“Dolu”: Azərbaycan üçün vacib, dünya üçün yetərsiz

“Dolu”: Azərbaycan üçün vacib, dünya üçün yetərsiz
15 fevral 2013
# 10:56

Son bir ildə internet portallarında, ədəbi polemikalarda Qarabağ müharibəsini anladan iki əsər – Seymur Baycanın “Quqark” və Aqil Abbasın “Dolu” romanları daha çox müzakirəyə çıxarılır, hətta müqayisə olunur, müəyyən məqamlarda isə qarşı-qarşıya qoyulur. Müxtəlif nəsilləri təmsil edən müəlliflər ədəbi mühitdə aktivdir, sözlərinin və personalarının çəkisi var, ən vacibi, müharibə onların şəxsi həyatından keçib, orada öz izlərini buraxıb. Obrazlı desək, “Quqark” və “Dolu” həm də müəlliflərin individual “yara”sı, “travma”sı və şəxsi təcrübəsidi.

Yazıçıların yozumları iki müxtəlif baxış bucağını təklif edir. Başqa cür desək, “Quqark”ın və “Dolu”nun timsalında biz iki əks konsepsiya ilə üz-üzə gəlirik. “Quqark” sekulyarist, antimilitarist dəyərlərə söykənir, biz romanda güllə səsindən çox, müharibədən əziyyət çəkən, ümidləri puç olmuş, gələcəkdən heç nə gözləməyən, qeyri-müəyyən əhvallı, ekzistensiallığa sürüklənmiş obrazlarla tanış oluruq. “Dolu” isə əksinə, bir təbliğat, vətənpərvərlik romanıdır.

Beləliklə, Azərbaycan kinematoqrafiyasında da indiyə kimi ekranlaşdırılan müharibə filmlərinə iki fərqli yanaşma mövcuddur. Xəttin bir tərəfində Yavər Rzayevin “Sarı gəlin” dramı, digər tərəfində isə Eldar Quliyevin “Girov,” Ənvər Əblucun “Ağ atlı oğlan“, Şamil Nəcəfzadənin “Qala”, Ramiz Əzizbəylinin “Yalan” filmləri və s. dayanır.

Bu günədək öz vətənində - müharibə şəraitində yaşayan bir ölkədə layiqli qiymətini almayan, nədənsə telekanallarda göstərilməyən, böyük tamaşaçı auditoriyasının xəbərsiz olduğu, tərəfsiz, antimilitarist mövqedən çıxış edən “Sarı gəlin” bəşəri dəyərlərə söykənir. Ən əsası, filmin kinematoqrafik konteksti var.

Müəllif zərrə qədər patetikaya yol vermədən İNSAN amilini, onsuz da kimsənin fiziki anlamda əbədiyyət qazanmadığı yer kürəsində, bu qısa və miskin ömrümüzdə müharibənin əhəmiyyətsizliyini, absurdluğunu ön plana çəkir. Rejissorun yozumunda “millət” anlayışı lokal xarakter daşıyır, personajlar “milli” kontekstdən çıxararaq “insan” müstəvisinə gətirilir. Bu mənada filmdə qəhrəmanlar yox, savaşın gərəksizliyini dərk edən insanlar var.

Y.Rzayev eyni zamanda cəsarətlə “Sarı gəlin”i ortaq mədəniyyət abidəsi kimi təklif edir.

Sadalanan keyfiyyətləri ilə “Sarı gəlin” Azərbaycan kinosunda unikaldir və təəssüf ki, yeganədir.

Digər filmlərdə Qarabağ müharibəsi fonunda, onun qurbanları olmuş ayrı-ayrı insanların taleyinin önə çəkilməsinə cəhd olunur, zira, bu cəhd adıçəkilən ekran əsərlərinin vətənpərvərlik haqqında sosrealizm sayağı didaktikasının, pafosunun, inandırıcı olmayan vizual həllinin və dialoqlarının altında əzilir, insan ağrısını kölgədə qoyur, onu arxa plana atıb əhəmiyyətsizləşdirir.

