Valideynlərinə nifrət edən dahi - İradə Musayeva

Valideynlərinə nifrət edən dahi - İradə Musayeva
13 fevral 2024
# 17:00

Kulis.az İradə Musayevanın “İtirilmiş zamanın sorağında” romanı haqqında məqaləsinin beşinci hissəsini təqdim edir.

Əvvəli burada

Prust ürək kimi döyünən zəngin xatirələri ilə insanları
hər zaman heyrətləndirəcək...
(A.V.Lunaçarski)

Qədim yunan filosofu Heraklitin (b.e.ə. 530-470) “hər şey axır və dəyişir” nəzəriyyəsi zaman kateqoriyası üçün də keçərli idi. O, hər şey kimi zamanın da keçici, dəyişkən olduğunu, axar çaya bənzədiyini göstərir və deyirdi ki, biz istəsək də, istəməsək də zaman çayında axmağa məcburuq. M.Prust isə insanı həmin çay axını ilə müqayisə olunan zamanın içində yox, kənarında görmək istəyirdi. “Çayın axması”nı kənardan müşahidə zamana hakim olmaq, ona qoşulub getmədən onun hərəkətini izləmək demək idi.
Prust sənətdə vacib şərt olan yaddaş mədəniyyəti fəlsəfəsini açıb göstərməyə çalışırdı. Hofman məktəbi nəzəriyyəsi tezisləri ilə də üs-üstə düşən fikirlər var. Zamanı ələ keçirmək, zamana hakim olmaq bütün sənət sahələrində (musiqidə, ədəbiyyatda, rəssamlıqda və s.) əsas axtarış prinsipi idi. Zamanı ələ keçirmək, ona sahib olmaq istəyini bəlkə də ancaq sənət, ədəbiyyat, rəssamlıq və musiqi ilə reallaşdırmaq olar? “Heraklit çayı”ndan kənarda yaşamaq, sənət vasitəsilə bir başqa dünyaya, dəyişməz estetik dəyərlər dünyasına köçmək haqqını kim əlimizdən ala bilər?

Zamanın ziddiyyətli xarakteri haqqında ilk dəfə antik dövrdə Heraklit fikir söyləmişdi. Həm var, həm də yox olan nəsnə... Keçmişin hazırkı zamanda mövcud olması (halbuki o artıq keçmişdir, yoxdur, görünmür) zamanla bağlı dialektika prinsiplərini tətbiq etməyi tələb edir. İndiki hər bir vəziyyət eyni vaxtda keçmişin sonu və indinin başlanğıcıdır, yəni hansısa fasiləsizlik və bununla yanaşı keçmiş ilə indi arasında müəyyən sərhəddir. Lakin bu sərhəd hiss edilməzdir. “Hər bir indi mövcud olan meydana gələn kimi də keçmişdə yox olur və indiki olmur. Gələcək yaxınlaşaraq indi olur. Lakin indinin yaranması eyni zamanda onun keçmişə çevrilməsidir. Keçmiş ölüb keçsə də, indidə yaşayır”. (Y.Rüstəmov. Fəlsəfənin əsasları. (Mühazirə kursu) Bakı, “Nurlar”, 2007)
Zamana ölümsüzlük qazandırmaq səlahiyyəti, görünür, ancaq sənət sahələrinə aid olan bir üstünlük idi, Prust bunu romanı ilə sübut etdi.

Reallıqda itirilmiş zamanla bərabər müəllif həm də həqiqət axtarışında idi. Zamanın bətnində minlərlə həqiqət var ki, zaman dirildiləndə onlar da üzə çıxır. Romanda sənət, ədəbiyyat, məhəbbət, təbiət, siyasət fraqmentləri belə həqiqəti təsdiq üçün obyektə çevrilir.

Aristokratiyanın nüfuzlu simalarından olan Svann Odettanı o qədər heyranlıqla sevir ki, bir zaman gəlir, artıq onun üçün həqiqət axtarışı, sadəcə, qısqanclıqdan doğan bir israra çevrilir. Hətta bütün şübhələri təsdiqini tapsa belə (yəni Odettanın həm qadınlar, həm də kişilərlə əxlaqsız münasibətləri təkcə cəmiyyətdə müzakirə mövzusu olmur, o özü də bunu Svana etiraf edir. Onun münasibətləri ilə bağlı Svann anonim məktub alır və s.), romanın bir məqamında oxuyuruq ki, artıq onlar evlənib və 14-15 yaşlarında Gilberte adlı qızları da var. Marsel isə onların qızlarına aşiqdir və vaxtilə Svann üçün müəmma, sirr olan Odetta hekayələri yenidən Gilberte obrazında Marsel üçün təkrarlanır.

J.Deleuz “Marsel Prust və işarələr” kitabında (Жиль Делез. Марсель Пруст и знаки. Санкт-Петербург, Алетейя,1999, 188c.c.39) göstərirdi ki, Prustun yaradıcılığı təkcə xatirələri nümayiş etdirmək üçün deyil, daha çox əlamətləri, işarələri tanımağa və öyrətməyə hesablanmışdır. Ona görə də bütün işarələr sənətə doğru istiqamət alır və məlum olur ki, mahiyyət sənətin əlamətlərindədir.
Hadisələr və obrazlar da işarələrlə tanıdılır, izah edilir. Məsələn, Svanın məşuqəsi kimi adı tez-tez çəkilən Odetta onunla nigaha girəndən sonra daha çox “Odetta Kresi” kimi yox, “Madam Svann” kimi tanınmağa başlayır. Amma bu yeni status əsla onun keçmişini unutdurmur. Əksinə, daha çox heyrət doğuran evlilik kimi aristokratik cəmiyyətdə yeri düşdükcə müzakirə edilir. Parisə köçüb orada yaşayan Svanlar ailəsini, xüsusən də Odettanı yenə tanıyanlar var. Romanın bir məqamında Svanın kiminlə evlənməsi oxucu üçün aydın olmur. Amma qadın haqqında danışırlar ki, medalyon inanclısıdır. Və onun mütəmadi olaraq yenə Bulon meşəsinə getməsi, orada əylənməsi də söylənilir. Bu və digər bir çox əlamətlər Odettanı nişan verir. İnanılası olmasa da, reallıq özünü göstərir, onlar evləniblər. Burada bu işarələr, sadəcə, şəxslərin kimliyi ilə bağlı olmur, həm də əsla heç nəyin dəyişmədiyi, Odettanın yenə də həmin yolda olması məsələsi aydınlaşır. İndi Madam Svanın ətrafında xeyli qadın var ki, onlar öz adları ilə deyil, özlərinin qoyduğu yeni adlarla çağırılır. Müəllif “kübar fahişələr” ifadəsini aristokratik cəmiyyətin bir çox üzvü haqqında danışanda da işlədir. Odettanı Svanın böyük nüfuza malik olan qohumları heç cür qəbul edə bilmir. Amma hər kəs bu qadının ecazkar gözəlliyi qarşısında sanki bütün həqiqətlərin, meyar və dəyərlərin belə üstündəın xətt çəkməyə hazırdır.

Vaxtilə Svana başqa adamlarla görüşməməsi ilə bağlı yalanlar uyduran və Bulon meşəsinə daha çox əyləncə, eyş-işrət üçün gedən Odettanın medalyon inanclısı olması da bir işarəyə çevrilir. Svann ona medalyona əlini qoyub and içməsini xahiş edəndə qadın əsəbiləşir və baş verənləri etiraf etməyə məcbur olurdu. Odetta üçün ilahi həqiqət, əxlaq, mənəviyyat, dürüstlük arxaplanlıdır. Medalyon inanclısı olması onun xarakterindəki saxtakarlığı, dayazlığı ifadə edir. Keçmiş zamandan, Odettanın, sadəcə, Svann üçün məşuqə rolunda olması dövründən yadımızda qalan detallara yeni zamanda – “Madam Svann” mərhələsində təkrar diqqət kəsilməyimiz imkan verir ki, çox asanlıqla mahiyyəti anlayaq.

İşarələrdən biri də “tufan istəyi”dir. Marsel dəlicəsinə bir fırtınanın, tufanın qopmasını istəyir. Aylarla yarıqaranlıq, sakit, sükut dolu otaqda, sadəcə, yuxusuzluq və təngnəfəslik istirabları ilə mücadilə edən, bütün şüuru, yaddaşı və iradəsi ilə itirilmiş zamanı, itirilmiş həqiqəti, obyektiv gerçəkliyi axtaran susqun bir adamın susuzluqdan yanan adamın su istəyi kimi fırtına istəyi təəccüb doğurur. Özü də qəribədir ki, həmin fırtınanın mərkəzində mütləq Svann olmalıdır! – düşüncəsindədir.

Oxucu da roman boyu özündən, həqiqi varlığından qopmuş, hər gün aldadılan, özü haqqında bitkin fikir formalaşdıra bilməyən və sanki iradəsindən asılı olmayan həyatla cəzalandırılan Svanı fırtına qəhrəmanı kimi təsəvvür edir.

İtkilərin sayı-hesabı yoxdur. Zaman axır, insanlar ölür, qocalır, hadisələr unudulur, evlər, əşyalar köhnəlir, hisslər, duyğular sönür, sevgilər ünvanını tez-tez dəyişir... Romanda məqsəd, sadəcə, bütün bunları yenidən yada salmaq, xatırlamaq və başdan nəql etməkdirmi? Əsla yox! Növbəti kitabların təhlillərində də görəcəyik ki, yazıçı əslində, gerçək, həqiqi, yaşadığı yox, tamam başqa bir aləmin sorağındadır. Gerçək dünyanın...

J.Deleuz da yazırdı ki, dünyanın sonu haqqında düşündükçə Prust anlayır ki, onun tanıdığı, sevdiyi dünya artıq zədələnmiş və deformasiyaya uğramış, itirilmiş zaman tərəfindən işarələnmiş və izlənmişdir... Prust baş verən dəyişiklikləri Berqsonçu kimi izah etmir, dönüklük və ya məzara qaçış kimi başa düşür, insanları “bədbəxt yaradılış”tək səciyyələndirirdi. (Жиль Делез. Марсель Пруст и знаки. Санкт-Петербург, Алетейя,1999, 188c.c.43-44)

Romanda “itirilmiş zaman” anlayışı həm geniş mənada, itirilmiş dünya, həm də bir cəmiyyət miqyasında boşuna xərclənən zaman anlamında dərk olunur. Məsələn, aristokratiya həyatında itirilmiş zaman itirilmiş həqiqətlərlə ölçülür. At yarışları, səs-küylü barlar, yunan salatı təfərrüatlarına həsr olunan söhbətlər, ailə-məişət dedi-qoduları, bir-birini təkrarlayan, eyni formatlı, eyni məzmunlu məclislər və s.

“Prustun yaradıcılığı keçmişə, yaddaşın kəşflərinə deyil, gələcəyi öyrənmə nailiyyətlərinə ünvanlanır. Əhəmiyyətlidir ki, qəhrəman bəzi şeyləri əvvəldən bilmədən, tədricən öyrənir və sonda ən dəyərli sirri əldə edir. Üstəlik, öyrənmə prosesində dünya onun nəzərində dəyişir. Sonda isə qəhrəman inandığı və aldadıldığı üçün xəyal qırıqlığı yaşayır”. (Жиль Делез. Марсель Пруст и знаки. Санкт-Петербург, Алетейя,1999, 188c.c.51)

A.Lunaçarski Prustu xatirələrinin xəzinə sandığı başında oturan azman cəngavərə bənzədirdi. Göğstərirdi ki, xatirələrinin xəzinə otağı onun öz yaradıcılıq aləmidir. Burada bütün güc onun əlindədir. Bu onun hər bir xırdalığın dərininə enə bilmək üçün istədiyi an dayandırıb qıcıqlandıra biləcəyi, parçalara ayıra biləcəyi, kimi istəsə, böyüdüb mikroskop altında incələyə biləcəyi, ürəyi istədiyi kimi yenidən nizama sala biləcəyi bir dünyaydı. Burada Tanrı özü idi, sehrli xatirə axınının zənginliyinə bürünmüş bir Tanrı.
Alman filosofu, sosioloqu, bəstəkarı və musiqi nəzəriyyəçisi, Frankfurt Tənqidi Məktəbinin nümayəndəsi T.Adornoya görə Prust öz bioqrafik maskasının arxasından hər kəsin sirlərini aşkar edən, gerçəyin ən kiçik elementlərini bütün həyati potensialın toplandığı enerji sahələrinə döndərməyə çalışan, bir sözlə, mənəvi atomu parçalayan bənzərsiz bir yazıçıdır. Adornonun Prustu heyran etməsinin səbəblərindən biri, görmədiyi birinə aşiq ola biləcək bir qəhrəman yarada bilməsi idi.

Lunaçarski yazırdı ki, M.Prust yalnız ömrünün birinci hissəsini yaşadı, ikinci hissədə ancaq və ancaq yazıçı oldu və birinci hissəni kitaba köçürdü, Prust artıq yaşamır, yazırdı. Yaşamının sonrakı illərində artıq Prust üçün həyatın rənglərinin, işığının, musiqisinin heç bir önəmi yox idi. Önəmli olan “mədəsində ilişib qalmış”, çaşqınlıq yaradan keçmişi həzm etmək, çeynəyib qurtarmaq idi. Beləcə keçmiş daimi olaraq yenilənməkdə, təhlillər dərinləşməkdə idi.

Prust fəlsəfəsində və real həyatda ən çox dəyərləndirdiyi insan şəxsiyyəti, mənəviyyatı idi, ilk növbədə öz şəxsində bütün bunları ifadə edir, əks etdirirdi. Berqsonun tələbəsi sayılsa da, böyük bir fəlsəfi biliyə sahib olsa da, filosof deyildi. O ümumilikdə dünyanı subyektiv həyatlardan toxunmuş gözəl bir xalçaya bənzədirdi. Marcel Prust təkcə itirilmiş bir dövrü əvvəldən sona qədər diriltməyə çalışmırdı, bu onun üçün ikinci dərəcəli məqsəd idi, həyatını bir daha, təkrar olaraq və daha dərindən, özü də oxucu ilə birlikdə yenidən yaşamaq istəyirdi.

