Şeytan əməli - Rüstəm Dastanoğlunun yeni hekayəsi

Rüstəm Dastanoğlu, yazıçı

Rüstəm Dastanoğlu, yazıçı

14 iyul 2026
# 14:30

Kulis.az Rüstəm Dastanoğlunun "Şeytan əməli" adlı yeni hekayəsini təqdim edir.

İki bacının; anam Qubanın və xalam Gülöyşənin əziz xatirələrinə

Dişin, başın, qulağın ağrılarına yaxşı bələd idi. Allah heç kimin başına gətirməsin, dözülməz ağrılardı. Amma bu zəhrimar qolun necə məharətlə ağrıdığını hələ ki, duymamışdı və heç zaman ağlına gəlməzdi ki, qol da bu cür ağrıya bilər. Və bu ağrını duymaq xoşbəxtliyi nə vaxtsa ona nəsib olacaq. İki gecə idi ki, qolunun zoqqultusundan yata bilmirdi, yerindəcə, nağarasız, qarmonsuz başlayırdı oynamağa: əlini gah yastığın altına soxurdu, gah çarpayıdan aşağı sallayırdı, gah da dik qaldırıb göydə tuturdu ki, bəlkə bu şoqəribin zoqqultusu kəsə, amma xeyri olmurdu ki olmurdu. Sanki ürəyi sağ qolunda döyünürdü və bu ürək hər dəfə yumulub açıldıqca, nasos kimi bütün bədəninə dözülməz ağrılar üfürürdü.

Bu zoqqultunun təsirindən yaranan ağrıya dözməkdənsə, qolunun yerli dibli kəsilib atılmasına razı idi. Amma qolunun kəsilib atılması məsələsi fikrindən keçəndə yadına düşürdü ki, sağ əlidi. Sağ əl isə hər şeydən əvvəl ona yazmaq üçün lazım idi. Bir də fikirləşirdi ki, cəhənnəmə, Ənvər müəllim sol əli ilə yazmağı necə öyrənib, mən də onu kimi öyrənərəm.

Gecələr qolunun zoqqultusu başlayanda başına belə gic-gic fikirlər gəlirdi. Gündüzlər isə ağrı tamam çəkildiyindən fikirləşirdi ki, daha gecə ağrımaz və tənbəllik eliyib xəstəxanaya getmirdi. Bu gün isə dünən gecəki təkrar ağrıdan sonra, özü özünə soz vermişdi və gəlmişdi tələbə poliklinikalarına.

...Hələ növbəsinin çatmasına çox vardı. Bir işlə məşqul olmadan, boş-boşuna oturduğundan yenə harda axmaq fikirlər vardısa gəlib tezcə onu tapmışdılar, ya da nə fərqi, özü həmin fikirləri başına toplamışdı.

Hələ ki, necə deyərlər, özünü araşdırmaqla məşqul idi. Nə işlərlə məşğul olduğunu, ümumiyyətlə, kimə, nəyə lazım olduğunu haqq-hesaba çəkirdi. Belə “özünü təftişlərdən” sonra həmişə özü-özünə vədlər verməyə başlayırdı; “Bu gündən vaxtımı hara gəldi sovurmayacam, uşaqlarla boş-boşuna laqqırtı vurmayacam, veyillənməyəcəm, söz verirəm ki, filan işi filan edəcəm... dediklərimi etməsəm, əclafın yekəsiyəm!” və s. v i.a. Bu vədli anların ötəri olduğunu bilirdi. Ona görə də əlini hirslə yelləyib dikəldi, kürəyini oturduğu kreslonun söykənəcəyinə sıxdı və onun kimi növbə gözləyən xəstələri nəzərdən keçirməyə başladı.

Hər iki divar boyu, kabinetlərin qapıları arasındakı boş yerlərdə kreslolar düzülmüşdü. Bu kreslolarda oturan xəstələrin kimisi dizinin üstündə tutduğu kitabı, ya mühazirə dəftərini oxuyurdu, kimisi bu dünyadan tamam ayrılıb, gözlərini məchul bir nöqtəyə zilləmişdi, dərin xəyala dalmışdı. Hərdən sifətlərinə daxili sevincin təsirindən işartı, ya qəmin təsirindən kölgə gəlirdi. Bəziləri daş parçası kimi oturduğu yerdə donub qalmışdı; sir-sifətlərindən bir şey oxumaq mümkün deyildi, belələrinə çox baxanda adamın içi üşüyürdü. Kimisi də gəzişirdi və gəzinə-gəzinə gözaltı oturanlara baxırdılar ki, kreslodan durub eləyən olsa, tez özlərini versinlər boş yerə.

Dəhlizin o başındakı kabinetlərin birinin ağzına çoxlu adam toplaşmışdı, arı beçə verəndə analarının qonduğu yerdə qaynaşdıqları kimi gah içəri girib, gah da çıxmaqla yaman qaynaşırdılar.

Xəstələrə baxa-baxa yadına nə vaxtsa, hardasa oxuduğu bir fikir düşdü.

Orda deyilirdi; bütün ömrümüz boyu, kiçik xəstəliklərdən müalicə oluna-oluna çalışırıq ki, özümüzü böyük ölümə sağ-salamat çatdıracaq.

Bu fikir başından keçəndə, babasının qurbanlıq üçün bordadığı toğlular gəlib gözlərinin qabağında durdular. İstər-istəməz gülümsədi.

Elə biz də o toğlular kimi bir şeyik, öz-özünə fikirləşdi. Babam toğluları bordayır, istidən-soyuqdan gözləyir, qoyunun içinə buraxmır, yaxşı, qüvvəli yemlər verir, kökəldir, lazım olanda onlara həkimlik edir, qurbanlıq vaxtı çatanda da kəsir. Biz isə, belə alınır ki, hərəmiz özümüzü, öz bildiyimiz kimi ölüm üçün bordayırıq...

Ənvər müəllim demişkən, dəlinin arxasına vaqon-zad qoşmurlar ki, vallah, mən də belə dəliyəm. Boş-boşuna oturub, ağlıma gələni sayıqlamaq əvəzinə, çıxardıb mühazirə dəftərimi oxumuram! Özü də sabah yox, birisigün imtahandır, axırıncı imtahan! Çantasından professor Ornatskinin “ Qidrodinamika i teploobmen paroqenerujuşix kanalov” fənnindən oxuduğu mühazirə dəftərini çıxardı.

Mühazirədən bir-iki səhifə oxumamışdı ki, evlərinə getmək məsələsi yadına düşdü və o dəqiqə ürəyini böyük bir sevinc hissi bürüdü. Deməli, birisi gün axırıncı imtahanı verib uçuram evə. Kefdəyəm, vallah! Az qaldı sevincindən, ondan bir az aralıda oturub mühazirə dəftərini oxuyan suyu şirin qızın dəftərini əlindən alsın, gücü çatdıqca dəhliz boyu qımçırlasın ağzı aşağı və o üzündən də bu üzündən də marça-marçla öpsün. Özünü zorla saxladı bu istəkdən.

Bir ilə yaxın idi ki, evlərində olmurdu. Ev üçün burnunun ucu göynəyirdi. Fikirləşdi ki, gör mən belə darıxanda anam, bacı-qardaşlarım, dostlarım mənim üçün indi necə darıxıblar.

Xəyalən artıq evdəydi, oturduğu kresloya yayılıb xoşbəxtlik dənizində üzürdü.

***

“Bala, qadan alım, indi allah qoysa, oxuyuf qurtarandan sonra, səni hansı vəzifəyə qoyajaxlar? Bala, and olsun allaha, sənin heç nəyin bizə lazım deyil, qoca adamlarıq, bir ayağımız gordadır, bir ayağımız burda, hay-hayımız gedif, vay-vayımız qalıf. Birjə sənin adını istəyirik, adını. Qoy desinlər ki, filankəsin oğlu urusetdə ağılnan başnan oxuyuf qurtardı, indi də filan yerdə filan vəzifədə işdəyir. Bax, biz də sənin quruja adınla – adın sanı yaşa, bala – qürrələnək, bunu bizə sən çox görmə. Təzədən nə sənin aldığını geyinənik, nə də yeyən. Hamımız gözümüzü sənə dikmişik. Yoxsa ki, sən də gedib oxşamışlarına oxşasan, (anası, dayılarını nəzərdə tuturdu) heç nə. Yox! Sən mənim ağıllı balamsan, özüm elə deyirəm, qadan alım”.

***

“... Qonşu kənddə Ciqan Xaçiqyanı bizə təzə sədr göndəriblər. Köhnə sədrimizi canavar Əfəndinin yerinə qarajın müdiri qoydular. Canavar Əfəndini bij Ağakərəmin yerinə kənd sovetinin sədri qoydular. Mal ferma müdiri cücə Səmədi çıxartdılar, eşşək Dadaşın yerinə qoyun ferma müdiri qoydular. Qoyun ferma müdiri eşşək Dadaşı da çıxartdılar, cücə Səmədin yerinə mal ferma müdiri qoydular. Tır-tır Ağahüseyni anasının əmcəyini kəsən Balahüseynin yerinə ambardar qoydular. Qırmızı Raufun yerinə partiya təşkilat katibi qoydular. Qırmızı Raufu Tır-Tır Ağahüseynin yerinə hesabdar qoydular. Bij Kərəmi qonşu kəndə sədr göndərdilər... Bir sözlə vəzifədə olanların hörüklərini dəyişdilər”.

***

“Həə, ağıllı balam, yadında qalsın ki, insan deyilən məxluq var haa, onun başı o on il oxuduğun məktəbdəki generatoru kimi bir şeydi.

Baax, generatoru niyə işlədirlər? – Enerji istehsal eləmək üçün. Eləmi? Bəə, baş niyə işləyir? – Heç olmasa yiyəsini ağ günə çıxartmaq üçünǃ Hər ikisi işləyəndə enerji alınır. Tutaq ki, hər bir generatorun və başın verdiyi enerji ilə lampa yandırır. Deməli, onda nə qədər çox generator – baş işləsə, bir o qədər də, çoxlu sayda lampa yanar. Allaha şükür, neçə milyonlarla baş var. Di gəl, nə olsun, qoyurlar ki, hər baş işləyib bir lampa yandıra... Çox olsa, yüz-iki yüz lampa yanır. Yüz-iki yüz lampa da ki, bu boyda ölkəni işıqlandıra bilməzǃ Baax, buna görə biz bədbəxtlər qaranlıqda qalmışıqǃ”

***

Bir də gözünü açdı ki, “xoşbəxtlik dəryasında” boğulur. Hər evə gedəndə, bir balaca sevincdən sonra, həmişə təkrar olunan bu söhbətlər yadına düşəndə nə bayaqkı sevincdən əsər-əlamət qalmışdı, nə də bayaqkı evə uçmaq həvəsi... Leş kimi oturduğu kresloya sərili qalmışdı.

Elə bil, dərd-qəm üçün yaranmışam mən bədbəxt - deyib yerində qurcuxmağa başladı...

...Dəhliz boyu üzü ona tərəf ucaboy bir qız addımlayırdı. Nazik, parıltılı, tünd göy rəngli kofta geyinmişdi. Yeridikcə kofta dalğalanaraq qızın yumru, dolu, başı buraxılmış dik döşlərini nə qədər görünməz etməyə çalışırdısa, bir şey alınmırdı, əksinə, onların varlığını daha da gözə soxurdu.

Sağ qoltuğunun altında, ensiz, tutacaqsız, qara dəri materialdan tikilmiş əl çantası var idi. Qollarının ikisi də sərbəst aşağı buraxılmışdı. Bədən arıq, incə, əndamı dolu idi qızın. Açıq mavi rəngli lostik parçadan geyindiyi yuxarıdan gen, aşağı ayağına doğru getdikcə daralan şalvar yeridikcə uzun, yaraşıqlı qıçlarına hopurdu. Qıçlarına hopmuş şalvarın altından bütün cizgiləri ilə duyulan əndam, koftanın əmələ gətirdiyi dalğaların arasından baş qaldıran döşlər, üstünə nəm düşmüş lətif, ətli dodaq onun beynini, içini-çalatını işıqlandırırdı, isidirdi.

Qızın atdığı addımlar, ətrafındakıları seyr edən baxışları, ondakı əda, ümumiyyətlə, onun bütün varlığı “qarğa, məndə qoz var” deyirdi.

Qızın birdən-birə dəhlizdə peyda olması ona öz varlığını unutdurmuşdu. Gözlərində hər şeyi gözəlləşdirmişdi, indi ətrafında oturan, ayaq üstə duran xəstələrə, ümumiyyətlə, hər şeyə başqa gözlə baxırdı, hər şey ona doğmalaşmışdı. Elə bil, qızın xarici gözəlliyi, təmizliyi onun daxilini təmizləyirdi, saflaşdırırdı, şənləndirirdi, gücləndirdi.

Qız gəlib onunla üzbə-üz olan 312-ci kabinetin qapısı ağzında dayandı. Məlahətli səslə “bir dəqiqə” – deyib cavab gözləmədən kabinetə girdi.

Qız içəri girəndən sonra başı ayazıdıqca xatırlamağa başladı ki, bayaq nələr fikirləşirdi, necə qəm-qüssəyə dalmışdı, hansı aləmdəydi, qızı görəndən sonra hansı aləmə düşmüşdü.

***

..Sən bir qızdakı qüvvəyə bax, haa! - deyib gülümsədi. Yavaş-yavaş gülümsəməyi qəh-qəhəyə çevrildi. Öz-özünə gülmək çoxdankı xasiyyəti idi. İndi isə, bayaqdan özünü söyməklə, mühazirə dəftərinin köməyi ilə başından qovmaq istədiyi, lakin qova bilmədiyi fikirlərin qoparağını, camaata qırtım satan qızın gəlişi ilə necə götürüldüyünə gülürdü. Dəhlizdəkilərin nəzəri yavaş-yavaş ona tərəf yönəlirdi, ona tuşlanan gözlərin yiyələrinin sifətində əvvəlcə qəzəb, hirs var idi, bir azdan sifətlərdəki hirs, qəzəb cizgiləri ona qarşı dərin bir yazıqlıq hissi ilə əvəz olundu; gülüşunu saxlaya bilmirdi. Və bu sifət sahibləri fikirləşirdilər ki, heyif, bu cür yaraşıqlı, boylu-buxunlu cavan oğlana, belə baxanda kimin ağlına gələrdi ki, yazıq ağıldan mayıfdı. Bir az keçəndən sonra, ona tərəf baxmağı günah sayıb, hamı gözünü ondan çəkdi. Və o heç kimə fikir vermədən yerindən durdu, bayaq öz yerişi ilə dünyaya naz, qəmzə atan qızın addımladığı dəhliz boyunca, sonra da pilləkənlərlə aşağı qaçdı.

...Xəstəxanadan çıxanda, gülməkdən yaşarmış gözlərini qurulayırdı. Xeyli davam edən gülüşdən sonra özündə əməlli başdı yüngüllük hiss eliyirdi. Bir tərəfdən də küçədə havanın bu cür günəşli, hər tərəfin yam-yaşıl olması kefini lap açırdı. Təzə-təzə çiçəklənməyə başlayan ağacın altında dayanıb onun hərəkətlərinə fikir verən qıza ürəkdən bir göz vurdu, sonra dayanmayıb maşın yolu boyunca çəkilmiş, o qədər də hündür olmayan dəmir çəpərin üstündən hoppandı. Tələbə parkına tərəf qaçdı. Daxilindəki sevinc hissi, sanki ona qanad vermişdi və o tələbə parkına tərəf qaça-qaça yox, uça-uça gedirdi. Xəstəxanaya nə səbəbə gəldiyini tamam yadından çıxarmışdı, gündüzlər qolu zoqquldamırdı.

***

Səhər ertə park kimsəsiz idi, yazın gəlişi ilə yarpaqların ağırlaşdırdığı ağaclar, səhər günəşin altında ağrın-ağrın yırğalanırdılar. Yırğalanan ağaclardan onun üst-başına şeh damcıları sıçrayırdı. O, üstünə düşən şeh damcılarına fikir vermədən, parkın dərinliyinə doğru addımlayırdı. Bu xışıltılı yarpaqların şeh damcıları altında, yadına bapbalaca uşaq vaxtı anasının danışdığı bir nağıl düşmüşdü, nağılı fikirindən keçirib xəfifcə gülümsəyirdi. Bədəni, beyni tam sakit olsun deyə, bu ağacların birinin altına qoyulmuş oturacağa çökdü, anasını bütün varlığı ilə gözünün qabağına gətirdi, onun danışdığı nağıla qulaq asmağa başladı. Anası danışırdı ki, Allah taala hər bir insanı dünyaya xəlq eləyəndə onun beyninə şeytan qoyub və bu şeytan həmişə insanın beynini qurdalayıb, onu dünya malına şirnikləndirr; axirət gününü onlara unutdurur, insanlar da şeytanın əməlinə uyuyub, dünya malından ötrü bir-biriləri ilə vuruşurlar, başlar kəsirlər, qanlar tökürlər, bacardıqca çoxlu mal, dövlət, pul yığmağa çalışırlar, gündüz axşama kimi qan-tər içində işləyirlər.

Peyğəmbərlərdən hansısa uzun müddət bu ədalətsizliyi müşahidə eliyəndən sonra, bir gün dözməyib əllərini göyə açır, Allah taalanı səsləyir ki, Ya Allah, canım sənə fəda, sən ki, yer üzünün adil Allahısan, niyə bu şeytanı insanların beyninə salıb onları dünya malına aldadırsan, başlarına min oyun açırsan, qoymursan onlara verilmiş qısa ömrü dinc adam kimi yaşayalar?

Allah taaladan səda gəlir ki, ya peyğəmbər, neynək, qoy indən belə, sən deyən kimi olsun; sabahdan insanların beynindən şeytanı yox eliyərəm.

Sabah açılır, peyğəmbər görür ki, dünyanın hər yerində bütün müharibələr dayanıb, nə çalıb-çapan var, nə bir-birilərini aldadan, nə mal dövlət, nə pul yığan, nə işə gedən, nə də işdən gələn. Hər kəs oturub daxmasında axirət gününü fikirləşir. Onsuz da dünyanın malı dünyada qalacaq deyib, öləcəyi günü gözləyirlər.

Peyğəmbər o saat səhvini başa düşür, görür ki, belə getsə, yer üzündə insan deyilən məxluq qalmayacaq. Yenidən əllərini göyə açıb Allah taalanı səsləyir ki, ya Allah özün bilən yaxşıdı, canım sənə qurban olsun, keç günahımdan, səhv eləmişəm, belə getsə insanların kökü kəsiləcək, qaytar şeytanı insanların beyninə.

Deyir, Allah taala təzədən şeytanı insanların beyninə qaytarır və insanlar yenidən başlayırlar beyinlərindəki şeytanın hökmü ilə dünyanın malına tamah eyləyib, qanlar tökməyə, müharibələr etməyə, var-dövlət yığmağa, bacardıqca bir-birlərini aldatmağa... İndi o təəccüblə fikirləşirdi ki, görəsən ola bilərmi ki, Allah taala onu işıqlı dünyaya xəlq edəndə beyninə şeytan qoymağı yadından çıxartsın, əgər yadından çıxartmamışdısa, bəs niyə o da şeytanın əməli ilə dünyanın malına uyuyub, onu əhatə eliyən camaata qoşula bilmir?ǃ

Beynində fırlanan bu sualın cavabı onun sifətinə yayılmış təbəssümlə, yaşarmış gözlərində əks olunmuşdu, gözlərini, sifətindəki təbəssümü isə nə onun özü görüb oxuya bilirdi, nə də başının üstündə yarpaqlarını xışıldada-xışıldada, ağrın-ağrın yırğalanan dilsiz, ağızsız ağaclar.

***

...Gün fırlanıb axşam olacaqdı, gecə gələcəkdi, qolu yenə zoqquldamağa başlayacaqdı, onu yatmağa qoymayacaqdı və onda yadına düşəcəkdi ki, bu gününü də belə bada verdi, yenə də həkimin yanına gedə bilmədi və özünü söyə-söyə təzədən söz verəcəkdi ki, sabah neçə olursa-olsun, həkimin yanına gedəcəm...

# 141 dəfə oxunub

Oxşar xəbərlər

Şəhərdə qırğı nə gəzir axı?! - Nodar Dumbadzenin hekayəsi

Şəhərdə qırğı nə gəzir axı?! - Nodar Dumbadzenin hekayəsi

15:00 14 iyul 2026
Qum adası - Mübariz Örənin hekayəsi

Qum adası - Mübariz Örənin hekayəsi

18:35 13 iyul 2026
İsanın günahı - İsaak Babelin hekayəsi

İsanın günahı - İsaak Babelin hekayəsi

09:15 13 iyul 2026
Ulduz - Səma Muğannanın hekayəsi

Ulduz - Səma Muğannanın hekayəsi

10:00 12 iyul 2026
Ahmet Telli vəfat etdi

Ahmet Telli vəfat etdi

15:07 11 iyul 2026
Çürük qızıləhmədlər - Hekayə

Çürük qızıləhmədlər - Hekayə

11:30 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər