Möhlət - İsi Məlikzadənin hekayəsi

Möhlət - İsi Məlikzadənin hekayəsi
25 fevral 2020
# 09:00

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı İsi Məlikzadənin hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə “Möhlət”dir.

Atam Abbas Məmmədalı oğluna

Kiçik otağın pəncərəsinə, elə bil pərdə çəkdilər. İçəridə hər şey kölgə kimi görünürdü. İmran kişi kürkünü geyinib evdən çıxdı...

Soyuq külək, xırda qar. Kirpiklər bir-birinə yapışıb ayrılmır. Qalın paltar yeriməyə mane olur. Kişi əlcəkli əli ilə divarı tuta-tuta gedir. Qaranlıq göydən ələnən qar yerə ağ pərdə çəkir. İmranın gözləri qamaşır. Bir qədər dayanıb gözlərini yumur, açır. Ürəyi dünəndən ağrıyırdı, indi sakitləşib. Kaş bu gecə sancmasın.

Uzunboğaz rezin çəkmələrin altında qar xışıldayır...

Enli, uzun küçənin sağ tərəfində bir-birindən xeyli aralı qaz tənzimləyici şkaflar qoyulmuşdu. İmran üstünə ağ hərflərlə “Od təhlükəlidir” sözləri yazılmış bu yaşıl şkaflara nəzarət edir. O, birinci şkafa yaxınlaşır, dayanıb nəfəsini dərir. Sallaq bığındakı su damcılarını silir. Açarı salıb açır. Kəsif bir iy kişinin burnunu qıcıqlandırır. Qaz, borunun içindən aramsız uğultu ilə axır.

İmran bu səsi dünən də, sırağagün də, bir neçə il əvvəl də eşidib. Bu səsə alışmışdır. Kişi təzyiqölçən şüşəyə diqqətlə baxır. Hər şey qaydasındadır. O biri şkafa doğru addımlayır...

Küçədə hərəkət azalır. Yenə xırda-xırda qar yağır. Qoca səssiz-səmirsiz keçən belə gecələrin sayını çoxdan itirib. O fikirləşir. “Görəsən, Nəsibə dərsdən necə qayıtdı? Bu qarda sürüşüb əzilmədi ki? Yəqin Sarvan hələ yatmayıb, yazır, oxuyur. Axırıncı ildir, oğlum, qurtarırsan, diplom alırsan. Həkim olacaqsan. Heyf, bu günü görmək anana qismət olmadı”.

Küçənin o başında uzun bir fit verildi. İmran kişinin fikri qırıldı. Qulaq asdı. Daha heç nə eşitmədi. “Görəsən, uşaqlar xörəyi qızdırıb yedilərmi? Onlar mənim hazırladığım xörəkləri tərifləyirlər, iştahla yeyirlər. Ancaq, – deyəsən, rəhmətlik arvadın xörəkləri daha tamlı, ləzzətli olurdu. Əlbəttə, ananın bişirdiyi şorba atanın plovundan dadlıdır. Zarafat deyil, ağzında ana deyirsən, onun ürəyindəki məhəbbət hər şeyə sirayət edir: əlinin bərəkətinə də. Qışda duru xörəyin ayrı aləmi var. Sabah sulu xəngəl bişirəcəyəm. Uşaqlar dərsdən qayıdıb yeyərlər, canları qızar”.

İkinci şkaf. Burada da arxayınçılıqdır. Həmin qoxu, həmin uğultu. İmran qolunu qaldırıb şkafın üstündəki qarı silir. “Əriyib içəri tökülər, cihazı korlar”. Kişi bu şkaflar haqqında belə deyir: “Ürək qanı tənzimləyən kimi, bu şkaflar da qazı tənzimləyir, sonra da evlərə, cihazlara paylayır. Vay o gündən ki, bu ürək xarab olsun. Onda təzyiq artar, evlərdə xəta törəyər, yanğın olar”. İmran küçənin hər iki tərəfində düzülmüş hündür binalara baxdı. Bəzi pəncərələrdən işıq gəlirdi. “Arxayın yatın, arxayın işləyin”. Kişiyə elə gəldi ki, yuxuda olanlar da, ayıqlar da onun sözlərini eşitdilər.

O, asta-asta irəlilədi. Sinəsindən bir xırıltı qopdu. Əlini ağzına tutub öskürdü və sakitləşdi. Boğazını arıtladı. Birdən ciddiləşdi. Dayandı. Elə bil İmranın sol döşünün altına bıçaq saplandı. Bu ağrı onun bütün damarlarına yayıldı. Ürəyi yenə sancdı, ağrısı bədənini bürüdü, zorla nəfəs aldı. Gözlərini yumdu, yumruğunu ürəyinin üstünə qoydu. “Ay namərd, niyə coşub-daşırsan? Axı, sən möhkəm idin. Sakitləş, insafın olsun. Qoy Sarvan məktəbi qurtarsın. Nəsibənin instituta girməyinə çox var. Bilirəm, o vaxta qədər davam etməyəcəksən. Eybi yoxdur. Mənə azacıq möhlət ver. Çox istəmirəm bir il, ondan sonra coş, daş, istəyirsən lap tamam partla. Amma indi yox”.

Kişi gözlərini açdı, hər yan ağappaqdı. Səki də, yol da, ağacların üstü də.

İmran uzun illərdən bəri aça bilmədiyi bir düyünün sirrini tapıbmış kimi gülümsündü; “Axı, mən bu ağrıdan niyə qorxuram? – deyə öz-özündən soruşdu. – Niyə onu yadıma salıram? Qorxan gözə çöp düşər”. Bu fikirdən kişinin qıçlarına qüvvət gəldi, addımları qıvraqlaşdı. Qədim bir mahnını zümzümə eləmək istədi. Səsi xırıldadı.

- Ay səni, İmran, – deyib köks ötürdü. Sonra yan-yörəsinə baxdı, göyə nəzər saldı. Ulduzlar elə bil ayaza, şaxtaya dözməyib gizlənmişdi.

Külək kəsmişdi. Lopa qar yağırdı. Səkidəki izlər örtülmüşdü. “Səhərin gözü açılan kimi səkiyə yenə təzə izlər düşəcək, ayaq izləri. Səkinin qarı ayaq altında tapdalanacaq, əriyəcək”.

İmran ağzına iri dəmir qapaq qoyulmuş quyuya yaxınlaşdı. Başını əyib diqqətlə qulaq asdı. Qazın yeknəsəq fışıltısını eşitdi. “Siyirtmələr üçün quyu düzəltməkdə yaxşı iş görüblər, – deyə fikirləşdi. – Bayırda olsaydı, uşaq-muşağın əli farağat dayanmazdı”.

İmran irəlilədi. Başını kürkün içinə çəkdi. “Yuxum gəlmir. Bu adətdəndir. Bizim çilingər Cəmil qəribə oğlandır. Elə deyir: “Ay İmran dayı, gecələr özünə az əziyyət ver, onsuz da biz gündüzlər tənzimləyiciləri yoxlayırıq”. Rəhmətliyin oğlu daha bilmir ki, xata birdən olur. İndi, şkafın biri xarab oldu, bəs bunu mən yoxlamayım, kim yoxlasın!.. Sarvan dəli kimi yatır, barı üstü açılmasın, soyuqlayar. Bəlkə qayıdım?... Görəsən, Nəsibə Sarvanın pencəyinə düymə tikdimi? Birdən yatanda qazı, işığı söndürməzlər... Nəsibənin ad gününə az qalır. Ona bir şey almalıyam. Nə alım? Yastıdaban tufli? Tuflisi var. Paltosu da var, pal-paltarı da. Bəs nə alım?.. Özündən soruşaram, görüm könlü nə istəyir...”

İmran meşin papağını qulaqlarından tutub dartdı. Yenidən əlini ürəyinin üstünə qoyub, gözlərini yumdu. “Sarsaqlama, sakit ol, sakit”.

O, bu sözləri pıçıltı ilə dedi. Sanki yuxuda sayıqlayırdı.

***

Qocanın evinə, qəlbinə bahar gəldi; Sarvan işə girdi.

...İlk gecədir ki, İmran kişi şkafları yoxlamır. Otaqda elektrik lampası yanır. Qoca pəncərəni açıb küçəyə baxır. “Bəs niyə yuxum gəlmir? Adətdir. Darıxıram, şkaflar üçün darıxıram”.

Yenə sancı, yenə ağrı, ürəkağrısı. İmran gülümsəyir. “Gəlmisən? Vaxtıdır? Qorxmuram, mən öz borcumdan çıxmışam. Qorxmuram, qorxmuram. Ancaq möhlət ver. Ürəyimdə bir arzum da var. Qoy indi də balalarımın toyunu görüm”.

1963

# 3272 dəfə oxunub

Müəllifin son yazıları

# # #