A.V.Lunaçarski yazırdı ki, Prustun bəlkə də ən çox sevdiyi şey öz kitablarındakı xatirələrin rejissoru olmaq idi. Bu mövzuda onun tayı-bərabəri yox idi. Özünü tamamilə bir əlində qələm, yatağına uzanmış vəziyyətdə həm gözü, həm qulağı, həm də emosiyaları eyni gücdə hərəkətə gətirən bir rejissor işinə həsr etmişdi. Görünməmiş bir comərdlik, dərinlik və sevgi ilə hazırlanmış “Həyat” adlı filmdə öz rolunu özü oynayır. Yaxşı niyyətli tənqidçilərin ona ünvanladığı ittihamlar – tempinin ağırlığı, təfərrüatların bolluğu, bir şey söyləmək üçün kifayət qədər uzunçuluq, və fransız dili ilə heç bir əlaqəsi olmayan uzun cümlələr – bütün bunlar hamısı onun problemə rejissor kimi yanaşmasından qaynaqlanır.

M.Prustun obrazları təqdimatında “hədəf fiqur və ətrafı”, yaxud da “cəmiyyət və fərd” kontekstindəki müəllif yanaşması diqqəti cəlb edir. Svanın Odetta ilə münasibətini də ictimai mühit sanki daima nəzarətdə saxlayır. Mütəmadi olaraq onların münasibətini və şəxsiyyətini təhlil edib fikir mübadiləsi edirlər. Belə məqamlarda məsələnin əsli və cəmiyyətin baxışındakı “həqiqət” meyarı dramatik situasiya yaradır. “Anamla atam bu köhnə dostları, “Svanın oğlu” və “Jokey klubu üzvü Svann” şəxsiyyətinə yeni (hələ ki sonuncu olmayan) bir ad da əlavə etmişdilər: “Odettanın əri” kimliyini... (Marcel Proust. Kayıp Zamanın İzinde. Çiçek Açmış Genç Kızların Gölgesinde. Kitap 2. Yapı Kredi Yayınları, 2006, 540 s . s. 8).

Və ya, Odetta haqqında eşidilən replikalardakı istehzaya diqqət yetirək. “Bilirsinizmi, bu kimdir? Madam Svann! Anladınızmı? Əla, Odetta de Kresi –desəm?” “Odetta de Kresimi? Mən də öz-özümə deyirdim ki, bu hüznlü gözlər… Əslində, gənc sayılmaz artıq! Xatırlayıram, Mak-Maqonun istefa etdiyi gün onunla yatmışdım”, Məncə bunu özünə xatırlatmasanız yaxşı olar. İndi o madam Svann oldu, Jokey klubu üzvü və Qaller şahzadəsinin dostu olan bir bəyəfəndi ilə evlidir. Hələ də bir içim su”.

“Bəli, amma siz bir də özünü görsəydiniz o zamanlar, nə qədər gözəl idi! Çin işi olan heykəlciklərlə dolu qəribə, kiçik bir evdə yaşayırdı. Xatırlayıram, qəzet satıcılarının hay-küyündən rahatsız olmuşduq, axırda yataqdan qaldırmışdı məni” (Marcel Proust. Kayıp Zamanın İzinde. Çiçek Açmış Genç Kızların Gölgesinde. Kitap 2. Yapı Kredi Yayınları, 2006, 540 s . s. 8).

Romanda “Verdyurenlərin evi” deyilən bir kiçik cəmiyyət modeli, elit təbəqə simvolu kimi portretləşmiş, ümumiləşdirilmiş obraz da var. “Verdyurenlərin evi”, “Verdyurenlərin ziyafətləri” təkcə məkan və əyləncə vasitəsi kimi deyil, həm də həmin dövrün sosial təbəqələr arasındakı fərqi, cəmiyyətin mədəni-intellektual üzvləri hesab olunan adamların dünyagörüş və hadisələrə baxış tərzi demək idi. Bu evdə olan adamlar hər yerdə eyni cür qəbul edilmirdilər. İnsanlara münasibətdə bir “Verdyurenlər meyarı”, “Verdyurenlər baxışı” mövcud idi və bu yanaşma bəzən fərqli fikirlər formalaşdırırdı. Məsələn, Doktor Kotar çəkingən tərzi, hədsiz utancaqlığı və xeyirxahlığı ilə cavan vaxtından ona heyran olan Verdyurenlərin evindən başqa hər yerdə daima istehzalı münasibətlərə məruz qalmışdı. Onu olduğu kimi tanımayan iş yoldaşları və ətrafındakılar onu soyuqqanlı, iddialı biri kimi qəbul etdiyi halda Verdyurenlər ona yüksək qiymət verirdi. Odettaya da həmçinin... Kənar mövqelərdə əxlaqsız və zövqsüz, bayağı bir qadın kimi qəbul edilən Odetta bu evdə bütün fransız elitasının hörmətli şəxsi Svann səviyyəsinə bərabər tutulurdu və s.

Məşhur tənqidçilərin bir qismi M.Prust romanlarını Romen Rollanın romanları ilə müqayisə edir və Prustu onun davamçısı kimi görürdü. Fransız yazıçısı, ictimai xadim, “Bethovenin həyatı”, sonrakı illərdə “Mikelancelo” (1905), “Gendel” (1910), “Lev Tolstoy” (1911), Qandi (1924), “Vurğun ürək”(1922-1933), “Ramakrişna” (1930) kitablarının müəllifi, 1915-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatı laureatı adına layiq görülmüş Romen Rollanın 1904-1912-ci illərdə çapdan çıxan on cildlik “Jan Kristofun həyatı” epopeyasının qəhrəmanının arxasında Bethovenin proobrazı dayanırdı. Jan Kristof hakimiyyətin despotizmini və deqradasiyaya uğramış burjua əxlaqını tənqid edən yeni tipli qəhrəman idi. Bu əsərlərdə sonralar M.Prustun da diqqət mərkəzində saxladığı burjua cəmiyyətinin xarakteri, zamanı öz daşlaşmış ənənələri ilə cazibəsində saxlayan və köhnə paradiqmalarla “seçilmiş təbəqə” eqosu tənqid edilirdi.

“İtirilmiş zamanın sorağında” romanında ictimai-siyasi, sosial mühitlə bağlı problemləri qabartma üsulları müxtəlif vasitələrlə diqqətə çatdırılır. Eləcə də əvvəllər (müharibədən əvvəl) nazir işləmiş, indi isə səfir kimi fəaliyyət göstərən markiz de Norpua ilə söhbətlər, müzakirələr həmin mənzərənin obrazını yarada bilir.

Fransanı bir sıra xüsusi nümayəndə heyətində təmsil edən markiz de Norpua təcrübəli diplomat və siyasi obrazı olan yüksək təfəkkür sahibidir. Markiz de Norpua həm siyasət adamı, həm də elm, mədəniyyət, ədəbiyyat sahəsində diletant kimi uzun-uzadı söhbətlər edir. Marselin atası bu dostluqdan qürur duyurdu, onun Prusiyanın get-gedə artan gücü və müharibəyə istiqamətlənmiş məqsədləri mövzusunda bəlkə də imperatoru məlumatlandıran yeganə adam olduğunu, zəkasıyla XIX əsr dünya siyasətinin xüsusi fiquru olan Bismarkın rəğbətini qazandığını, Kral Teodosiusun şərəfinə verilən ziyafətdə kralın onunla uzun-uzadı söhbət etdiyini deyirdi.
Marselin ata-anası oğlunu diplomat kimi görmək istədiyi halda bu şəxsin məsləhəti ilə fikirlərini dəyişir və övladlarının ədəbiyyat sevgisini azad buraxırlar. M.de Norpua yeni nəsil diplomatlarını heç xoşlamırdı və Marselin valideynlərini də inandırmışdı ki, yazarlar da bir gün diplomatlar qədər böyük hörmət sahibi olacaq və bəlkə də daha artıq... Həm də yazarlar daha müstəqil, sərbəstdirlər...

“Burax canım, – dedi atam. “İnsan hər şeydən əvvəl məşğul olduğu işdən zövq almalıdır. Artıq uşaq deyil. Nə istədiyini bilir daha. Bundan sonra dəyişməsi ehtimalı çox azdır. Həyatda özünü nəyin xoşbəxt edəcəyini anlaya biləcək yaşdadır” (Marcel Proust. Kayıp Zamanın İzinde. Çiçek Açmış Genç Kızların Gölgesinde. Kitap 2. Yapı Kredi Yayınları, 2006, 540 s . s. 58).

Marselə bu sərbəstlik də dərd gətirir. O, atasının ona verdiyi azadlığa da az qala nifrət edir. “Atam mənimlə bağlı olaraq, “Artıq uşaq deyil, zövqləri dəyişməz daha” və s. – deməklə qəflətən zaman içində özümü özümə göstərmişdi. Bu anda duyduğum hüzn, (ağlını itirmiş qoca deyiləmsə) hansısa yazıçının kitabın sonunda xüsusi amansızlıqla, kəskin bir tonda “Kənddən getmək mümkün olmadı, axırda yerli-dibli kəndə yerləşdi” – deyə anlatdığı roman qəhrəmanlarından birinin nisgilinə bənzəyirdi” (Marcel Proust. Kayıp Zamanın İzinde. Çiçek Açmış Genç Kızların Gölgesinde. Kitap 2. Yapı Kredi Yayınları, 2006, 540 s . s. 59).
Marsel atasının bu bəyanatından həm də ona görə sarsılmışdı ki, o özünü həyata bütün arzuları ilə yenicə qədəm qoyurmuş kimi hiss etdiyi bir anda atası “artıq gecdir, iş işdən keçib” mesajı ilə onu qorxutmuşdu və bundan sonrakı həyatımın da əvvəlki hissədən yaxşı olmayacağı xəbərini eşitdirmişdi sanki...

Marsel “zamanın içində” və “zamanın çölündə” məntiqini real olaraq həyatına tətbiq edirdi və bildirirdi ki, atasının bu laqeydliklə elan etdiyi açıqlama onu həm də ona görə sarsıtmışdı ki, o həmin andaca özünü ona yaşamaq üçün ayrılan zamanın çölündə yox, içində hiss etməyə başlamışdı. Zaman qanunlarına ram olaraq uduzmuşdu. “Artıq gecdir” ifadəsi onun qulağında məhz həmin məğlubiyyətin yekunu kimi səslənmişdi.

“Dünyanın döndüyünü nəzəri olaraq bilirik, amma əslində, fərqində deyilik, üstünə ayaq basdığımız torpaq hərəkətsiz kimidir, biz isə rahat-rahat yaşayıb gedirik. Həyatda zaman üçün də eyni şey keçərlidir, romançılar zamanın keçib getməsini anlamaq üçün əqrəblərin hərəkətini dəli kimi sürətləndirərərk oxucu üçün iki dəqiqədə on, iyirmi, otuz ili ötürmək məcburiyyətindədirlər. Bir səhifənin əvvəlində ümidlərlə dolu halda buraxdığımız aşiqi sonrakı səhifənin sonunda səksən yaşında, atılmışlar evinin bağçasında güclə gəzən, söz soruşulanda gücl-bəla ilə cavab verən, keçmişi unutmuşlar olaraq tapırıq” (Marcel Proust. Kayıp Zamanın İzinde. Çiçek Açmış Genç Kızların Gölgesinde. Kitap 2. Yapı Kredi Yayınları, 2006, 540 s . s. 60).

Romanda hər bir xatirənin hekayəsi insanın yaşadıqlarının, hiss və düşüncəsionin, yaddaş ağrısının xronologiyasını andırır. Məlum olur ki, həyatımızı təşkil edən bir-birinə yaxın təəssüratların da yaddaşı var və vaxt olur ki, insan ən xırda təəssüratın, ən kiçik xatirənin, “bir an” hesab etdiyimiz zaman fraqmentinin də nisgilini yaşayır. Təkcə illər deyil, həm də evlər, küçələr, şəhərlər, məsçidlər və minlərlə başqa obyektlər yox ola, uçub gedə bilər, əgər daxili bir iradə və istək onları geri qaytarmaq arzusunda olmasa...

Marsel astma xəstəsi olduğu üçün həkimlər ona səyahət etməyi və bir çox qadağalarla yanaşı teatra getməyi də yasaq etmişdi. Teatra getsə, uzun sürən xəstəliyi daha da uzana bilər. Amma o ruhunu dincəldən, ona mənəvi zövq verən teatr səfərindən sonra bədəninin fiziki olaraq hansı əzabları çəkməsindən narahat deyildi. Teatr xəyalları özü bir roman mətni idi. Teatrı afişalarla yaşayan oğlana bir gün anası deyir: “Bax, səni üzmək istəmirik, əgər bu qədər zövq alacağını düşünürsənsə, getməyin lazımdır” (Marcel Proust. Kayıp Zamanın İzinde. Çiçek Açmış Genç Kızların Gölgesinde. Kitap 2. Yapı Kredi Yayınları, 2006, 540 s . s.20).

Teatr məsələsində ata-anasının qəddarlığına görə həmişə onlara gizli bir nifrət bəsləyən Marsel indi onların verdiyi bu sərbəstlikdən necə istifadə edəcəyinin sıxıntısını yaşamağa başlayır. Bu icazəyə görə ata-anasını anidən elə sevməyə başlayır ki, bu dəfə də onları üzməmək üçün teatrdan imtina etmək istəyir. Bu anda bütün reallıqlardan üstün olan bir hissin – sevgi hissinin mahiyyətinə varır. Valideynlərinin onun istəyinə hörmət jesti onun bütün təsəvvür və xəyallarını alt-üst edir və məhz yeni yaranan sevginin xatirinə teatr arzularını birdəfəlik sonlamaq istəyir. O anda beynindən keçən bütün fikirləri, yaşadığı tərəddüdləri təfərrüatı ilə yenidən canlandırır. Və xatırlayır ki, “hər şey qəflətən dəyişdi, Bermaya tamaşa etmək arzumu qamçılayan yeni bir hadisə bu “səhnəni” səbrsizliklə, xoşbəxtcəsinə gözləməyə məcbur etdi”. Hisslər idarədən çıxır və yenidən başqa bir sevgi – Berma oyununa tamaşa etmək sevgisi qərarını dəyişir. O, teatra gedəsi olur...

M.de Norpua ilə alman imperatorunun son teleqrafından, Berqottedən (Anatol Frans), Bismarkdan, Svandan və Odettadan, ədəbiyyatdan və başqa məsələlərdən söhbət açırlar. M.de Norpua Anatol Fransın Marselə pis təsirindən və onun bir romançı kimi qeyri-adi istedad sahibi olmamasından bəhs edir. Onun kitablarına qarşı iddialı, özünü bəyənən, danışığında bayağı, bəzən kitab dili ilə, üstəlik də öz kitablarından biri kimi yox, sıxıcı bir kitab dili ilə danışan adam olduğunu vurğulayır. “Bir yazar bir-birindən xoş təsir bağışlayan boşuna fişəng partlatdığı üçün dərhal bir şahəsər möhürü yapışdırıb ortalığa vəlvələ salır. Şah əsərlər bu qədər tez-tez rast gəlinən deyil! Berqottenin qazandığı uğurlar arasında, ilhamla qanadlanan, kitabxananızın sevilən guşəsində yerləşdirə biləcəyiniz bir roman, bir kitab yoxdur. Heç belə bir əsərini görməmişəm. Bununla belə, əsərlərinin müəllifindən daha üstün olduğunu qeyd etməliyəm. Yazarları, sadəcə, kitablarından tanımaq lazım olduğunu irəli sürən istedadı haqlı çıxaran bir nümunədir Berqotte” (Marcel Proust. Kayıp Zamanın İzinde. Çiçek Açmış Genç Kızların Gölgesinde. Kitap 2. Yapı Kredi Yayınları, 2006, 540 s . s.52).

M.de Norpua onun əsərlərini anlaşılmaz, dağınıq bir düşüncə ilə yazıldığını, haqqında bəhs etdiyi mövzunu mənasızlaşdırdığını deyirdi. Əsərin bu yerində Marselin Anatol Frans (Berqotte) heyranlığı sarsılırmı? – sualı haqqında düşünürük.

Romanın sonrakı hissələrində təhkiyəçinin (Marselin) Gilberte sevgisi isə davam və yeni obyektlərdə, yeni insanlarda həmin sevginin (Svann sevgisinin) təcəlləsi kimi əksini tapır. Marselin həyata, həyatdakı hər qarşılaşmasına sevgi ilə baxması Gilberte aşiqliyi ilə əlaqəli idi. Hər an və hər yerdə onu görmək istəyi dünyanı sevgi obyektinə çevirmişdi. Hətta Gilberttenin atası Svann və anası Odetta artıq Marsel üçün yeni anlam qazanmışdı. Bir zamanlar anasının Svann ucbatından ona “gecən xeyrə qalsın” deməyə gələ bilmədiyinə görə içindəki Svann qəzəbini unuda bilmədiyi üçün belə xəcalət çəkir. Svann artıq onun sevgi dünyasında önəmli bir fiqur idi.
Gilberte ilə görüşməyə başladığı zamandan etibarən Svann onun gözündə Kombredəki Svann deyildi, Gilbertenin atasıydı, daha çox.

Artıq onun adıyla bağlı düşüncəsində olan anlamlar əvvəllərdə olduğu və onu düşünərkən artıq heç ağlına gəlməyən anlamlar çərçivəsindən fərqli olduğu üçün gözüdə Svann yeni bir şəxsiyyət obrazında idi.

Bu sevgi süjetində də aşiq birtərəfli sevgi faciəsi yaşayır. Marsel Gilbertenin onu sevdiyini etiraf etməsi anının məktubunu sanki bir ömür boyu gözləyir və o da eynən Svann kimi iradəsiz, müti, yazıq duruma düşür.

Hər gecə Gilbertedən gələcək məktubu xəyal edərdi, xəyalında oxuyardı və hər cümləni özünə təkrarlayardı. Marsel ona 16 səhifəlik məktub yazmışdı və inadla cavab gözləyirdi. Birdən-birə dəhşətə qapılaraq dururdu. Nə zamansa Gilbertedən bir məktub alsa, inanardı ki, bu həmin məktub ola bilməz, çünki bu məktubun mətnini çoxdan öz başında tərtib etmişdi. Məktub isə gəlmək bilmirdi. Müəllif yenə məktub xəyallarına onlarla səhifə həsr edir. Düşüncənin, xəyalın, ümidin, sevginin, hörmət və ehtiramın bir məktuba bənd olması dramatizmi oxucunu da gərginləşdirir. Məktub həsrəti o qədər incəlik və təfərrüatla rəsm edilir ki, bu detalı ilahiləşdirməli, böyük əhəmiyyəti olan sənəd kimi gözləməli oluruq. Məktub mistik bir işarəyə çevrilir.Sanki bütün sevən və həsrətdən ürəyi çırpınan gənclər, bütün nəfəsi təngiyən xəstələr, hətta bütün Paris, bütün Fransa bu məktubu gözləyir. Məktub isə gəlmir...
“Mənə elə gəlirdi ki, bir neçə il sonra, artıq bir-birimizi unutduğumuz zaman geriyə dönüb o vaxtlar yazdığım məktubun əsla səmimi olmadığını ona söyləyəndə belə cavab verəcək mənə: “Necə olur, siz məni sevirdinizmi? Mənim o məktubu necə gözlədiyimi, görüşməyi necə istədiyimi, o məktubun məni necə ağlatdığını bir bilseydiniz!” Anasını ziyarətdən evə dönər-dönməz bəlkə, tam da bu yanılış anlaşılmanı düzəltmək düşüncəsi, içində qidalandırdığı hüznlə və Gilbertenin məni sevdiyini xəyal etmənin zövqüylə məktub yazmağa davam edirdim” (Marcel Proust. Kayıp Zamanın İzinde. Çiçek Açmış Genç Kızların Gölgesinde. Kitap 2. Yapı Kredi Yayınları, 2006, 540 s. s.194).

Romanda xatirələrin də aktivlik və passivlik dərəcəsi var və Gilberteni yaddaşında yaşadan küçənin (hətta anası ilə nənəsi irad tutur ki, bu adi və xüsusi əlamətləri olmayan küçədən yeri gəldi-gəlmədi nə qədər danışmaq olar?) fasiləsiz olaraq söhbət mövzusuna daxil olması və ya “daima əl altda olan Paris xatirəsi”nin tez-tez canlanması buna misal ola bilər. Onun özü xəyalında “Gilberte eşqi” adlı roman yaratmışdı, elə bir roman ki bütün süjet xətti, obrazları, kulminasiya və final həyəcanı yalnız və yalnız öz iradəsindən asılı olaraq dəyişə bilərdi.

Prust rəngin, qoxunun, istinin, soyuğun, hətta bir dalan küncündəki nəmişlik soyuğu və qoxusunu da obrazlaşdıra bilir. Yaddaşın uzaq dolanbaclarındakı ani bir kölgədə belə sevinc yaradan işartının tarixçəsini yazır... Həmin detalın yaddaşına işıq tutur və ya öz yaddaşındakı həmin fraqmentin assosasiyasını bədiiləşdirir. O dalanda, o nəmişlik soyuğunda aldığı xəbərə görə sevindiyi an ömürlük yaddaşında donub qalır. Və bu sevincin özünün də şəkli, xarakteri, portreti varmış: “Bu, əlimizdə tuta bilmədiyimiz, mücərrəd, bizi silkələyən sevinc deyildi, əksinə, qalıcı bir gerçəkliyə sahib olan incə, ölçülü-biçili, arxalana biləcəyim, konkret və etibarlı bir sevinc idi” (Marcel Proust. Kayıp Zamanın İzinde. Çiçek Açmış Genç Kızların Gölgesinde. Kitap 2. Yapı Kredi Yayınları, 2006, 540 s. s.70).
O həmin köhnə qoxunu axtarır və intuisiya, yaddaş enerjisi ilə geri çağırmağa başlayır, fəqət həmin anda bu mənzərəni alt-üst edən yaşlı, qırmızı parikli, üz-gözünü toz bürümüş bir qadın ondan nəsə soruşduğu üçün düşüncə sistemində çat yaranır...
Həmin nəmişlik qoxusu uzun illər öncənin bir hekayəsini də dirildir. Marselin Adolf əmisinin otağının şəkli, o nəmişliyin sərin mehinin təkrarı... Özü də təəccüblənir ki, bu qədər kiçik bir detal, bu qədər əhəmiyyətsiz bir xatirə nədən onu bu qədər xoşbəxt etdi? Və təəccüblənirdi ki, bu qədər böyük xoşbəxtliyi, coşqunluğu ona dərin, fəlsəfi fikirlər yox, adi bir kif qoxusu yaşatdı...
M.Prust haqqında iki məqalə (“Marsel Prust” və “Marsel Prustun ölümü”) müəllifi olan A.V.Lunaçarski onun “İtirilmiş zamanın sorağında” romanı barədə yazırdı: “Xatirələr qeyri-adi canlılıqla diqqəti çəkirdi, sanki bir zamanlar, çox qədimdən ucsuz-bucaqsız bir dənizdən coşaraq sahilə çırpılan dalğaların ardından başqa bir dalğa gəlir. Bu ikinci dalğa gerçək olmayan dalğa idi, ilk müşahidə olunan dalğaların tam eynisi, yenilənməsi idi. Duyğu orqanlarının daha əvvəldən tanıdığı bir dalğaydı, ən kiçik ayrıntısına, çalarınadək çözülmüş, bütün incəlikləri ilə minlərlə dəfə yaşanmış bir müşahidə dalğasıydı. Şübhəsiz ki, yaradıcı mətnlərdə böyük rol oynayan bu heyrətləndirici xatirələr dalğası Prustun əsərində həm təsiredici, həm də çox faciəli şəkildə ifadə edilib. Prust keçmişi sevir, amma özlüyündə sanki keçmişin olmadığına əmindir. Elə bil qat-qat qatlanmış böyük xalılara, böyük şallara bənzəyən xatirələrini istədiyi zaman aça biləcək, onların içindəki sevinclərə, acılara, məğlubiyyət və qələbələrə istədiyi zaman toxuna biləcəkdir”. (Анатолий Луначарский. Собрание сочинений в восьми томах, Том 6. Зарубежная литература и театр. Мockва, Художественная литература, 1965, s.158).

Ardı var...

# 1803 dəfə oxunub

Müəllifin son yazıları

# # #