Kulis.Az Günel Natiqin “Ağ işığın ağ kədəri” yazısını təqdim edir.
İnsanlar bir-birlərinə zəncirvari bağlıdırlar. Bu sevgi, hörmət, sədaqət, bağlılıq və s. hisslərdir. Halqalardan biri qırılanda duyğularımız da deformasiyaya uğrayır. Nə qədər çalışırıq bərpa edək, mümkün olmur.
Ustad diktor Bəxtiyar Şərifzadə dünyasını dəyişəndə bu hissləri keçirdim. Zəncirbəndin halqalarından biri qopdu. O halqalar ki, təmiz hisslərlə, saf əqidəylə bir-birinə bağlı idi, qırılıb töküldü və biz boşluqda qaldıq.
O, teleməkanın ən nadir səslərindən idi; səsində məğlubedilməzlik və əzəmət var idi. Uzun illər idi ki, Azərbaycan tamaşaçısı və dinləyicisi onun səsinin sehrindəydi.
O, peşəkar diktor məktəbinin son nəhənglərindən idi. O, özü də bir məktəb idi. Özünəməxsus üslubu, səs tembri, öz texnikası vardı. Tələbələr yetişdirirdi. Hər birinə də “siz daha böyük işlər görəcəksiniz” deyə onları gələcəyə həm də mənəvi cəhətdən hazırlayırdı.
Əhvalı həmişə yüksək olardı. Amma biz bilirdik ki, bu zahirən belədir. Ağrılarını içində yaşayardı. Böyük sevinclərini də görə bilmədik. Qapalı adam idi əslində.
Bir neçə il əvvəl infarkt keçirmişdi. Həmin vaxtlarda mən də nasaz idim. Rastlaşanda “gözümə birtəhər dəyirsən”, dedi, amma öz problemlərindən danışmadı. Halbuki, bilirdik ki, bu müddətdə nələr çəkib.
Hərtərəfli, savadlı adam idi. İstənilən mövzuda rahatlıqla söhbət edə bilirdi. Filosofluğu da vardı. Təəccübləndirməyi bacarırdı. Bir dəfə onu ağ rənglə bağlı hazırladığım verilişə dəvət etdim. Dedi ki, ağ rəng - ağ işıqdı, ağ rəng - həkimin “sizdə xəstəlik yoxdu”, - deməsidi... Sonra dedi, o özü günün missiyasına uyğun geyinir, rəngləri buna görə təyin edir, diqqət çəkmək istəməyəndə adətən ağ rəngi seçir.
Görəsən öldüyü gün hansı rəngi seçmişdi?..
Teletamaşalara aktyor kimi dəvət olunurdu. Belə tamaşaların birində Mirzə Cəlili oynamışdı. Fotolarına baxanda baxışlarındakı dibsiz kədər məni sarsıtdı... Onu Mirzə Cəlillə eyniləşdirən başqa özəlliklər də vardı. Məsələn, o da xalq üçün yananlardan idi. Özünü ikinci plana keçirərdi. Birinci planda milli maraqlar və başqa insanlar vardı.
Son kadrda çəkilən fotolardan biri nəhayətsiz yolu göstərirdi. Mən dərhal yozdum ki, ustad böyük yolun başlanğıcındadı. Amma bu, sonun başlanğıcı imiş.
Yadıma gəlir ki, keçən il təzə planşet almışdı. Uşaq kimi sevinirdi. İş yoldaşlarının şəklini çəkir, sonra xüsusi tərtibatla işləyib onların özünə göndərirdi. Sözsüz, məqsədi dostlarını sevindirə bilmək idi. Diogen belə vaxtda deyərdi ki, insanın xoşbəxt olması üçün nə qədər az şey lazımdı. Bəxtiyar müəllimin fəlsəfələrindən biri də bu idi.
Xalq təbabətilə məşğul olurdu. Bu təcrübəni ona intuisiyası qazandırmışdı. O, otların özəlliklərini intuitiv hiss edirdi. Bəzən ona üz tuturduq: “Bəxtiyar müəllim, filan dərdin dərmanı varmı?” Həvəslə kömək edirdi. Sevinirdik ki, hər dərdin dərmanı var. Buna inanmağın özü elə ağ rəngin ağ ümidinə inanmaq kimi idi. O ağ rəng ki, Bəxtiyar müəllim onun haqqında böyük ümidlə söhbət açırdı.
Ağ rəng həm də körpə məsumluğudu, ağ səhifə kimi ağappaq və təmizdi... Bəxtiyar müəllimdə də uşaq saflığı vardı. Sevginin böyüklüyünə inanırdı, bəlkə də bu onun həyatla əlaqəsinə əngəl olan cəhət idi. Bəzən məhəbbət haqqında mənzum şeirlər yazırdı, oxuyanda bilirdin ki, onun qəhrəmanı xəyali bir varlıqdır, o varlığı böyük ümidlə gözləyirdi əslində.
Sosial şəbəkədə atların, pişiklərin, körpələrin şəkillərini paylaşırdı. Bu da onun ürəyinə ağ işıq salırdı. Bəxtiyar müəllim özü ağ işıq idi. Hə, indi anladım, o ağ işıq idi.
Heyf ki, insanları itirəndə onların dəyərini dərk edirik. Heyf, vaxtında anlamırıq ki, onların sayəsində möhkəm zəncirbəndik və məhz onların sayəsində - duyğularımızı qoruya və gözəl şeylərə inana bilirik.
Bəxtiyar Şərifzadəylə birgə bir halqa da qopdu. Yenə duyğularımız öz rəngini, şəklini itirdi. Yenə mənən dağılıb boşluqda qaldıq. Və köməyimizə artıq inandığımız və gözlədiyimiz ağ işıq yetişmədi...
Ruhun şad olsun, böyük ustad. Biz artıq səni dərddən-kədərdən uzaq ağ işıq kimi xatırlayacağıq...