Bu şeiri krediti olanlar oxusun - AQŞİN YENİSEY ÜÇÜN

Bu şeiri krediti olanlar oxusun - AQŞİN YENİSEY ÜÇÜN
15 avqust 2016
# 13:09

Səma – Tanrının nəhəng poeziyası...

Gün batır,
Yoxa çıxır daha bir dost.
Yenə ürəyimizə gecələməyə dönür
Kirayənişin, yorğun ağrılar.

Oxuduğunuz bu şeir sizə adi görünə bilər. Bəlkə də çox sadədir. Bəlkə də heç şeir də deyil. Amma bu dəqiqdir ki, misraların hər birində ayrıca bir doza var. Bu doza ürəyin klapanından tutmuş, mədəaltı vəzinə kimi təsir edir. Beynin əsəb hüceyrələrinin ölümünü sürətləndirir. Hiss edirsən ki, düşüncəndə yaranan obraz səni işığa çəkir. O işığa yox ki, bu yaxınlarda qiyməti qalxdı, o işığa ki, nə qiyməti var, nə hüdudu, nə də sonu. Heç Sührəvərdinin İşraq fəlsəfəsində də işıq belə rəngli və möhtəşəm deyildi. Yorucu olmasın deyə, fəlsəfədən ara-sıra gətirdiyim misallara görə üzr istəyirəm. Üzrlü sayın ki, bir şeirin dozasını bu qədər qəbul etmək halındayam. Sizi də bu dozanı paylaşmağa çağırıram. Axı duymaq pulla alınan məhsul deyil ki, hər kəs ala bilsin...

Şeirin müəllifi Aqşin Yeniseydir. Onun haqqında yazmadan da keçinmək olardı. Daha doğrusu onun yazmış olduğu şeir haqqında. Əgər bu şeirin dozasından bayılanların sayı çox olmasaydı. Əgər Tanrını müşahidə etdiyini görə bilmək kimi bir gücə sahibsənsə sən elə Tanrının sevimli şairisən. Kim nə deyir desin, kim nə yazır yazsın, Tanrı bu dozalı şeirləri ona görə yazdırır ki, hərdən bizi məişət qayğılarından uzaq tutsun. Bank kreditlərindən, kommunal qayğılardan, qonşu paxıllığından kənarda ruhun dincliyinə şərait yaradan şeirlərin savabını düşünün. Ən əsası sözlərin sehrində özünüzü bir sirrin sahibi kimi də düşünün. Əgər bu sirrin çözümündə əngəl varsa demək hələ Aqşin Yenisey şeirinin fövqündə itib-batmamısınız. Özünüzü itirin ki, sonra da tapmaq üçün çaba göstərə biləsiniz. Qəribədir, heç bu qədər təsirlənməmişdim. Eqonu bir yana qoyub, ruhumun təslim səhnəsinə şahidlik edirəm. Mən uçuram. Ruhum pərvazlanır. Lap Dantenin “İlahi komediyası”ndakı kimi müqəddəs bir məqamı yaşayıram. Bu məqamı yazmaq belə çətindi. Ona görə ki, barmaqlarım hər klaviaturaya toxunanda mən o yüksəklikdəki parametrləri itirirəm və yerə doğru yaxınlaşıram. Amma yazmasam da olmur. Bu mənə ayılmaq üçün lazımdı həm də. Gündəlik qayğılar məni gözləyir çünki.

Bu şeirin lakonikliyində bir mürəkkəblik, bir sonsuzluq, bir xəzinə var. Bəli, bir xəzinə. Sözlərim qəribə gəlməsin. Aqşinin bir çox şeirləri haqqında da bunu yazmaq olardı. Amma nədənsə bu şeirin dozası çox oldu vallah. Sanki dilimin altına sakitləşdirici həb qoymuşam. Qələmin mürəkkəbi, daha doğrusu klaviaturanın gücündən bu daha da təsirli olur. Mənim təzyiqim qaydasına düşür, aclıq hissim keçir, bir az dəli kimi görünürəm yəqin. Olsun, ağıllı olub Aqşin Yeniseyi oxumamaqdansa, dəli olub onun bir şeirini oxumağı üstün bilirəm. Lütfən, bu yanaşmanı səhv başa düşməyin, məndə hər şey qaydasındadır. Normal həyatım var, sadə vətəndaş kimi banklara borcum da var. Amma bu o demək deyil ki, mən şeir dozamın qəbulundan utanıb, bir küncdə oturmalıyam. Ya da bunu çay evində pivə içməklə yaşamalıyam.

Səmanın sonsuzluğunu yaxınlaşdıran misralarda bitkin bir düşüncənin kökü görünür burda. Bu kökdən böyüyən ağacın budaqlarından suallar asılıb. Bu sualların cavabını isə sadə bir biçimdə yazılan beş misralıq şeirdə görmək olar. İndi deyəcəksiniz ki, bu beş misrada nə görmüşəm?! Mənim gördüyümü yazmaq istəmirəm, buna heç ehtiyac da yoxdu. Köhnə mövzudur elə deyilmi? Hər zaman insanları düşündürən, qorxudan, inandıran səma. O səma ki, bizim üzümüzün aydın və qaranlıq tərəflərini aşkara çıxarır. Hamıdan gizlətdiyimiz üzümüzü səmadan gizlədə bilmirik. Tanrının poeziyası bizim ümid yerimizdir həm də. Aqşinin Tanrı ilə bağlı bir problemi yoxdu. Bunu dəqiq bilirəm. Aqşin poeziyadan umacağı da yoxdu. Sadəcə olaraq Aqşinin funksiyası var. Yazmaq funksiyası. Necə yazmağa anlatmaq funksiyası. Çətin işdi. Çox çətin.

Bu yazını yazmaq mənə hər hansı bir qüvvə və təsirlə əlaqəli yox, məhz şeirin lazımi dozadan istifadə etməyimdən asılıdır. Elə bu ciddiyəti nəzərə alaraq, özümdə güc tapdım. O güc ki, mənə sakitlik və mənəvi dinclik gətirdi. Və mən bu yazını yazdım. Havanın isti olmasından, məzuniyyətə çıxa bilməməyimdən asılı olmayaraq bu şeirdə sərinlik, istirahət tapdım. Məni qınamayın, elə vacib işlər var ki, şeir onun yanında bir zərrə günahı olmayan uşaq kimidir. Bu beş misradakı uşaq saflığı kimi. Əslində bu beş misranı bir uşaq yazmalı idi. Müəllif də bu təmizliyin təcəssümüdür, amma uşaq deyil. Sözlərimi qəribçiliyə salmayın. Pafosu sevmirəm, nə də yazmıram, mən bu dozadan təsirlənib yazıram. And içməyə ehtiyac da yoxdu. Səmimi olmağın baş ağrılar kimi bir sonu olduğunu da anlayıram. Mənim başım ağrısa da, Aqşin şeirlərini “sitramon” kimi qəbul edəcəm bu barədə rahatam.

Əslində necə deyərlər hər şey göründüyü kimi olmadığı kimi, hər yazılan da olduğu kimi qarşılanmır, qəbul edilmir. İndi düşünəcəksiniz ki, burda nə var axı qeyri-adi? Təbii bir şeydi. İşin bir tərəfi də odur ki, Aqşinin sözünü özündən qabaq tanıdım. Həm də bu tanışlıq o qədər səmimi oldu ki, biz şeirlərlə dostlaşdıq. Biz deyərkən, mənim daxili qabarmalarımdan yaranan hiss və duyğularım. Bu isə bir şairin ən üstün və nəcib tərəfidir. Özünü sözündən qabaq tanıdığım Aqşin Yenisey şeirlərini oxumaq və yazmaq bu qayğılı vaxtlarda ən yaxşı, ən faydalı zövqdür.

Tural Cəfər

# 1523 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #