Meyiti evdə qalan aktyor

Meyiti evdə qalan aktyor
16 iyul 2015
# 15:40

Yusif Səmədoğlunun “Qətl günü” əsərindəki Tatar Temirin başı batsın! Neçə gündü fikrimdən çıxmır. Elə bilirəm Kürün sahilində “Qayaaltı” deyilən yerdə Tatar Temirin qayığında bir işıq yanır və mən heç cür o işığın üstünə gedib çıxa bilmirəm, nə qədər getsəm də məsafə azalmır.

...Bu günlərdə eşitdim ki, o, dünyasını dəyişib, meyiti də üç gün evdə qalıb. Cəmi 54 yaşı vardı. Xəstə olduğunu bilə-bilə içirdi, dirigözlü ölümün üstünə gedirdi. Nə sirdisə, onun haqqında düşünəndə gözümün qabağına Tatar Temir, Allahın o yetim bəndəsi gəlir. Oqtayı ilk dəfə elə televiziyada “Qətl günü” tamaşasında görmüşəm və o vaxtdan bu aktyorun siması yadımda qalıb. Bir də Cəfər Cabbarlının “Aydın” tamaşasında Dövlət bəy rolunda görmüşəm onu. Səhnədə son dərəcə canlı, dinamik, dipdiri bir obraz yaradırdı, onun özünəməxsus aktyor manerası vardı, fərqlənməyi, seçilməyi bacarırdı. Mən heç onun adını da bilmirdim, amma o sima heç vaxt yadımdan çıxmamışdı, harda görsəydim, dərhal tanıyardım. O, uzun müddət efirlərdə görünmədi, zənn edirdim ki, yəqin sənətdən uzaqlaşıb. Amma belə deyilmiş...

İki-üç ilin söhbətidir, payız aylarıydı, aktyor Fəxrəddin İsayevlə məşhur “Nargilə” kafesinin həyətində oturub çay içirdik. Bizdən bir qədər aralıdakı masada oturub pivə qurtumlayan bığlı kişi diqqətimi çəkdi, başında kepka, gözündə qara eynək vardı, ağ idman geyimindəydi. Mənə elə gəldi ki, onu hardansa tanıyıram. Yaddaşımı köməyə çağırdım, amma heç cür yadıma sala bilmədim. Fəxrəddin müəllimə dedim ki, bu kişi mənə yaman tanış gəlir. Ağsaqqal aktyor çevrilib zənlə o tərəfə baxdı və qəfildən üzü güldü:

- Ayə, Oqtaydı da! Sən onu televiziyada görmüsən.

Eynəkli adam ondan danışdığımızı duyub bakalını da götürdü və bizim masaya yaxınlaşdı. Eynəyini çıxardı və iki dost, həmkar qucaqlaşdılar. Bu adam çoxlarının unutduğu istedadlı aktyor Oqtay Quliyev idi. “Qətl günü”ndən xatırladığım aktyor görəsən niyə yaddaşımda məhz Tatar Temirlə assosiasiya olunurdu? Zənnimcə, səhnədə başqa obrazı oynamışdı. Başı batsın bu Tatar Temirin! Bizim cəmiyyətdə sənət adamlarının məhv olmasına qarşı şərti refleks yaranıb, bu erkən ölümlər heç kimi diksindirmir. Onların sənətdən, adamlardan küsüb təkliyə, tənhalığa çəkilməsi sanki heç kəsin umurunda deyil. Amma onda Oqtay heç kimdən və heç nədən küsənə oxşamırdı. İçində həyat eşqi qaynayırdı, çəkildiyi filmlərdən, gələcəklə bağlı planlarından danışırdı. Dedi ki, “Dolu” filmində maraqlı bir rola çəkilib.

Onun oynadığı rollardan danışdım, gülümsündü, dedi ki, o tamaşaların ikisi də rəhmətlik Hüseynağa Atakişiyevin Gənclər Teatrında hazırlanmışdı. Sonra da köks ötürüb heyif, dedi, yaxşı günlər idi... Həmin illər Oqtayın aktyor kimi ən məhsuldar çalışdığı dövr olub. Bu, mənim Oqtay Quliyevlə ilk və son görüşüm oldu.

Onda gələcəkdən çox şey gözləyirdi, çox rolları oynamağın intizarında idi. Amma illər keçdikcə ümidləri suya düşür, laqeydlik və biganəlik onun sənət eşqini öldürür. Özü də bilmədən içkidən asılı vəziyyətə düşür. Bütün uğursuzluqlar da elə bundan sonra başlayır. Sənəti atıb Rusiyaya gedir, bir müddət orda yaşayır, xırda bizneslə məşğul olur. Amma içindəki yaratmaq ehtirası, yenidən səhnəyə çıxmaq arzusu onu bir an da olsun, rahat buraxmır. Vətənə qayıdır, bir neçə teatrda çalışır, səd əfsus, içkiyə aludəçilik onun sənət yolunda şax yeriməsinə mane olur. İş o yerə çatır ki, daha onu heç yerdə işə götürmürlər. Oqtay bir müddət içkidən uzaqlaşır, müalicə alır. Bu yaxınlarda onun sənət dostu, dəyərli aktyor İntiqam Soltanın müsahibəsini oxudum. İntiqam bəy onu səhnəyə qaytarmaq üçün çox cəhd edir, hətta müalicə alması üçün də köməklik göstərir. Oqtay Kukla Teatrında çalışmağa başlayır, amma... Yox, deyəsən Oqtay özüylə mübarizədə artıq uduzmuşdu. Yenə bir müddət işsiz qalır. Sonuncu dəfə İntiqam Soltanın yanına gedir, mənə iş ver, deyir. İntiqam bəy bilirdi axı. Bilirdi ki, heç nə dəyişməyəcək. Oqtayı geri qaytarmaq mümkün deyil. Oqtay faciəvi sonluğun lap astanasındaydı.

İntiqam Soltan Oqtay haqqında “böyük aktyor” ifadəsini işlədir. Mən də bu fikirdəyəm, Oqtayın yaratdığı obrazlar onun doğrudan da böyük aktyor olduğunu sübut edir. Oqtay biganəliyin, laqeydliyin qurbanı oldu, zamanında dəyərini almadı. Biganəlik sənətkar üçün ölümdən də betərdir. Bu yazını yazarkən “Dolu” filmində Oqtayın çəkildiyi kadrlara yenidən baxdım, həmin filmdə Oqtay baza müdirini oynayır. Drakonun hərbi hissədə baza müdirini döyməsi yadınızdadır? Drakon ona “ya sən burdan tumançaq gedəcəksən, ya da heç getməyəcəksən” deyir. Onu Pələng xilas edir. Gecə baza müdiri Pələngin evinə gəlib bir diplomat ağzınacan dolu pulu maşında ona verir. Bu obraz Oqtayın aktyorluq məharətinin ən parlaq nümunəsidir. Həmin kadrlara siz də baxın, necə bir aktyoru itirdiyimizi anlayacaqsınız.

Oqtay bu ilin yanvarında dünyasını dəyişib. Deyilənə görə anası dünyasını dəyişəndən sonra evdə tək yaşayırmış, baxımsızlıq, davamlı olaraq içmək onun sonunu gətirib. Qaraciyəri şişibmiş. Ölümündən üç gün sonra qapını sındırıb evə giriblər...

Bu da dəyərli bir aktyorun kədərli həyat hekayəti. Nə qədər sənətkarımız ömrünü bu cür faciəvi sonluqla başa vurub. Siqaret köşkündə gecələyən bir aktyorumuz var idi, Süleyman Nəcəfov. O, Azərbaycanın xalq artisti idi! Çalışdığı teatrın zirzəmisində canını tapşırdı. Belə kədərli nümunələr çoxdu...

Oqtay haqqında neçə vaxt idi yazmaq istəyirdim, Tatar Temirin qayığındakı işıq məni rahat buraxmırdı. Yenə bu Tatar Temir!

“- Ötürəkmi səni, Temir?

- Yuk, başına dönüm, yuk. Tək getməyim məsləhətdi...”

# 1450 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #