Milyonlar qazanan dahi niyə kimsəsiz qəbirdə dəfn olundu? – Rembrandt kimdir?

Milyonlar qazanan dahi niyə kimsəsiz qəbirdə dəfn olundu? – Rembrandt kimdir?
15 iyul 2026
# 11:17

Bu gün görkəmli Niderland boyakarı Rembrandtın doğum günüdür.

Kulis.az Rəna Nevzatın sənətçi haqqında materialını təqdim edir.

İncəsənət tarixinin ən böyük sirlərindən biri işıqdır. Amma bu işığı kətan üzərinə elə bir ustalıqla, elə bir mistikayla hopduran ikinci bir rəssam tapmaq çətindir. Söhbət Niderlandın qızıl dövrünün ən böyük sənətkarı, işıq və kölgənin təkbaşına hakimi Rembrandt Harmenszon van Reyndən gedir. Onun həyatı da elə tablolarındakı kimidir: parlaq işıqla başlayan, böyük zənginliklə parlayan, lakin getdikcə dərin və kədərli kölgələrə qərq olan bir ömür.

Rembrandtın avtoportreti (1669), Sİ tərəfindən yaradılıb

Rembrandtın avtoportreti

Dəyirmançının rəssam oğlu

Rembrandt 1606-cı il iyulun 15-də Leyden şəhərində, Reyin çayının sahilində yerləşən adi bir dəyirmançı ailəsində dünyaya gəlib. Ailənin doqquzuncu uşağı idi. Atası çox istəyirdi ki, oğlu nüfuzlu latın məktəbində oxusun, savadlı bir adam olsun. Amma gənc Rembrandtın gözü dərsliklərdə yox, çayda əks olunan günəş şüalarında, dəyirmanın qaranlıq künclərinə süzülən işıq zolaqlarında və insanların üz cizgilərində idi. O, Leyden Universitetinə daxil olsa da, çox keçmədən təhsilini yarımçıq qoyub rəssamlığa üz tutur. Yakov van Svanenburq və Piter Lastman kimi ustalardan dərs alan gənc rəssamın istedadı tezliklə Leydenin dar küçələrinə sığmır. Rembrandt yaxşı anlayırdı ki, böyük uğur qazanmaq və tanınmaq üçün o dövrün sənət və ticarət mərkəzi olan Amsterdama getmək lazımdır.

Amsterdam ona qucaq açır. 1630-cu illərin əvvəllərində gənc rəssam artıq şəhərin ən çox axtarılan, ən çox qazanan portret ustasına çevrilir. O, insanların təkcə bənzərliyini yox, ruhunu, hətta gizlətməyə çalışdıqları qüsurlarını belə kətana köçürə bilirdi.

Qaydaları pozan "Anatomiya dərsi"

1632-ci ildə Rembrandt "Doktor Tulpun anatomiya dərsi" adlı tarixi tablosunu işləyir. Bu, əslində, standart bir sifariş idi. O dövrdə cərrahlar gildiyası hər il belə qrup portretləri sifariş edirdi. Adətən digər rəssamlar həkimləri darıxdırıcı bir şəkildə yan-yana düzür, hamının üzünün eyni dərəcədə aydın görünməsinə çalışırdılar.

Doktor Tulpun anatomiya dərsi (1632), Sİ tərəfindən yaradılıb

"Doktor Tulpun anatomiya dərsi"

Amma Rembrandt qəlibləri sındırdı. O, tabloda əsl dram yaratdı. Tələbələrin və həkimlərin üzündəki heyrət, diqqət, hərəkət dinamikası rəsmə canlılıq qatdı. İşıq yalnız bəyaz cəsədin və doktor Tulpun hərəkətdə olan əllərinin üzərinə düşürdü. Rəssamın bu ustalıqla qurduğu işıq-kölgə oyunu ona misilsiz bir şöhrət gətirdi. O, Amsterdamın ən varlı və nüfuzlu adamlarının masasında əyləşməyə başladı.

İlham pərisi və qızıl dövr

Həyatının ən parlaq və ehtiraslı dövrü isə Saskiya van Eylenburqla tanışlıqdan sonra başlanır. Saskiya Rembrandtın həm tək sevgilisi, həm sadiq həyat yoldaşı, həm də ən böyük ilham pərisi idi.

Saskiya van Eylenburqun portreti, Sİ tərəfindən yaradılıb

"Saskiya van Eylenburqun portreti"

Varlı və zadəgan ailəsindən çıxmış bu gənc qız rəssamın həyatını büsbütün dəyişdi. Onlar 1634-cü ildə evləndilər. Rembrandt gənc arvadını o qədər sevirdi ki, onu tablolarında gah ilahə, gah şahzadə, gah da mifik qəhrəman kimi təsvir edirdi. Rəssam pulunu sağa-sola xərcləməkdən, hərraclardan qədim heykəllər, zərgərlik məmulatları, ekzotik silahlar və bahalı parçalar almaqdan çəkinmirdi. O, sevdiyi qadını bu ləl-cəvahiratla bəzəyib rəsmini çəkirdi. Amsterdamın ən bahalı və prestijli məhəlləsində nəhəng, üçmərtəbəli bir ev almışdılar.

Amma tale bu parlaq günləri onlara çox gördü. Cütlüyün dörd uşağından üçü körpə ikən vəfat etdi. Yalnız Titus adlı oğulları sağ qaldı. Saskiya isə 1642-ci ildə, cəmi 29 yaşında vərəmdən (bəzi mənbələrə görə ağır doğuş sonrası fəsadlardan) dünyasını dəyişdi. Gənc qadının ölümü Rembrandtın həyatında işığın zəifləyib, zülmətin başlaması demək idi.

Qalmaqallı "Gecə gözətçisi"

Elə Saskiyanın öldüyü il Rembrandt sənət tarixinin ən böyük və ən qalmaqallı şedevrlərindən birini – "Gecə gözətçisi"ni yaratdı.

Gecə gözətçisi (1642), Sİ tərəfindən yaradılıb

"Gecə gözətçisi"

Əslində, bu tablonun əsl adı "Kapitan Frans Bannink Kokun atıcılar bölüyünün çıxışı"dır. Amma illər keçdikcə üzərindəki lak təbəqəsi hislənib qaraldığı üçün 19-cu əsrdə hamı elə bildi ki, hadisə gecə baş verir. Bu əsər də zadəgan atıcılar gildiyasının sifarişi idi. Hər bir əsgər tabloda yer almaq üçün rəssama təxminən 100 qulden pul ödəmişdi və təbii olaraq hər kəs özünün ön planda, aydın şəkildə görünməsini tələb edirdi.

Lakin dahi rəssam kommersiya maraqlarını sənətindən üstün tutmadı. O, səfə çıxmış darıxdırıcı əsgərlər əvəzinə səs-küylü, xaotik və hərəkətli bir səhnə yaratdı. Kiminsə yalnız şlyapası görünür, kiminsə üzünə silahın kölgəsi düşür, kimisi isə ümumiyyətlə arxa planda qaranlıqda itirdi. Sifarişçilər əsəri görəndə dəhşətə gəldilər və qəzəbləndilər. Onlar pulunu verdikləri tabloda özlərini tapa bilmirdilər.

Bu böyük narazılıq Rembrandtın reputasiyasına ağır zərbə vurdu. Varlı müştərilər tədricən ondan üz çevirməyə başladılar. Rəssamın gəlirləri kəskin azaldı, lakin o, əvvəlki tək israfçılıqla yaşamağa davam edirdi. Borclar sürətlə böyüyürdü.

Çılpaq həqiqət və "Danaya"

Bütün bu maddi çətinliklərə baxmayaraq, Rembrandt daxili aləmindəki tufanları rənglərlə kətana tökməkdə davam edirdi. Rəssamın məşhur "Danaya" tablosu onun ustalığının zirvəsidir.Danaya (Ermitaj Muzeyi), Sİ tərəfindən yaradılıb

"Danaya"

Bu tablo qədim yunan mifologiyasına əsaslanır. Zevsin qızılı yağış şəklində yaxınlaşdığı Danayanın rəsmi Rembrandtın çılpaq qadın bədəninə və eşqə olan realist baxışını göstərir. O dövrün rəssamları qadın bədənini qüsursuz, ideal və mifik ölçülərdə çəkirdilər. Rembrandt isə bədəni reallığı – qarın qırışları, təbii duruşu və insaniliyi ilə təsvir etdi. İşığın qadın bədənində yaratdığı isti rəng oyunu bu əsəri sənət tarixinin ən emosional çılpaq portretinə çevirib.

Maraqlı bir detal: rəssam ilk olaraq Danayanın üzünü sevimli Saskiyasına bənzətmişdi. Lakin onun ölümündən illər sonra Rembrandt tabloya qayıtdı və qadının üz cizgilərini həyatına daxil olan yeni sevgilisi – xidmətçisi və sonrakı həyat yoldaşı Hendrickje Stoffelsə bənzətdi.

Səfalət və son şedevr

1656-cı ildə Rembrandt rəsmən müflis elan edildi. Məhkəmə icraçıları onun çox sevdiyi nəhəng evini, illərlə topladığı rəsm kolleksiyasını, antikvar əşyalarını, hətta sevimli fırçalarını belə hərraca çıxarıb qəpik-quruşa satdılar. Qoca və yorğun rəssam Amsterdamın kənarında yerləşən kiçik, nəmişlik bir evə köçməyə məcbur oldu. "İmpasto" (boyanın kətan üzərinə çox qalın və qaba şəkildə vurulması) texnikası ilə çəkdiyi son dövr əsərləri o dövrün zövqünə uyğun gəlmirdi. İnsanlar daha hamar və zərif rəsmlər axtarırdılar.

Ən böyük faciələr isə bir-birinin ardınca gəldi. Rembrandt əvvəlcə ona sadiq qalan Hendrickjeni, 1668-ci ildə isə həyatdakı yeganə böyük təsəllisi olan 27 yaşlı oğlu Titusu itirdi. Qoca rəssam bu böyük dünyada tamamilə kimsəsiz qaldı.

Ölümünə yaxın Rembrandt özünün sonuncu və bəlkə də ən təsirli şedevrini – "Azmış oğulun qayıdışı" tablosunu yaratdı.

Azmış oğulun qayıdışı (təxm. 1668), Sİ tərəfindən yaradılıb

"Azmış oğulun qayıdışı"

İncildəki məşhur rəvayətə əsaslanan bu rəsm əslində, Rembrandtın öz həyatının, daxili iztirablarının və bağışlanma arzusunun tablosu idi. Rəsmdə səhv yollara düşüb hər şeyini itirən, cırıq paltarda, ayaqyalın, başıqırxıq şəkildə evə dönən oğul və onu böyük bir mərhəmətlə səssizcə qucaqlayan kor, qoca ata təsvir edilib. Atanın kürəyə qoyulmuş əllərinə diqqət yetirsəniz, onların fərqli olduğunu görərsiniz: biri kişi əli qədər kobud və güclü, digəri qadın əli qədər zərif və incədir. Bu, həm ata, həm də ana məhəbbətinin, mütləq və qeyd-şərtsiz bağışlanmanın simvoludur. Bu tablo rənglərlə yazılmış ən böyük dua, Tanrıya ünvanlanmış sonuncu vida məktubu idi.

Rembrandt 1669-cu il oktyabrın 4-də vəfat etdi. Bir vaxtlar Amsterdamın ən varlı adamlarından biri olan, krallar üçün tablolar çəkən böyük usta səfalət içində, adsız bir qəbirdə dəfn olundu. Ölümündən sonra otağından yalnız bir neçə köhnə paltar, rəsm əşyaları və cibindən bir neçə qəpik pul tapıldı.

# 70 dəfə oxunub

Oxşar xəbərlər

Mayalar ulduzları 1200 il əvvəl necə hesablayırdı? - Xultunda "Ağ sinəli tülkü"nün imzası tapıldı

Mayalar ulduzları 1200 il əvvəl necə hesablayırdı? - Xultunda "Ağ sinəli tülkü"nün imzası tapıldı

10:47 15 iyul 2026
Uşaqlıq illüziyası bizi necə aldadır? - Kənan Hacı

Uşaqlıq illüziyası bizi necə aldadır? - Kənan Hacı

10:20 15 iyul 2026
Səni özüm sanaram - Nəbi Xəzri

Səni özüm sanaram - Nəbi Xəzri

18:19 14 iyul 2026
Misirdə heyrətamiz kəşf - 3000 illik sirli məqbərə tapıldı

Misirdə heyrətamiz kəşf - 3000 illik sirli məqbərə tapıldı

18:00 14 iyul 2026
Tom Kruz tanınmaz halda

Tom Kruz tanınmaz halda

16:34 14 iyul 2026
Nasistlərin oğurladığı tarixi rəsm əsəri zibillikdən tapıldı

Nasistlərin oğurladığı tarixi rəsm əsəri zibillikdən tapıldı

16:00 14 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər