Sevdiyi qadından qorxurdu: “Mənə nifrət elə...”

Sevdiyi qadından qorxurdu: <span style="color:red;">“Mənə nifrət elə...”
4 iyul 2016
# 08:30

Kulis.Az Günel Natiqin “Kafka yalqızlığı” yazısını təqdim edir.

O tənhalıq məktəbini keçmişdi. Uşaqlıq illərinin tənha çağlarını xatırlayırdı. “O vaxt mən buna məhkum idim, indi isə tənhalıqda özümü suda balıq kimi hiss edirəm”.

...Frans Kafka 3 iyul 1883-cü ildə Praqada yəhudi ailəsində dünyaya gəlib. Atası - Cənubi Çexiyanın çexdilli yəhudi icmasından olan German Kafka ticarətlə məşğul olurdu. Anası Podiebarddan olan varlı pivə istehsalçısının qızı idi. O, evdə almanca danışmağa üstünlük verirdi. Kafkanın özü almanca yazırdı, hərçənd çex dilini də gözəl bilirdi.

1840-cı ildə Praqa alman şəhəri idi, hələ 50 ildən sonra o çex şəhərinə çevriləcəkdi. Sənayeləşmə paytaxta fəhlə qüvvəsi cəlb edirdi. Şəhərin əvvəlki hüzurundan, dincliyindən əsər-əlamət qalmamışdı, Praqa əvvəlki doğma şəhərə bənzəmirdi... Üstəlik, şəhərin köhnə hissəsi izolyasiyada idi, bu da Fransın əsəblərinə təsir edirdi. Kafka yeni Praqanı sevmirdi, o, burdan qaçıb uzaqlaşmağı arzulayırdı... Dostuna yazdığı məktubda deyirdi: “Mən çıxıb gedərdim, amma bu mümkün deyil, çünki bu şəhərin caynaqları var”... O bütün ömrü boyu öz tənhalığına doğru yol gedirdi. Qapalı təkliyi ona özünü almanlar arasında yəhudi, yəhudilər arasında alman kimi hiss etdirirdi.

Mütəxəssislər Praqada danışılan alman dilini saxtalıqda qınayırdılar. Çünki onların fikrinə görə, bu dil onu bəsləyən köklərindən uzaq düşmüşdü. Kafkanın dili haqqında deyirdilər: “O quru, cansız, demək olar ki, abstrakt olan təmiz almanca yazır, onun dilində rənglər, parlaqlıq, istilik yoxdur”. Bu fikirlər şişirdilmiş olsa da, Kafkanın yazı manerasının bəzi məqamlarına işıq tutur. Maks Brodun sözlərində həqiqət vardı: “Kafkanın dili müdrik və sadədir, o, zahirən quru və cansız görünsə də, dərinliyindəki alov oxucunu qarsır”.

Mənə elə gəlir ki, mən tam olaraq doğulmamışam

Kafkanın özündən balaca iki qardaşı və üç bacısı var idi, hər iki qardaşı iki yaşına çatmamış tələf olmuşdular.

Kafkaya görə, onun ana və ata nəsli ziddiyyətlərlə dolu idi; ata tərəfi güclü, sağlam, özündən razı, ağıllı, nəcib, inadkar, ana tərəfi həssas, ədalətli, narahat idi. O isə bu ziddiyyətlər arasında öz yerini tapmağa çalışırdı.

Kafkanın nəsli nəhəng boyuyla seçilirdi. Deyirdilər ki, onun qəssab olan babası un kisələrini dişləriylə qaldıra bilirdi. Bu ailədə hamı, hətta bacıları da canlı-cüssəli idi. Amma Kafka öz uzun boyundan utanır, özünü güclü-cüssəli deyil, yöndəmsiz hesab edirdi.

German Kafkanın portreti özündən məmnun adam təsiri bağışlayır. Kafkanın atasına yazdığı, az qala hamıya bəlli olan məktubu bu adamın kobudluğuna, eqoistliyinə heç bir şübhə yeri qoymur. Amma atasının qabalığından yalnız Frans əziyyət çəkmirdi, onun ikinci bacısı da atasının tiranlığından qurtulmaq üçün tez-tələsik ərə getmişdi. Ən kiçik bacısı da Germanın əzazilliyinin qurbanı idi, ona görə Fransla bir-birlərini daha yaxşı başa düşürdülər.

German Kafkanın qəddarlığı ədəbiyyat tarixinə düşüb. Bu epizodların birini Kafka “Atasına məktub”da xatırlayır. “Xatirinizdədir, mən sizdən içmək üçün su istədim? Əslində, niyyətim su içmək deyil, balaca uşaqlara xas şıltaqlıq idi, siz isə məni yatağımdan qaldıraraq bircə gecə köynəyində taxta balkona çıxarıb arxamca qapını kilidlədiniz. Sonra isə hədələr yağdırmağa başladınız”.

German Kafka hamını lağa qoyurdu - çexləri, almanları, yəhudiləri, nökərləri, uşaqları, onların dostlarını... Frans atasına ithaf etdiyi “Kənd həkimi hekayələr toplusu”nu evə gətirdiyi günü isə ömür boyu unutmayacaqdı, German kitabın heç üzünə də baxmadan demişdi ki, onu dolabın üstünə qoysun. Kitab elə ordaca qalmışdı. Ata bunu belə izah edirdi ki, bu kitabı oxumamaq məsləhətdir, belə ki, onun oğlu haqqındakı fikirləri daha da korlana bilər.

Frans getdikcə daha çox içinə qapılır, özünə inamı yoxa çıxır və sərbəst danışıq qabiliyyətini itirirdi. “Düzdür, məndən bəlkə də bəlağətli natiq çıxmazdı, amma heç olmasa adi insan kimi fikirlərimi izah edə bilərdim axı. Sən mənə çox erkən vaxtlardan söz deməyi qadağan etdin. Sən “Etiraz etmə” deyə məni hədələyirdin və sənin hədələyən barmağın bütün həyatım boyu məni izlədi. Mən kəkələyən, söz deməkdən qorxan bir adama çevrildim, çünki sənin yanında nə danışa, nə düşünə bilirdim”.

“Çevrilmə” hekayəsini xatırlayaq. Kafka burda da simvollarla danışır. Qreqor Zamza şübhəsiz Frans Kafkanın özüdür. Özünün adamsevməzliyi, tənhalığa meyli onu əcaib məxluqa çevirib. O, işindən, ailəsindən, digər insanlardan uzaq düşüb, bir otağa qapalı qalıb, o otağa isə heç kim ayaq basmağa cürət eləmir, hamı ona ikrahla baxır. Əslində bu əsərin yüz cür yozumu var, ən böyük yozumlarından biri isə şübhəsiz ki, onun atası ilə bağlıdır.

Əsərdəki “çevrilmələr” Kafkanın taleyində də olmuşdu. Ailəsinin gözündə özünü miskin məxluq kimi hiss etdiyi anlar ona bu hekayəni diktə etmişdi.

Mən həmişə narazıyam

Məktəbdə gözə çarpmayan uşaq idi. Onun haqqında belə deyirdilər: “Biz onu sevir və qiymətləndirirdik, ancaq onunla açıq danışa bilmirdik, o sanki şüşə divarla əhatə olunmuşdu”.

Cinsi istəkləri çox gec oyanmışdı, bu bəlkə də böyüdüyü mühitin təsiri idi: “Yeniyetmə vaxtı seksual planda mən fərasətli deyildim, hətta biganə demək olardı, bəlkə də uzun müddət belə qalmaqda davam edəcəkdim, əgər tanışlarım məni güclə seksual aləmə meyl etməyə məcbur etməsəydilər”. Sinif yoldaşı Utis deyirdi ki, bir dəfə onu “çox pis yerə” aparmışdıq, Frans elə bil qonaq gəlmişdi, maraqla oturub vərdiş etmədiyi məkana baxır və nəzakətlə gülümsəyirdi.

Kafka 18 yaşına çatanda universitet ixtisası seçməli olur. Əslində, gimnaziyada olduğu kimi hər şey onun üçün boş və mənasız idi. Düzdür, atası onun peşə seçiminə müdaxilə etməmişdi, amma həyata qarşı laqeydliyində sözsüz German Kafkanın təsiri vardı.

Uzun tərəddüdlərdən sonra nəhayət Kafka yolunu bəlli edir. Bu, hüquq fakültəsi idi. Əslində təhsil də onun üçün xilas yolu deyildi. Həyat rəngsiz və ümidsiz idi.

Gündəliklər

Kafka gündəlik tutmağa 1909-cu ildən başlayır. Hərdən gündəlikləri nəzərdən keçirib özlüyündə düşünürdü ki, burda dəyərli bir material yoxdur, bəlkə də elə ocağa atıb yandırsa yaxşıdır. Sonra da bu fikrə gəlirdi ki, bu materiallarda dəyərli bir şey olmasa da, atmaq üçün elə bir səbəbi də yoxdur. Son nəhayətdə gündəlikləri saxlamaq qərarına gəlirdi. Əslində isə bu gündəliklər ədəbiyyat tarixi üçün bir xəzinədir.

Bəzən gündəlikdə bir hekayənin 5-6 variantına rast gəlmək olur. “Mənim bədbəxtliyim ondadır ki”, - o, 17 dekabr, 1910-cu ildə yazırdı, - “Mənim bu il cırıb atdığım və ya üstündən xətt çəkdiyim yazılar mənə çox mane olur. Axı onlar böyük bir dağ kimi idi, mənim nə vaxtsa yazdıqlarımdan dəfələrlə çox idi və indi hər dəfə qələmə əl atanda həmin o reallaşmamış kütlə mənim yazdıqlarımı özünə doğru çəkir”. Elə həmin gün Maks Broda məktubunda yazırdı: “Mənim bədbəxtliyim ondadır ki, mən bəyənə biləcəyim bircə sətir belə yaza bilmirəm. Hələ Parisdə olduğum vaxtdan üzü bəri yazdıqlarımı çoxdan cırıb tullamışam. Mənim bütün bədənim məni hər bir sözə qarşı ayıq-sayıq olmağa çağırır, hər bir söz mən onu yazmazdan qabaq ətrafa baxır, sözlər sanki qələmimin altında ətrafa səpələnir və mən onun daxilini görüb dərhal əl saxlamalı oluram”.

Kafka gündəlik tutmaqla özünü yazmağa məcbur edirdi.

21 dekabr, 1910-cu ildə o yazırdı: “Baumun yanında oldum, çox əntiqə şeylərə qulaq asdım. Mən həmişəki kimi zəifəm. Mənə elə gəlir ki, əl-qolumu bağlayıblar, eyni zamanda başqa bir duyğu da hakimdir: sanki əl-qolumu açsaydılar, daha betər olardı”.

Yuxusuz gecələr keçirirdi. Yuxusuzluq azarına tutulmağı bəlkə də yazdıqlarının təsirindən idi. Kiçik sarsıntılar onun həssaslığını artırır və o, yazıya qarşı güclü qorxu hissi duyurdu. “Təsəllini onda tapıram ki, çoxdandır yazmıram və yazmaq peşəsi mənim hazırkı günümdə öz daimi yerini tutmağa qadir deyil. Beləcə təskinliklə yatmağa yollanıram”.

Maraqlıdır ki, Kafka da sözlərin əsirliyində qalır, onları mətnə gətirmək üçün əziyyət çəkirdi. “Müəyyən bir fasilədən sonra yazmağa başlayanda, sanki hər sözü, hər kəlməni hansısa boşluqdan çəkib çıxardıram. Güc-bəla bircə söz əlimə keçən kimi, məcbur oluram həmin zillətlə ikinci sözün ardınca gedim”.

Yəhudi aktyorları

Kafkanın həyatında çevriliş edən hadisələrdən biri yəhudi aktyor qrupunun Praqaya gəlişi idi. Tamaşaları ivrit dilində oynayırdılar. Bu janrın yaradıcısı Alfred Qoldfaden Ukraynada doğulmuş və Jitomirdə ravvinlərin seminarında oxumuşdu. Bu pyeslər Rusiyada çox sevilirdi, amma 1883-cü ildə çar hökuməti onları tamaşaya qoymağı qadağan etmişdi. Ona görə teatr truppaları başqa ölkələrə mühacirlik edir, bir çoxları isə Birləşmiş Ştatlara pənah aparırdı.

Qoldfadenin pyesləri operettalar kimi qəbul edilirdi, belə ki, bu tamaşalar musiqiylə müşayiət olunurdu. Müəllif operettaları üçün süjetləri Bibliyadan və ya yəhudi xalqının tarixindən götürürdü. Kafka tamaşaların bədii dəyərini şişirtmir, ancaq eyni zamanda onlara böyük ciddiyyətlə yanaşırdı. Özünü dərk etmək üçün bu pyeslərə ehtiyacı vardı. Amma sonralar gündəliyində yazırdı ki, bu pyeslərdəki aktyorlara artıq əvvəlki həssaslıqla yanaşa bilmir, çünki onlar həddindən artıq monoton və cansıxıcıdır. “İlk pyeslərdə mən iudaizmi tapmağa cəhd edirdim, o iudaizm ki, keçmişi mənim içimdədir, o yenidən oyanıb mənim yolumu işıqlandıra bilərdi. Amma görürəm ki, əksinə, mən tamaşalara baxdıqca, o daha çox məndən uzaqlaşır”.

Kafkanın iş yoldaşları və ünsiyyətdə olduğu adamlar əsasən yəhudilər idi, amma Kafka bunun fərqinə belə varmırdı. Onun dostu Maks Brod iudaizmlə daha çox maraqlanırdı, nəinki o. Amma sonralar “Atasına məktub”da onun ilk oyanmalarından bəhs edirdi.

Kafkanın ailəsində iudaizm orta səviyyədə idi. Onlar yalnız ən böyük bayramlarda məbədə gedirdilər. Və dini mərasimlərə riayət bununla da başa çatırdı. Əlbəttə, Kafka bilirdi ki, atası uşaqlıq xatirələrini, öz keçmişini unutmayıb, amma dini etiqad vaxt keçdikcə öz kəsərini itirirdi. German üçün öz mənşəyini gizləyərək xristian əhaliylə qaynayıb-qarışmaq hətta sərfəli idi...

Və uzun illərdən sonra Kafka özünü hamının nifrət etdiyi, ac-yalavac, amma öz iudaizmini qoruyub yaşadan aktyorların əhatəsində görmüşdü. Praqalılar Şərqdən gəlmiş teatr truppalarına diqqət yetirməməyə çalışırdılar, yəhudilərin özləriylə antisemitizm dalğasını gətirəcəklərindən ehtiyat edirdilər. Kafka aktyorlara simpatiya ilə yanaşır və bu aləmə məxsus olduğunu anlayırdı. İudaizmi kəşf etmək o demək deyildi ki, dini ayinlərə əməl edəsən. Bu o demək idi ki, özünü müəyyən bir ənənənin və müəyyən tarixin varisi kimi hiss edəsən, digər yəhudilərin sevinc və kədərini bölüşə biləsən.

Beləcə Kafka özünü başqa bir dünyada görür. Əlbəttə, o, bu dünyaya daxil ola bilməz, o, artıq başqa adamdır. Amma bu, ekzotik aləmə ekskursiya kimidir...

Felisa

1912-ci ilin yay aylarının sonlarıdır. Aktyorlar 5 aydır ki, Praqanı tərk ediblər. Vermarda dostu Maks Brodla keçirdiyi gözəl günlər arxada qalıb. Gündəlikdə ümidsiz yazılar yenə bir-birini əvəz edir:

“10 avqust. Heç nə yaza bilmədim”. “11 avqust. Qətiyyən heç nə”. “15 avqust. Mənasız gündür. Yuxulu kimiyəm”. “16 avqust. Nə işdə bir yenilik var, nə də evdə”. Eyni zamanda kiçik həcmli kitabın çapına hazırlıqlar gedir. 31 səhifəlik bu yığcam kitab Maks Brodu sevindirsə də, Kafkanı məyus edir.

Maks Brod həyatında yenilik edir, çoxdan görüşdüyü Elza Taussiçlə evlənir. Evli dost Kafkanın “Hökm” əsərində dediyi kimi, artıq dost sayılmır. Kafka təklikdən qurtulmaq üçün həyatını dəyişmək, ailə qurmaq kimi fikirlərə qapılır. Əlbəttə, onun ədəbi yaradıcılığı bundan ziyan çəkə bilər, amma öz yaradıcılığı ona elə miskin görünür ki, hər şeyi bəlkə də ona qurban verməyə dəyməz, deyə düşünür.

1912-ci ilin 13 avqustunda Kafka Maksla hansısa mətni müzakirə etmək üçün onun valideynlərinin evinə gedir, Berlindən gəlmiş Felisa Bauer adlı qız orda qonaq idi. İki gün sonra o, öz gündəliyində yazırdı: “Onun haqqında, F.B haqqında çox düşündüm. (Çox qəribədir, bu adı yazarkən elə həyəcanlanıram ki.)”

Bir həftə sonra həmin görüşü belə təsvir edirdi: “13 avqustda mən Maksgilə gələndə, o, sakitcə masa arxasında oturmuşdu və mən elə bildim ki, o qulluqçudur. Bir sözlə, onun kim olduğu ilə maraqlanmadım, amma onun yanımızda olmasına çox tez alışdım. Sümüklü çöhrəsi heç bir məna ifadə etmirdi. Boynu açıq idi. Elə geyinmişdi, elə bil öz evindədir. Burnu elə bil sınmışdı. Saçları sarışın, bir az cod və cazibədən məhrum idi. Oturarkən mən ona ilk dəfə diqqətlə baxdım. Oturanda isə onun haqqında artıq öz qərarımı vermişdim”.

Düşünmək çətindir ki, Kafkanın bu cür soyuq boyalarla təsvir etdiyi qadın obrazı iki gün sonra onun bütün duyğularına hakim kəsiləcəkdi. Maks Broda məktubunda ilk etirafını edirdi: “Dünən mən mətnləri yerbəyer edəndə dünənki xanımın təsiri altındaydım”.

Bu məktublar onun üçün elə dəyərli idi ki, hamısını gündəliyinə köçürürdü... İki gün sonra, o, bir oturuma 12 səhifəlik “Hökm” əsərini yazır. Ayın sonunda yeni şövqlə özünün “Amerika” romanının redaktəsinə başlayır. Dərhal sonra isə “Çevrilmə” hekayəsini yazır. Kafkaya əzab-əziyyət verən durğunluq sona çatmışdı. Amma həyatının daha ağır faciəsi ona doğru yol gəlirdi...

“Hökm” onun ən güclü və ən sirli əsərlərindəndir, burda deyilən fikirlərin gizli kodunu hətta dostlarına və gündəliyinə də etibar etməyib. Sadəcə ədəbiyyat aləmi onu özü kəşf edir və bəlkə də onun istədiyindən artıq fikirlər söyləyir.

...Felisanın ailəsi milli adət-ənənələrə bağlı idi, qız özü qədim yəhudi dilini öyrənir və sionizmə meyl edirdi. Deyib-gülməyi, rəqs etməyi xoşlayırdı. Amma Kafka üçün onun nə daxili dünyası, nə də zahiri görkəmi önəmliydi, o qıza aşiq idi, vəssalam.

İlk məktubunda o Felisaya yazırdı: “Mən israr etmirəm ki, siz mənə dərhal cavab verəsiz. Amma siz dərhal cavab verməyəndə çox dilxor oluram. Məktub nəhayət gəlib çatanda isə sevinc və həyəcandan özümü itirirəm”.

Felisa birinci məktuba dərhal cavab yazdı, ancaq bir neçə gündən sonra Kafkadan daha uzun bir məktub gəldi. Felisa bu məktubu cavabsız qoydu. Kafka özünə yer tapa bilmir və elə hey düşünürdü ki, bəlkə məktub yolda itib-batıb? Bu narahat günlərində Kafka tezliklə ədəbi almanaxda çıxacaq olan “Hökm” əsərini Felisaya həsr etməyi qərara alır. Nəticədə vəziyyət düzəlir, Felisadan yeni məktub gəlir.

Sev məni, eyni zamanda nifrət elə

Felisanın həyatının kiçik və önəmsiz detalları da onun üçün maraqlı idi. Məsələn, soruşurdu ki, o işə hansı geyimdə gedir? Və yaxud onun iş otağının pəncərəsindən hansı mənzərə görünür? Sonra Kafka özünün həyat tərzindən bəhs edir, öz vərdişlərini sadalayırdı: “O nə palto geyinir, nə pencək - hətta ən soyuq havada belə. Yatdığı otağın pəncərəsi həmişə yarıaçıq olur, heç vaxt paltarını dəyişmir, o, vegetariandır, eləcə də qəti surətdə tütün, alkoqol, kofe, çay, şokaladdan da imtina edir. Həmişə öz otağında, demək olar ki, təklikdə nahar edir, hər dəfə də eyni xörəyi yeyir.” Kafka bunları deməklə bəlkə də sevgilisində özünə qarşı mərhəmət oyatmaq istəyirdi.

Kafka sevgilisinin məktublarını həsrətlə gözləyir və onlar söz verilən vaxt gəlib çıxmadıqda Felisanı qınayırdı. Onların arasında sözlərdən başqa heç nə yox idi. Nəhayət, bir-birlərinə “sən” deyə müraciət etməyə başladıqda Kafka ona məktubunda yazırdı: “İki adamı bu söz qədər heç nə birləşdirə bilməz, xüsusilə əgər bu adamların arasında sözdən başqa heç nə yoxdursa.”

O, özünü “ölü kimi hiss edir” və canlı varlıqdan yapışıb həyatda qalmaq istəyirdi. Amma məktublaşmalar özüylə anlaşılmazlıqlar gətirirdi. Növbəti məktubdan sonra o yazırdı: “Necə? Siz hələ məni rədd etməmisiz? Mən isə artıq düşünməyə başlamışdım ki, son vaxtlarda əlindən qaça bildiyim (ya da ki, mən elə hesab edirdim) fəlakət yenə yaxınlaşmaqdadır”.

Kafka özü etiraf edirdi ki, məktub yazmağa sərf etdiyi vaxt ərzində Berlinə gedib-gələ bilərdi. Amma əslində bu görüşdən qaçırdı. Çünki Felisa ilə üzbəsurət görüşsə, duyğularını ifadə edə bilməyəcəkdi. Həm də tez-tez təxirə saldığı evlilik təklifini ləngitmək üçün artıq bəhanəsi olmayacaqdı. Eyni zamanda o düşünürdü ki, əgər bir evdə yaşasalar, sevdiyi qadın ona iki gün də tab gətirə bilməyəcəkdi. O, Felisaya həm yalvarır, həm də onu qoruyurdu. “Sev məni, eyni zamanda mənə nifrət elə”.

Pasxa yaxınlaşırdı, yenidən Berlinə getmək imkanı vardı. Kafka yenə bəhanələr gətirmək istəyirdi, amma son məqamda fikrini dəyişir və Berlinə yola düşür. Ertəsi gün o Felisanı həyəcanla mehmanxana otağında gözləyirdi. Nəhayət görüş baş tutur.

Pasxa görüşündə Kafka öz qüsurlarını sadalayır və seksual problemlərindən danışırdı. “Bütün bunların müqabilində siz mənim təklifimi qəbul edirsinizmi? Mənim arvadım olmağa razısınızmı”? Felisiya onun təəccübünə rəğmən təklifi qəbul edir. Kafka öz tələsinə düşür. O, anlayır ki, evlilik həyatı onun üçün deyil. O, Felisadan tələsməməyi xahiş edir.

Felisa tətilini Şimal dənizi sahilində keçirir. Onun məktubları getdikcə daha qısa və kəskin olurdu. Kafka ona təklif edir ki, Berlinə dönüşdə Praqaya gəlsin. Felisa imtina edir, o Kafkanın Berlinə gəlməyini daha münasib sayırdı. Ancaq Kafka Berlinə getməyə hazırlaşarkən Venada beynəlxalq konqres başlayır və ona bu tədbirdə iştirak etməyi təklif edirlər. O, Felisaya söz verir ki, qayıdanda mütləq Berlinə baş çəkəcək. Ancaq o Venadan Venetsiyaya gedir və Felisaya məktub yazır:

“Mən burda təkəm, mehmanxana xidmətçilərindən başqa demək olar ki, heç kimlə danışmıram. Mən kədər içindəyəm. Ancaq məndə belə bir hissiyyat var ki, mən buna layiqəm. Bu halda olmağım bəlkə də ilahi qüvvələrin ədalətidir; mən təkliyimi tərk etməməli və ömrümün sonunadək belə yaşamalıyam”.

Mən sanki zəncirlənmiş cani idim

Sükutu Felisa pozur. Kafkaya məktub yazaraq onu Berlinə dəvət edir. Ona məktubunda Kafka yazırdı: “Sənin üçün dəli kimi darıxıram, xiffət qəhər kimi sinəmi tutub”.

Nəhayət 1913-cü il, 1 uyunda nişan mərasimi baş tutur. Kafka üçün bu əzablı bir gün idi. Bir neçə gündən sonra o gündəliyində yazırdı: “Berlindən qayıtdım. Elə bil məni cani kimi zəncirləmişdilər. Əgər mənə qandal taxıb jandarmların əhatəsində baş verənlərə tamaşa etməyə məcbur etsəydilər, heç bu qədər dəhşətli olmazdı. Məndə həyata həvəs oyatmağa çalışırdılar, amma bu mümkün olmadığı üçün məni olduğum kimi qəbul etməkdən başqa əlacları qalmırdı. Hamıdan çox Felisa əzab çəkirdi. Axı o, bilirdi ki, başqalarına yalnız ədəbazlıq kimi görünən şey onun üçün fəlakətdir”!

Noyabrın 14-də nişan pozulsa da, Kafka Bauer ailəsi ilə əlaqəni kəsmir. Digər tərəfdən onu heydən salan yaradıcı gücsüzlüyü idi. O, özünü yalnız yatıb dincəlmək istəyən qoca kimi hiss edirdi.

Ürək və beyin arasında gedən amansız mübarizə ona baha başa gəlirdi. O, yuxusuz gecələr keçirir, onsuz da zəif olan bədəni taqətdən düşür, fəsadlar yaradırdı. Vərəmə tutulması xəbəri onun üçün gözlənilməz olmadı.

“Mən sənə bir sirr açacam, düzdür, ona heç mən özüm də tam əmin deyiləm, amma bu necə olsa həqiqətdir. Mən sağalmayacam. Çünki bu adi vərəm deyil. Bu, silahdır və nə qədər ki, sağam, mənim ona həmişə ehtiyacım olacaq”.

7 dekabr, 1916-cı ildə Felisaya yazırdı: “İki il müddətində bircə sətir belə yazmadıqdan sonra həyasızlığın o həddinə çatdım ki, yazılarımı kütləvi oxunuşa təqdim etdim. Halbuki, il yarımdır mən dostlarıma heç nə oxumurdum...”

Doğrudan da Kafkanın yaradıcılığı eyni məhsuldar xətt üzrə getmirdi. Əsərləri demək olar ki, iki illik fasilədən sonra yazılıb: 1912-ci ildə “Hökm” və “Çevrilmə”, 1914-cü ildə “Proses” və “İslahedici koloniyada” əsərləri dünyaya gəlib. Amma Felisaya həyəcanla bu sətirləri yazan Kafka bilmirdi ki, tezliklə qarşısında yeni mərhələ açılacaq və bir ildən çox davam edəcək. 17-18-ci illərdə yazılmış əsərlər bəlkə digərləri kimi iddialı deyil, amma daha bitkin nümunələrdir. Həm də bu əsərlərdə yazıçı öz qələminə olan şübhələrini dəf edə bilib. Eləcə də bu illərdə onun 6 əsəri müxtəlif jurnallarda işıq üzü görür.

- Siz yalqızsınız, eləmi?

Kafka başını tərpədir.

- Kaspar Hauzer kimi?

- Daha betər. Mən Frans Kafka kimi yalqızam.

Kafka hansısa məqamda öz içində özüylə barışır və hətta ona elə gəlirdi ki, əsl gücü nə qədər qəribə də olsa elə onun zəifliyidir. 1912-ci ildə yazırdı: “Yenidən yazmağa taqətim varmı? Hər halda, bu nəsə başqa şey olacaq, başqa bir yerə dirənəcək...”

Amma bir məqamda ümidlərini itirir və anlayırdı: “Hamısı xülyadır - ailə də, dostlar da, iş də, lap elə qadın da. Hamısı uzaq, ya yaxın xülyalardır. Ən yaxın həqiqət isə odur ki, sən başını qapısız və pəncərəsiz kameranın divarına döyürsən...”

# 2772 dəfə oxunub

Müəllifin son yazıları

# # #