Müəllif hekayədə niyə ağlaşma qurub? - Müzakirə

Müəllif hekayədə niyə ağlaşma qurub? - Müzakirə
15 iyul 2026
# 15:19

Kulis.az Sərvanə Dağtumasın "Ədibin evi" müsabiqəsində birinci yerə layiq görülmüş "Körpənin intiharı" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Samirə Əşrəf:

"Ən pis mətni belə sərt tənqid etməyi sevmirəm. Xüsusilə də müəllif yeni yazmağa başlayırsa, onun qol-qanadını qırmaq, həvəsdən salmaq düzgün deyil. Amma elə mətnlər də var ki, onlara münasibət bildirmək sırf vicdan məsələsidir.

Səhv etmirəmsə, Sərvanə xanımın bu hekayəsi onun ilk qələm təcrübələrindəndir və "Ədibin evi" müsabiqədə birinci yer qazanıb. Bu məsələyə bir qədər sonra toxunacağam. Amma hekayə haqqında əvvəlcə onu deyim ki, bizim kimi mental adət-ənənələri olan cəmiyyətlərdə qadın hisslərini cəsarətlə göstərmək müəyyən mənada müəllif üçün üstünlük hesab olunur, bunu başa düşürəm. Lakin nəzərə almaq lazımdır ki, artıq bu mərhələlər keçilib.

Sərvanə xanımın yazdığı "Körpənin intiharı" hekayəsində bir qadının öz uşağını tələf etdirməsindən bəhs olunur. Bu mövzuda çoxsaylı mətnlər yazılıb. Prosesin özündən daha çox qadınların hisslərini qapalı şəkildə, oxucuya hər şeyi çılpaqlığı ilə təqdim etmədən, ona düşünmək üçün yer saxlayan güclü mətnlər də olub, zəifləri də. Bu mənada, mən xanımın hekayəsində xüsusi bir yenilik görmədim. Yəni sıradan, adi mətndir. Ədəbiyyata çevrilə biləcək hisslər çox sadə formada işlənib. Müəllif sadəcə hadisəni bir qədər bədiiləşdirməyə çalışıb, o da uğurlu alınmayıb.

Xüsusilə də oradakı üç nöqtələrin bolluğu, cümlələrarası məsafələr, dialoqların qəribə işlənmə forması heç xoşuma gəlmədi; bir sözlə, pinti mətn idi. Hisslər çox açıq-aşkar, hətta bir qədər bayağı formada verilmişdi.

Bu hekayənin müsabiqədə birinci yerə layiq görülməsi isə artıq tamamilə başqa bir mövzudur. Bu haqda bircə məqamı qeyd edəcəm. Həmkarım Sara İbrahimlə söhbət edərkən bu hekayədən söz düşdü və o, çox gözəl bir fikir səsləndirdi: belə bir hekayəyə birinci yer verib hekayəni üzə çıxarmaq əvəzinə ört-basdır edib gizlətməliydilər. Çox dəqiq fikirdir".

Azad Yaşar:

"Qalib mətndəki səhvlər hekayənin adından başlayır: doğulacaq insan övladı mayalanmadan sonrakı 8-ci həftənin sonuna qədər “embrion” (rüşeym), 9-cu həftədən etibarən isə “döl” adlanır. Yəni addakı “körpə”yə qədər yeni doğulan insan hələ bir də “çağa” mərhələsindən keçməyə məcburdur.

Həm də yanlışlıqla “körpə” adlanan döl “intihar”a cəhd eləyə bilməz, yəni istəyərək öz canına qıymaz. Yaşamasını, dünyaya gəlişini istəməyənlər onun canına, varlığına qıyarlar, beləcə, cinayət işləyər, qatilə çevrilərlər.

Mövzu son dərəcə aktualdır, abortu seçən qadının niyə məhz bu yolu seçdiyi mətnin sonuna qədər (nədənsə!) açılmır. Bunun səbəbi onu hamilə qoyub, aradan çıxan əri, sevgilisi, yaxın qohumu, aşnası, müdiri, ya başqa kim imiş görəsən? Bəlkə, səbəbkar cəmiyyətdəki sosial sıxıntılar, dolanışığın çətinliyi, gənclər arasında işsizlik və evsizlik ucbatından demoqrafik böhranın yaşanmasıdır? Müstəqil ölkədə uşaq qida və geyimlərinin, pamperslərinin bahalığı bir çox işbazların bu yolla oliqarxlaşmasına münbit şərait yaradırsa, onda bu fonda uşaqların arzuolunmazlığı da demoqrafik problemin sırf gizli, üstüörtülü cəhəti sayılmalıdır. Ola bilsin, məhz bu səbəbdən uşaq elə hekayə qəhrəmanı üçün də çəkilməz bir “yük” imiş.

Müəllif personajın sırf qadınlıq hisslərini dönə-dönə təsvir etməkdənsə, bir neçə abzasda yuxarıdakı məqamlara işıq tutsaydı, bəlkə, hekayə daha təsirli alınardı. Yəni problem qoyulub, amma təsvirlər səbəb-nəticə prinsipiylə heç cür bir-birinə bağlanmayıb. Sanki qadın bakirə Məryəm ana misalı hamilə qalıb və bu səbəbdən də hər şeyə görə özünü suçlayır.

Qəribəsi odur ki, həkim sepsis qorxusu və dölün inkişafdan qalması ilə bağlı diaqnozları səsləndirəndən sonra analığı reallaşmayan bu pasiyent dölün güclü iradə və hətta məntiq (!) ortaya qoyaraq, canına qıymasına nə cürsə haqq qazandırır...

İstənilən mətn – ilk növbədə dil hadisəsidir. Ona görə də əvvəlcə gəlin, hekayədəki uğurlu fikirlərə nəzər salaq:

"İnsanların yaddaşı olduğu kimi məkanların da yaddaşı var. Məkanlarda da neçə xatirələr dəfn olunub".

"Cavabların tükənib, yoxsa sualların? Bəlkə də, sualların. Bəlkə də, bətnimdə atdığın hər təpiyin özü elə bir sual idi".

"Bətnim qəfəsə bənzəyir, daşıdığım yük – sən isə öz qəfəsində bülbül kimi qan qusmağa hazırsan".

"Bətnimdə özünə məskən salan, zəli kimi yapışıb qalan yükdən – səndən qurtulmaq üçün hələ babat pul da alacaqlar məndən. Yaşatmaq üçün də pul alırlar, öldürmək üçün də…"

Mətndə xeyli dil qüsuru var.

İlk növbədə onu deyim ki, müəllifin defislə heç arası yoxdur. O, “da, də” bağlayıcılarından sonra vergül qoymağa ərinir, 3 nöqtə əvəzinə 2 nöqtəyə (!) üstünlük verir ki, bu da psixolojiliyə iddialı mətnin oxunuşunu gözgörəsi çətinləşdirir.

Örnəklərə baxaq:

“Qadınların baldırlarından aşağı axan qan ayaqqablarının içinə dolur, gördüyüm mənzərə mənə gölməçəni xatırladırdı”. Ayaqqabıların içinə qanın dolması heç bir halda gölməçə (!) mənzərəsini xatırlada bilməz.

“Eşitdiyim hər ah-nalə səsi…”. “Səs” sözünə gərək yoxdur, ah-nalə zatən səs dalğalarından ibarətdir.

“…nalələri ərşi-fələyə qalxmışdı”. Burada, məncə, “dirənmişdi”, Füzulisayağı “bülənd olmuşdu” feili daha çox yerinə düşərdi.

“Qapının qulpu”. Qapının dəstəyi, tutacağı olur.

“Qətliam masası” da bir az yersiz ifadədir, çünki qətliam adətən kütləvi qətli, yaxud genosidi bildirir.

“Mənə elə gəlirdi ki, divarların da ürəyi bulanır, ancaq cəhd etsə də qusa bilməyəcəkdi”. “Divarlar” sözü cəm haldadırsa, ona aid “etsə” və “bilməyəcəkdi” feilləri də cəm halı bildirməliydi.

“Uşaq inkişafdan geri qalıb”. Buradakı “geri” sözü artıqdır.

“Mənim də bətnim mənimlə hesablaşmaq istəyəcək”. Yeknəsəqlik yaranmasın deyə, başdakı “mənim də” ixtisara salınmalıydı.

“…neçənci dəqiqəmdir ki, gözləyirəm”. Feilin şəxs sonluğu nəzərə alınaraq: ”…neçə dəqiqədir gözləyirəm” yazılmalıydı.

“bıçağı ilə”. Mətndə cərrah bıçağı nəzərdə tutulur deyə, “neştər” və ya “skalpel” kimi tibbi terminlər işlənə bilərdi.

“tozsoranın soyuq qulağı”. Bu yerdə abort və ya mikroabort zamanı rüşeymin, yaxud dölün qalıqlarını bətndən sovurub-təmizləmək üçün işlənən cihaz nəzərdə tutulsa da, təsvirdə anlaşmazlıq yaranır. Əgər oxucu ilə tibbi bilgilər paylaşılırsa, onu çaşqın vəziyyətə salmaq da yaramaz axı.

“vicdanımı abort etməyə gəlmişdim”. Abort əməliyyatını pasiyent gerçəkləşdirmir axı, ginekoloq-həkim həyata keçirir. Pasiyent isə klinikaya gəlib, abort etdirir, yəni el dilində desək, “uşaq saldırır / aldırır”.

“ilk gülüşlərini sevinclə eşidən olmayacaq”. Olmalıydı: “ilk gülüşlərini eşidib, sevinən olmayacaq / tapılmayacaq”.

“Ruhum xəyalımla gerçəyimin arasında dolaşırdı”. Birinci şəxsin təkinə aid üç sözü ard-arda işlətmək nəyə lazım idi görəsən?! “Ruhum xəyalla gerçəklik arasında dolaşırdı” demək olmazdımı?!

“Morta kimi”. Morta – Qədim Roma mifologiyasında ölüm tanrıçasıdır. Kütləvi, hətta zəki oxucuya bu xüsusi ad çox da tanış deyilsə, ən azından Tanatos işlənə bilərdi.

Mətndə çağdaş türk dilindən gəlmə ifadələrə də rast gəldim:

“Yüklü olduğumu biləndə”. Dilimizdə bu mənada “hamilə, boylu” sözləri işlənir, hərçənd “yüklü” də saf türk sözüdür, yetərincə rahat anlaşılır.

“boğazıma yapışacaqsan”. Bizdə “boğazımdan” (yaxamdan) deyilir və yazılır…

Xanım müəllifə qazandığı bu ilk mükafata görə arxayınlaşmamağı məsləhət görür, öz yazı üslubu üzərində daim işləmək hesabına gələcək yaradıcılıq uğurları diləyirəm".

Sara İbrahimin yeni kitabı çap olundu

Sara İbrahim:

"Sərvanə Dağtumas imzasını ilk dəfə görürəm, bu müəllif haqda hekayəsini oxuyana qədər heç bir məlumatım olmayıb. Haqqında bir az araşdırma apardım, Feysbuk profilində özünü ədəbiyyatşünas kimi təqdim edib. Bu xanım ədəbiyyat sahəsində mütəxəssisdir, yazıçıların əsərlərini araşdırıb təhlil edir, qiymətləndirir.

2019-cu ildə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş esse müsabiqəsinin qalibi olub. Sərvanə xanım yaxşı ədəbiyyatşünas, tənqidçi, esseist ola bilər, buna şübhəm yoxdur. Yazdığı çoxsaylı məqalələr bunu sübut edir. Lakin Sərvanə Dağtumasın yaxşı hekayə yazdığını deyə bilməyəcəm.

Səhv etmirəmsə, bu, Sərvanə Dağtumasın hekayə janrında ilk qələm təcrübəsidir, çünki axtarış verdikdə onun hansısa hekayəsi qarşıma çıxmadı. İlk dəfə hekayə yazıb və 211 iştirakçı arasından qalib seçilib. Bu, hər kəsə nəsib olmayan uğurdur. Amma görək onun hekayəsi də uğurlu alınıbmı?

Müəllif çox işlənsə də, bu günümüzdə aktuallığını saxlayan mövzuya müraciət edib. Bətnindəki körpədən canını qurtarmaq istəyən, eyni zamanda vicdanı ilə üzbəüz qalan bir ananın keçirdiyi hissləri, yaşadığı acıları qələmə almaq istəyib, amma bunun öhdəsindən gəlməyib. Hekayədə “inilti”, “ah- fəryad”, “nalə” kimi sözlər gen- bol işlənsə də, bunalar yersiz sentimentallıqdan, çığır-bağırdan başqa bir şey deyil. Müəllif elə bilir ki, “Boğunuq bir nalənin tüstüsü göyə qalxdı” yazmaqla ananın çəkdiyi iztirabları oxucuya çatdıracaq. Bu hekayədə otaq susur, divarların ürəyi bulanır, sonra qusur.

Qadının bətnindəki körpəyə ünvanladığı sözlərlə müəllif oxucunun hisslərinə toxunaraq ona vicdan əzabının verdiyi iztirabları çatdırmaq istəsə də, məqsədinə nail ola bilmir, sünilik, pafos, səmimiyyətsizlik buna imkan vermir.

“Könlümdən keçdi ki, ilk və son dəfə onunla görüşüm, hesablaşım, dərdləşim, lazımdırsa, halallaşım...İlk dəfə..İlk dəfə?! Elə dedim, həəə?!”

“Dəhlizi üfunət bürümüşdü. Bu qoxu qana da bulaşmışdı”. Bu ifadə hekayədə bir neçə yerdə işlənib. Qoxu qana necə bulaşa bilər?

“üfunət” sözü, əslində, ağır qoxunu ifadə edir. Əgər qan qoxusunu xüsusi diqqətə çatdırmaq istəyiriksə, onda iki cümləni birləşdirib “Dəhlizi üfunətli qan qoxusu bürümüşdü” yaza bilərik.

“Yavaşca addımlamağa başladım. Atdığım hər addım titrək idi. Mənə elə gəlirdi ki, addımlarımın arxasında boğunuq bir nalənin tüstüsü göyə qalxıb”.

“Qadınların baldırlarından aşağı axan qan ayaqqablarının içinə dolur, gördüyüm mənzərə mənə gölməçəni xatırladırdı. Baxdıqca ətim ürpəşir, ürəyim bulanırdı. Qəfil diksindim. Mən yanılmamışdım. Qan qoxusunun haradan gəldiyi məlum idi. Bəs üfunət?”

“Yenə də həmin qoxu. Qana bulaşmış üfunət. Hələ də burnuma gəlirdi. Açıq-çəhrayı rəngli divarların əhəngi yerə tökülmüşdü. Bura natəmiz görünmürdü. Bəs o qoxu nə idi belə? Burnumun ucunu göynədirdi. Deyəsən, o qoxu məndən gəlirdi. Ürəyim getdikcə daha çox bulanırdı. Bilirdim ki, gücənsəm də qusa bilməyəcəm”.

Hekayə əvvəldən sona qədər belə cümlələr üzərində qurulub. Yeni yazmağa başlayan naşı bir yeniyetmənin ilk qələm təcrübəsinə bənzəyir. Bu, Sərvanə xanımın hekayə yazmağa ilk cəhdidir və bizim ondan mükəmməl mətn ummağa haqqımız yoxdur. Bəlkə də, gələcəkdə gözəl hekayələri ilə bizi heyrətləndirə biləcək. Heç kim yazmağa başlayan kimi şedevr yaratmayıb. Bəs hekayəni qalib edən münsiflər hansı meyarları əsas götürüb? 211 hekayənin içində birinciliyə layiq başqa hekayə yox idi? Bax, bu sualların cavabı doğrudan da maraqlıdır.



Qırmızı “qnişka” - Babək Məmmədlinin yeni hekayəsi

Babək Məmmədli:

"Hekayənin mövzusu, atmosferi o qədər ağırdı ki, "bəyəndim" deməyə adamın dili də dönmür. Bəli, hekayə alınıb. Müəllif abort masasına gedən qadının sarsıntılarını, mənəvi əzabını mətnə uğurla proyeksiya edə bilib. Ancaq, yaxşı olardı ki, qadını bu "ət maşını"nın ağzına gətirən səbəbə də bir-iki cümlə ilə işarə edərdi. Bununla mühafizəkar cəmiyyətlərdə qadın probleminə diqqət çəkib hekayəni lokallıqdan xilas edə bilərdi.

Hekayənin sonundakı "o qoxu, abortun qoxusu idi" izahatı isə tamamilə yersizdir".

Gündəlik iş, eyni vərdişlər - Ehtiyaclar bizi necə dəyişdirir?

Rəvan Cavid:

"Dəhşət sıxıcı idi. İlk abzasdan sonra hekayənin necə, hansı xətlə davam edəcəyini təxmin edə bilirsən. Bir yerdən sonra isə ümumiyyətlə bütün kartlar açılır. Hekayənin adı həm demoderndi, həm də çox iddialıdır. Obrazlar dərin işlənməyib. Yəqin yoldaşımızın buna ya həvəsi, ya da istedadı yoxdu. Çünki Azərbaycan seriallarındakı kimi qalır obrazlar. Emosional manipulyasiya ilə yaxşı hekayə yazmaq olmaz.

Bununla oradakı münsifləri aldada bilərsən sadəcə. Onlar da, əslində, aldanmır. Sadəcə bu "emosiyalara" qiymət vermək məcburiyyətindədirlər. Bu qədər.

Orxan Həsəni: "Azərbaycan ədəbiyyatı AYB-nin əsirliyindədir" - Müsahibə

Orxan Həsəni:

"Hekayəni oxudum və heç nə başa düşmədim. Bilmirəm, hislərimi necə ifadə edim? Aciz qalmışam. Hekayədə niyə ağlaşma qurulub? Niyə qəm-qüssə bu qədər nümayişkəranə şəkildə gözümüzün içinə girir? Niyə müəllif oxucunu emosional istismar edir? Niyə? Niyə?".

# 157 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər