədiyi halda narahat olduğu mövzuları araşdırır. Yəqin buna görədir ki, Corc Bayron depressiyanı taleyin "qorxunc hədiyyəsi” adlandırırdı.

Dünyanın bir çox dahi yazıçı və şairləri – Ernest Heminquey, Emili Dikkinson, Mark Tven, Nikolay Qoqol, Oskar Uayld, Cek London, Corc Bayron və b. depressiyanın məngənəsində olublar. Bir insan kimi güman ki, bu məngənənin dəmir caynaqlarından əziyyət çəkiblər, amma qələm adamı olaraq bundan həzz aldıqları dəqiqdir. Təxəyyülə təxəyyül qatmaqla əlbət ki, sonunda qazanan elə müəllif də, ədəbiyyat da olacaqdı.

Bu ədəbi adların içində bizə lazım olanı Frans Kafkadır. Adlarını sadaladığım insanların simalarına baxanda bəlkə də depressiv insan olduqları qəti bilinmir. Kafkadan başqa. Bu qarabuğdayı, arıq oğlan ilk baxışdan xəstəhal olduğunu seyirçiyə bildirir. Bəlkə də sağlığında məşhurlaşsaydı, o da digərləri kimi yazıçısayağı bir görkəm alıb, gələcək nəsillər üçün xarizmatik duruş sərgiləyə bilərdi. Amma Kafka ölümündən sonra yazıçı kimi dünyaya tanınıb. Kafkanın əsərlərinin çoxu onun vəfatından sonra, yazıb qoyduğu vəsiyyətinin əksinə olaraq dostu və həmkarı Maks Brod tərəfindən çap etdirilib.

Depressiya zehni xəstəlikdir, alt qatında ailə və uşaqlıq xatirələri yatır. Heç kim durduğu yerdə depressiyaya düçar olmaz. Nakam sevgi, fiziki xəstəlik, uğursuzluq və s. bunlar sadəcə tətikləyici səbəblərdir. Uzun illərdən bəri yığılıb qalmış uşaqlıq əzabları belə səbəblərlə püskürür. Bunu Kafka atasına yazdığı məktublarda açıq-aydın etiraf edir. Cismani və xarakter olaraq güclü kişinin oğlu olmaq Kafkanı həmişə kölgədə qoyub, yəni atasının oğlu ola bilmədiyinə görə həmişə sıxıntı çəkib. Kafkanın "Məhkəmə” romanının əlyazması 1988-ci ildə 2 milyon dollara satılıb. Bəlkə də sağlığında bu baş versəydi, özgüvəni artar, xəstəliyi azalar, həyata ikiəlli sarılardı. Həm insan, həm də yazıçı olaraq dəyəri yalnız İkinci dünya müharibəsindən sonra anlaşılan Frans Kafkanın öz dövründə çox az oxuyucusu var idi. Bəlkə də müharibədən öncə dünyasını dəyişməsi onun həmişə gileyləndiyi bəxtinin üzünə gülməsiydi. Çünki yaşasaydı, üç bacısı kimi o da faşist düşərgəsində qəddarcasına öldürülərdi. Bu, hər halda ehtimallardan biridir. Amma mən bioqrafik məlumatlardan qaçmaq istəyirəm. Niyyətim diqqəti başqa səmtə yönəltməkdir.

Image result for gregor samsa

Kafka bütün ömrü boyu sosial gərginlikdən əzab çəkib, yəni insan arasına çıxmaq qorxusu onun yaxasını buraxmayıb. O, həmçinin fiziki və zehni dəyişiklik qorxusundan da əziyyət çəkirdi. Yəni ona elə gəlirmiş ki, bir gün hansısa başqa bir adama və ya məxluqa çevriləcək. Bu çevrilmə hissəsinə xüsusi diqqət! İstəyirsiniz lap böyük hərflərlə yazım ki, diqqətiniz yayınmasın: ÇEVRİLMƏ. Başqa sözlə, Kafkanın ən məşhur əsəri! Məşhur "Çevrilmə” əsəri məhz onun bu qorxusunun bəhrəsidir. Yəni Kafka depressiyanın bu əlamətindən əziyyət çəkməsəydi, dünya belə bir şedevrdən məhrum olacaqdı. İndi belə çıxır ki, "Çevrilmə” yazıçının təxəyyülündən yox, onun xəstəliyindən yaranıb. Yəni ona qələmi ələ aldıran və ya qələmini itilədən məhz depressiya olub. Yeri gəlmişkən, depressiya xəstəlik olalı tibdə bir çox əlamətləri ilə tanınıb. Amma Kafkanın yaşadığı əlamət ilk dəfə olaraq rastlanırdı. Elə ona görə də fiziki və zehni dəyişiklik qorxusu olan depressiv durumu tibdəKafkasayağı depressiya adlandırırlar.

