Salam Sarvan və Pərviz araq içmək qaydaları haqqında MÜSAHİBƏ

Salam Sarvan və Pərviz araq içmək qaydaları haqqında  MÜSAHİBƏ
15 fevral 2014
# 09:00

Yeməli söhbətin bu sayını yazıçı Pərviz Cəbrayılla etmək istəyirdim. Növbəti sayda isə şair Salam Sarvanla söhbətləşəcəkdik. Kulis.Az saytının redaktoru Ağa Cəfərlidən Salam Sarvanla müsahibə təşkil etməsini xahiş etdim. Ağa Cəfərli də şairə müsahibəni elə izah etmişdi ki, guya süfrədə araq olmayacaq. Salam Sarvan da "Facebook"da status yazdı ki, bu müsahibənin adı yeyib-içmək söhbəti olmalıdır və əks təqdirdə müsahibə baş tutmayacaq.

Şairə müsahibədə içki olacağını dedik. Pərviz Cəbrayıl da Salam Sarvanın növbəti müsahib olduğunu statusda görüb, Salamla birgə müsahibə verməyi istəmişdi, əks təqdirdə müsahibə verməyəcəyini bildirdi. Biz də həm şairin, həm də yazıçının sözünü yerə salmayaraq ənənəmizi pozaraq hər iki yaradıcı adamla söhbət etməyə qərar verdik. Beləliklə, Milli Konservatoriyanın sağ tərəfində, Mirzəğa Əliyev küçəsində yerləşən "Karvan" restoranında “Yeməli söhbət” layihəsinin qonaqları yazıçı Pərviz Cəbrayıl və şair Salam Sarvandır.

"Karvan" restoranına çatanda Pərviz orada idi. Salamı gözlədik. Salam gəlincə istəməsək də, çay içəsi olduq. Salam məclisə çatandan sonra ofisiantı çağırıb, kabab, buğlama, bir də araq sifariş verdik. Şair evdə yemək yediyi üçün yeməkdən imtina etdi və bir bakal pivə istədi. Yeməyi sifariş verəndən sonra müsahibəyə başladıq.

- Sizin üçün yemək nədir?

Pərviz: Yemək mənim kitabımda aclıqdan qurtulmaqdan başqa elə bir ciddi rol oynamır - orqanizmimin fəaliyyətini davam etdirməsi üçün yeyirəm.

Salam: Mənim də yeməyə xüsusi bir münasibətim yoxdur. Amma elə dostlar var ki, onlarla oturanda münasibətim bir balaca dəyişir. Çünki onlar yeməyin hazırlanmasından tutmuş, masaya verilməsinə qədər hər şeyə o qədər həssas yanaşırlar ki...

- Daha çox hansı yeməklərdən xoşunuz gəlir?

Salam: Ən çox sevdiyim kənd cücəsinin soyutmasıdır. O da hər vaxt olmadığına görə, qayğanağı, kükünü, kartof qızartmasını, toyuq kotletini iştahla yeyə bilirəm. Piti də iştaha açan yeməkdi. Kababların həvəskarı deyiləm.

Pərviz: Düşünmədən kababın adını çəkə bilərəm. Amma kababın özündən çox onun qoxusunu sevirəm. Özü də uzaqdan gələndə. Qutab, ləvəngi, saxsı qablarda bişən yeməkləri də xoşuma gələnlər siyahısına salmaq olar.

- Özünüz hansı yeməkləri bişirirsiz?

Salam: Qayğanaq, kükü, kartof qızartmasından başqa heç nə bişirə bilmirəm.

Pərviz: Kababı təkcə xoşlamıram, həm də ləzzətli bişirə bilirəm. Sonra heç bir xüsusi resept olmadan çeşidli tərəvəz və ərzaqdan adı məlum olmayan yemək bişirməyim var. Başqa təxəyyül yeməkləri bişirməyi də bacarıram. Ancaq bunların hamısı üçün gərək zəhmətkeşlərin xüsusi xahişi ola. Təriflənməliyəm ki, bişirməyə həvəsim ola. Təvazökarlıq etmədən bunu deməliyəm ki, hamısı çox dadlı alınır.

- Evdə hansı yeməkləri bişirməyi xanımlarınıza tapşırırsız?

Salam : Heç vaxt xanımıma hansı yeməyi bişirməsi ilə bağlı bir söz deməmişəm. Olubsa da, xatırlamıram. Hər dəfə mən işdə olanda, zəng vurub nə bişirməyini istədiyimi soruşanda, təkcə evdə kənd cücəsi olduğu halda soyutma istədiyimi deyirəm. O yoxdursa, fərq eləmir, deyirəm, nə istəyirsən bişir. Bəzən, az qala, kafelərdə ofisianta da demək istəyirəm ki, nə istəyirsən gətir. Rayon yerlərində kafelər oranı işlədən adamın adı ilə bağlı olur. Məsələn, İsmayılın kafesi. Hər kafe də bir yeməyi yaxşı bişirmək üzrə ixtisaslaşıb. Mənə həmişə qəribə gəlib ki, adamlar bir doyumluq yemək üçün həmin “yaxşı yerlərə” 5-10 kilometr yolu həvəslə, ərinmədən gedirlər.

Pərviz: Bəzən bazar günləri üçün xüsusi ritual yeməklərimiz olur. Məsələn, qutablar və ya hansısa bardaq, ya sac yeməkləri. Ancaq mənə verilən “nə bişirək?” sualına demək olar ki, heç vaxt cavab tapa bilmirəm.

- Onda belə çıxır ki, yemək yeməklə bağlı hər hansı bir rayona getməmisiz?

Salam. Məhz hansısa yeməyə görə heç vaxt getməmişəm və getmərəm də.

Pərviz: Şamaxıya, İsmayıllıya, Qəbələyə, Masallıya getmişəm. Hətta Salamla getdiyimiz də olub. Amma ora sırf yemək üçün getməmişik. Sadəcə dostlarla istirahətə, söhbətə, dərdləşməyə, dərdin paytaxtından uzaqlaşmağa getmişik.

- Azərbaycan mətbəxi sizi qane edir?

Salam: Azərbaycan mətbəxini həmişə zəngin hesab edirlər. Amma mən o zənginliyi Bakıda hiss eləməmişəm. Məsələn, getdiyim restoranlardakı menyularda, demək olar, eyni yeməklərdir və sayları on-on beşi keçmir. Deyəsən, mətbəximiz yenilənmir. Həm də, deyəsən, bizdə bir pay yeməyin çəkisi də azala-azala gedir. Tiflisdə olanda lüləkabab yedim. Əvvəla o lülə kababın dadı tamam fərqlidir. Deyilənə görə, bu fərq Tiflisin havası, təbiəti, coğrafiyasıyla bağlıdır. Həm də orda bir pay lüləkababla iki adam doya bilir. Qabaqlar Bakı kafelərində adicə bozbaşın suyu kasanın ağzına qədər dolu olurdu. İndi baxıram, bozbaşda da suyumuzu tamam kəsiblər.

Pərviz: Salamla bu məsələdə fikrimiz üst-üstə düşmür deyəsən. Mən kulinariya kitablarına da baxmışam. Mətbəximiz xeyli zəngindir. Ancaq gündəlik süfrəmizdə onun janrlarından heç də geniş istifadə olunmur, ona görə də kasadlıq mənzərəsi yaranır. Deyək ki, Türkiyə mətbəxi ilə yeməklərimiz demək olar eynidir. Ancaq sözlərimiz tələffüzdə nə qədər fərqlənirsə, yeməklərimiz də bir elə fərqlənir. Məzmun isə eynidi.

- Yeməkdən birmənalı şəkildə imtina etdiyiniz xörək var?

Salam: Plovu heç xoşlamıram... Bəzən məclislərdə qaçılmaz olanda bir-iki qaşıq yeyirəm. Dana basdırmasının kababını da indiyədək başa düşə bilməmişəm.

