Yaşasın demokratiya - İsi Məlikzadənin hekayəsi

Yaşasın demokratiya - İsi Məlikzadənin hekayəsi
21 yanvar 2020
# 09:00

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı İsi Məlikzadənin hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə “Yaşasın demokratiya”dır.

Rayon mərkəzindəki köhnə “finski” evin qabağında adam əlindən tərpənmək olmurdu - bu gün bütün Yovşanlı camaatı tökülüb gəlmişdi bura. Dünənə min şükür - dünən cəmi-cümlətanı əlli-altmış adam vardı burda - Nəzərin qarasınca deyindilər, bağlı qapısını təpiklədilər, sonra da milisioner Əliqulu gəldi və beşcə dəqiqənin içində camaatın hovunu aldı. “Finski” evin taxta pilləkəninə qalxıb qışqıra-qışqıra dedi ki, “Qardaşxanın goru haqqı, hamınızı basdırram qoduqluğa! Dünya dərəbəylik deyil ha! Yəni Sovet hökuməti ölüb ki, onun vətəndaşını daşqalaq eləyəsiniz? Dağılışın burdan!”

Dünən Əliqulu nazik boğazının gömgöy damarlarını şişirdə-şişirdə camaatı hədələdi və camaat da, yəqin ki, “qoduqluq”dan qorxub dağılışdı.

Amma bu gün yovşanlılar möhkəm dayanmışdılar. Əliqulu başa düşdü ki, bu xına o xınadan deyil. Görəndə ki, camaat ipə-sapa yatmır, milisioner-zad saya salmır, səsini iki-üç pərdə endirdi aşağı. Dedi:

- Ə, siz nə təhər adamsınız, ə?! Milisin gözü baxa-baxa vətəndaşı öldürmək olar? Qanundan qorxmursunuz yəni? Bayaqdan böyük qardaşımın goruna and içirəm, özünüzə yığılmırsınız. Day anda-zada inanmırsınız. Ə, müsəlman döyülsünüz?

Əliqulu heyi kəsilmiş kimi taxta pilləkənin yuxarısında oturub, ayaqlarını aşağı pilləyəcən uzatdı. Furajkasını çıxardıb yavaş-yavaş dazlaşan başının ortasını iki dəsmalla sildi. Boyun-boğazının tərini siləndə Cavad rəisin ünvanına ürəyində yağlı bir söyüş söydü. “Ay anasının oğlu, bir qoşun qızmışın qabağına bir milisoner göndərərlər heç? Mən əjdaha-zad döyüləm ha. Vallah, adamı tikə-tikə doğrayarlar bunlar. Əti alaçiy yeyir bu zalım uşaqları, hərəsi bir erkək pələngdi. Yovşanlılara bələd döyülsən?” Fikri bura çatanda Əliqulunun yovşanlılardan zəndələn-zəhləsi getdi. Onsuz da çoxdan onları görməyə gözü yox idi, çünki Qardaşxanın ölümündə onları bais bilirdi. Qardaşxanın ölən vaxtı idi bəyəm? Altmış yaşına təzəcə adlamışdı, qəfilcən düşdü yorğan-döşəyə. Qızdırması qalxıb durdu qırxda, enmədi ki, enmədi. Noolsun, qızdırma adamın canında ömürlük qalmır ha, əvvəl-axır çıxır bədəndən. Qızdırmaya südəmər uşaq dözür, bəs altmış yaşlı kişi niyə dözməsin? Elə rəhmətlik Qardaşxan, kişi kimi dözürdü də, heç ah-uf eləmirdi. Yatağa düşdüyünün dördüncü günü fağır Qardaşxan qupquru diliylə çat-çat dodaqlarını yalayıb dedi: “Qarpız”. Payız qurtarhaqurtar idi, bu vədə qarpız harda olardı? Qardaşxanın iki bığıburma oğlu var – Allah onları minbudaq eləsin – ikisi də özünü verdi Yovşanlıya; bu rayonda yovşanlılardan savayı bostanı olan, qışa qarpız saxlayan yox idi.

Qardaşxan Yovşanlı qarpızından bir “qız dilimi”ni güclə yedi – kaş yeməyəydi – elə o bircə dilim yazığın əhdini kəsdi. Qardaşxan düşdü ayaqyoluna, qızdırma yaddan çıxdı. Aptekdə dava-dərman qalmadı, ot-əncər qalmadı – tökdülər Qardaşxanın mədəsinə. Cövhərnanə də verdilər – xeyri olmadı. İki gündən sonra Qardaşxan qarnını qucaqlayıb canını tapşırdı övladlarına. Vallah-billah, o boyda kişi, qızdırmadan ölməzdi, onu yovşanlıların qarpızı öldürdü. Babalı deyənlərin boynuna, guya qarpız tez yetişsin, ağır gəlsin deyə yovşanlılar tağlara ziyanlı, zəhərli dərmanlar verirlər. “A kişilər, adam da puldan ötrü adamı o dünyaya göndərər? Ay sizin toxumunuz kəsilsin, yovşanlılar!”

Əliqulu furajkanı başına qoydu, dəsmalı yumrulayıb cibinə basdı. Qalxdı ayağa, amma day əvvəlki kimi qışqırmadı, yorğun-yorğun dedi:

- Çıxın gedin, ə, sizi xata hərrəməsin. Ağlınızı yığın başınıza. Kolxoz sədrindən narazısınız, gedin raykoma, ispalkoma şikayət eləyin.

Nəzərlə haqq-hesabı camaat özü çürütmək istəyirdi, çünki Nəzər bu camaatın sinəsinə çalın-çarpaz dağ çəkmişdi. Yovşanlıya gəldiyi heç beş ay deyildi, kəndin üç özündən deyən oğlunu ilişdirmişdi milisin qarmağına. Birinciyə on beş sutka iş vermişdilər, ikincini tənbeh eləyib buraxmışdılar. Üçüncünü milis gəlib aparanda day camaat dözmədi. Dedilər: “Ə, bu haranın Nəzəridi, başımızda turp əkir? Bu kimə güvənib burda meydan sulayır. Yəni böyük pəyənin buzovudu? Kimdi ey bu Nəzər?”

Yovşanlıda Nəzərin əslini-kökünü tanıyan yox idi. Haralı olduğunu da doğru-dürüst bilmirdilər. Nəzər elə bil birdən-birə göydən zənbillə düşmüşdü bu kəndə. Onun qəflətən peyda olmağının da baisi elə yovşanlılar özləri idilər. Onların höcəti, tərsliyi ucbatından Nəzər gəlib Yovşanlıda kolxoz sədri olmuşdu. Keçmiş sədr öləndən sonra yovşanlılar öz adamlarından bir fərlisini tapa bilmədilər ki, onun yerinə seçsinlər. Düzü, kənddə fərli adamlar vardı, hərəsinin də bir qoşun qohum-əqrabası. Amma təzə sədr seçmək məsələsi ortaya çıxanda kənd camaatı bölündü tirələrə. Hər tirə öz adamını irəli vermək istədi və burda badalaq oyunu başlandı. Bu tirə o tirənin adamına quyu qazdı, o tirə bu tirənin adamına. O boyda kəndin camaatı bir-birilə dil tapa bilmədi. Nə ağsaqqal sözünə baxdılar, nə qarasaqqal sözünə. “Çeynədilər, dişdədilər, diddilər, bir-birini al qana qərq etdilər”. Bir də gördülər ki, Nəzər gəlib oturub idarədə. Tirələr barışdılar, dostlaşdılar va başladılar Nəzərin qarasınca xorla danışmağa. “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım”. Amma çalışdılar ki, bu kökəni Nəzərə haram eləsinlər, onu Nəzərin əlindən qapmaq üçün marığa durdular. Nəzər də qılıncını siyirib düşdü camaatın canına. “Ağa Nəzərəm, belə gəzərəm”. Yumruğunu düyünlədi, nə düyünlədi. Dedi: “Mən işə distiplinadan başlayacam, çünki bu kolxozda distiplina adlı şey yoxdu. Mən elmlər namizədiyəm, şəhərdə əsas işimi buraxıb sizə köməyə gəlmişəm. Ya buranı obrazsovı kolxoz eləyəcəm, ya da adımı dəyişdirib Nəzər yox, Bazar qoyacam. Mən aliməm, axı...”

Adlı-sanlı, ordenli briqadir Qəzənfər çıxıb durdu lap Əliqulunun böyründə. Dedi:

- Tüpürüm onun alimliyinə! Köhnə bazara təzə nırx qoymağa gəlib o! Bu vaxtacan necə yaşamışdıq, eləcə də yaşayacağıq. Noolsun ki, şofer kolxozun maşınını öz həyətində saxlayıb? Noolsun ki, maşını icazəsiz üç gün götürüb; aparıb. Yazıq şofer, balalarına pul qazanır də, Nəzərin dədəsinin goruna söymür ha! Noolsun ki, şofer hirslənib”, Nəzərə “satqın oğlu satqın” deyib?! Bundan ötrü adamı milisə çəkərlər, ay camaat?!

Camaatdan əvvəlcə uzun bir uğultu qopdu, sonra hərə bir söz danışdı, ağız deyəni qulaq eşitmədi.

Dəstənin lap qabağında on-on iki yaşlı qaragöz bir oğlan dayanmışdı, yanında da qıvrım tüklü, sallaqqulaq, bapbalaca it. Əliqulu bayaqdan bu itə baxırdı. Amam onu itə oxşada bilmirdi. Pişik boyda idi, ağzı qapqara, qarnı xaşal. Oyuncaq mağazasında satılan məxmər itlərə oxşayırdı. Əliqulu sonra qaragöz oğlanın tozlu, yalın ayaqlarına, balaqları çırmalı nimdaş şalvarına, dibdən qırxılmış başına zəndlə baxdı və fikirləşdi ki, görəsən, bu bapbalaca it bu balaca oğlanın nəyinə lazımdı və görəsən, bu nə cinsdi belə? Bu it dünyanın hansı qitəsindən gəlib düşüb bura? Pişik boyda bu iti anası doğub, yoxsa yumurtadan çıxıb bu it?
Əliqulu birdən-birə adamların hay-küyündən təngə gəldi və darıxa-darıxa qaragöz uşağa çəmkirdi:

- Əkil, ə, burdan!.. Sənnən döyüləm?!

Uşaq, deyəsən, Əliqulunun səsini eşitmədi, ağzından od tökülən əmilərə mat-mat baxa-baxa fikirləşdi ki, görəsən, bu qədər adam bu “finski” evdə təmtəkcə yaşayan kişidən nə istəyir? Bir neçə dəfə görmüşdü o kişini. Gödək, kürən adam idi. Burnunun üstündə xırda, çəhrayı çillər vardı. Kəndin hay-küyünü eşidib əlli-ayaqlı itmişdi Nəzər. Kimi deyirdi, milis gizlədib onu, kimi deyirdi, raykomun birinci katibinin institut yoldaşıdı, yəqin katib qoymur hələ üzə çıxsın, kimi də deyirdi ki, xalqın qəzəbindən qorxub qaçıb “öz xarabasına”.

Dörd-beş cavan milisioner gəldi. Onları görəndə Əliqulu bir az arxayınlaşdı, amma camaat havalanıb çıxdı özündən.

- Hanı, ə, sizin rəisiniz?

- Kişidirsə, özü gəlsin bura!

Briqadir Qəzənfər əlini yuxarı qaldıran kimi camaat səsini xırp kəsdi. Qəzənfər dedi:

- Yoldaşlar! Nəzər rəisin dostudu! İkisi də bir bezin qırağıdı! Necə deyərlər, it itin ayağını basmaz! Gözümüzün qabağında haqq-ədalət tapdalanır, yoldaşlar!

Yenə adamlardan uğultu qopdu. Yaşlı bir kişi ağzı köpüklənə-köpüklənə rəisin qarasınca ana-bacı söyüşü söydü və əlindəki iri daşı “finski” evin pəncərəsinə çırpdı. Şüşə çilik-çilik olub töküldü yerə.

Xaşalqarın it səksənib qaragöz uşağın qıçlarına sığındı və başladı zingildəməyə.

Əliqulu itə baxdı, istədi yenə oğlana çəmkirsin, amma çəmkirmədi, ağzını Qəzənfərin qulağına dirəyib astadan dedi ki:

- Bu camaatı çək apar burdan. – Bilirdi ki, kəndin adamlarını ayağa qaldıran, onlara fitva verən elə bu briqadir Qəzənfər özüdü. Həm də eşitmişdi ki, adlı-sanlı, ordenli Qəzənfərin sədrlikdə çoxdan gözü var. Əliqulu keçdi pıçıltıya. – Bu məsələnin axırı pis olar haa.

Amma Qəzənfər işindən qalmadı. Cavan, tösmərək bir oğlana başı ilə işarə elədi. Cavan oğlan tez irəli çıxıb, “finski” evin taxta divarına tabaşirlə qəribə sözlər yazdı.

Qaragöz uşaq zingildəyə-zingildəyə qıçına sürtünən itə məhəl qoymadan iri hərflərlə yazılmış qəribə sözləri höccələyə-höccələyə oxudu:

- Nəzər kolxozdan rədd olsun! Nəzər satqındı! Nəzərə ölüm!

Əliqulu üzünü milisioner yoldaşlarına tutub dedi:

- Bu, day ağ oldu!

Milisionerlərdən səs çıxmadı.

Onda briqadir Qəzənfər təzədən əlini qaldırdı. Dedi:

- Yoldaşlar! İki-üç il qabaq biz beləcə yığışıb ürəyimizi boşalda bilməzdik! İndi səksən doqquzuncu ildi! Ölkədə aşkarlıq, demokratiya elan olunub! Bizə azadlıq verilib! Biz dərdimizi ucadan, özü də qorxmadan deyə bilərik! Biz Nəzər kimilərlə qanun dairəsində haqq-hesab çəkə bilərik! Yaşasın demokratiya, yoldaşlar! Yaşasın demokratiya!

Adamlar elə bil bu şüara bənd idilər. Kimin əlində nə vardısa, tolazladı “finski” evə tərəf. Taxta divarları atəşə tutmuşdular – divarlar taqhataraq taqqıldayırdı. Pəncərələr bircə dəqiqənin içində kor qaldı.
Qəzəbdən gözləri yeri-yurdu seçməyən bu dəstənin içində milisionerlər itmişdilər, ərimişdilər.

İt girmişdi qaragöz uşağın qıçlarının arasına. Uşaq da qorxudan yüngülcə titrəyə-titrəyə dayanıb qalmışdı. Qaçmaq istəyirdi, ancaq tərpənə bilmirdi, sanki ayaqlarını yerə mıxlamışdılar.

Bir də baxıb gördü ki, cavan bir oğlan xaşalqarın itin belinə ağ çit bağlayır. Parçanın üstündə qara hərflərlə “Nəzər” yazılmışdı. Kimsə bu yazını gördü və gülə-gülə iti göstərib qışqırdı ki:

- Əyə, Nəzər burdadı!

Taxta divarlara yağan daş yağışı kəsdi. Adamlar əvvəlcə elə bildilər Nəzər doğrudan da, burdadı. İtin belindəki ağ parçanı görəndə içlərində tövşüyən, tıncıxan qəzəbə bir ağrılı gülüş qarışdı və bu gülüş zəqqutuna, zəhərə dönüb onların dodaqlarına, gözlərinə yayıldı.

Sallaqqulaq it uşağın ətrafında dövrə vururdu, deyəsən, belinə bağlanmış qara yazılı ağ parça onu narahat eləyirdi.

Qəflətən dümbəyinə dəyən daşın zərbindən itin dal qıçları büküldü, it zingildəyib qalxdı, uşağın qucağına sıçramaq istəyəndə, bir daş da belinə – “Nəzər” yazılan yerə dəydi. Onda it uşaqdan əlini, ümidini itirib, özünü saysız-hesabsız sütun – qıçların arasına təpdi. “Finski” evdən azacıq aralandı. Bu dəfə başqa dəstənin dövrəsinə düşdü. Orda haray-həşir qopdu. İtin belinə, başına daşlar dəydi. Kimsə əlindəki dəyənəyi iki dəfə qaldırıb-endirdi və itin zingiltisi kəsildi.

Adamlar köpüyü yatmış yağ qazanı kimi sakitləşdilər. Böyrü üstə qalmış itə baxa-baxa dağılışıb getdilər.

Bir azdan “finski” evin qabağında təkcə qaragöz uşaq qaldı, milisioner Əliqulu qaldı, bir də öz qanının gölməçəsində sərələnmiş qıvrım tüklü, sallaqqulaq, xaşalqarın it.

Uşaq itin böyründə dizlərini yerə qoyub, dodaqlarını çeynəyə-çeynəyə ağlayırdı. Gözlərindən axan elə bil yaş deyildi, iri-iri, ağ, şəffaf muncuqlardı.

Əliqulu arxadan səssiz-səmirsiz yaxınlaşıb uşağın yanında çöməldi. Onun gündən kösöv kimi yanmış boyun-boğazına, sümükləri dikəlmiş sinəsinə baxdı. İtin belindəki parçanı aça-aça astadan dedi:

- Mən yovşanlılara bələdəm: qan görməsələr, rahat olmurlar.

Yepyekə, şəffaf damlalar uşağın gözlərinə ağ pərdə çəkmişdi. Uşaq əl havasına itin yanındakı qanlı daşlardan birini tapıb, hönkürə-hönkürə “finski” evə tərəf cumdu.

Ağcabədi, 1989

# 3167 dəfə oxunub

Müəllifin son yazıları

# # #