Sevinc Əliyeva: “Ərə getməyə vaxtım yoxdur”

Sevinc Əliyeva:  “Ərə getməyə vaxtım yoxdur”
6 sentyabr 2011
# 14:00
Hansısa məşhur sənətkar ölümqabağı etiraf edib ki, bu həyatda iki məqam üçün yaşadım: bir alqış, bir də küçədə barmaqla göstərilməyim üçün. Heç kim belə həyatı yaşamaq istəməz, amma onun magiyasına ki, düşdün çıxmaq çox çətindir. Həmin talelərlə bağlı bu layihəmizdə Akademik Milli Dram Teatrının aktrisası Sevinc Əliyeva növbəti qonaqdır.


Tanrının Sevinc payı


Sadə, qulluqçu ailəsində dünyaya gəlmişəm. Özü də çox gec, 10 ildən sonra, uzun müalicələrin nəticəsində doğulmuşam. O illər ərzində ata-anam ayrılsaydılar, mən də dünyaya gəlməzdim, yaxşı ki, o vaxt dövlət qulluğunda çalışan adamlara boşanmağa da icazə verilməzdi. Atam zavod direktoru idi. Yeganə övlad olduğumdan çox naz-qəmzə içində böyümüşəm. Orda oturma, burda otur, onu yemə, bunu ye. Orta məktəbin rus bölməsini bitirmişəm. O qədər də yaxşı oxumamışam, gimnastikaya gedirdim, musiqi məktəbini fortepiano sinfində də oxuyurdum. Rəqsə gedirdim, dram dərnəklərində olurdum. İncəsənət İnstitutuna qəbul olunandan sonra bunlar hamısı dərs prosesində vardı. Atam məni tarixçi görmək istəyirdi. Eşidəndə ki, sənədlərimi İncəsənət İnstitutuna hazırlayıram, anama deyib ki, dəymə, onsuz da qəbul olmayacaq.


Sənədləri toplamaq da indiki kimi rahat deyildi, dəlixanadan da arayış alırdıq ki, orda qeydiyyatımız olmayıb. Ona görə atamın vaxtı olmadığından sənədləri özüm toplayırdım. O vaxt həmin instituta qəbul o biri ali ocaqlarda olduğundan bir ay tez aparılırdı. Düşünüb ki, kəsilərəm sonra tarixə gedərəm. Üç imtahandan uğurla keçdim. Valideynlərim əvvəl narahat oldular, sonra qəbul etdilər ki, o da ali məktəbdir, qoy oxusun, işləməz. Üçüncü kursda da nişanladılar məni öz uzaq qohumuma.

Tədris teatrında tamaşalarda oynayırdım. Kurs rəhbərim Şəfiqə Məmmədova idi, sonra da Fuad Poladov oldu. Diplom işimizdə də Fuad Poladov özü bizimlə tamaşa oynadı və tərəf müqabilim oldu.



Gənclər teatrı tramplin oldu



Təyinatımı Həsənağa Turabov tapşırmışdı ki, Akademik Dram Teatrına versinlər. Verdilər, bir tamaşada kütləvi səhnədə çıxmalı idim, Şəfiqə xanım qoymadı, dedi, sən səhnəyə obrazla çıxmalısan. Tezliklə teatr uzun müddətli təmirə dayandı. Eyni vaxtda da Gənclər Teatrı açıldı. Yusif Səmədoğlunun “Qətl günü” tamaşasında mənə rol da verdilər. Artıq ailə qurmuşdum, problemlər də səhnə fəaliyyətimlə birgə başlamışdı. Məşqlərdə iştirak etməyə gələ bilmirdim.


Bir müddət keçdi, ailəmdən ayrılmalı oldum, artıq oğlum da vardı. Ərim taksi sürücüsü idi, nədənsə bizimki tutmadı. Cəmi il yarım bir yerdə yaşadıq. Ailəmizə onun qohumlarının çox müdaxilə etməyi ayrılmağımıza səbəb oldu. Sonra da yavaş-yavaş gəldim Gənclər Teatrına. Hamı deyirdi ki, sən Akademik teatrın aktrisasısan. Gənclər teatrına tramplin kimi baxsam da 11 ildə Hüseynağa Atakişiyev məktəbi mənə çox şey verdi. Müxtəlif səpgili obrazlar oynadım. “Leyli və Məcnun”da Leylini, “Neron”da Aqrepina, “Hamlet”də Ofelyanı.


Əməkdar artist adını o teatrda aldım. Nəhayət, Akademik teatra gəlib çıxdım. Təsadüfən Turabovla rastlaşdıq, dedi ki, bikef görünürsən, haçan gəlirsən milli teatra. Dedim, haçan dəvət etsəniz? Dedi, gəl, dəvət etdim. Bu teatrda da 11 ildir çalışıram. “Kəllə”, “Mənim ərim dəlidir”, “Dəlilər və ağıllılar” kimi tamaşalarda oynadım.


İllər keçdi. Bir ara ABA telekanalında əyləncəli veriliş aparırdım. Tamaşaçılar az-çox ordan tanıdılar məni. Heç istəmirdim ki, xarakterik bir aktyor olasan, amma əyləncəli verilişdən tanınasan. Yaxşı pul verirdilər deyə gedirdim, amma Allaha yalvarırdım ki, bu verilişlə tanınmayım. Oynadığım obrazların ağrısı mənə əziyyət verər. Hayfdır o əziyyətlər. Sənətimizin çox qəribəlikləri var. İllərlə teatrda gözəl obrazlar yaradırsan səni tamaşaçı o qədər tanımır, amma bir dedi-qodu verilişi ilə ulduza dönürsən. Bəzən uşaq gətirirlər yanıma ki, incəsənətə hazırlayım.

Hazırlayıram, amma məsləhətimi də verirəm, deyirəm, get özünə başqa sənət seç, yazıqsan həyatını məhv etmə. Bir oğlum var, heç istəmərəm aktyor olsun. 23 ildir bu sənətdəyəm, noolsun. Hər obraza möhür vurmuşam. Evim atamdan qalıb, maşınım yox, var-dövlətim yox, nəyin yiyəsiyəm?.. Adicə kateqoriyamı qaldırmırlar ki, heç olmasa məvacibimdə fərq olsun. Əvəzində ürək ağrısı nə qədər istəsən. Axırıncı rolum “Kabuslar”da kiçik bir obraz idi. O kiçik obrazda o qədər göz var idi, o qədər başımı şişirtdilər ki, yalnız səbr edib tamaşanı başa çatdırmaq uğrunda mübarizə apardım. Niyə o, oynayır, biz oynamalıyıq. Oynadım, qatladım qoydum kənara, o da bir etap idi keçdi. Rejissora da təzyiqlər edirdilər ki, rolu Sevincə vermə.


Şəxsi həyatım yoxdur


Sənət taleyim elə bir dövrə düşdü ki, kinoya çəkilmək qismətimiz olmadı. Bir-iki kommersiya filmlərində, teleseriallarda çəkilmişəm. O dövrdə ki, “Tacikfilm”ə, “Özbəkfilm”ə dəvət etdilər, onda ailəli olduğumdan gedə bilmədim.

Bu sənətdə gərək sərbəst olasan, ailə ilə sənət qoşa rels üzrə gedə bilmir. Kim desə ki, gedər yalandır. Hansı azərbaycanlı kişi qadının günlərlə, aylarla qastrollarda olmasına dözər. Körpə uşaqla qastrollara gedirdim. Onu bələyib, yedizdirib verirdim qrim edənə, kostyum verənə. Tamaşanı oynayıb bir də qaçıb uşağı götürürdüm. Baxın bu gün səhər açılandan teatrdayam, günorta keçsin, yenə məşqlərimiz var. Evə birin yarısında çatıram, buna kişi dözər. Ərə getməyə də vaxt qalmır. Onun üçün də vaxt lazımdır ki, kimisə görəsən, bəyənəsən, tanıyasan. Şəxsi həyatım yoxdur. Qohumların məclisinə gedəndə hamı ailəli gəlir, mən də əvvəllər oğlumla gedərdim, indi o da əsgərlikdədir, tək gedirəm quqqu kimi. Gecələri heç qalmıram, qayıdıram tək divarlarımın arasına. Tamaşamın məşqlərinə görə oğlumun yanına da gedib baş çəkə bilmədim. Gənc aktrisalara həmişə məsləhət görürəm ki, gedin ərə, atın bu sənəti.

Həyatınızı yaşayın, çox adi olsun, amma öz həyatınız olsun. Səhnədə başqa talelər yaratmaqla öz həyatınızı bərbad etməyin. Onlar gəncdirlər, gec deyil. Mənim üçün artıq gecdir. Hərdən düşünürəm ki, ata-anam məni indi görsəydilər həyatımdan razı olardılarmı? Yəqin ki, yox. Onlar yeganə Sevinclərinin belə yaşamasını istəməzdilər. Nə isə... gəlin ailədən danışmayaq, bu həyatı yenidən seçməli olsam, tamam başqa cür yaşayardım, sadə, adi sənətim olardı, yaxşı ailəm.


İndi “Qanlı Nigar”da ağappaq qız qara ərəbi oynayıram. Xarakterik obrazdır. Bilirsiniz, əslində, sənət baxımından taleyimdən narazı deyiləm, istədiklərimi oynamışam. Kiçik böyük rol yoxdur, ən xırda detalı olan obrazı belə yaratmaqla möhür vurmaq olar. Olanım elə budur, sənətimdən qeyri heç nəyim yoxdur.


Ramilə Qurbanlı
# 2340 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
#
#
# # #