Mənimlə haqq-hesab çürüdən məmurlar

Sevda Sultanova, kino-tənqdiçi

Sevda Sultanova, kino-tənqdiçi

22 fevral 2022
# 15:00

Kulis.az-da teatr tənqidi sahəsindəki problemlərlə bağlı yayımlanan məqaləm, mətndə adı keçən bəzi teatr adamlarının narazılığına səbəb oldu. Həmin narazı adamların adlarını konkretləşdirib, yenidən xətirlərinə dəymək, stressə salmaq, kövrək əsəblərini qıcıqlandırmaq istəmirəm. Bir tərəfdən ona görə ki, onsuz da, gündəlik həyatımız çeşidli problemlərlə doludur. Amma onların yazımı özlərinə sərf etdikləri kimi yozması səbəbindən aydınlıq gətirmək istədiyim bəzi məqamlar var. Öncə bir şeyi deməyi vacib sayıram: bir qayda olaraq, tənqidi yazılarımla bağlı narazı şəxslə telefon və ya mesaj vasitəsilə müzakirə aparmıram. Çünki əgər pablik müzakirə açılıbsa, zəhmət çəkin, pablik cavab verin. Kimsə açıq danışmaq istəmirsə, əvəzində müəllifə zəng etməyini yaxud mesaj yazmasını qeyri-etik sayıram.

Kino sahəsindəki tənqidlərimlə bağlı az istisnalar olmaqla hansısa rejissor, prodüser, ssenarist, məmur indiyədək mənə zəng vuraraq ya mesaj yazaraq haqq-hesab çürütməyib. Hətta son dövrlər davamlı, sərt tənqid etdiyim Rüfət Həsənov belə birbaşa şəxsimə telefon açaraq, yaxud mesaj yazaraq münasibət bildirməyə cəhd göstərməyib. Ən azı buna görə onu dəyərləndirirəm. İndi Rüfət Həsənov nə qədər pablik danışır-danışmır, bu, başqa mövzudur.

Teatr mühitinin adamları haqlarında tənqid yazılanda isə onlara elə gəlir ki, Apokalipsisin dörd atlısı zühur edib. Halbuki, yazılan sadəcə tənqiddir, qiyamət günü deyil, təbii fəlakət deyil, canım sizə desin, ölüm deyil, qəza deyil. Və əgər rejissor, xüsusən, dövlət büdcəsi hesabına tamaşa qoyursa, ən sərt, ən ironik təniqdə belə dözümlü dayanmağa borcludur.

Yenidən xatırladıram ki, yazımda əsas məsələlər bunlar idi: tamaşalar nədən davamlı, açıq tənqid-təhlil olunmur, tənqid, müzakirələr niyə adətən kulislərdə baş verir, mövzular üzrə pablik diskussiyalara nə mane olur və s. Ötən yazımda dediyim kimi, məsələ təkcə Mehriban Ələkbərzadənin tamaşasının tənqid olunub olunmamasında deyil. Bu, Bəhram Osmanovun da, Azərpaşa Nemətovun da, Qurban Məsimovun da, Emil Əskərovun da, Nicat Kazımovun da tamaşası ola bilər.

Tənqidə dözümsüzlük ona görə baş verir ki, ümumən mədəniyyətimizdə tənqid ənənəsi, tənqid məktəbi zəifdir. Nəinki teatr və kinoda, həmçinin, musiqidə, rəssamlıqda, muzey işində mövcud problemlər haqda ardıcıl yazılmır. Ona görə Mədəniyyət nazirliyinin tənqid diskursunun yaranması, incəsənətin bütün sahələrində araşdırmaların aparılması üçün dəstək layihələri hazırlaması, müsabiqələr keçirməsi, problemlər haqda formal yox, şəffaf, konstruktiv müzakirələr təşkil etməsi vacibdir.

Tənqidi Şekspir faciələri səviyyəsində qəbul edənlərə isə Amerika kinotənqidi tarixindən bir nümunə çəkmək istəyirəm.

Amerikalı kinotənqidçi Polin Keylin (1919-2001) mətnləri sarkastik, yanaşmaları son dərəcə sərt idi. Dahi Stenli Kubrik Keylin resenziyalarından ehtiyat edirdi, amerikalı kino nəzəriyyəçisi, rejissor Pol Şreder ona heyranlığını gizləmirdi, britanliyalı rejissor Devid Lin Keylin rəylərindən çəkinirdi, amerikalı rejissor Kevin Beykon isə tənqidçiyə məktub yazaraq daha yaxşı filmlər çəkəcəyinə söz vermişdi. İngilis rejissoru Con Burmen deyirdi ki, Keyl bizə nəfəs dərməyə imkan vermirdi. Onun tənqidləri hətta Hollivudun böyük kinoşirkətlərinin siyasətinə təsir edirdi. Yəni Keylin kəskin tənqid etdiyi rejissora prodüserlər pul ayırmırdı, çünki prokatda iflasa uğrayacaqlarını bilirdilər.

Keylin 1966-cı ildə “Musiqi səsləri” filmini amansız tənqid etməyi, baş rolun ifaçısı Culi Endryusun fanatlarını elə qəzəbləndirmişdi ki, buna görə rəhbərlik onu jurnaldan qovmağa məcbur olmuşdu. Lakin bu, Keyli öz yolundan daşındırmağa əngəl olmadı.

Tarantino kino çəkməyi onun resenziyalarını oxuyaraq öyrəndiyini deyirdi. Ues Anderson isə xüsusi olaraq Keyl üçün “Raşmor Akademiyası” filmini qapalı nümayiş etdirmişdi.

Onun tənqidinin hədəflərindən biri Klint İstvud idi:

“Belə hiss yaranır ki, İstvudun bütün qəhrəmanları psixopatdır. Bu, onun qətli necə törətməsində duyulur: beləcə yeni nihilizm meydana gəlir. Mənə bu, xoş deyil. O, Con Ueynin (vestern janrın kralı adlandırılan amerikalı aktyor – S.S) ədalət tərəfdarı olan prinsipial qəhrəmanlarına qəti oxşamır. Onlarla müqayisədə İstvud daha çox qətl törədən maşına oxşayır. Gəlin belə düşünək. Hamfri Boqartın qəhrəmanı ağrı hiss edirdi. O, öldürəndə iztirab çəkirdi... Klint İstvud isə prinsipsiz qatildir. O, son dərəcə ortabab rejissordur. O dram çəkə bilmir, səhnələri heç cürə alınmır, onun filmləri statik və cansızlıq hissindən dolayı uzun, sıxıcıdır. Çətin ki onu aktyor adlandırmaq olar, İstvudun diapazonu çox məhduddur”.

Deyilənə görə, İstvud onun resenziyalarından o qədər narahat olmuşdu ki, mətnlərini psixoloji baxımdan araşdırmaq üçün mütəxəssis tutmuşdu. Nəticə isə bu olmuşdu ki, guya Keyl İstvuda aşiq olduğundan onun haqda tənqidlər yazır.

Keyl avtoritetli amerikalı həmkarları ilə də polemikaya girirdi. O, ustad sayılan ədəbiyyat və kinotənqidçisi Duayt Makdonald haqda yazırdı:

“Mən onu həmişə oxusam da, yaxşı kinotənqidçi saymıram. Hərçənd, İncil eposlarını yazmaq onda pis alınmır. Mənə elə gəlir ki, o, yaxşı insandır, amma yaxşı insan hələ peşə sayılmır”.

Keyl bəzən provakativ və qərəzli yanaşmalar da edirdi. Misalçün, həyatını zəhərə döndərdiyi rejissorlardan biri Orson Uells idi. Kinoda müəllif nəzəriyyəsini qəbul etməyən kinotənqidçi hesab edirdi ki, film kollektiv əməyin məhsuludur, burda əsas rol ssenaristin və operatorun öhdəsinə düşür. Ona görə “Vətəndaş Keyn”i Uellsdən çox, ssenarist Herman Mankeviçin uğuru sayırdı. Hətta iddia edirdi ki, Uells ssenarini Mankeviçdən oğurlayıb. Sonradan onun bu iddialarının əsassız olduğu sənədlərlə sübut edildi. Amma məsələ ondaydı ki, onun qərəzi belə bütün hallarda yaradıcı, maraqlı polemikaya yol açırdı. Bizim vəziyyətdə isə istənilən tənqid ona görə “qərəz” adlandırılır ki, tənqid meydanı qapalıdır, boşdur, davamlı, açıq polemika baş vermir.

Bu gün əhəmiyyətli nüfuzla və gücə malik olmayan sənətşünaslıqda Polin Keyl kimi sərt, güzəştə getməyən tənqidçilər lazımdır. Ki, bəlkə, onda incəsənət məkanındakı proseslərə keyfiyyət mənasında təsir göstərə bilə.

# 4713 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
# # #