Düzü, bu əsəri həmçinin kapitalizmin qeyri-insani problemi ilə əlaqələndirirlər. Amma elə biz də normal təsvirə çevirsək, belə anlayarıq ki, eynən baş qəhrəman Qreqor Zamza kimi depressiv insan bir gün yuxudan ayılanda özünü tamamilə başqa cür hiss edə bilər, yəni özü-özünə yad gələ bilər.

Yuxarıda Kafkanı dərhal anlayan oxucular haqqında belə bir cümlə işlətdim: Kafkanın durumunda olanlar. Bəlkə də çoxları bunu etiraf etməz, amma mən edirəm. Üçüncü qrup oxuculardan biri elə mənəm! Həyatımın ən depressiv çağında Kafkanı oxumuşdum. Həmin yaşıma qədər dünya ədəbiyyatını yarılamağıma, həmçinin özüm də peşəkar ədəbiyyat adamı olmağıma baxmayaraq (Yəni normalda digər oxucularla müqayisədə daha az təsirlənməliydim) aşırı təsir altından çıxa bilmirdim. Daha aydın izah eləyim: düz bir həftə hər səhər yuxudan ayılanda ilk olaraq əl-ayağımı yoxlayırdım ki, görüm qırxayağa çevrilməmişəm... Lamisə nöqtələrim normal insan əl-ayağını hiss edən kimi özümə gəlir, soyuq tər içində yerimdən qalxırdım. Növbəti həftə isə gündə bir neçə dəfə güzgüyə qorxa-qorxa yaxınlaşırdım: elə bilirdim güzgüdən mənə fizikən dəyişilmiş başqa qadın və ya varlıq baxacaq. Mən o vaxt əsərin gücünün eyforiyasını yaşarkən ağlıma da gəlmirdi ki, Kafkasayağı depressiyadan əziyyət çəkirəm.

Kafkanın böcəyə çevrilməsinin təsirinə düşənlərdən biri də şair-tərcüməçi Qismətdir. Lakin məndən fərqli olaraq Kafkadan necə təsirləndiyini belə izah edir: "Əsər mənə çox təsir etmişdi bəli, onda yəqin ki, universitet tələbəsiydim. Məndəki bu cür qəribə bir mətnlə rastlaşmağın həyəcanı idi, bu estetikada heç nə oxumamışdım. Daha çox klassik təhkiyəli əsərlər idi oxuduqlarım, yəni əhvalatı A nöqtəsindən B nöqtəsinə nəql eləyən, hər şeyi sanki reallıqla tutuşduran əsərlər. Amma Kafka elə deyildi, elə birinci abzasdan fantastik bir vəziyyət təklif edirdi, amma bunu axıra qədər elə yazırdı ki, sanki həyat elə bu cürdür, insanın böcəyə çevrilməsi normaldır. Yadıma gəlir, uzun müddət düşündüm ki, nə dərəcədə düzdür belə yazmaq, nə deməkdir bu? Sonralar Kafka haqqında, modernizm barəsində oxuyub anladım ki, zatən Kafkadan sonra artıq klassik realizm mümkün deyil”.

Dünya ədiblərinin Kafka ilə bağlı fikirləri isə yazıçının özü kimi ziddiyətlidir. Bəlkə də yaradıcılığı ilə həyatı bu qədər bir-birinə bağlı olduğundan maraq tükənmir ki, tükənmir. Saul Fridlender Kafkanı utanc və günahın rəssamı hesab edir.

Aleksandr Genisə görə, Kafka hər yubileyində onlarla Kafkaşünas yarada biləcək gücdə olan yazıçıdır.

Sergey Avarintsev Kafka əsərlərini iudaizmə bir parodiya hesab edir.

Yeri gəlmişkən, bəziləri bildirirlər ki, Kafkanın qadınlara qarşı olan acizliyi şişirtmədir. Sanki nakam yazıçıya qarşı oxucuların daha çox duyğusunu sümürməyə çalışırlar. Əslində Kafka fahişəxanalara sıx-sıx baş çəkən bir adam olub. Hətta onun at sürməsini və vərəm xəstəliyini də həddən artıq seksuallığın əlaməti kimi dəyərləndirirlər.

Görünür, bu günün ədəbi tədqiqatçıları da Kafkanın müasirləri kimi onu tam anlamayıblar. Ziddiyət də elə həmişə anlaşılmazlıqdan yaranır. Bəlkə də bunu fəhmlə dərk edən Kafka sonunda bu etirafı edirdi: "İnsanlardan sakit yaşamaq üçün yox, sakit ölmək üçün qaçıram”.

Şəfiqə Şəfa, “Ədalət” qəzeti

# 2066 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #