"Dövlət pul ayırmasa, siz çəkənlərə baxarıq" - Kinoçəkənlərimiz niyə təlaşlanıb?

"Dövlət pul ayırmasa, siz çəkənlərə baxarıq" - Kinoçəkənlərimiz niyə təlaşlanıb?
12 noyabr 2025
# 15:24

Kulis.az Rəna Nevzatın "İmkan, yoxsa pul" yazısını təqdim edir.

Bu gün Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib:

Gələn il bizim kinomuza vəsait ayrılmayıb, bunun səbəblərini bilmirəm. Bunun səbəblərini yəqin ki, Maliyyə və Mədəniyyət nazirliklərinin nümayəndələri bizə izah edər. Kinoya heç bir vəsait ayrılmaması təhlükə yaradır. Kino sahəsinə vəsait ayrılmasa, bu sahədə mütəxəssislər iş yerlərini tərk edəcəklər, gələcəkdə də kinomuz inkişaf edə bilməyəcək”.

Millət vəkilinin bu sözləri məni xeyli düşündürdü. Məsələni hər tərəfli analiz edəndən sonra bu sual təbii formada üzə çıxdı: Bəlkə, kinoya vəsait ayrılmamalıdır?

Ümumiyyətlə, dövlət üçün kino heç vaxt prioritet olmayıb. Dövlətin işi film çəkmək yox, məktəb tikmək, xəstəxana açmaq, yollar salmaqdır. Bunu romantik yox, realist baxımdan deyirəm.

Bircə film üçün yarım milyon, bir milyon manat xərclənir. Bu pula neçə kənd məktəbi düzəltmək, neçə uşaq evinə istilik çəkmək olar!

Yəni məsələ sənətə dəyər verməməkdə deyil. Sadəcə dövlətin iqtisadi baxışında kino, məsələn, təhsil qədər prioritet sayılmır.

Yazdıqlarımı oxuyandan sonra kino adamlarının dişlərini qıcadığını hiss edirəm. Əsəbiləşməyin, dostlar! Bəlkə, elə yaxşısı budur? Əlbəttə, dövlətin pul ayırdığı sahələrdə azadlıq, nisbətən, az olur. Hər şeyi öz adı ilə çağırsaq, pul girən yerə senzura da girir.

Əgər bir film dövlətin pulu ilə çəkilirsə, o filmdə hansı sənətkar azadlığından danışa bilərik? Belə olan halda ssenarist tamaşaçıya yox, məmura işləyir.

Axı kino bazar məhsuludur! O, özünü tamaşaçı ilə, bilet satışı ilə, baxış sayı ilə sübut etməlidir. Dövlət vəsaiti ilə çəkilən filmlər bu məsuliyyətdən azaddır: baxılsa da, baxılmasa da, pul artıq xərclənib.

Buyur.

Hamımız üçün aydındır ki, bu vəziyyət sənət adamında qəribə bir tənbəllik yaradır. İdeya axtarmır, sönükləşir, auditoriya ilə əlaqə qurmaq istəmir.

Halbuki, kino sənətinin təbiəti tamaşaçı ilə birbaşa dialoqa əsaslanır. Tamaşaçı maraqlanmasa, kino ölə bilər. Bu dioloqu heç vaxt dövlət qura bilməz. Bu gün dünya kinoteatrlarını yaşadan dövlətlər yox, xüsusi platformalardır.

“Netflix”, “Amazon” kimi şirkətlər risk götürür, azbüdcəli filmlərə yatırım edir, gənc rejissorları sınayır. Beləliklə, uğur qazanırlar, çünki hesabat yox, ideya tələb edirlər.

Əgər film tutmasa, növbəti layihə daha yaxşı olmalıdır. Bu, təbii seleksiyadır.

Əslində, məsələni bir az da dəqiqləşdirsək, kinoya pul verməmək onu ölməkdən xilas edir. Bir çox böyük rejissorlar məhz az büdcə ilə böyük sənət yaradıblar.

Bizdə isə “pul çox olsa, film də yaxşı olar” düşüncəsi hökm sürür. Kökündən yalnış qənaətdir. Bədii keyfiyyət heç vaxt büdcə ilə ölçülməyib. Əksini iddia edənlərə Abbas Kiyarüstəminin, çox yox, üç filmini açıb göstərsən, nəyi nəzərdə tutduğumu başa düşəcəklər.

Əlbəttə, mən demirəm ki, dövlət kinodan əlini tamamiylə çəkməli və sənətə yatırım etməməlidir.

Dövlətin kino sahəsinə birbaşa pul ayırmaması onun tam biganə qalması demək deyil. O, sadəcə bu prosesi başqa cür tənzimləməlidir. Başqa cür necə?

Məsələn, vergi güzəştləri, kino təhsili üçün təqaüdlər, beynəlxalq festivallara logistika dəstəyi, gənc rejissorlar üçün qrantlar.

Bu mexanizmlər sənətçiyə pul yox, imkan verir. Və hər bir yaradıcı adam üçün sirr deyil ki, imkan puldan daha vacibdir.

Həm də ki, niyə özünüzə əl qatmısınız? İllər boyu dövlət kino üçün pul ayırdı, ortaya nə qoydunuz ki? Yenə gedib Sovet filmlərinə baxdıq. Bəlkə, dövlət pul ayırmasa, siz çəkənlərə baxarıq.

# 330 dəfə oxunub

Oxşar xəbərlər

"Boş yer"in  təqdimatı keçirildi

"Boş yer"in təqdimatı keçirildi

16:15 11 noyabr 2025
"Albalı dadı" filminin baş rol ifaçısı vəfat etdi

"Albalı dadı" filminin baş rol ifaçısı vəfat etdi

13:48 11 noyabr 2025
Kino Agentliyi müsabiqənin  qaliblərini açıqlayıb

Kino Agentliyi müsabiqənin qaliblərini açıqlayıb

10:07 10 noyabr 2025
Kino Agentliyi şikayətlərə gizli baxıb... - Məşhur rejissordan etiraz

Kino Agentliyi şikayətlərə gizli baxıb... - Məşhur rejissordan etiraz

12:55 4 noyabr 2025
“Mənim evim”  beynəlxalq təlim proqramında

“Mənim evim” beynəlxalq təlim proqramında

17:26 3 noyabr 2025
Heç vaxt yağış yağmayan, azadlığın günah olduğu şəhər

Heç vaxt yağış yağmayan, azadlığın günah olduğu şəhər

17:12 3 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər