Hər çinli Brus Li deyil

Hər çinli Brus Li deyil
25 may 2015
# 11:03

Uşaq vaxtı döyüş səhnələri ilə məşhur olan çin filmlərini izləyəndə elə bilirdik ki, çində hamı karate ustasıdır. Elə hey heyfsilənirdim ki, gərək məndə orda dünyaya gələrdim. Bəlkə, indi həmin filmlərdəki döyüşçülər kimi məndə bir evin damından digərinə atılar, təkbaşına on nəfərin öhdəsindən gələr, bir dəfə tullanmaqla havada beş təpik atıb sonra yerə düşərdim.

Hələ bu bir yana, hind filmlərindəki rəqslər, mahnılar ağlımızı başımızdan alırdı. Hind filmlərində biri peşman olurdu küçəyə çıxıb rəqs eləməyinə, o dəqiqə hardansa dəstə-dəstə qızlar oğlanlar gəlib buna qoşulurdu. Hələ öz vəzifəsini həyata keçirən yol polisinin, aşpazın, bənnanın, şirin pambıq satanın gəlib qoşulmaqlarını demirəm. Birlikdə başlayırlar rəqs eləyib oxumağa. Özü də hamısı professional və sinxron. "Əşşi oynamaq bu hindistanlıların qanındadı da" kimi fikirləri eşidə-eşidə, bu tip illüziyalarla yavaş-yavaş böyüdük və bunların heç də belə olmadığını anladıq. Küçələrdə bir dənəsi “Bes.s..s.. manat” deyən çinliləri, nəinki rəqs edib oxumağı, hətta ritmin nə olduğunu belə bilməyən indusları görəndə heç də bütün çinlilərin karateçi, bütün hindlilərin rəqqas olmadığını anladıq.

İndi gələk əsas məsələyə. Bu boyda giriş etməyimdə məqsəd problemin ilkin səbəblərindən birini göstərməkdir. Əfsuslar olsunki, bu təsir bir çoxlarının şüuraltında da olsa öz mövcudluğunu qoruyub saxlamaqdadır. Hələ də bütün gözü qıyıq (çəkik) olanlara kitay, yapon, bütün şarışınlara rus deyənlər var. İndi deyəcəksiz ki, "əşşi, bu da problemdi sən danışırsan? Deyir desin də...". Amma sizi inandırım ki, problemdi. Çünki hər şey yalnız bununla bitmir. Axı bu tip insanların arasında bütün kino çəkmək niyyətində olan iranlılara professional kinorejissor, xaricdən gələn hər tamaşaya möhtəşəm sənət nümunəsi deyənlər var. Azərbaycan kinosunu Hollivud, İran, türk filmləri ilə müqayisə edən, o səviyyədə filmlərin çəkilməməsindən gileylənənlər, rus, gürcü teatr məktəblərinin nəhəngliyindən danışanlar, Azərbaycan teatrının bərbad vəziyyətdə olduğunu deyənlər, üzümü sizə tutub deyirəm. Belə lap əcəb eləyirsiz. Mən də sizinlə bəzi məqamlarda razıyam. Sizin dediklərinizdə həqiqət var, amma heç də hamısı sizin düşündüyünüz kimi deyil. Heç də onların (yəni xaricidən gələn qonaqların) hamısı bizdə hamıya dərs verəcək dərəcədə yüksəklikdə deyillər. Hansısa xarici ölkədə rejissor yanında yalnız rejissor köməkçisi vəzifəsində çalışmış birini burada dağın başına qaldırmaq, xarici teatrda olduğuna görə Brextin, Qrotovskinin, Stanislavskinin, Piter Brukun timsalı kimi baxmaq lazım deyil.

Adətən deyirlər ki, heç kim öz ayranına turş deməz. Biz isə deyirik. Nəinki ayranımıza, hətta bəzən şirin çayımıza da turş deməkdən çəkinmirik. Başqasının sirkəsi isə bizim üçün bal dadı verir. "Bravo" deyərək boğazımız partlayana qədər çığırır, əllərimiz yanana qədər əl çalırıq. Heç kim də çönüb "axı bu nə idi" demir. Ya da deyə bilmir. Bununsa bir çox səbəbi var.

Müxtəlif filmlərdə Madhuri Dişit, Mithun Çakraborti, Şahrud Xan kimi aktyorların rəqsləri, Brus Li, İp Man, Matsutake Oyamanın əlbəyaxa döyüş səhnələri, Abbas Kiarostami, Məcid Məcidi, Daryuş Mehrcui kimi kino rejissorları, heç çox da uzağa getmədən, həmvətənimiz olan Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Xan Şuşinski, Seyid Şuşinski kimi mahir xanəndələr, Aşıq Ələsgər, Əliağa Vahid kimi söz ustaları bizdə yanlış fikir yaratmamalıdırlar. Bütün bunlar heç de o demek deyil ki, bu insanların həmyerliləri də həmin istedada malikdirlər. Ona görə də Rezo Qabriadzenin "Stalinqrad" tamaşasından sonra düşünmək lazım deyil ki, bütün gürcü tamaşaları bu səviyyədədir və yaxud türk qardaşlarımızın çəkdiyi çox professional, Kann festivalında nümayiş olunmuş reklamlarından sonra aldanmaq lazım deyil ki, Türkiyədəki bütün reklam agentlikləri bu professionallıqda iş görmək iqtidarındadırlar.

Heç kimi başqalarının gördüyü işə görə nə dağın başına qaldırmaq, nə də bataqlığa yuvarlamaq lazımdır.

# 1256 dəfə oxunub

Müəllifin son yazıları

# # #