İran qadınlarının həyatı: fahişədən general arvadınadək

İran qadınlarının həyatı: fahişədən general arvadınadək
24 avqust 2019
# 09:01

Kulis.az “Əsl kino” layihəsində Şirin Neşatın “Kişilərsiz qadınlar”və Folker Şlöndorfun ”Meşə hökmdarı” filmlərini təqdim edir.

Şirin Neşatın “Kişilərsiz qadınlar” 2009-cu il Venesiya kinofestivalında rejissor işinə görə Gümüş Ayı mükafatını alıb. Film Avstriya, Almaniya, Fransa və İranın birgə istehsalıdır.

Süjet: Hadisələr 1953-cü ilin İranında baş verir. Ölkədə hərbi çevriliş fonunda dörd qadının taleyi nəql olunur. Onlardan biri Munisin (Şəbnəm Tolo) 30 yaşı var, qardaşı Əmirxan onu zor gücünə ərə vermək istəyir. Munisi isə ailə qurmaq maraqlandırmır. Onu ölkədəki siyasi vəziyyət narahat edir. İkinci qadın Munisin rəfiqəsi Fayezədir (Pegah Ferydoni). O Munisi yoluxmağa gəlir, onlar ölkədəki etirazları müzakirə edirlər. Fayezəni siyasi vəziyyətdən çox Munisin qardaşı Əmirxan maraqlandırır. O, Əmirxanın başqa bir qadınla evlənəcəyindən məyusdur. Digər qəhrəman fahişə Zərrindir (Orşoyya Tot). Zərrin növbəti müştərini yola salan kimi bordelin rəhbəri olan qadın onun digərinə qulluq etməsini tələb edir. Bu zaman müştəri kişi Zərrinin gözünə üzü təhrif olunmuş şəkildə görünür. Zərrin oradan qaçaraq hamama gedir, bədənini dərisi soyulanadək kisələyir. Sonuncu qəhrəman 50 yaşlı zəngin qadın Fəhridir (Arita Şəhrzad). Onun əri generaldır. Fəhri təsadüfən keçmis sevgilisi ilə qarşılaşır. Bu əri ilə arasında mübahisəyə səbəb olur. Sonrakı epizodlar bu qadınların ətrafında baş verir. Munis özünü evlərinin damından atır, qardaşı onu dəfn edir. Sonra Fayezə onun səsini eşidib qəbirdən çıxarır. Munis ikinci həyatına başlayır, siyasi fəaliyyətə qoşulur. Fayezə iki kişi tərəfindən zorlanır. Fəhri şəhərdən kənarda sakit, nəsə mistik gücü olan mülk alır. O, bu bağda Zərrin və Fayezəni himayəsinə alır...

Əslən iranlı olan, Amerikada yaşayan Şirin Neşat fotoları, video instalyasiyaları, filmləri ilə məşhurdur. Rejissor “Kişilərsiz qadınlar” filmindəki əhvalata fon olaraq-1953-cü ildə Amerika və Böyük Britaniya tərəfindən hazırlanan, məqsədi İranda Məhəmməd Müsəddiqi devirib hakimiyyətə, sonuncu İran şahı Məhəmməd Rza şah Pəhləvini gətirmək olan çevriliş əməliyyatını seçib. Bununla da rejissor hekayəsinə dərin vurğular salmağa, süjeti çoxqatlı etməyə çalışıb. Hekayənin mərkəzində təkcə qadın yox, ümumən insan, şəxsiyyət azadlığı, siyasi azadlıqlar dayanır. Ona görə də əhvalat boyu Amerika və Böyük Britaniyanın ölkəyə müdaxiləsinə etirazlar, kommunistlərin fəaliyyətini əks etdirən epizodlar daxil olunur. Hər təbəqədən bir qadını qəhrəman seçməklə, müəllif o dövrki cəmiyyətin bütöv təsvirinə nail olur. O, hekayəsini çox poetikləşdirir, video installyasiya estetikasının, magik realizm, fentezi janrının elementlərindən yararlanır, şərtiliyə yer verir, metaforlara istinad edir. Beləcə, əhvalatını qeyri-müəyyən, sirli atmosferə bürüyür. Qeyri-müəyyənlik yəqin ki, rejissorun vətəninin taleyi ilə bağlı nigarançılığını da əks etdirir.

Alman rejissoru Folker Şlöndorf “Meşə hökmdarı” filmini, fransız yazıçısı Mişel Turnyenin əsərinə əsasən 1996-cı ildə ekranlaşdırıb.

Süjet: Abel (Con Malkoviç) katolik kilsəsinin nəzdindəki uşaq evində sərt şərtlərdə böyüyüb. O, mexanik işləyir, eyni zamanda foto ilə məşğul olur. Uşaqlarla ünsiyyəti çox sevən Abel balacaların şəkillərini çəkir. Abelin qəzadan xilas etdiyi qızcığaz Martina ona şər ataraq zorakılıq etdiyini deyir. Abel günahsızlığını sübut edə bilmir. Qızın Abelə böhtan atmasının səbəbi isə, öz fotoapatının ona verməməsidi. Məhkəmə Abelə cəza kəsərək, onu orduya göndərir. Abel burda almanlara əsir düşür və yüksək rütbəli alman zabitinin evində, daha sonra nüfuzlu zadəgan Kaltenbornun malikanəsində işləyir. O, kəndlərə gedərək, oğlan uşaqlarını məcburi Kaltenbornun malikanəsindəki hərbi məktəbə gətirir. Məktəbə onlardan nasizmə xidmət edən əsgər yetişdirir. Abelin adını kəndlilər adamyeyən qoyur...

Roman qədim german əfsanəsi “Meşə hökmdarı”na allyüziyadır. Əfsanədə meşə hökmdarı uşaqları ovlayır. Abel obrazı özündə şəri və xeyirxahlığı birləşdirir. Alman nasistlərinin buyruğunu qorxaqcasına yerinə yetirən Abel eyni zamanda səmimi qəlbdən inanır ki, kəndli uşaqlarını gətirməklə onlara yaxşılıq edir. O, nasistlərin alətinə çevrilməsinin fərqində deyil. Finalda yəhudi uşağını xilas etməklə, o, sanki günahlarını yuyur.

Filmin əvvəlində sərt qaydaları olan katolik kilsəsinin nəzdindəki məktəb yandığı kimi, son epizodda da nasist hərbi məktəbinin yerləşdiyi malikanə darmadağın olunur. Çünki hər iki məktəbin məqsədi insanları manipulyasiya etməkdir.

Filmdə dəhşətli səhnələr yer alır. Yüksək rütbəli alman zabitlərdən birinin meşədə saysız hesabsız maralları ovlaması qəddarlıq baxımından nasizmlə eyniləşir.

YUNİSEFİN mükafatına layiq görülən “Meşə hökmdarı” fransız rejissoru Lui Malın xatirəsinə həsr olunub.

# 4066 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
#
#
# # #