Alov İnanna: “Qadının doğumla bağlı orqanlarının hamısı qədimdə müqəddəs sayılıb...” - Müsahibə

 Alov İnanna:   “Qadının doğumla bağlı orqanlarının hamısı qədimdə müqəddəs sayılıb...” - Müsahibə
13 noyabr 2025
# 10:00

Kulis.az Sevinc Mürvətqızının “QadınVari” layihəsində tədqiqatçı, yazıçı, filosof Alov İnanna ilə müsahibəsini təqdim edir.

Həyatın bütün sahələrində zərifliyi, estetik duyumu, gözəlliyi, mübarizliyi, sevgisi, mərhəməti, ruhani müdrikliyi və özünəməxsus, əvəzedilməz toxunuşu ilə Qadın Var... “QadınVari” layihəsi qadınların müxtəlif sahələrdəki fəaliyyətini daha qadınsayağı aspektdən təqdim etməyi qarşısına məqsəd qoyur. Bu, qadın dünyasının dərin qatlarına yönəlmiş mənəvi və intellektual bir səyahətdir.
Bu səyahətdə növbəti yol yoldaşım tədqiqatçı, yazıçı, filosof Alov İnanna ilə qadının ilahi gücü, feminin ruhun dərin qatları və sevgi enerjisinin şəfalı təbiəti haqqında danışmışıq. Tabu sayılan bəzi nüanslara toxunduğumuz bu söhbət qadınlığın əsl mahiyyətinə – sevginin, şəfqətin və mənəvi balansın qaynağına qayıdış haqqındadır. Həmsöhbətim layihəmizin mahiyyətinə uyğun - “QadınVari” tərzdə bizi tarixin patriarxal tozunun altında qalan unudulmuş alovlu qadın ruhunun izinə düşməyə çağırır.


Adınızdan başlayaq. Nə vaxt və necə “Alov İnanna” oldunuz?

– Yəqin siz də müşahidə etmisiniz, son illərdə psixologiyaya, daxili ruhi aləmi öyrənməyə maraq xeyli artıb. İnsanlar artıq anlayırlar ki, bu, çox vacib məsələdir. Müstəqillik illərinin əvvəllərində – 90-cı illərdə – ölkədə aclıq, qıtlıq vardı, insanların əsas qayğısı sağ qalmaq idi. Maslovun ehtiyaclar hiyerarxiyasından baxsaq, həmin dövrdə biz sadəcə fizioloji təminatımıza fokuslanmışdıq. Özünüdərk, şəxsi inkişaf, öz potensialını görmək bu piramidanın sonundadır. Ancaq xoşbəxtəm ki, o illərdə – 1990-91-ci illərdə bir neçə tələbə yoldaşımla birlikdə mənim də əsas həyat prinsipim “özünü axtarmaq” idi. Bu məqsədlə o vaxt fəaliyyət göstərən Asif Ata Ocağına yönəldim. Ocaqda əsas başlanğıc qayə insanın özüylə mübarizəsi, özüylə döyüş idi. İndi baxıram ki, o dövr mənim üçün bir məktəb olub. Bəli, indi oradakı ideyaları məmnuniyyətlə tənqid edərdim, çünki baxışım çox dəyişib, amma o təcrübə sonralar həyatımda ciddi rol oynadı. “Alov” adını orada mənə Asif Ata vermişdi. Zaman keçdikcə başa düşdüm ki, Ocağın ən böyük yanlışlarından biri qadın potensialını, feminin ruhu görməməsi idi.

Ocaqdan ayrıldıqdan sonra bir müddət boşluğa düşdüm. Onda məni xilas edən Dao fəlsəfəsi oldu. Orada balans, harmoniya, tamamlanma prinsipi vardı. Dao fəlsəfəsində qadın başlanğıcı – “Yin” ideyası mənə çox doğma gəldi. Dao özü qadın mahiyyətlidir, onda “yin” tərəf daha çox hiss olunur: su kimi yumşaq, elastiki, can və canlılıq verən, amma eyni zamanda sərt daşı deşəcək qədər güclü. Bir çox dinlərdə və fəlsəfi təlimlərdə ilahi güc maskulin təqdim olunur, lakin Daonun enerjisi feminindir. Sonralar feminin ruhun izinə düşüb qədim türk dünyagörüşünə, xüsusilə də şamanizmə gedib çıxdım. Şamanizm mənim üçün bir növ qadın enerjisinin ilkin ifadə forması idi. Şamanizmdən sonra prototürklərlə birbaşa iç-içə olan qədim Şumer dünyasına üz tutdum. Orada qadın tanrı İnanna ilə “tanış oldum”. İnanna həm sevgi, həm də savaş tanrısı idi. Onun iki ulduzu vardı: gecə ulduzu sevgini, səhər ulduzu döyüşü, savaşı simvolizə edirdi.



Akkadlar Şumeri zəbt etdikdən sonra İnannanı “İştar” adlandırdılar. İştar – “star” (ulduz) mənasını verir. İnanna məni təsirləndirdi. Onda maskulinliklə femininlik birləşib. Mənim o dövrdə maskulin tərəfim güclü idi, bəlkə də İnannanın döyüşçü tərəfi məni ona yaxınlaşdırmışdı. Amma zaman keçdikcə anladım ki, döyüşlə sevgi bir yerdə mövcud ola bilməz. Həqiqi sevgi olan yerdə döyüş, düşmənlik olmur. Ananla, övladınla döyüşmürsən, çünki onları sevirsən, həqiqi sevgi hissinə sahib olsan, heç kimlə döyüşməzsən. Şumerlərdən sonra yenidən türk aləminə “qayıtdım” və bu dəfə ana tanrı Umaya gəlib çıxdım. Umay doğumu, bərəkəti, qoruyuculuğu simvollaşdırır. Uzun illər Günaz TV-də “Umay” adlı veriliş apardım. Sonra bir az təəssüfləndim ki, kaş təxəllüsümü “Umay” qoyaydım.

İndi də gec deyil adınızı dəyişmək...

– Yox, daha olmaz (gülür). Rəhmətlik İlhamə Quliyeva kimi ildə bir ad dəyişmək lazım deyil.

Rəsmi sənədlərdə adınız necə yazılıb?

– Rəsmi sənədlərdə adım Şirinxanım Eyvazovadır. Bu adı mənə atam qoyub, 18 ildən sonra dünyaya gəlmişəm deyə.

Ezoterik təlimlərdə ad dəyişməyin taleyə təsir etdiyi deyilir. Siz həm adınızı dəyişmisiniz, həm də mifologiyada güclü bir obraz olan İnannanı təxəllüs kimi seçmisiniz. Sizcə, bu, taleyinizdə dəyişiklik yaradıbmı?

– Dəyişəcəyinə inanmırsansa, gündə on ad da dəyişsən, nəticəsi olmayacaq. Taleyin dəyişməsi dəyişikliyə olan inamla bağlıdır. Ümumiyyətlə, dəyişmə məsələsinə çox ciddi yanaşıram. Mənim yaratdığım “6 həftəlik kart sistemi”m var. Onun patentini almaq üzrəyəm. Hər həftəyə və həmin həftənin günlərinə uyğun tapşırıqlar var və bu tapşırıqlar vasitəsilə insan öz düşüncəsini, davranışlarını, bir sözlə, həyatını dəyişir. Kartların adı “DYŞ” samitləri ilə başlayır, arasında işlənən saitlər isə Ö, Ü və E, İ deyil, Ə və İ olacaq. Yəni, “döyüş” və “deyiş” yox, “dəyiş”… Mən inanıram ki, dəyişmək mümkündür, amma yalnız sevgi frekansında. Çünki dəyişiklik bəzən şərə doğru da apara bilir. "İnanna" təxəllüsü taleyimdə xüsusi dəyişiklik yaratmasa da, qadındakı ilahi gücü daha çox hiss eləməyimə səbəb oldu. O güc sevgi ilə birbaşa əlaqəlidir.



Özünü sevmək mövzusu son illərdə populyardır. Amma heç kim demir ki, insan özünü sevməyə haradan və necə başlamalıdır. Sizcə, bu prosesin başlanğıc nöqtəsi necə olmalıdır?

– Gözəl sualdır. Düzünü desəm, bu məsələ məni həddindən artıq maraqlandırır. Son illərdə araşdırmalarımı əsasən narsizm üzərində aparıram. Narsizm çox vaxt “özünü sevmək” kimi görünür, ancaq mənim dediyim “özünü sevmək” narsistik sevgi deyil. Əslində, narsist məhz elə özünü sevə bilmədiyinə görə bu sevgini daim başqalarından umur, daim başqalarının diqqətini, heyranlığını gözləyir. Buna görə də başqalarını görmür, eşitmir, hiss etmir. Normal, sağlam sevgi isə insanın özünün özünə olan sevgisindən başlayır, başqalarına olan sevgisi ilə tamamlanır. Qədim Şumerdəki “uzu” sözü vardı, bir mənası da “daxil” “iç” deməkdir. “Öz” sözü ordan gəlir. Mənim dediyim məqam “özü özünü sevməkdir” – yəni iç dünyanı, şüuraltını, nəsillərdən sənə keçən epigenetik mirası qəbul etmək, onlara minnətdar olmaq, yəni öz daxili dünyanı sevməkdir. Şikayət, üsyan əvəzinə sevmək. İnsan həyatında baş verən hər bir pis hadisəni, travmanı, qorxunu dərd kimi yox, dərs kimi görəndə, onlardan nəsə öyrənənda şikayət eləmir, özü özünə sevgi ilə baxmağa başlayır. Həyatda iki yol var: Ya hər dəfə başımıza gələn pis hadisəyə görə qurban roluna girib “niyə mən?” deyib ağlamaq, başqalarını və özünü günahlandırmaq; ya da “bu vəziyyətdən mən nə öyrənə bilərəm?” sualını vermək. Səni qorxudan və kədərləndirən hadisəyə bu sualla yanaşa bilmək çox vacibdir. Əgər bunu bacarırsansa, artıq özün özünü müşahidə etməyə başlamısan. Elə bil ki, “avatar”ın var və onunla bir-birinizə baxırsınız, bir-birinizi dərindən müşahidə edirsiniz. Çox vaxt biz bu mərhələyə gələ bilmirik, çünki ya özümüzü, ya da başqalarını günahlandırmaqla məşğul oluruq. Özünü təhlil edə bilməyəndə, dəyişmək də mümkün olmur. Amma sanki kənara çəkilib öz travmalarına, hisslərinə, qorxularına qəbul və minnətdarlıqla baxa biləndə, onda həmin qorxuları, ağrıları artıq düşmən kimi yox, müəllim kimi görürsən. Əgər kiminsə sənə vurduğu bir zərbə varsa, düşün ki, bu zərbə sənə nəyi öyrətdi? Güzgüdə üzündə ləkə görürsənsə, güzgünü qırmaq olmaz, üzünü təmizləməlisən. Həyatda da belədir.

Amma bu təfəkkürə, bu ruhi oyanışa gəlib çıxmaq üçün həm zaman, həm də böyük özünütərbiyə lazımdır...

– Əlbəttə. Nə qədər şikayət üçün səbəbimiz olsa da, mənə görə, dünya çox gözəl bir yerdir. İndi insanlıq feminin – intuitiv şüura doğru qayıdır. Feminin şüur dedikdə mən həm də sevgi enerjisinin dərkini nəzərdə tuturam. Ailədə qadın sevginin, kişi isə güvənin simvoludur. İkisi bir yerdə olanda harmoniya yaranır. Amma başlanğıc hər zaman sevgidir. Qədim mənbələrdə duyğular bədən orqanları ilə əlaqələndirilirdi. Məsələn, şumerlərə görə, cəsarətin yeri ciyər, qürurun yeri burundadır. Diqqətin yeri isə göz və qulaqdadır. (Yeri gəlmişkən, birinə “diqqət yetir” mənasında “göz-qulaq ol” ifadəsini indi də işlədirik. Ya da cəsarətli, qorxmaz adamlara “ciyərli adam” deyirik. Lovğa və özündən müştəbehləri də “dikburun” adlandırırıq.) Şumerlərə görə, sevgi və mərhəmət isə ana bətnində – rəhimdə yerləşir. “Bismillahir-rəhmanir-rəhim” ifadəsindəki “rəhim” sözü də ana bətnini bildirir. Yəni mərhəmət və sevgi qadın başlanğıcı ilə – rəhimlə əlaqəlidir.



Yazılarınızda vaxtaşırı qadının “şeytaniləşdirilməsi” mövzusuna toxunursunuz. Kişi doğulandan ölənədək qadına meyillidir. Belə olan halda, qadını şeytaniləşdirmək kişiyə nə qazandırır?

– Gender araşdırmalarımı dərinləşdirdikdən sonra, açığı, mən kişiləri bir az “bağışladım” (gülür). Əslində, hər şey bioloji səviyyədən başlayır. Ana bətnində bizi fərqləndirən əsas şey hormonlardır: qadınlarda oksitosin – sevgi və bağlılıq hormonu, kişilərdə isə testosteron – güc, mübarizə, dominantlıq hormonudur. Bu hormon kişilərdə təkcə nəsil artırmağa cavabdeh deyil, həm də zorakılığa, dava eləməyə meyli, aqressivliyi çoxaldır. Testosteron öldürmək, ovlamaq, savaşmaq enerjisini yaradır. Yazıya qədərki tarix matriarxal olub – qadın ruhu üstün olub. O dövrdə qadının doğuculuğu, yaradıcılığı onun qüdrəti, gücü, müqəddəsliyi kimi görünürdü. Amma müharibələrin artması ilə kişi gücü önə keçdi.

İlk dəfə olaraq Zərdüştçülük bu gücə və bu gücü ortaya çıxaran müharibələrə dini və fəlsəfi don geyindirdi. Orada hər şeyin təməli döyüş üzərində qurulmuşdu: Xeyir və Şərin, İşıq və Qaranlığın mübarizəsi, daha doğrusu, müharibəsi. Beləcə, savaşın müqəddəsləşdirilməsiylə maskulin enerji üstün mövqe qazanmağa başladı, qadın enerjisi ikinci plana keçdi. Ancaq bu dəfə də kişilər başqa bir problemlə üzləşdilər: hara baxdılarsa, qadınla bağlı simvollarla, feminin ruhla rastlaşdılar. Bu səbəbdən də ya qadın mirasının izlərini sildilər, ya mənimsədilər, ya da şeytaniləşdirdilər.

Məsələn, ilk insan sayılan Adəm kişi cinsində təqdim olunur. Ancaq bu sözün etimologiyası – “Adamah” - “menstruasiya qanı qatılmış qırmızı palçıq” deməkdir. Sözün yaranması isə birbaşa feminin ənənələrə gedib çıxır. Adəm sözünün kökü bəzi mənbələrdə xaldeylərin ana tanrısı Adamunun adı ilə də əlaqələndirilir. Yaxud sünnət bir vaxtlar qadınlaşdırma əməli kimi simvolik ayin idi – kişinin öz “kişi gücünü” qadın tanrılara qurban verməsi, ya da özünü qadına bənzətməsi mənası daşıyırdı. Zamanla bu da maskulin bir rituala çevrildi. Yəni qadına aid nə varsa, ya silindi, ya kişilərə aid edildi, ya da qaralandı. Amma bu, kişilərin “pis varlıqlar” olması ilə bağlı deyil. Onlar sadəcə fitrətlərinə uyğun davranıblar. Yazıdan sonrakı dünya tarixi maskulin tarixdir. Ona görə bəzən tarixçilər “History”ni iki yerə bölüb ironik şəkildə belə deyirlər: “History is his-story”. Yəni, tarix kişinin tarixidir. Halbuki prehistorik dövrə qədər, yəni yazı kəşf olunana qədərki vaxtda anaxaqanlıq, matriarxat mövcud idi. Odun kəşfindən tutmuş əkinçilik, ev quruculuğu, dulusçuluq, kulinariya, mətbəx avadanlıqları, toxuculuq, tibb, ilk dini, və hüquqi institutlar qadınla bağlı olub. Hətta kişimərkəzli dünya meydana gələndən xeyli sonra da bu davam elədi: Bolluq-bərəkət, zəfər qadın tanrılardan istənirdi – İnannadan, Umaydan, Afinadan, Anahitdən, Freyadan. Məsələn, müharibə başlamazdan qabaq əsgərlər adını çəkdiyim qadın tanrılara dua edib ondan zəfər istəyirdilər, çünki qələbənin və bolluq-bərəkətin mənbəyi qadın tanrılar sayılırdı. Mənim üçün indi təəssüf doğuran odur ki, bu gün bəzi feministlər kişilərlə aqressiya ilə – onların “silahı” ilə mübarizə aparırlar. Məncə, qadın kişinin silahı ilə yox, öz yumşaqlığı, sevgisi ilə qüdrətlidir. Qadın öz ruhuna uyğun davranmalıdır, sevməyi öyrətməlidir. Qadın intuisiya gücü, duyumu, yaradıcılıq qabiliyyəti ilə güclüdür. Bu güc kişiləri qorxutmamalıdr, çünki bu güc silah deyil. Yəni, bu dağıdıcı, ziyanlı, öldürücü güc deyil, yaradıcı, yaşadıcı gücdür.

Bir az əvvəl dediniz ki, “kişiləri bağışladım”. Bu fikrinizi bir az açardınız...

– Mənim kişilərlə düşmənliyim yoxdur. Həyatımdakı ən əziz insanlar – ərim, oğlum, qardaşlarım – kişidir. Kainat onları mənim həyatımda daim var etsin. Onlarsız olmayım. Mənim etirazım konkret olaraq kişilərə deyil, ümumən tarixin qadına qarşı ədalətsizliyinə yönəlib. Tarixdə elə dövrlər olub ki, qadınlara qarşı kütləvi femisid, yəni qadın qətliamı həyata keçirilib. Misirdə bilikli məbəd qadınlarını – yəni müdrikləri, şəfaverənləri məhv ediblər, indi də orada kütləvi qadın məzarlıqları tapılır. İnkvizisiya dövründə “cadugər ovu” adıyla milyonlarla qadın yandırılıb. Ancaq mənim maskulin–patriarxat düşüncəyə baxışım zamanla yumşaldı, çünki anladım ki, döyüşməklə heç nə əldə edilmir, əksinə, döyüşdüyünü gücləndirirsən. Kişi ilə qadının mübarizəsində ən yanlış şey güc müqayisəsi aparmaqdır. Halbuki kişi və qadın rəqib yox, tərəfdaşdır. Onlar Daosizmdəki Yin və Yanq kimi bir-birini tamamlamalıdır. Mən qadın-kişi münasibətlərinə sevgi və harmoniya üzərindən baxıram. Bu gün bəzən Azərbaycanda qadın mövzusunda çox kəskin fikirlər səslənir. Mən o cür aqressiv diskussiyalara qoşulsam, özüm də o döyüşün bir parçasına çevrilərəm. Çünki neqativə diqqət yönəldəndə, onu daha da gücləndirirsən.

Mən inanıram ki, nəyə fokuslanırsansa, onu böyüdürsən. Ona görə də nifrətə yox, sevgiyə, şəfqətə, feminin gücə köklənirəm. Qadının bu ulu gücü şamanizmdən gəlir. Əslində, şamanlıq da, şəfalandırma da qadınlarla başlayıb, hətta bir zamanlar kişilər şaman olmaları üçün simvolik doğum eləməli imişlər. Ta yaxın zamanlara kimi kişi şamanlar qadın kimi uzun saç saxlayırdılar, ritual zamanı geydikləri paltarın sinə hissəsi çıxıntılı olurdu. Qədim türklərdə şamanlar özlərini “kam” adlandırırdılar – bu sözün kökü qadınlıqla, analıq orqanı ilə bağlıdır. Çuvaş türkcəsində şamana “yum” deyilir. Qədim ana tanrımız Umayın adı da həmin “um”la başlayır. Umay – “yaradan ana rəhmi”, “plasenta” deməkdir. Am, ama, əmə, mama, əbə - qədim türkcədə həm həkim, mamaça, həkim-qadın, həm də dərmana deyilirdi. Bəzi türk dillərində hələ də “əmə, əmləmək” şəfa vermək, sağaltmaq, yaxşılaşdırmaq, “am, em” isə dərman deməkdir. Bir az qabaq ana rəhmi və sevgi əlaqəsindən bəhs elədim, qədim türkcədə də belədir. Sevgiyə “amır” deyilirdi, indi bu söz bəzi Avropa dillərində “amor” kimi işlədilir. Qədim şumercədə uş / uğ sözü həm ana rəhmi, həm də sevgi və mərhəmət mənasındaydı. Dilimizdə bu söz köklərinin izləri indi də mövcuddur. Məsələn, uşaq, uşaqlıq və oğul, doğulmaq və s. Qədim türkcədə “ög” ana deməkdir. Türkiyə türkcəsində “öksüz” – yəni “anasız”, yetim ” sözünün kökü də buradan gəlir. Qadın mahiyyətcə sevgi ilə sinonimdir, ona görə də küsmək, acıqlanmaq əvəzinə sevgi yaymağı öyrənməli və öyrətməlidir. Qədim şaman nənələrimiz kimi - canlı-cansız nə varsa, bütün var olanlara sevgi ilə, şəfqətlə yanaşmağı.

Bu cür feminin fikirlərinizə evinizdəki kişilər necə reaksiya verirlər?

– (Gülür.) Bunu onlardan soruşmaq daha düzgün olardı. Açığı, mənim bəzi fikirlərimlə razılaşmadıqları məqamlar olur. Çünki kişi fiziologiyası döyüş üstə köklənib, qadınla bağlı söhbətlər onlar tərəfindən kişilərə hücum kimi görünə bilir bəzən. Ancaq mən çox xoşbəxtəm ki, bizdə fikir ayrılıqları olsa da, qarşılıqlı anlayış da var. Müzakirələr mübahisəyə çevrilən kimi, söhbəti sonraya saxlayırıq. Ortaq nöqtələrimiz də çox olur.

Yazdıqlarınız və söylədikləriniz bir çox dini və patriarxal qəliblərə toxunur. Bu indiyədək sizə qarşı təzyiqlər yaradıbmı?

– Əlbəttə, yaratdığı olub. Amma mən artıq başa düşmüşəm ki, hər bir yazı hər oxucunun filtrindən keçməyə bilər. Kiminsə retikulyar sistemindən keçməyən fikir təbii olaraq kəskin reaksiyaya da səbəb olur. Mən bunu anlayışla qarşılayıram. Heç bir inciklik və ya aqressiya duymuram.


Tabu mövzulardan yazanda özünüsenzura məsələsini daxilən necə tənzimləyirsiniz?

– Düşünün ki, bir gün öyrənirsiniz ki, bu gün qadına aid söyülən, təhqir edilən şeylərə vaxtilə and içilib, qarşısında səcdə qılınıb. Bunu görəndə təbii ki, ilk hiss elədiyim haqsızlıq duyğusu olur. Hansı ki, mən o stereotipləri sındırmaq üçün ortaya nə qədər tarixi, linqvistik fakt qoya bilərəm. Məsələn, indi mənfi çalarda işlənən “tumanını başına atmaq” ifadəsi vaxtilə başqa məna daşıyırdı. Məndə Çindən Avropaya qədər qədim müharibələrə aid xeyli yazılar, divar rəsmləri, şəkillər var. Orada təsvir olunur ki, qadınlar döyüşdə əsgərlərin qarşısına çıxıb tumanını başına çəkərək analıq orqanını göstərirlər və bütün əsgərlər qorxudan üzlərini çevirib geri qayıdırlar. Bu hərəkət o qədər tabu və eyni zamanda təsirli bir ritual idi ki, düşməni dayandırmağa belə qadir idi. Axı insan oradan çıxıb – ağılla, məntiqlə düşünəndə anlayırsan ki, sən doqquz ay orada yaşamısan, ilk vətənin ana bətnidir, “qının” oradır. İndi nə olub ki, qınından çıxıb qınını bəyənmirsən?

Eləcə də döşlə bağlı yazmağı tabu hesab edirlər. Niyə? Axı ilk qidanı oradan almısan, oradan süd içmisən. O zaman niyə döş ayıb və ya qadağa edilmiş mövzu sayılmalıdır? Folklorumuzda ana südünə and içmək ən müqəddəs andlardan sayılıb. “Kitabi-Dədə Qorqud” dastanında and yeri kimi, eləcə də müalicə vasitəsi kimi ana südünün adı çəkilir. Amma indi hanı o münasibət? Zaman-zaman bütün bunlar şeytaniləşdirilib. Mən bilirəm ki, danışdıqlarım və yazdıqlarım bəzən oxucunun filtrindən keçməyə bilər, onu diksindirə və ya qıcıqlandıra bilər. Amma başqa necə deyim? Sarsıtmadan dəyişiklik olmaz ki… Qoy, oxucu bir az silkələnsin.

Özünüsenzura məsələsində tam rahatam. Bilirəm ki, oxucunun komfort zonasına toxunuram və bəzən belə də olmalıdır. Çünki komfort zonasından çıxmaq insan üçün ən çətin şeylərdəndir. Beyin “tanış olan yaxşıdır” deyə, yeni fikrə müqavimət göstərir. Amma əgər zaman-zaman o zonadan çıxmağa cəhd göstərməsəydik, indi ya mağarada, ya da ağacdan asılı yaşayardıq… İnkişaf yalnız dəyişməyə inanmaqla mümkündür. Dəyişikliyə inandığımız üçün bu gün buradayıq – daha gözəl şeylərə doğru irəliləyirik.



Artıq 14 ildir Almaniyada yaşayırsınız. Orada yaşamaq sizə hansı yeni baxışları qazandırdı?

– Almaniyaya gələndən sonra elə bil akvariumdan okeana düşdüm. Mənim üçün Almaniya nəhəng ədəbiyyat və kitab aləmi, intellektual məkan olub. İllərlə səhərdən axşamadək kitabların içində yaşamışam. Buna görə Almaniyaya çox minnətdaram. Azərbaycanda əldə edə bilmədiyim, nadir və çox bahalı kitabları orada asanlıqla tapa bilirəm. Məsələn, tək bircə “keber” sözünün mənşəyini araşdırmaq üçün qədim yəhudi mətnlərində tibb terminlərindən bəhs edən 800 səhifəlik bir kitabı çox yüksək qiymətə almışdım. Bu kitabda “keber” sözünün qədim ivrit dilində həm “ana bətni”, həm də “qəbir” demək olduğu göstərilir. Bu fakt mənə çox lazım idi.

Qədim insan üçün həyatla ölüm arasında kəskin fərq yox idi. Ölmək – qəbirə getmək, yenidən doğulmaq üçün ana bətninə qayıtmaq kimi qəbul olunurdu. Sonralar qəbirin küp şəklində düşünülməsi də bununla bağlıdır. İlk qəbir formaları dairəvi olub, ölülər fetus formasında basdırılırmış. Hətta neandertallar da öz ölülərini “yenidən doğulmaq üçün” bu şəkildə dəfn ediblər. Ona görə “torpaqdan gəlib torpağa getmək” ifadəsini indi də eşitmək olar. “Keber” sözünün etimonu isə qədim türkcədəki “kəb” sözüdür. Türk dillərində də ölmək və doğulmaqla bağlı sözlərdə “kəb” iştirak edir, məsələn, ölməyə bəzən “gəbərmək” deyirik, türkmənlər isə doğmağa və artıb çoxalmağa “köpəlmək” deyirlər. Türkiyə türkcəsində isə hamilə sözü üçün “gəbə” sözündən istifadə edirlər. Bu “kəb” dünyanın ən arxaik, ulu sözlərindən biridir.

Alman paleolinqvisti Riçard Fester hesab edir ki, insanın paleolit dövrlərdə səsləndirdiyi altı arxetip söz indi bir çox dillərdə mövcuddur. Bu arxetip sözlər odla və qadınla bağlı idi. O altı ulu sözün dördü məhz qadınla əlaqəlidir. Maraqlısı odur ki, həmin sözlərin əksəriyyəti bizim dilimizdə də işlənir. Onlardan biri də məncə “keber”i yaradan “kəb” sözüdür. Bu söz kökündən dilimizdə saysız-hesabsız söz yaranıb: küb, göbək, gəbə (hamilə mənasında), köpmək, goplamaq (şişirtmək), qab, qabar, qapı, qobu, qübbə, gümbəz – hamısının kökü “kəb” sözünə dayanır və mənası “şişkinlik, doluluq, qabarma” deməkdir – yəni, ana bətni ilə əlaqələlidir. Nümunələr o qədər çoxdur ki! Əgər bu etimondan törəyən sözləri Azərbaycan dilindən çıxarsaq, demək olar ki, dilimiz dəhşət yoxsullaşar. Və bu, yalnız Azərbaycan dilinə aid deyil, dünyanın bir çox dillərində eyni məntiq müşahidə olunur. Yəni, o qədər sözlər var ki, kökü qadına, doğuma gedib çıxır.

Qadının doğumla bağlı orqanlarının hamısı qədimdə müqəddəs sayılıb. Məsələn, “qapı” sözü də “kəb”dən törəyib və qadınlıq orqanı ilə eyni simvolik mənşəyə malikdir. Türk alaçıqlarında və qədim dəyələrdə qapı aşağıdan qoyulurdu, insan evə daxil olarkən başını aşağı əyirdi – bu, evə və qadın enerjisinə hörmət əlaməti idi. Çünki “ev-öy-ög” - ana kimi düşünülürdü. Bax, qadına bu qədər dərin ehtiram göstərilirdi. Təbii ki, təkcə dişi enerji ilə dünya mövcud ola bilməz. O zaman dünya təkqanadlı bir quş kimi olardı. Amma bu günkü söhbətimiz qadının inkarı fonunda belə alındığına görə bu nümunələri çəkirəm. Mən sadəcə onu demək istəyirəm ki, qadın enerjisi qədimdən bəri dünyanın əsas təməl qatıdır.



Bəs “azadlıq”, xüsusən də feministlərin səsləndirdiyi “qadın azadlığı” anlayışı sizin üçün nə ifadə edir?

– Azadlıq mövzusu da mənim sevdiyim mövzulardandır. Qədim Şumer dilində azadlığa “amagi” deyilirdi. Bu söz hərfi mənada “anaya, ana bətninə geri dönüş” mənasını verir. Qədim türkcədə isə azadlığa “enegü” deyilib. Bu çox maraqlı faktdır: azadlıq – başlanğıca, ana bətninə qayıtmaq deməkdir. Yenidən doğulmuş kimi, yüksüz, yüngül. Farslardan aldığımız “azad” sözünə vaxtilə öz dilimizdə “boş” demişik. Mənim üçün azadlıq – buraxmaq və boşalmaq deməkdir. Azadlıq – əl-ayağını qandal kimi buxovlayıb səni hərəkət eləməyə qoymayan qorxulardan, nəsildən gələn neqativ epigenetik mirasdan, travmalardan, ailənin, cəmiyyətin sənə biçdiyi “rollar”dan özünü boşaltmaqdır. Mənə görə, azadlıq cinsiyyətsiz bir məfhumdur. Qadın nədən azad olmalıdırsa, kişi də ondan azad olmalıdır. Azadlıq – daxili yüklərdən, qorxulardan, stereotiplərdən qurtuluşdur.

Bu qurtuluşu necə əldə etmək olar?

– Biz bunun yollarını bacımla birlikdə qurduğumuz “İnanna Center”də öyrədəcəyik. Bu, mənəvi inkişaf və ruhi azadlıq mərkəzidir. Qlobal layihədir, Almaniyaya qayıdandan sonra onu beynəlxalq miqyasda da yaymaq niyyətindəyik. Virtual platforma olacaq, laməkandır. Burada daxili azadlığa və mənəvi qurtuluşa aparan ezoterik, fəlsəfi, mifoloji bilikləri – şamanizm, Tibet təlimləri, qədim Asiya və Türk mədəniyyətləri və müasir psixologiyanı, psixosomatikanı – bir çələng kimi birləşdirəcəyik.

Bunu “mənəvi şəfalanma mərkəzi” adlandırmaq olarmı?

– Bəli, tam olaraq elədir. “İnanna Center” həm mənəvi şəfalanma, həm də özünü tanıma mərkəzi olacaq. Orada insan öz özü ilə tanış olacaq.



Özünüzün dediyiniz mənada azad olduğunuzu düşünürsünüzmü?

– Bu, çox dərin məsələdir. Mən “tam azadam” deməzdim. Sadəcə, o yoldayam. Bildiyim odur ki, azadlıq özü ilə döyüş yox, özü ilə barışmaqdır, özünü sevməkdir. Mən bunu öz təcrübəmdə görmüşəm. İnsan sevgi, minnətdarlıq, mərhəmətlə təmizlənir və sağalır. Hər şeyi – insanı, təbiətin hər parçasını, zamanın hər anını sevərək azad olmaq olar. Hara getsən, hara qaçsan da, sonda sevgiyə və qadına dönürsən.

Meditasiya ilə məşğul olursunuzmu?

– Bəli, mütəmadi olaraq. Mənim üçün meditasiya həm də şəfalanmaqdır. Müasir insan daim ya keçmişdə, ya da gələcəkdə – qorxularının və qayğılarının arasındadır. Amma həyat yalnız “indi”də baş verir. Meditasiya səni “an”a gətirir. Bu gün zamanın psixoloji olaraq qısalmasından danışılır. Yəni, müasir insanın sutkası artıq 24 yox, 14-15 saata qədər azalıb. Heç kimin hövsələsi qalmayıb uzun mətn oxusun, vaxt aparan nəyəsə tamaşa eləsin. Hamı sosial şəbəkələrdə qısa kontentlərə baxıb keçir. Bu da zamanın qısalığı təsəvvürü ilə bağlıdır. Müasir insan zamandan qorxur, indiki anda yaşamaqdan çəkinir. Qorxu ilə qayğının arasında sıxıldığına görə andan qaçır. Meditasiya insanı özünü müşahidə etməyə, öz dərinliklərinə yönəlməyə, özüylə qalmağa dəvət edir.

Amma özüylə baş-başa qalmağı bacarmaq da asan iş deyil...

– Elədir, amma özünü yavaş-yavaş buna alışdırdıqca, öhdəsindən gəlmək olur.



Özünüzü daha çox necə adlandırarsınız: filosof, yazıçı, tədqiqatçı, yoxsa şaman?

– Özümü heç bir rola salmaq istəmirəm. Mənə görə, insanlar başqalarına və özlərinə üç cür baxırlar: ya kimisə özlərindən yuxarıda görüb alçalırlar, ya kimisə özlərindən aşağıda görüb üstünlük hiss edirlər, ya da hamıya paralel baxırlar. Mən paralel baxmağa çalışıram. Son illərdə narsizmdən çox yazıram. Narsizmin açıq və gizli formalarından başqa daha az tanınan formaları da var: serebral və spritual narsizm. Serebral narsistlər bir neçə kitab oxuyub başqalarına yuxarıdan baxır. Spiritual narsistlər isə mənəvi yolla üstünlük kompleksi yaşayırlar – “mən daha arınmışam” düşüncəsi ilə. Əgər kimsə kimdənsə üstün olduğunu düşünürsə, o, artıq dini termiologiya ilə desək, şeytan obrazına girib. Çünki şeytan da özünü Adəmdən üstün saydı. Hər kəsi özümün bir parçası kimi görürməyə çalışıram. Həyatda nə ilə qarşılaşıramsa, bilirəm ki, o, mənim içimdəki bir tərəfin görüntüsüdür. Kimsə mənə “psixoloji şapalaq” vurursa, düşünürəm ki, deməli, mən özümü elə vəziyyətə gətirmişəm ki, o bunu edə bilib. O halda məsafə saxlamalı, öz sərhədlərimi müəyyən etməliyəm.

Çox bilgi də ağır yükdür, bəzən “daşımaq” çətin olmur?

– Doğru deyirsiniz, bəzən bilik ağır yük olur. Bəzən deyirlər ki, çox oxuyanların, çox araşdıranların daha tez-tez depressiyaya düşməsi müşahidə olunur. Amma bilik də bıçaq kimidir – qatilin əlində silahdır, cərrahın əlində isə sağaldıcı vasitə. Biliklə necə davranmağımız əsasdır. Etiraf edim ki, əvvəllər bilik məni incidirdi. Yazılarımda aqressiya hiss olunurdu. Amma zamanla çalışdım ki, bunu aradan qaldırım. Əgər indi danışığımda hələ də bir qədər sərt ton qalırsa, deməli, hələ gedəcək yolum var, öyrənməliyəm.



Ruhi dincliyə çatmısınız?

– Özümü inanılmaz dərəcədə xoşbəxt hiss edirəm. Bəlkə də, tam hüzur tapmamışam, amma hüzura gedən yolu tapmışam. Şərt deyil ki, insan hər dəqiqə xoşbəxt olsun. Əsas odur ki, xoşbəxtliyin yolunu biləsən. Hər şey səndə başlayır və səndə də bitir…

Sonda nə demək istərdiniz?

– Sevgiylə qalın...

Fotolar: Orxan Həsəni

# 314 dəfə oxunub

Oxşar xəbərlər

Rövşən Abdullaoğlunun İstanbulda imza günü  olacaq

Rövşən Abdullaoğlunun İstanbulda imza günü olacaq

11:00 13 noyabr 2025
Macərapərəst yazıçı "Dəfinələr adası"nı  əvvəlcə necə adlandırmaq istəyirdi?

Macərapərəst yazıçı "Dəfinələr adası"nı əvvəlcə necə adlandırmaq istəyirdi?

10:15 13 noyabr 2025
Məşhur caz portalı “Baku Jazz Festival-2025”dən  yazdı

Məşhur caz portalı “Baku Jazz Festival-2025”dən yazdı

10:11 13 noyabr 2025
Ötən günə gün çatarmı... - Günün mahnısı

Ötən günə gün çatarmı... - Günün mahnısı

09:50 13 noyabr 2025
Məşhur rəssamın tabloları rekord məbləğə satıldı

Məşhur rəssamın tabloları rekord məbləğə satıldı

09:40 13 noyabr 2025
Tanınmış türkiyəli müğənni  vəfat etdi

Tanınmış türkiyəli müğənni vəfat etdi

09:30 13 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər