Macərapərəst yazıçı "Dəfinələr adası"nı əvvəlcə necə adlandırmaq istəyirdi?

Macərapərəst yazıçı "Dəfinələr adası"nı  əvvəlcə necə adlandırmaq istəyirdi?
13 noyabr 2025
# 10:15

13 noyabr tanınmış şotland yazıçı Robert Lüis Stivensonun doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyatı və yaradıcılığı haqqında diqqətçəkən faktları təqdim edir.

Xəyal gücü, macəra sevgisi və azad ruhu ilə ədəbiyyat tarixində iz qoyan şotland yazıçısı Robert Lüis Stivenson 1850-ci il noyabrın 13-də Edinburqda dünyaya gəlib.

Uşaqlıqdan zəif səhhətinə baxmayaraq, Stivensonun xəstə yatağında keçirdiyi günlər onun təxəyyülünü gücləndirib, gələcəkdə “Dəfinələr adası” kimi dünya ədəbiyyatının klassikasına çevriləcək əsərlərin əsasını qoyub.

Gənclik illərində ailəsinin dini inanclarına və cəmiyyətin sərt qaydalarına qarşı çıxan Stivenson bohem həyat tərzini seçdi. O, universitetdə hüquq təhsili alsa da, mühəndis atası kimi peşəkar sahədə deyil, qələmində öz yolunu tapdı.

Yazıçının Avropadakı səyahətləri, xüsusilə Fransada keçirdiyi illər onun ilk əsərlərinə ilham verdi. “Bir daxili gəzinti” və “Bir eşşəklə səyahət” kimi kitablarında səyahət ruhu və azadlıq hissi ön plana çıxırdı.

Stevensonun həyatı yalnız ədəbi axtarışlarla deyil, həm də böyük bir eşqlə yadda qaldı.

Fransada tanış olduğu amerikalı Fanni Osborn ilə olan münasibəti həm çətin, həm də ilhamverici idi. Sağlamlığını itirməsinə baxmayaraq, Stivenson sevgi və yazıdan güc alaraq yaşadı.

Onların 1880-ci ildəki evliliyi yazıçının həyatında yeni bir mərhələ açdı – o, artıq yalnız səyahətçi və romantik deyil, eyni zamanda dünya ədəbiyyatına “Doktor Cekil və cənab Hayd" kimi dərin psixoloji əsərlər bəxş edən yetkin bir yazıçı idi.

Toydan sonra cütlük Nyu-Yorka, oradan da Liverpula köçdü. Robert xoşbəxt idi. Bu dövrdə onun ən məşhur əsərinin yaranması istiqamətində ilk addımlar atıldı.

Maraqlıdır ki, “Dəfinələr adası” romanını əvvəlcə “Gəmi aşpazı” adlandırmaq istəyirdi. Süjetin bəzi hissələrini atası təklif etmişdi – məsələn, qəhrəmanın gizləndiyi “alma çəlləyi” və Billi Bonsun sandığı fikirləri ona məxsus idi.

1883-cü ildə nəşr olunan “Xəzinə adası” Stivensonu bir anda məşhurlaşdırdı.

Stivenson son illərində sağlamlığı naminə Sakit okeandakı Samoada məskunlaşdı. Yerli xalq onu “Tuzitala” – “nağılçı” adlandırırdı.

1894-cü ilin dekabrında, cəmi 44 yaşında insultdan dünyasını dəyişdi. Samoalılar onu sevdikləri yazıçı kimi Britaniya bayrağına büküb, Vea dağı zirvəsində torpağa tapşırdılar.

Robert Lüis Stivensonun həyatı xəstəliklərlə dolu olsa da, o, insan ruhunun azadlığını və macəra eşqini öz əsərlərində ölümsüzləşdirdi.

“Dəfinələr adası”, “Doktor Cekil və cənab Hayd” kimi əsərlər bu gün də oxucuları xəyalın gücünə inandırır.

“Dəfinələr adası”nın qəhrəmanları kimi, Stivenson özü də həyatını macəra dolu bir səyahətə çevirmişdi və bu səyahət hələ də oxucuların qəlbində davam edir.

# 129 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər