Bədii atmosferdən yetimdir - Yazarlar Nizami Hüseynovu tənqid etdilər

Bədii atmosferdən yetimdir - Yazarlar Nizami Hüseynovu tənqid etdilər
16 mart 2022
# 15:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Nizami Hüseynovun “Milçək və qarışqa” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

Qəşəm Nəcəfzadə

Yaxşı hekayədir. Qəhrəmanın psixoloji ovqatı maraqlıdır. Xarici ədəbiyyatdan təsirlənmə var. Hiss olunur ki, kitabdan, mütaliədən gələn nüanslardır. Olsun, burda qəbahət yox. Bu hekayəyə qədər müəllif müəyyən yol keçib, müəyyən təcrübə var. Bu, yaxşıdır. Daxili dialoqlarda həyat çırpınır. Milçək, (tək milçəyə “uçuşur” demək olmaz, “uçur” olar, çünki milçək təkdir, “uçuşur” çoxluğa aiddir). Milçəyi yeyən qarışqa, qarışqanı yeyən nəsə... Bu, həyatın, cəmiyyətin özüdür. Milçəklə aparılan parelelliklər, futbol, əruz, qəzəl və ispanca şeir... Həyatın ironiyası və düyün nöqtəsi... Əruzla ispan dilinin arasında çırpınmaq və azad olmaq cəhdi, yəni doğulmaq şansı və ağrı, sonra test. Testin hər mənada xilas edici rolu. Hekayəni quruluşu, dili, üslubu bunu diktə edir həm də.

Mübariz Örən

Mübariz Örən. Minotavrın ölümü (Labirint hekayə) » Yarpaq.az

Oxudum, bəyəndim, maraqlıdı, təzədi.

Ömər Xəyyam

Məzmunca da, üslubca da yaxşıdır, fəqət ciddi "kosmetik" düzəlişlərə ehtiyac var.

Məsələn, o şeirlər, qəzəl... – yersizdir. Hekayənin temasına, məzmununa, üslubuna yamaqdır, üstəlik, yorucudur.

Dilində problem var, – düşünürəm, düzələn məsələdir, ümid edirəm, düzələcək. Yoxsa "hiss edərək", "mətbəxə doğru" – bunlar elə məsələləridir ki... Mən mətndə belə söz görəndə kitabı qatlayıram. Məndən ötrü hekayə tərtəmiz olmalıdır, hekayədə artıq söz olmamalıdır. Yoxsa nə məzmunla, nə də üslubla estetik bağ qura bilirəm.

Xülaseyi-kəlam, uğurlu cəhddir. Maraqlı eksperimentdir.
Cəhd qələbənin yarısıdır!


Orxan Həsəni

Hekayəni bir cümlə ilə açmaq olar: uğursuz mistik gəzişmələr. Həyatın adi vərdişlərindən, detallarından, sakit havasından güc alan mətnləri sevirəm. Ancaq bu hekayə ilkin tələb kimi duran bədii atmosferdən yetimdir. Solğun, nataraz dil, qarışıq detal bolluğu oxucunu mətnin içində çaşbaş gəzdirir. Analogiyalar yapışmır. Milçək, qarışqayeyən, Andre Breton – bu əşyaların oyunudur, yoxsa anlayışların? Büsbütün sirr. Əlini atırsan, tutmağa havadan özgə heç nə yox. Bu, Nizami bəydən oxuduğum birinci hekayə deyil. Onun ədəbi təsəvvürləri mənə tanışdır. Ədəbiyyatımızda bu tipdə hekayələrin sayı çox deyil.


Nihat Pir

Hekayəni yolda oxudum. Bir az da ac vaxtıma düşdüyündən nədənsə məndə "manatlıq dönər" təəssüratı yaratdı. Yedim, müəyyən toxluq hiss elətdirdi, amma bilirəm ki, tam təmin eləmədi - yenə acacağımı elə indidən hiss edirəm kimi.

Hekayənin adını görən kimi yadıma "Breaking bad" serialı və onun məlum milçəklə bağlı bölümü düşdü. Oxuduqca isə aşağı-yuxarı eyni situasiyanın olduğunu gördüm. Hətta, az qala, müəllifin sırf o bölümdən təsirləndiyi qənaətinə də gəlmək olar. Sadəcə burada əsas təqdir elədiyim şey xırda və mövzu ola bilməyəcək bir şeyi mövzuya çevirə bilmək bacarığıdır. Elə serialın özündə də bu şey var. Otaqda bir milçək var və o milçək ümumi prosesə şiddətli dərəcədə təsir edir.

Hekayədə də sadəcə bir milçək var və müəllif obrazını o milçəkdən qurtarmalıdır. Mətndə bir neçə ifrat uğursuz cümlə var.

Məsələn, onlardan biri:

Bir az tərli bədəninə tam əllə şapalaq kimi dəyən bu zərbədən özü də iyrənir - "tam əllə şapalaq" nədir?

Daha biri:

Türk stend-upları arasında gəzişir. Tolqa Çeviki qoyur – "Tolqa Çeviki qoyur" nədir? Sonluğu isə tam olaraq anlamadım. Qarışqayeyən və test məsələsi əlaqəsinə tam hakim ola bilmədim.

Müəllifə uğurlar.

Şamxal Həsənov

Düzü hekayəçi deyiləm, təhlil necə edilməlidir, bilmirəm, hekayə təhlillərini də əlaqəsiz görürəm çox vaxt. Amma hekayəni həvəslə oxudum, təsirinə qapıla, obrazla güclü empatiya qura bilmədim. Ötürdüyü can sıxıntısı, narahatedici əndişə və obsessivlik hissləri mənə bir qədər səthi (daha doğrusu tələskən) gəlsə də olsa, aydın və doğma idi.

Vüqar Babazadə

Çox mənasız hekayədir. Sünidir, zəifdir, səthidir. Mətn olaraq da, süjet olaraq da dişədəyən heç nə yoxdur. Sona kimi güc-bəla ilə oxuya bildim. Hətta bir-iki yerini ötürdüm. Üstəlik, bu süjeti hansısa serialda görmüşəm, amma xatırlaya bilmirəm. Təbii ki, bu elə də ciddi problem deyil. Sadəcə yaxşı yazılmayıb deyə, adamın gözünə batır. Çoxlu uğursuz cümlələr var.

İki dənə misal:

1. Çöl qaranlıq və içəri işıq olduğu üçün görünəcəyini düşünür və pəncərəyə yaxınlaşır. Pərdəni çəkir, geri dönəndə milçəyi görür və tez də gözdən itirir – bu hissədə 3 dənə "və" bağlayıcısı var.

2. Tüpürüm qeyrətinə, sənin də çolaq əlinə tüpürüm elə. ... Söyürəm, yaxşı edirəm, evdə tək olanda da söyməyim? – gəlin açıq danışaq, heç kim tək olanda “tüpürüm qeyrətinə” kimi söyüş söymür. Əgər müəllif tək olanda belə söyüşlər söyürsə, ya söyüş bazası azdır, ya da həddindən artıq mədənidir.

# 3090 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #