“O qədər içdim, səhərəcən hamamda qaldım”

“O qədər içdim, səhərəcən hamamda qaldım”
19 yanvar 2015
# 17:15

Kulis.az-ın “Yeməli söhbət” layihəsinin qonağı məşhur aparıcı Emin Musəvidir.

- Yeməklə aranız necədir?

- Əladır. Dadlı yeməkləri çox xoşlayıram.

- Yemək sizin üçün nədir?

- Həyatın mənası... Zarafat edirəm. Yaşamaq üçün yeyirəm, hərdən isə həzz almaq üçün. Bəzən antidepressant kimi yeməkdən istifadə edirəm. Yəni kefim olmayanda dadlı bir şey yeyib kefimi açıram.

- Ən xoşladığınız yemək hansıdır?

- Milli yeməklərimizi çox sevirəm. Bunlardan düşbərə, dolma, dovğa, kükü və başqalarını misal göstərmək olar.

- Hansı yeməkləri bişirə bilirsiz?

- Kotletdən tutmuş, spagetti və kababa qədər bir çox yeməkləri.

- İlk dəfə sevgilinizlə harada yemək yemisiz?

- Dərsdə Snickers yemişdik.

- Qarabağ mətbəxinin özəlliyi nədir?

- Qarabağ mətbəxi olduqca dadlı və fərqlidir. Tam, qoxu, görünüş... Bir sözlə, Qarabağ mətbəxi əladır.

- Ağdam mətbəxi ilə Riqa mətbəxi arasında fərq çoxdur?

- Ağdamlılar da, riqalılar da dadlı yeməyi xoşlayırlar. Nə orada, nə də burada dadsız yemək olmur. Sadəcə ağdamlılar daha yağlı yeməklərə üstünlük verir.

- Televiziyadan tamamilə yad sahəyə - restoran işinə keçdiniz. Xarici ölkədə Azərbaycan mətbəxinin yeməkləri verilən restoran ideyası necə yarandı?

- Bu ideya məndən əvvəl yaranıb, yəni bu restoran əvvəl də işləyirdi. Yeməkləri də dadlı idi. Sadəcə bizim komanda dada dad qatıb, təbliğatı və təqdimatı daha da gücləndirib, keyfiyyəti artırdı. Mətbəx mədəniyyətin bir hissəsidir. Mətbəxə yaradıcı yanaşma olanda, hər şey daha gözəl olur.

- Spirtli içkilərlə aranız necədir?

- Əvvəllər daha yaxşı idi. 20 yaşım tamam olanda, dostları evə qonaq dəvət elədim. 1996-cı ildə keyfiyyətli içkilər çox az idi. Geydirmə Polşa arağı öz işini gördü. Hər gələn qonaqla 50-50 vurdum kişi-kişi, səhərə kimi vanna otağında idim. Yadımdadır, həmin araqdan bir az jurnal masasının üstünə töküldü. Stol ağardı. Spirtli içkilərdən içəndə, araq və ya çaxır içirəm. Ümumilikdə isə içkidən asılılığım yoxdur.

- Hansısa bir yemək üçün durub harasa getmisiniz?

- Bəli. Argentina steyki üçün Argentinaya getmişəm. Daha doğrusu, uçmuşam - 18 saat.

- Sosial media ilə aranız necədir?

- Facebookda fəalam. Virtual aləm real aləmə qalib gəlir deyəsən.

- Televiziya və radioda xeyli təcrübəniz var. Bu müddətdə başınıza gələn maraqlı hadisələri bizimlə bölüşərdiniz.

- Ən maraqlı və paradoksal hadisə elə göz qabağındadır. Efirimizdə yayımlanan verilişlərin 70-80 faizi böyük maraq doğurur. Bu dərəcədə keyfiyyətsiz və bəsit verilişlər etmək üçün də çalışmaq lazımdır. Yeni il qabağı “Space”də canlı yayımda, səhər verilişində maraqlı bir hadisə oldu. Əsmər adlı bir aparıcının qonağı Baş Kulinar Tahir Əmiraslanov idi. Söhbətin şirin yerində yolkada olan şam əyildi və yolka başladı yanmağa. Aparıcı ilə qonaq sağa-sola baxıb söhbətlərini davam etdirdilər. Elə ab-hava yaratmağa çalışırdılar ki, sanki heç nə baş vermir. Efir rejissoru isə otaqdan çıxmışdı. Sonra efiri kəsdilər. Çox məzəli hadisə idi.

- Efir üçün darıxmamısız? Tamaşaçılar Emin Musəvini efirdə nə vaxt görəcək?

- Arabir verilişlər edirəm. Ona görə çox darıxmıram. Bir proqramın hazırlanmasına kifayət qədər vaxt gedir. Verilişin hazırlanması prosesi mənim üçün daha maraqlıdır, nəinki efirdə olmaq.

- Rəsmilərlə qeyri-rəsmi söhbətiniz var idi. Orda ən maraqlı müsahib kim olmuşdu?

- İsrailin eks prezidenti Şimon Peres, baş nazirin müavini Abid Şərifov, Polad Bülbül oğlu və s.

- Kababla aranız necədir?

- Kabab bişirməyi atamdan öyrənmişəm. Özü də Qarabağsayağı. Kababla aram əladır. Demək olar ki, dostuq.

- Hansı xarici ölkənin mətbəxini sevirsiz?

- İtaliya. Hətta müəyyən ölkələrdə olanda, əgər yerli mətbəx ürəyimcə deyilsə və bizim restoranlar oralarda yoxdursa, italyan restoranına gedirəm. Hesab edirəm ki, yeməkləri bizim yeməklərə oxşayır və dadlıdır çox.

- Dieta ilə aranız necədir?

- Dieta ilə aram yoxdur. İncə oğlan ola bilmirəm.

- Heç olub ki, işlətdiyiniz restoranda yemək bişirəsiz?

- Bir dəfə kabab bişirmişəm. Həftədə 1 dəfə evdə yemək hazırlamağı xoşlayıram.

- Fast-fooda münasibətiniz necədir?

- Pis. Təbiilikdən uzaqdır. Amma əlacsız qalanda, özüm də yeyirəm. Misal üçün, Avropada maşınla uzun yol gedəndə. Bir tərəfdən də rahatdır.

- Ovla aran yaxşıdır?

- Hansı ovla? (gülür). İstəyirəm gedim arada. Cəmi bir dəfə olmuşam əvvəllər.

- Bizim toylara münasibətiniz necədir? Azərbaycanla Latviya toyları arasında fərq çoxdur?

- Əlbəttə çoxdur. Bizdə toya 400-500, bəzən 700 nəfər adam çağırırlar. Burada isə 5-10 nəfər yığışıb toy edir. Bir az gülməli gəlir, amma belədir.

- Tələbə olanda yemək işlərini necə edirdiniz?

- Tələbəlik illərində dostlarımızla yığışıb bağa gedərdik. Dostumuzun “Jiquli”si var idi. Özümüzü böyüklər kimi aparıb, alardıq ətdən, çəkərdik kababdan. Novxanıda, “açarımızı itirib” birtəhər qayıdardıq evə. İçə bilmirdik o vaxt.

- Sizə nəyisə xatırladacaq yemək var?

- Dovğa uşaqlığımı xatırladır.

# 1101 dəfə oxunub

Müəllifin son yazıları

# # #