Bu kateqoriyadan olan filmlərin sırasına “Dolu” dramı da əlavə edildi. Amma müəyyən fərq və milli kinomuzda novator sayılacaq yanaşma ilə.

Əvvəla mütləq bu zəruri qeydi edim ki, son illərdə heç bir film “Dolu” qədər bizim passiv tamaşaçı auditoriyasının və kino sənəti haqda yazılara bir növ ikinci dərəcəli, yuxarıdan aşağı baxan portalların, qəzetlərin ciddi marağına və müzakirəsinə səbəb olmamışdı. Yaranmış xüsusi marağın səbəbkarının əsərin və həm də ssenarinin müəllifi Aqil Abbas olduğunu desək, yəqin ki, mülayim, mədəni, filmin rəsmi təqdimatında ənənəvi stereotipləri qırıb səhnəyə qalstuksuz-filansız çıxan, bununla da cansıxıcı, statik atmosferə “azad sənətkar” havası gətirən rejissor Elxan Cəfərova qarşı ədalətsizlik etmərik.

“Dolu” romanı ədəbi hadisəyə çevrildiyindən eyniadlı filmin də A. Abbasın adı ilə assosiasiya olunması təbiidir. Həm də ona görə ki, “Dolu”da rejissorun yox, məhz ssenaristin pozisiyası var.

“Dolu” dramı da digər filmlərdəki ideyanı - vətənpərvərliyi, bizim haqlı tərəf olmağımız haqda tendensiyanı davam etdirir. Amma nəzərə çarpan, fərqli detallarla: məsələn, daha qətiyyətlə, daha inamla.

Üstəlik, E. Cəfərov “Dolu”nu batal (döyüş – red.) səhnələri ilə zənginləşdirir, onu indiyə kimi ekranlaşdırılan müharibə filmlərində olmayan əkşn ritminə yükləyir. Özü də peşəkarcasına, effektli vizualizasiya ilə. Artıq bu yerdə filmin rejissoru Elxan Cəfərovdan ətraflı danışmağın vaxtıdır.

Hələ 2009-cu ildə lentə aldığı 10 dəqiqəlik “Qarabağdır Azərbaycan” kinoklipi ilə E. Cəfərov əkşn janrında bacarıqlı rejissor ola biləcəyini təsdiq (ya bəlkə, iddia) etmişdi. Məlum kinoklipdən sonra Mədəniyyət və Turizm Nazirliyi ona “Əlavə təsir” (2010) layihəsini etibar etdi.

Tipik Hollivud trillerlərinin, detektivlərinin adını xatırladan və iddialı səslənən “Əlavə təsir” filmi elə dünyanın bu nəhəng kino sənayesində istehsal edilən məhsulların daha bəsit formada imitasiyası oldu.

Məsələ ondadır ki, detektiv janrının ustalarından, peşəkarlardan olan Ramiz Fətəliyevin ssenari müəllifi olduğu filmdə material xammal kimi qalıb, rejissor onu kino materialına çevirməyi, yumşaq desək, bacarmayıb. Tələskənliklə çəkilən film sanki bir növ xroniki ardıcıllığı gözlənilən, televiziya formatını xatırladan cinayət reportajlarına bənzəyir. Dramaturji nizamlılıq pozulur, məsələn, Kənan Mahmudovun oynadığı obraz (Əziz) süjetin zəruri həlqəsinə çevrilmir, onun cinayətin açılmasındakı rolu yetərincə əsaslandırılmır. Filmin əvvəlində həbsə düşən Əzizin sonradan əhvalatın vacib xətlərindən biri olacağını düşünürsən, amma xətt qəfil qırılır, onun həbsə düşməsinə səbəb olan, rejissorun ilk kadrlardan hansısa dəhşətli cinayətlərin mərkəzində dayanacağına eyham vurduğu manyak-qatil də, guya qətlin açılmasına yardımçı olan psixoloq da təsadüfi, əhəmiyyətsiz obraza çevrilir. Polis kapitanının psixoloqun seksual qulluqçusuna nədən müəmmalı nəzər yetirməsi də açıqlanmır. Müəllif obrazlar bolluğunda sanki özünü itirir, personajların və hadisələrin kinematoqrafik həllini təklif etmir, əksinə, bu obrazlardan bir növ mozaika, qalereya düzəldir və ona klip estetikasını hopdurur.

Onu da unutmayaq ki, E. Cəfərov əski klipmeykerdir və filmlərində də klipmeykerlik vərdişləri özünü büruzə verir. Məsələn, klip montajının estetikasına xas “qırma” montajın (ayrı-ayrı pərakəndə fraqmentlərin kəsilib birləşdirməsi – red.) kino kanonlarına uyğunlaşdırılmamasını, hadisənin illüstrativ təsvirlə nəqlini də bura aid etmək olar.

Detektiv janrının elementləri – gözlənilməz döngələrin, saspensin (həyəcanlı gözlənti – red.) yoxluğu, seyrçini qeyri-müəyyən vəziyyətdə saxlaya bilməmək “Əlavə təsir”i təsirsiz edir.

Və ekranda sovet detektiv filmlərinə xas basmaqəlib xarakterlər görünür: rəhbərin əlini masaya zərblə vurub amiranə tonda nəticə istəməsi, müstəntiqlərin isə həddindən artıq əxlaqlı, yüksək mənəviyyatlı təsviri “Əlavə təsir”i qroteskə aparır.

Qısası, rejissor personajların analizinə, xarakterinin açılmasına cəhd etmir. Ara-sıra anlaşılmaz situasiyalarda görünən qatilin – tamaşaçı əvvəldən onun vacib, həlledici fiqurlardan biri olacağını zənn edirdi – bir kadrda psixi vəziyyəti klassik musiqi ilə müşayiət olunur.

Klassik musiqi və manyak-qatil obrazı... bu da elə klassik priyomdur. Məsələn, Qas Van Setin “Fil”, Stenli Kubrikin “Mexaniki portağal” filmlərində qəhrəmanlar klassik musiqidən ruhlanaraq qəddarlıq aktları törədir.

...Bir şəhərin ermənilər tərəfindən necə işğal olunmasından bəhs edən “Dolu” filmində də rejissor xarakterləri analiz etməyib, hadisələrin bir çox hallarda illüstrativ təsviri ilə kifayətlənib.

Rejissor təhkiyəni ən çox döyüş səhnələrinə yönəldib, hekayəti peşəkarcasına bataliya üzərində qurub. Və döyüş səhnələrinin vizual həllinin önə çəkilməsi səbəbindən filmdə bir sıra işlənilməsi vacib olan detallar... alınmayıb.

Məsələn, ən maraqlı məqamlardan biri hadisələrin mərkəzi fiqurları Pələngin (Elvin Əhmədov) Drakonun (Rza Rzayev) dizi üstündə öldüyü səhnədir. Gənc əsgər son anda ən böyük arzusunu - həyatında heç vaxt qadınla yaşamadığını dilə gətirir. Bir gənc kişi üçün bundan təbii nə arzu ola bilər ki? Dünya əzəldən kişi-qadın münasibətlərinə söykənir axı.

Əminliklə deyirəm ki, bu, filmin ən təsirli, ən yadda qalan səhnəsi idi. Həyatı yaşamağa macal tapmayan bir gəncin bu həqiqət anı zaldakı seyrçini döyüş səhnələrindən qat-qat çox mütəəssir etdi.

İntəhası, E. Cəfərov filmin tam uğurunu və onu dünyaya çıxarılmasını təmin edə biləcək bu son dərəcə insani və eyni zamanda digər psixoloji, dramatik nüansları inkişaf etdirməyib.

Malik Terrensin “Qırmızı nazik xətt” hərbi dramını yada salaq. Film niyə uğur qazandı? Rejissor, vurğunu savaş səhnələrinə yox, məhz sıravi insanların - əsgərlərin ölüm qarşısında gerçək ruh halına, psixoloji durumuna - qorxusuna, sağ qalmaq uğrunda mücadiləsinə, müharibənin onlar üçün heç bir anlam daşımadığına yönəldir və bu təsvirlərlə film dünyəvilik statusunu alır.

Bundan başqa, “Dolu” filmində ara-sıra səbəbsiz-filansız peyda olan müəllimin (istər-istəməz təsəvvür yaranır ki, o, çəkiliş meydançasında təsadüfən peyda olub) və yalnız filmin əvvəlində gördüyümüz, sonra harasa yoxa çıxan jurnalistin hansı missiyanı yerinə yetirməsi naməlum qalır, Pələng-Drakon konflikti cilalanmır, ana obrazı yarımçıq təsir bağışlayır, xüsusən də oğlunun dəfn səhnəsində onun hərbçi yoldaşlarına sirayətedici nəzərlərinin hansı altmənanı daşıması aydınlaşmır, əsir düşmüş erməni qızı və ona münasibət kinematoqrafik cəhətdən öz həllini tapmır və sadalananların yoxluğu səbəbindən film orqanikləşmir.

Y. Rzayevin “Sarı gəlin” dramında da əsir düşmüş erməni qadın obrazı var. Əsir qadının bizim əsgərlər tərəfindən zorlanması səhnəsində humanist Qədiri (Haci İsmayılov) bu addıma təhrik edərək, faciəvi durumu məsxərəyə qoymaqla rejissor müharibənin başqa üzünü – onun çoxlarında insani duyğuları məhv etdiyini bir daha diqqətə çatdırır.

Qarabağ savaşında sözsüz ki, əks faktlar da (yəni “Dolu”da göstərildiyi kimi, əsgərlərimizin erməni qadınlarına barmaqlarının ucuyla belə, toxunmamaları faktı) olub. Amma E. Cəfərovun faktın traktovkasını vermir, onu psixologizmlə yükləmir. Və o elə quru fakt kimi də təhkiyədə uğurlu yerini tapmır, havadan asılı vəziyyətdə qalır.

Filmin əvvəlində qəhrəmanlardan birinin - Komandirin (Məmməd Səfa) ağır, təmkinli addımları - ilk baxışdan sakit intonasiyalı bu təsvirlərlə rejissor bizi gərgin dramatik filmə hazırlayır. Fəqət, bəzi situasiyalardakı gərginliyi müəllif bizə yaşatmır. Məsələn, əsgərlərin kəşfiyyat məqsədilə kəndə getməsini təsvir edən səhnəyə saspens, dramatizm qatmır, bundan ötrü kameranın iri planlardan, demək olar ki, istifadə etmir (amma ədalət naminə deyək ki, ümumilikdə, Nadir Mehdiyev səliqəli operator işi ortaya qoyub və onun E. Cəfərovla tandemi alınır) və tamaşaçı bu epizodun bilavasitə iştirakçısına çevrilmir. Başqa sözlə desək, seyrçi öz qəhrəmanlarına görə həyəcan keçirmir, oradakı vəziyyəti anında yaşamır.

“Dolu” haqda yazılan rəylərdə rayonun birinci katibinin (Fuad Poladov) intihar səhnəsinə iradlar səslənmişdi.

Mütləq onu da nəzərə alaq ki, sənət məhsulları, o cümlədən film də şərtliklər üzərində qurulur. Hətta, “Dolu” kitabının əvvəlində A. Abbas özünü səslənə biləcək iradlardan əvvəlcədən ustalıqla sığortalayır: “Xahiş edirəm, bu əsərdə kim isə nə isə axtarmasın, bu, yazıçı təxəyyülündən başqa bir şey deyil.”

Real tarixdə raykom katibinin intihar faktı mövcud olmasa da A.Abbas iradlara çox rahat cavab verir: “Əgər heç bir raykom katibi intihar etməyibsə, mən yazıram ki, etsin.”

Bu məqamları cəmiyyətdə ölgünləşmiş təbliğata təkan vermək nöqteyi-nəzərdən düzgün saymaq olar.

Gah sovet, gah Azərbaycan bayrağının görünməsi ilə bağlı iradlara gəlincə isə, müəllif o dövrün qarmaqarışıq atmosferi, batalyonlardakı nizamsızlıq, məsul şəxslərin məsuliyyətsizliyi səbəbindən rayonların itirilməsini əsaslandırmağa çalışıb.

Polad Bülbüloğlunun “Dolu”ya yazdığı musiqi döyüş ruhunu, əzəməti ifadə edir. Hərçənd, “Dolu” bir daha o faktı təsdiqlədi ki, bizim rejissorların musiqi ilə işləmək baxımından ciddi problemləri var. Məsələ ondadır ki, rejissor çox kadrlarda musiqidən düzgün istifadə etməyib, hətta bəzi yerlərdə musiqi təsviri üstələyir.

Final Qarabağ mövzusunda çəkilmiş digər filmlərdən fərqli olaraq, pozitiv əhval-ruhiyyədə bitir, iddialı, qələbəyə inam aşılayan sonluq təklif edir (“Ağ atlı oğlan” dramı da qələbəyə inam əhval-ruhiyyəsində bitir, hərçənd, onun bədii həlli bayağıdır və bayağılığın səbəblərindən biri Flora Kərimovanın sentimental ifasıdır), Drakon, Pələng kimi yeni qəhrəman tipləri ilə müharibə filmlərini zənginləşdirir. Bu, bir plakat filmdir. Və məhz bu cəhətlərinə görə “Dolu” sırf təbliğat prizmasından daxili bazar üçün maraqlıdır, vacibdir. Milli kinonun iddialı təbliğat filminə, sözsüz ki, ehtiyacı vardı.

Amma eyforiyaya qapılmağa da ehtiyac yoxdur. “Dolu” müharibə mövzusunda çəkilən bir versiyadır. Amma bu o anlama gəlmir ki, ölkənin kinoya məsul qurumları yalnız təbliğat filmlərinə dəstək verməlidir.

Alternativlər həmişə mütləqdir. Çünki bayaq dediyim kimi, “Dolu” yalnız yerli auditoriya üçün təsir gücünə malikdir.

Zira, dünya kinosunun kontekstində “Dolu” yetərli deyil. Ümumiyyətlə, kino mütəxəssislərinin fikrincə, kinoda müharibə mövzusu özünü tükədib. Bu mənada “Dolu” kinematoqrafiyada yeni heç nə demir: nə texniki, nə də süjetin yozumu baxımından. Həm də ona görə ki, planetimizdə Qarabağ konfliktinin analogiyası olan lokal müharibə faktları az deyil. Yəni münaqişə edən hər iki tərəf kinoda özünü asanlıqla haqlı mövqedən, həqiqət və ədalət carçısı kimi göstərə bilər. Ona görə də təbliğat filmləri, birtərəfli mövqelər dünya incəsənətində əhəmiyyət daşımır.

Məhz yuxarıdakı səbəbə əsaslanaraq deyək ki, ölkə sərhədlərindən kənardakı kino məkanına Y. Rzayevin “Sarı gəlin”də təklif etdiyi konsepsiyasına söykənərək çıxa bilərik.

Qas Van Set, Stenli Kubrik, Malik Terrens – Amerika rejissorları

“Fokus” jurnalı 4/2012

# 3292 dəfə oxunub

Oxşar xəbərlər

"Venom: Son rəqs"  birinci oldu

"Venom: Son rəqs" birinci oldu

11:12 29 oktyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:44 29 oktyabr 2024
"Qızıl qönçələr"də yeni sima

"Qızıl qönçələr"də yeni sima

09:52 29 oktyabr 2024
Məşhur aktyor bu seriala çəkilməkdən imtina etdi

Məşhur aktyor bu seriala çəkilməkdən imtina etdi

10:15 28 oktyabr 2024
Dünya şöhrətli aktyor karyerasını bitirir

Dünya şöhrətli aktyor karyerasını bitirir

14:29 25 oktyabr 2024
"Mariya"  filmindən yeni kadrlar

"Mariya" filmindən yeni kadrlar

12:33 25 oktyabr 2024
# # #