“Azərbaycanfilm” Qazaxıstanın və ya Belarusun olsaydı…

“Azərbaycanfilm” Qazaxıstanın və ya Belarusun olsaydı…
13 may 2024
# 12:00

Kulis.az Sevda Sultanovanın “Azərbaycanfilm” Qazaxıstanın və ya Belarusun olsaydı…" adlı yeni məqaləsini təqdim edir.


Məqalədə postsovet respublikalarından bir neçəsinin – Qazaxıstanın, Belarusun və Gürcüstanın dövlət kinostudiyalarının bugünkü vəziyyəti araşdırılıb.

Qazax rejissoru və aktyoru Şaken Aymanovun adını daşıyan “Qazaxfilm” kinostudiyasının strukturu, SSRİ-nin süqutundan sonra bir neçə dəfə dəyişikliyə məruz qalıb. 1934-cü ildə əsası qoyulmuş kinostudiyanın Sovet dönəmində inkişafı əsasən bir faktorla bağlı idi. 1941-ci ildə İkinci Dünya müharibəsinin başlanması səbəbilə “Mosfilm” və “Lenfilm” Qazaxıstanda yerləşdirildi və 1944-cü ilə qədər burada fəaliyyət göstərdi. Qeyd olunan illərdə kinostudiyada 80 faizə qədər bədii film istehsal olundu. Bunların arasında İvan Pıryevin “Donuz ferması və çoban”, Eyzenşteynin “İvan Qroznı”, Boris İvanovun “Gözlə məni” və digər filmlər var. Ümumiyyətlə, “Qazaxfilm” məhsuldarlığı ilə seçilib, hətta ildə bəzən 6-7 tammetrajlı bədii film istehsal olunub.

1996-cı ildə “Qazaxfilm” yenidən təşkil olundu və studiya iki yerə ayrıldı. Aymanov adına kinofabrik maddi-texniki bazadan ibarət oldu. Milli Prodüser Mərkəzi isə müstəqil prodüser studiyaları ilə işləyən orqana çevrildi və onun məqsədi yaradıcı işi təşkil etmək idi.

2000-ci ildə Kinofabrik, Milli Prodüser Mərkəzi, “Qazaxkinoprokatı” və “Dövlət Film Fondu” dövlət büdcəsindən maliyyələşən Aymanov adına “Qazaxfilm” milli kompaniyasında birləşdirildi. 2005-ci ildə “Qazaxfilm” milli kompaniyadan səhmdar cəmiyyətə çevrildi. Hazırda, qurum Şaken Aymanov adına “Qazaxfilm” Səhmdar Cəmiyyəti adlanır.

SSRİ-nin süqutundan sonra, kinostudiya, ərazisi ilə birlikdə 300 milyon yarım dollar civarında qiymətləndirilirdi. Kinostudiyanın ərazisi, xüsusən, onun şəhərin elit rayonlarından birində yerləşməsi sahibkarların diqqətini cəlb etməyə başladı. Sovet dönəmində bütün ərazi kinostudiyanın balansında olsa da, 2006-cı ildə ərazi Alamatı akimatının (akimat-regional icra orqanı) mülkiyyətinə verildi ki, bu halda şəhər hakimiyyəti studiyanın ərazisini idarə etmək hüququna malik idi. Məhz bundan sonra “Qazaxfilm”in ərazisinə inşaat şirkətləri iddia etməyə başladılar.

2007-ci ildə ölkənin mədəniyyət və informasiya naziri Ermuhamet Ertısbayev bəyan etdi ki, nazirlik kinostudiyanın şəhər ətrafına köçürülməsi ilə bağlı layihə hazırlayb və inşaat şirkətləri studiyanın ərazisindən kommersiya obyektlərinin, həmçinin, elit təbəqə üçün yaşayış binalarının tikintisi məqsədilə istifadə edə bilərlər. Nazirin çıxışından qəzəblənən kino ictimaiyyəti kinostudiyanın, torpaq sahələrinin satışının müdafiəsinə qalxdılar. 2009-cu ildə isə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin kinostudiyanın və onun əmlakının qorunmasının vacibliyini qeyd etməsindən sonra, 2010-cu ildə kinostudiya, keçmiş ərazisinin akimatdan kino istehsalı məqsədilə 49 illik icarəyə götürdü.

2014-2015-ci illərdə ölkədə kompleks özəlləşdirmə planına əsasən studiyanın səhmlərinin 49 faizi satılmalı idi. Amma kino ictimaiyyətinin etirazı nəticəsində bu baş tutmadı. Bununla belə, 2017-ci ildə Almatı akimatı kinostudiyanın 16,5 hektar ərazisindən 5,5 hektarını “Ethnoland” milli mədəni kompleksinin inşası üçün ayırdı. Yenə də bu, ölkənin kino ictimaiyyəti, intellektuallar tərəfindən etirazla qarşılandı, amma etiraz bu dəfə nəticəsiz qaldı. Ekspertlərin fikrincə, “Qazaxfilm”in ərazisi dövlət mülkiyyəti olduğundan onun özəlləşdirilməsi ilə “Torpaq haqqında qanun” pozulub və bu pozuntu həmin dövrdə ölkənin mədəniyyət naziri olmuş Arıstanbek Muxamediulının adı ilə bağlıdır. O, hazırda korrupsiya faktlarına görə həbsdədir.

Hazırda Mədəniyyət və İnformasiya Nazirliyinin tabeliyində olan “Qazaxfilm”in ərazisində çəkiliş pavilyonları, laboratoriya korpusları, sexlər və s. yerləşir. 2021-ci ildə burada Almatı Menecment Universiteti ilə birlikdə “Media&Film School” adlı məktəb təsis edilib. Məqsəd, müasir media və kino bazarının, ölkədə yaradıcı sənayenin inkişafının tələblərinə cavab verən peşəkarlar hazırlamaqdır.

Nazirlik “Qazaxfilm”ə xüsusi diqqət ayırır və təzəlikcə ona müsabiqədənkənar filmlərin verilməsi ideyasını irəli sürüb. Nazirik bunu onunla əlaqələndirir ki, “Qazaxfilm” film layihələrində dövlətin maraqlarını, milli mədəniyyətin, tarixin təbliğini əsas götürür və ölkənin imicinə xidmət edir. Nazirliyin yayımladığı məqalədə bildirilir ki, ölkənin Milli Kino Mərkəzi son 5 ildə ümumi dəyəri 19 milyard tenge olan 103 layihə maliyyələşdirib ki, onlardan 23-ü prokata çıxıb və ümumilikdə filmlər prokatdan 1,5 milyard tenge qazanıb. Mədəniyyət Nazirliyi bunu “kinonun iflası” adlandıraraq günahı özəl kinostudiyalarda görür. Nazirliyin fikrincə, qazax rejissorları geniş tamaşaçı kütləsinin maraqlarını yox, öz şəxsi yaradıcı ambisiyalarını əsas tuturlar. Əslində, “Qazaxfilm”də istehsal olunan filmlər də prokatda çox pul yığmır. Amma “Qazaxfilm” ölkənin milli sərvəti sayıldığından, yuxarıda dediyim kimi, dövlətin maraqlarına xidmət etməsi əsas gətirilərək, kinostudiyaya müsabiqəsiz pul ayırmaq təklif edilib. Nazirlik qeyd edir ki, “Qazaxfilm” stabil işləməlidir ki, gələcəkdə gəlirliliyini təmin etsin və dövlət büdcəsindən asılı olmasın. Özəl kino şirkətləri isə Kino Mərkəzinin müsabiqələrində iştirak etməlidirlər.

Ötən il “Qazaxfilm”ə ümumilikdə, 1,88 milyard tenge ayrılıb: bu məbləğə 5 tammetrajlı bədii, 7 qısametrajlı bədii, 7 sənədli, bir cizgi filmi çəkilib. Onlardan bir qismi prokata çıxıb və çəkilən xərcdən daha az vəsait toplayıb.

“Qazaxfilm”in fəaliyyəti zaman-zaman kino ictimaiyyətində narazılıqlar doğurub. Məsələn, tanınmış aktyorlarından biri Jan Bayjanbayevin fikrincə, kinostudiya layiqli aktyor və rejissorların yolunu kəsib və acınacaqlı vəziyyətə düşüb: “Mən xatırlayıram ki, Sovet dönəmində Dövlət Kino İdarəsi və Kinematoqrafçılar İttifaqı əl-ələ verərək kinonun ümumi problemlərini, aktyor və rejissorların şəxsi problemlərini həll edirdilər. İndi isə elə vəziyyət yaranıb ki, it, yiyəsini tanımır. Mən gənc nəsil qarşısında utanıram. “Qazaxfilm”in öz favoritləri var, yalnız onlar film çəkilişlərinə dəvət olunur və festivallarda iştirak edirlər. Digər istedadlı aktyorlar isə kənarda qalıb, ciddi layihələrdə iştirak etmirlər”.

Bu kimi iradları qəbul etməyən kinostudiya rəhbərliyi sistemin tamamilə dəyişdiyini, aktyorların ştatda olmadığını, lakin film istehsalı zamanı onlarla sıx əlaqə saxladığını bildirmişdi.

2020-2022-ci illlərdə kinostudiyanın rəhbəri olmuş, rejissor Akan Satayev bu vəzifəyə yeni gələndə, kinostudiyanın dövlət büdcəsindən asılı olmadan özünü dolandırmağı qarşısına məqsəd qoymuşdu. Amma illərlə yığılıb qalmış problemlər üzündən o, bu məqdsədinə iki-üç il ərzində nail ola bilmədi. Müsahibələrindən birində o qeyd edirdi ki, 1970-ci ildən bəri kinostudiya əsaslı təmir olunmayıb:

“Qeyri-peşəkarlıq, oğurluq halları, pis mənada bürokratiya mövcud olub, kinostudiya bazardan tamamilə qopub. Dövlət büdcəsi qeyri-effektiv xərclənib, filmlər çəkilsə də prokatda uğur qazanmır və rəflərdə qalır. 5 hektar yer müəmmalı şəkildə şəhər hakimiyyətinin tərkibinə verilib və bunu qaytarmaq cəhdi nəticəsiz qalıb. Bu gün kinostudiya yalnız film istehsal edəndə qazanır, əslində isə satışdan qazanmalıdır”.

Maraqlıdır ki, 2023-cü ilin dekabrında şəhər prokurorluğu “Qazaxfilm”də araşdırmaya başlayb və məlum olub ki, film çəkilişləri üçün nəzərdə tutulmuş 400 milyon tenge yoxa çıxıb. Və pul itkisi məhz Satayevin rəhbərliyi dövründə baş verib.

Ümumilikdə isə, müstəqillik illərində “Qazaxfilm” yeddi direktor dəyişib. Onlardan bəzilərinin bu illər ərzində hansı işləri gördüyünü qısaca qeyd edirəm.

Rejissor Ardak Amirkulovun (1992 – 2002) rəhbərliyi dövründə “Qazaxfilm”də “Yeni dalğa”nın nümayəndələri Serik Aprımov, Satıbaldı Aprımov, Darejan Omirbayev filmlər çəkdilər. Bu dövrdə kinostudiya janr filmləri istehsal edərək kommersiya baxımdan da uğur qazandı, pavilyonlarında serialların çəkilməsinə şərait yaratdı.

Sənədli filmlər rejissoru Sergey Azimovun (2002-2007) dövründə müəllif kinosuna yeni adlar gəldi: Gülşad Omarova, Nəriman Turebayev, Rüstəm Abdraş. Bu dövrdə istehsalat zamanı problemlərlə üzləşmiş epik “Köçəri” filmi (2005, rejissorlar: İvan Passer, Sergey Bodrov, Talqat Temenov, ssenari müəllifi: Rüstəm İbrahimbəyov) çəkildi. Rəsmi məlumata görə, filmə 34 milyon dollar ayrıldı ki, bu da indiyə qədər Qazaxıstanda ən bahalı layihə sayılır. Amirkulovun dövründə üç iri tarixi layihə də reallaşdı: “Əlvida, Gülsara” (Ardak Amirkulov), “Stalinə hədiyyə” (Rustam Abdraşev), “Mustafa Şokay” (Satıbaldı Narımbetov).

Prodüser, rejissor Ermek Amanşayevin (2008-2014) rəhbərliyi dövründə “Qazaxfilm”də yarımçıq qalmış layihələr tamamlandı və o, daha çox istedadlı gənclərə fokuslandı. Məhz onun dövründə müasir müəllif kinosunun tanınan simaları Adilxan Erjanov, Fərhad Şaripov, Əmir Bayqazin debüt filmlərini çəkdilər. Bununla bərabər, onu, yaşlı nəsil rejissorlarla da işləməsi səbəbindən ən produktiv rəhbər kimi dəyərləndirirlər.

Prodüser, sənədli film rejissoru Baxıt Kairbekovun (2015-2019) gəlişilə “Qazaxfilm” tənəzzül dövrünə qədəm qoydu. Bu müddətdə maraq doğurmayan layihələr reallaşdı, ən yaddaqalan “Qazax xanlığı” (2016, rej: Rustam Abdraşev) filmi çoxsaylı qalmaqallarla müşayiət olundu və bu, hazırda həbsdə olan nazir Arıstanbek Muxamedulının dövrünə təsadüf edir.

Akan Satayevə böyük ümidlər bəslənilsə də, (2020-2022) o, özünü doğrulda bilmədi. Onun dövründə ştatda olan işçilərin əməkhaqqları qaldırıldı, müəyyən modernləşmə işləri görüldü, amm effektli kinolayihələr olmadı.

2024-cü ildə isə kinostudiyanın prezidenti vəzifəsinə aktyor Azamat Satıbaldı təyin olunub. O, “Qazaxfilm”in inkişafı üçün 5 illik strateji plan hazırlayıb. Onun sözlərinə görə, “Qazaxfilm”ə dövlətdən pul film istehsalı zamanı gəlir. Ona görə, qanunda maliyyənin birbaşa dövlətdən gəlməsi ilə bağlı dəyişiklik olmalıdır. Yəni, kinostudiyaya təkcə film istehsalına görə yox, həm də digər xərcləri ödəmək üçün maliyyə ayrılmalıdır. Yeni rəhbərin fikrincə, “Qazaxfilm” eyni zamanda araşdırma fəaliyyəti ilə məşğul olmalıdır: “Biz bilməliyik ki tamaşaçı üçün maraqlı olan nədir, o necə filmlər istəyir. “Qazaxfilm” kinosənayedə “buzqıran gəmi” rolunu oynamalıdır. Müəllif filmləri özəl büdcə ilə çəkilməli, burada isə xalq filmləri istehsalı olunmalıdır. “Qazaxfilm” bu gün müasir texnikaya malikdir, pavilyonlar icarəyə verilir, ən yaxşı pavilyonlar buradadır, ona görə də qiymətlər yüksəkdir. Biz kommersiya orqanı kimi qazanmalıyıq. Amma əldə edilən gəlir əməkdaşların maaşına və təsərrüfat xərclərinə çatır. Ona görə bu mərhələdə əvvəlki kimi dövlət maliyyə yardımı ayırmalı, çəkilən filmlər isə açıq bazarın qaydalarına uyğun olmalıdır ki, bu da studiyanı maliyyə cəhətdən müstəqilləşdirsin. Bəzi filmlərə isə sponsorlar axtarılacaq və mövzular aktuallığına görə seçiləcək”. Qeyd edim ki, bu il kinostudiyada beş kommersiya filmi çəkilir.

Kinostudiyada maliyyə çatışmazlığı səbəbindən marketinq və mətbuat xidməti yoxdur. Qanuna əsasən, istehsalata ayrılan puldan marketinq və reklama xərclənə bilməz. Ona görə, yeni rəhbərlik qanuna dəyişikliyi zəruri sayır.

Ötən il dövlət tərəfindən “Qazaxfilm”ə milli status verilib. Nazirlik “Qazaxfilm”in tamamilə yenilənəcəyini bildirib. Satıbaldı bəyan edib ki, məqsəd, 5 ildən sonra tamamilə özünümaliyyələşdirməyə keçməkdir, buna qədər isə dövlət dəstəyinə ehtiyac var və kinostudiya sıfırdan təmir olunmalıdır.

Azamat Satıbaldı əvvəllər Qazax Milli İncəsənət Akademiyasının rektoru işləyib, Uşaq və Yeniyetmələr üçün Qazax Akademik Dövlət Teatrının direktoru olub və özünü efefktli menecer kimi təsdiqləyib.

1924-cü ildə yaranan “Belarusfilm” kinostudiyası Sövet dönəmində ən məhsuldar istehsal müəssisələrindən biri olub. Burada müxtəlif janrlı filmlərlə yanaşı, uşaq və yeniyetmələr (məşhur “Buratinonun macəraları”, “Qırmızıpapaq haqqında” filmləri burada çəkilib) üçün ekran məhsulları da istehsal edilib. Xüsusən müharibə filmləri üstünlük təşkil edib, məsələn, Elem Klimovun məşhur “Get və bax” “Belarusfilm”lə “Mosfilm”in birgə istehsalıdır. Hətta “Belarusfilm”i müharibə mövzusuna üstünlük verdiyinə görə, zarafatla “Partizanfilm” də adlandırırdılar.

1990-cı illərdə SSRİ-nin dağılması, iqtisadi böhran “Belarusfilm”dən də yan ötmədi. Baxmayaraq ki, bu müddətdə 60 bədii film çəkilmişdi, amma sosial-siyasi dəyişikliklər zəminində onların böyük hissəsi aktuallığını itirərək prokatda yararlı olmadı. Hərçənd, onlar arasında televiziyada populyarlıq qazanan çoxseriyalı filmlər vardı: “Bəyaz geyimlər” (1992, rej: Leonid Belozoroviç 1992) “Russayağı sevmək” (1996, rej: Yevgeni Matveyev).

2000-ci ildə “44-ün avqustunda…” (Mixail Ptaşuk) filminin çoxsaylı festivallarda qələbəsi ilə “Belarusfilm” yenidən müharibə mövzusuna qayıtdı. Eyni zamanda, burada gənc rejissorların debüt işləri çəkildi, bəzi filmlər prokatda yaxşı kassa yığdı .

2002-ci ildə uzun fasilədən sonra kinostudiyada bədii seriallar istehsalata buraxıldı və öz xərclərini tamamilə çıxardı.

“Belarusfilm” hazırda yerli müəlliflərlə yanaşı, rus rejissorları ilə də intensiv işləyir. Studiyanın maddi-texniki bazası burada keyfiyyətli film və seriallar çəkməyə imkan verir. Nikita Mixalkov, Dmitri Astraxan, ata və Todorovskilər Belarusda işləməyə üstünlük verirlər. Səbəblərindən biri, Minskin kino üçün natura baxımdan yararlılığı, dekorasiya qurmaq rahatlığı, peşəkarların çoxluğu, sakit atmosfer, gün ərzində 12-14 saat çəkmək imkanının olmasıdır. Kinostudiyada Belarus kinematoqrafçıları rus həmkarları ilə birgə “Məzuniyyət”, “Kamenskaya-5”, “Məhkəmə-2”, “İvan da Marya”, “Volf Messinq”, “Qadınları anlamağa çalışmayın” və onlarla serial ərsəyə gətiriblər. Təkcə 2008-ci ildə “Belarusfilm”in bazasında 25 Rusiya serialı və filmi çəkilib.

2007-ci il kinostudiya üçün xüsusən uğurlu oldu: 7 tammetrajlı bədii film, 5 animasiya filmi istehsal edərək böhrandan çıxdı və ili gəlirlə başa vurdu. 2008-ci ildə isə 34 sənədli, 5 animasiya, 4 televiziya və 3 tammetrajlı bədii film çəkildi. “Letopis” sənədli film studiyası isə 29 film istehsal etdi. Həmin il kinostudiyanın filmləri regional və beynəlxalq festivallarda iştirak edərək 30 mükafat qazandı, iqtisadi gəlir yüksəldi və filmlər yerli prokatdan 520 min dollar gəlir görürdü. Bununla da “Belarusfilm” keçid dövrünü adladı. Eyni göstəricilər 2008-2009-cu illərdə də təkrarlandı.

Son illər “Belarusfilm”in maddi-texnki bazasını modernləşdirilib, yeni pavilyonlar tikilib, kadr bazası güclüdür və mövcud şərait kinostudiyaya imkan verir ki, tələblərə cavab verən hər cür layihəni reallaşdırsın.

Hazıda burada üç şöbə fəaliyyətdədir: bədii kino studiyası, bütün zəruri avadanlıqlarla təmin olunmuş animasiya filmləri studiyası və “Letopis” sənədli film studiyası. Həmçinin, kinoaktyorlar üçün teatr studiyası var.

“Letopis” sənədli film studiyası yarandığı dövrdən indiyə qədər 2000-ə yaxın film istehsal edib. Müstəqillik illərində 600-ə yaxın sənədli film çəkilib. 100-dən çox film yerli və xarici festivallarda ümumilikdə 200 mükafat alıb. Məsələn, Viktor Aslyukun “Biz ucqarda yaşayırıq” filmi nüfuzlu festivallarda mükafat qazanıb, Qalina Adamoviçin “Aman Tanrım” işi Çexiyanın Karlovı Varı kinofestivalında “Ən yaxşı sənədli film” mükafatına layiq görülüb.

Bu gün Şərqi Avropada aparıcı studiyalardan biri olan “Belarusfilm”ə 1997-cı ildə prezidentin əmri ilə milli status verilib. Ölkənin kino ənənələrinin qorunmasında və inkişafında mühüm rol oynayan kinostudiyada hər il 6 bədii, 15 sənədli, 5 animasiya filmi çəkilir. 140-a yaxın layihə xarici şirkətlərlə əməkdaşlıq nəticəsində ərsəyə gəlib. Hər il 20-30 kinoşirkət kinostudiyanın xidmətlərindən istifadə edir.

Tanınmış rejissor Vadim Perelmanın “Fars dili dərsləri” filmi (2020) Rusiya, Almaniya və Belarusun birgə əməkdaşlığı ilə çəkilərək xaricdə yaxşı kassa yığıb. Təzəlikcə isə “Belarusfilm” Çindən olan kinoprodüserlərlə birgə əməkdaşlıq haqda müqavilə imzalayıb.

Qeyd edim ki, “Belarusfilm”in ərazisi 12 hektardır, Minskdən 40 km aralıda isə çəkiliş üçün 90 hektarlıq ərazisi var.

2022-ci ildə “Belarusfilm” birinci yarımildə internet platformalarından 360 min dollardan çox qazanıb. Bununla belə, dövlətin kinostudiyaya yardımı davam edir. Studiya dövlət büdcəsindən ayrılan maliyyə ilə yeni istedadlı gənclərin debüt işlərini maliyyələşdirir. Milli, vətənpərvər filmləri stimullaşdırmaq məqsədilə subsidiya yolu ilə dəstəkləyici forma müəyyənləşib. Qanun “Belarusfilm”ə dövlət büdcəsindən ssuda ayrılmasını tənzimləyir.

“Belarusfilm”in uğurlarına baxmayaraq, dövlət ondan gəlirlərini artırmağı tələb edir. Məsələn, 2021-ci ildə baş nazir Roman Qolovçenko kinostudiyanın tamaşaçı tələbatını ödəyən filmlər çəkməsini və onu satmağı bacarmalı olduğunu deyib: “Bunun üçün kinostudiyanın hər cür resursu var”.

2023-cü ildə isə ölkə başçısının əmri ilə Yuri Aleksey kinostudiyaya yeni baş direktor təyin edildi. Bundan əvvəl isə onu prodüser Vladimir Karaçevski əvəz edirdi. Yeni rəhbəri kollektivə təqdim edən mədəniyyət naziri bildirib ki, onun əsas vəzifələrindən biri, “Belarusfilm”də yeni peşəkar komanda formalaşdırmaq, kinematoqrafiyada xarici məhsulların yerli istehsalla əvəz edilməsi strategiyasını effektiv şəkildə həyata keçirməkdir.

Alekseyi kinostudiyanın rəhbəri təyin edən Lukaşenko yerli kinoistehsalın onu qane etmədiyini deyib. Onun sözlərinə görə, Belarusda kino sənəti üçün digər ölkələrlə müqayisədə daha yaxşı baza, imkanlar yaradılıb: “Belarusfilm” müxtəlif kateqoriyalardan olan tamaşaçılar üçün filmlər çəkməlidir. Yaxşı olardı ki, daha az qan, banditizm, qətl olsun”. Və əlavə edib ki, həyati, ictimai maraqları ifadə edən mövzulara üstünlük verilsin.

Yuri Aleksey idarəetmə üzrə ixtisaslaşıb, həm hüquşünas, həm iqtisadçı menecerdir.

Qeyd edim ki, Belarusda 2012-ci ildən filmlərin maliyyələşməsi müsabiqə yolu ilə müəyyənləşir. Ölkədə özəl kino şirkətləri (Bez Buslou Arts, Nonstop Media və s.) də fəaliyyət göstərir.

Müstəqil film çəkən, həm festivalda, həm prokatda yaxşı gəlir əldə edən “Büllur” (Darya Juk), “QaraŞ” (2015, Andrey Kureyçik), “Sabah” (Yuliya Şatun) filmlərini qeyd etmək olar. Maraqlı faktı da deyim ki, Belarus cəmiyyətinin reallıqlarından bəhs edən, 5 min büdcə ilə çəkilən film “QaraŞ” yerli prokatda 993 min dollardan çox gəlir əldə edib.

“Gürcüfilm” kinostudiyası 1921-ci ildə yaranıb və indiyə qədər müxtəlif janrlarda 900 tammetrajlı, 1600 sənədli, 500 animasiya filmi istehsal edib, 100-ə yaxın film festivallarda mükafat alıb. SSRİ-nin dağılmasından sonra, ölkədəki siyasi, iqtisadi böhran gürcü kinosuna da təsir göstərir. Böhran 1990-cı illərin sonları, 2000-ci illərin əvvəllərinə qədər uzanır ki, bunda müharibə faktoru da başlıca rol oynayır. Müstəqilliyin ilk 20 ilində kinostudiyada texniki yenilənmə baş vermədi, istehsalat isə minimum həddə idi. Bu müddətdə film çəkilişləri dayandırıldı, aktyorlar və texniki işçilər işdən azad olundu. Stabil maliyyənin olmaması səbəbindən istedadlı rejissorlar xaricə getdilər. Onların arasında Otar İosselianinin, Temur Babluani və oğullarının adını çəkmək olar. Hətta Gela Babluaninin 2006-cı ildə Fransada çəkdiyi “13” debüt işi Venesiya festivalında Luici di Laurentis mükafatına layiq görülərək “ilin kəşfi” hesab olundu.

Gürcü kinosunda vəziyyət 2000-ci illərdə dəyişməyə başladı. 2001-ci ildə Milli Kino Mərkəzi yarandı, filmlər müsabiqə yolu ilə istehsalata buraxıldı.

“Gürcüfilm” kinostudiyasına müstəqillik dövründə məşhur rejissor Rezo Çxeidze uzun illər rəhbərlik edib. Bu illərdə “Gürcüfilm” əvvəlcə kinokonsern kimi formalaşdı, 1995-ci ildən isə qapalı səhmdar cəmiyyət qismində fəaliyyətini davam etdirir.

2000-2010-cu illərdə şəhərin mərkəzində yerləşən “Gürcüfilm” kinostudiyası da ərazisinin özəlləşdirilməsi, satışa çıxarılması təhlükəsi ilə qarşılaşıb. Onda kinostudiyanın Müşahidə Şurası (Buba Xotivar, Eldar Şengelaya, Mixail Kobaxidze, Merab Kokoçaşvili) buna etiraz eləmişdi. Kinostudiyanın direktoru olmuş Gela Suli ərazinin özəlləşdirilməsi perspektivlərindən danışanda da, onun fəaliyyətinə Müşahidə Şurası son qoymuşdu.

Hərçənd, 2018-ci ildə gürcü kinosunun vacib mədəni irsi sayılan, “Gürcüfilm” kinostudiyasının iri pavilyonlarından biri “Adəm və Həvva” satışa çıxarıldı. Tbilisi Beynəlxalq kinofestivalının direktoru Qaqa Çxeidze müsahibələrindən birində qeyd edir ki, “Adəm və Həvva” studiyası GRDC şirkətinə aiddir və eyniadlı mədəniyyət mərkəzi tərəfindən özəlləşdirilmişdi. Əslində, səssiz filmlərin çəkilişi üçün nəzərdə tutulmuş bu qədim pavilyon-studiya sonralar qismən öz funksiyasını itirdi, burada səs yazmaq artıq əlverişli deyildi. Bununla belə, özəlləşdirməyə qədər pavilyonda bəzi filmlərin çəkilişləri həyata keçirilirdi. Bundan başqa, bina, yuxarıda dediyim kimi, səssiz gürcü filmlərinin çəkildiyi mədəni-tarixi abidə kimi qiymətlidir. 1995-ci ildə maliyyəsizlik üzündən onun ərazisi hissə-hissə satıldı, bir hissəsində isə “İmedi” teleşirkəti yaradıldı. 2003-cü ildə pavilyon, burada kinolayihələr reallaşdırmağı planlaşdıran GRDC qrupa satıldı. Hərçənd, nəzərdə tutulan layihələr həyata keçirilmədi.

Hazırda 9.75 hektar ərazidə yerləşən “Gürcüfilm”in indiki ərazisindən özəlləşdirilmə olmayıb. Kinostudiya 2007-2008-ci illərdə təmir edildi, inzibati bina və avadanlıqlar yeniləndi, ciddi struktur dəyişikliyi aparıldı. Hal-hazırda kinostudiyanın müasir tələblərə cavab verən texniki və maddi bazası, 1000-ə yaxın müxtəlif rekvizitləri var. Kinostudiya “Gürcüstanda film çək” proqramı çərçivəsində istənilən ölkədən olan filmlərə ilkin mərhələdən son mərhələyədək xidmət göstərir. Bunun üçün müxtəlif laboratoriyalar (rəng korreksiyası, səs, geyim, ssenari laboratoriyaları və s.) fəaliyyət göstərir və rəqəmsal kino xidməti ilə yanaşı, lentə çəkilən filmlərin aşkarlanması, montaj xidməti də görülür. Kinostudiyanın rəsmi saytında da qeyd edilir ki, “Gürcüfilm” Səhmdar Cəmiyyəti bədii, reklam filmləri istehsalının bütün mərhələlərini təmin edir, həm yerli, həm xarici peşəkarlarla əlaqələndirir. Kinostudiya eyni zamanda çəkilişlər üçün lokasiyalar təqdim edir, Avropa və Amerika kinoistehsalçıları ilə işləyir.

Sovet dövrdə ildə 20 və bəzən daha çox bədii və sənədli film istehsal edən “Gürcüfilm” özünü bu gün tam maliyyələşdirmək gücündə deyil. Hər il Gürcü Milli Film Mərkəzi subsidiya üçün müsabiqə elan edir. Mütəmadi olaraq, kinostudiya öz büdcəsinin müəyyən hissəsini bu subsidiya hesabına formalaşdırır (təxmini 35-45 % arası dəyişir). Cari ildəki büdcənin imkanlarından asılı olaraq film istehsalı, müəyyən fərqlərlə il ərzində 5-10 film arası dəyişir. “Gürcüfilm”, büdcəsini əsasən filmləri vasitəsilə, Avropa fondları hesabına formalaşdırır (Evroimaj, Rotterdam və s.).

Prodüser, kinoşünas Ketevan Canelidze bir neçə il öncə “AzLogos” saytına verdiyi müsahibəsində kinostudiyada “Kinoda məktəb” adlı proqramın tədris olunduğunu bildirmişdi: “Məktəblərdən uşaqları gətirirlər, onlar filmlərə baxırlar, rejissorlarla, aktyorlarla, müxtəlif kino xadimləri ilə tanış olurlar. Onlar üçün rekvizit, kostyum otaqlarında ekskursiyalar keçirilir, səsin necə yazıldığını, rəng korreksiyasının necə aparıldığını, filmlərin necə bərpa olunduğunu müşahidə edirlər. Ən yaxşı gürcü filmlərinin ssenariləri kitab halında dərc olunub, 1929-cu ildən bu günə qədər çəkilən bütün filmlərin kataloqu buraxılıb”.

Hazırda kinostudiyanın yeganə səhmdarı “Gürcü Kinosunun İnkişafı Mərkəzi”dir. Mərkəzin təsisçisi Dövlət Əmlakı üzrə Milli Agentlikdir. Yəni kinostudiya Mədəniyyət Nazirliyinin balansında deyil. “Gürcü Filminin İnkişafı Mərkəzi”direktoru Merab Kokoçaşvili, müavini isə Xatuna Xundadzedir.

“Gürcü Filminin İnkişafı Mərkəzi”nin fəaliyyətinə məşhur gürcü rejissorlarından və gürcü filminin tanınmış nümayəndələrindən ibarət Müşahidə Şurası nəzarət edir. Müşahidə şurasının sədri – Ramaz Xotivaridir, tanınmış üzvləri arasında Qoqa Xaindrava, Levan Koquaşvili, Levan Tutberidze, Otar Litanişvili, Eldar Şengelaya, Aleksandre Rexviaşvili, Mixeil Kobaxidze və başqaları var.

“Gürcüfilm” Səhmdar Cəmiyyəti Xatuna Xundadze, Georgi Xarebava və İrakli Baduraşvilidən ibarət Direktorlar Şurası tərəfindən idarə olunur. Rejissor və prodüser Xatuna Xundadze “Gürcüfilm”in tarixində ilk qadın rəhbərdir.

Yazımın sonunda gürcü kinosunun ümumi vəziyyəti haqda bəzi məlumatları da bölüşməyi zəruri sayıram. Hazırda gürcü kinosu çətin gülərini yaşayır. 2022-ci ildə Gürcüstan Kino Mərkəzinin direktoru vəzifəsini Mədəniyyət, idman və gənclər nazirinin birinci müavini Kaha Sixarulidze icra edir. Buna qədər, Mərkəzin direktoru, Tbilisi Beynəlxalq Film Festivalının təsisçisi, 2020-ci ildən bu vəzifədə olan Qaqa Çxeidze idi. Mədəniyyət Nazirliyi Gürcü Milli Film Mərkəzinə nazir müavinini təyin etməsini yenidənqurma işlərinin başlanması kimi əsaslandırıb. Bu, ölkənin kino ictimaiyyətinin etirazına səbəb olub. Onlar nazirliyin bu addımını islahatdan çox, kino istehsalı üzərində hökumət nəzarətini genişləndirmək məqsədi daşıdığını qeyd edirlər. 2023-cü ilin iyun ayından etirazlar gücləndi və 502 mədəniyyət işçisi petisiya imzalayaraq nazirliyə göndərdi. Hətta prezident Salome Zurabişvili nazirliyin fəaliyyətini “Sovet dövrünə qayıtmaq cəhdi” adlandırdı. Vəziyyətdən dolayı, kino işçiləri proqramlarda, tədbirlərdə, müsabiqə və festivallarda iştirakdan imtina ediblər.

P.S. Gürcüstan kinosu ilə bağlı məlumatların əldə eidlməsində yardım göstərən rejissor, prodüser Arif İsmayılova, gürcü prodüseri Giorgi Meşvelianiyə təşəkkür edirəm.

aki.az

# 2531 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
# # #