Pərviz: Birmənalı imtina elədiyim yemək yoxdur. Məcburiyyətdə milli mətbəximizə aid hər yeməkdən dadaram. Ancaq makaron fəsiləsi ilə qəti aram yoxdu. Xoşlayıb yeyə bilmədiyim yeməklər isə xəngəl və plovdu.

- Yeməyin yaxşı bişirilməsi üçün nə etmək lazımdır?

Pərviz: Yeməyin yaxşı bişirilməsində fikrimcə, ən birinci şey yeməyi bişirən adamın o yeməyə verdiyi enerjidir. Həmin anda onun içindəki durumdur. Bəziləri hesab edir ki, yeməyin bişirilməsində birinci amil ərzaqdır. Məncə, ərzaqdan başqa indi dediyim məsələ şərtdir. Bu da necə olur? Ərzağın tərkibində su var. Bu su bizim düşüncələrimizdən, hisslərimizdən ciddi şəkildə təsirlənir. Formasını, hətta tərkibini dəyişir. Ona ötürdüyümüz müsbət və ya mənfi hisslər sonradan yeməyin dadında özünü göstərir. Suyun yaddaşı ən güclü kompüterin yaddaşından da qat-qat böyükdür. Bilirsiz də, bir mənbədən götürülən suyun üzərində təcrübə aparılıb. Tam eyni şəraitdə ayrı-ayrı qablara yerləşdirilib. Bir su qrafinin yanında Bethovenin musiqiləri səslənib, o birinin yanında Motsartın. Yaxud suyun birinə daim xoş, sevgili sözlər deyiblər, o birinə nifrət dolu sözlər. Sonda məlum olub ki, sevgi sözləri “eşidən” suda heyrətamiz dərəcədə gözəl kristallar yaranıb, o birində isə eybəcər və iyrənc. Bədənimizin 60, beynimizin 80 faizi sudur. Düşüncələrimizdən tərkibimiz dəyişir. Müsbət, xeyirxah, əxlaqlı, sevgili adamın içi də o üzdən təmiz olur, hətta xüsusi təcrübəsi olmayan bizim kimi “aşpaz”ların bişirdiyi yemək o daxili aləmə görə dadını dəyişəcək, yaxşı adamsansa, bişirdiyin də dadlı olacaq. Nəzərə alaq ki, ərzaqların da tərkibində su var və su o yeməyi hazırlayanın düşüncələrinə əsasən yaxşı, ya pis şəkil alır. Əsəbi, kefi olmayan, sevgisiz qadın heç vaxt yaxşı yemək bişirə bilməz.

- Spirtli içkilərlə aranız necədir?

Salam: Axır vaxtlar yaxşı çaxırı da sevgiylə içirəm. Amma əsasən arağa üstünlük verirəm. Bizim tələbəlik illərimiz Sovet vaxtına düşüb. O vaxt bir çeşiddə rus arağı var idi - sadə, yaşıl butulkada. Çox yaxşı araq idi. Amma indi, az qala, hər həftə guya arağın çeşidini dəyişirlər. Dəyişənsə ancaq butulkanın formasıdır. Azərbaycandasa bu sahədəki yaradıcı fantaziyaya söz ola bilməz. Forma, bərbəzək baxımından bu yazıq araq butulkalarının başına ta nə oyun qaldı gətirməsinlər.

Pərviz: Mən də içkilərdə üstünlüyü arağa verirəm. Yadıma birinci dəfə araq içməyim düşdü. 1987-ci ildə Biləsuvarda ”Qərənfil” ədəbi birliyimiz var idi. Şairlərlə o vaxtki raykom binasının yanında yemək yeməyə getdik. Balaca, sadə bir yeməkxanaydı. Həmin kafeni işlədən kişi bizə katibin naharda içdiyi arağı gətirdi. Xaricə gedən araqlardan idi, ənənəvi yaşıl butulkalardan deyildi. Qrafin formasındaydı, boynundan zərli etiket asılmışdı. Üstündən katib qardaş əllicə qram içmişdi. Bax, o arağın dadı heç vaxt yadımdan çıxmaz, çox yaxşı araqlar içmişəm, amma o dadı verən olmayıb. Pivəni isə ilk dəfə VIII sinifdə oxuyanda Hacıkənddə içmişəm. O pivənin dadında olan pivəyə də heç vaxt rast gəlməmişəm.

- Salam müəllim, siz ilk dəfə içkini nə vaxt içmisiz?

- İçkiyə də, siqaretə də orta məktəbi bitirən gün başladım. Yeməklərdən başım çıxmamağına baxma, araqlar barədə təsəvvürüm də var, “fəlsəfi baxışlarım” da. Məsələn, məncə, arağın keyfiyyətiylə adamın sosial statusu arasında əlaqə var. Məsələn, kasıb vaxtlarında sənin əhatəndə olanlar da kasıb olur. Bu halda, bu əhatədə olanlar bir yerdə içdikləri ən ucuz araqdan da elə həmin “bahalı” zövqü ala bilirlər.

Pərviz: Məndə də elə hallar olub. Burda ancaq Bakı arağı içirdim. Rusiyaya gedəndə Volqoqradda rus arağı aldıq. İçəndə elə bildim sudu içdiyim. Bir qram acılığı yox idi. Ümumiyyətlə, təmiz rus arağı ayrı şeydi. Amma demək olar ki, Azərbaycanda təmiz rus arağı yoxdur.

- Evdə barınız var?

Salam: Mən evdə barımın olmasını çox istəmişəm. Amma heç vaxt əmələ gətirə bilmirəm. Neçə dəfə olub ki, düzəltmək istəmişəm, amma alınmayıb. Bir dəfə mənə əla bir konyak bağışlamışdılar. Qərara gəldim ki, elə bununla da bar düzəltməyə başlayacam. Konyakı şkafa qoydum. Bir az baxdım və fikirləşdim ki, barda içki ağzıbağlı olmamalıdır. Dedim açıb üstündən bir az içim. Bir də gördüm ki, hamısını içib qurtarmışam.

Pərviz: Barım yox, bar arzularım var.

- Araqla bağlı başınıza maraqlı əhvalat gəlib?

Pərviz: Bakıdan təyinatla kəndimizə qusarlı ər-arvad gəlmişdi, rus dili müəllimləri idilər. Atam maarif müdiri vəzifəsində çalışırdı. Onlar üçün həyətimizdə bir otaqlı ev tikib təmənnasız yerləşdirmişdi. (Onlar gedəndən sonra o ev mənim yaradıcılıq evim oldu.) Bir gün həmin rus dili müəllimi - hə, xatırladım, adı Aslan idi - atamın gətirdiyi əntiqə spirtdən əla bir araq düzəltdi. Gedib bağda ağacların içində oturub içməyə başladıq. İyun ayıydı. Sabahı gün də rus dilindən onuncu sinfin buraxılış imtahanı olacaqdı. Təbii ki, hazırlaşmışdım, ancaq yenə də narahat idim, müəllimin ürəyi açıldı, xeyli araq içmişdik də, dedi ki, sən bir bilet öyrən, hansı bileti çəkməyindən asılı olmayaraq onu danışarsan. Elə də oldu...

Salam: Rəhmətlik anam qəti istəmirdi ki, içim. O rayonda yaşayırdı. İçməyimi ondan gizlədirdim ki, narahat olmasın.

Bir dəfə rayona getmişdim. Qardaşlarımla oturmuşdum süfrə arxasında. Süfrəyə yemək gəlib, mənsə, bilmirəm nə barədəsə, fikrə getmişəm. Anam da mənə diqqətlə baxırmış. Birdən anam qardaşıma dedi ki, ay bala, get Salama bir araq al gətir. Sən demə, fikrə getməyimi anam başqa yerə yozub, elə bilib ki, ortada araq olmadığına görə yeməyə yaxın durmuram.

- Yaradıcı adamlar adətən çox içir. Bu nə ilə bağlıdır ?

- Salam: Ümumiyyətlə, bu təsəvvür səhvdir. Yaradıcı olmayan adamların yanında bizim içməyimiz boğaz yaşlamaqdı. Sadəcə, bir şair dostumuz demiş, bizim adımız çox içir. Həm də yazıçıların tez-tez yeyib-içməyə pulları da yoxdur axı. Spirtli içkinin yaradıcılığa təsiri müxtəlif ola bilər. Bəziləri, özlərinin dediklərinə görə, içəndə daha yaxşı yazırlar. Amma mən içkili olanda heç adi məktub cümləsini də yaza bilmərəm. Həm də içəndə pafoslu oluram. Bəzən içki məclisində ağlıma bir fikir gəlir və onu bir kağıza yazıb qoyuram cibimə ki, yadımdan çıxmasın. Səhər evdə ayıq başla o cümləyə baxanda utanıram ki, bu nə səfeh cümlədir mən yazmışam.

Pərviz: Mənə görə, içkiylə yaradıcılığı bağlayan heç bir bağ yoxdu. Mən içəndə bir cümlə də yaza bilmərəm. Yazsam da, sarsaq bir şey olar. Ancaq yazar dostlardan biri var. Ona dedim, az iç. Cavab verdi ki, içməsəm, yaza bilmərəm. Nə bilim. Görünür fərdə görə dəyişir. Tutaq ki, mən adi vaxtlarda arabir içsəm də, roman yazanda ta bitirməyənəcən dilimə də vurmuram. Tərkibi korlanmış su yazıya pis təsir edə bilər.

- İçki ilə bağlı gənclərə nə məsləhət görərdiniz? Ümumiyyətlə necə içmək yaxşı olar?

Salam: İki variant var da. Birinci variant odur ki, yemək yeyib süfrə yığışdırılandan sonra “yüngül süfrə”ylə ilə içki içmək. Belədə söhbət eləmək rahatlığının, zövqünün əvəzi yoxdur. Yəni, yemək stolundakı kimi tost şablonlarından, yemək – içmək – danışmaq tör-töküntülüyündən xilas olursan. Amma burda problem odur ki, çox adam tox qarnına içki içə bilmir. İkinci variant ancaq açıq havada mümkündür. Belə məclis, adətən, fasilələrlə üç-dörd hissədən ibarət olur. Yəni hər saatdanbir məclisə yarım saat fasilə verirsən, bu fasilələrdə gəzirsən, hansısa oyun oynayırsan, çay süfrəsi açırsan...

Amma ümumiyyətlə götürəndə içki estetikasının yeddi qızıl qaydası var ki, onlara əməl eləmək yaxşı olardı: 1. Kiminlə içirsən? 2. Nə içirsən? 3. Harada içirsən? 4. Nəylə içirsən? 5. Niyə, nə münasibətlə içirsən? 6. Nə qədər içirsən? 7. İçəndən sonra nə edəcəksən?

Pərviz : Bütün hallarda içki o qədər də yaxşı şey deyil. Salamın dediyi şərtlə içilsə yaxşıdı. Mən bir yaşlı adamdan eşitmişəm, həmin adam deyir ki, içdiyin içki qədər yemək də yeyirsənsə, o içki sənə heç vaxt ziyan verə bilməz. Amma o qədər yeyə bilməyəcəksənsə, içmə. Məsələn, mənim kimi adamın içməyi qəti düz deyil. Bir də adamın gərək içkidən asılılığı olmaya. Əslində, dostlar olmasa, heç içmərəm də. Görüşürsən və təbii ki, darıxırsan, bunu ört-basdır eləmək üçün içirsən. Ən yaxın, ən sevgili adamımla belə otursam, darıxıram. Ona görə də, içkisiz məclislər mənim üçün maraqsız olur. Tutaq ki, Salamla oturmuşuq. Biz çay içə-içə nə danışa bilərik axı. Bir-birini bilən və danışmağı sevməyən adamıq. Dilimizi və eynimizi az da olsa içki açır.

- İçki içdiyinə görə dünyasını dəyişən dostlarınız olub?

Pərviz: Elçin Səlcuq ikimizin də ortaq dostu idi. Doğrudu, Elçin çox içirdi, ancaq ölümünə səbəb içki deyildi, daha dərin, içkini də vazkeçilməz edən səbəb vardı. İçki sadəcə Elçin üçün ölümə gedən yolda detonator oldu. Ölümü sürətləndirdi. Onun istədiyi də elə bu idi, açıq da deyirdi. Mənə görə insan öz sonluğuna doğru gedir və hər şey saniyə-saniyə insanı o sonluğa, vazkeçilməz, qarşısıalınmaz yollarla aparır. Məsələn, xərçəng. Bu xəstəliyin yaranmasına milyon səbəb var. Ancaq sonradan xərçəng tutan adam içən olubsa, deyirlər, içkidən getdi. Boş sözdü. Ya elə siqaret. Bir qohum qadın vardı. Yeni romanımda yazmışam onu. Bu qadın 90 yaşdan artıq yaşadı. 9 yaşından ölən günə qədər siqaret çəkdi. Amma o, siqaretdən ölmədi. Sadəcə, ömrü bitdi. Deyirlər hər siqaret ömürdən filan qədər kəsir. İndi 90 yaş yaşamış bu nənənin 9 yaşdan bəri kəsilən ömrünü hesablasaq onun yaşayacağı ömür iki yüzü ötəcəkdimi? Boş söhbətdi. Siqaretdən, araqdan öldü sözlərinə inanmıram. Elçindən, onunla içməkdən ötrü isə bəzən darıxıram. Elçin içəndən sonra çox dözülməz olurdu. Amma üç gün sonra adam yenə onunla içmək istəyirdi.

Salam: Elçinlə oturmaqdan ötrü mən də darıxmışam. Ümumiyyətlə, Elçini bir dəfə görən adamın onun üçün darıxmamağı mümkün deyil. O, unudulmaz adamdır...

Pərviz: Onun haqda sizə bir şey danışım. Elçinin son vaxtları idi. Nəşriyyatın dördüncü mərtəbəsində oturub içirdi. Mən nahar eləməyə düşmüşdüm. Qalxıb gedirdim ki, saxladı məni, bir yerdə çıxdıq. Nəşriyyatın dördüncü mərtəbəsində liftin ağzında dayandıq, telefonunda mahnı açıb, dinlə dedi. Nəsibə Abdullayevanın “Nigaranam” mahnısıydı. Təəccüblə üzünə baxdım və bu mahnıyla bağlı tarixçəni mənə danışdı. Lül-qəmbər idi. Liftə doğru çox baxdığımı, ayrılmaq istədiyimi görüb, qəfildən mənə bir şillə vurdu! Əsəbiləşdim. Elçin qəmli-qəmli üzümə baxdı, qəfildən başladı ağlamağa. Dedi: “Ay alçaq, Qənimət də türmədədi, bəs mən indi kimi vurum?” Gülmək tutdu məni...

- Doğrudan qarın qardaşdan irəlidir?

Pərviz: Əslində bu, insan orqanizminin xislətinin ifadəsidir. Reallığı çatdırır. Doğrudan da, adam ac olanda gözünə heç nə görünmür. Burda sırf qardaş nəzərdə tutulmur. Ancaq sözün etimologiyasına da getmək olar izah üçün. Qardaş qarındaş sözündəndi və təbii ki, qarın qarından çıxandan qabaqdı.

Salam: Pərviz atalarımızı əməlli-başlı müdafiə elədi. Bizim atalarımız bunu Pərviz deyən mənada deməyə də bilərdi. Yəni, bu fikrin şəxsi mənafeyin hər şeydən öndə olmasına haqq qazandırmaq üçün deyilməsi də mümkündür. Allah atalarımıza rəhmət eləsin, amma onların sözlərinin əksəriyyətində şüuraltı olaraq toplumun xisləti ifadə olunub.

Sizə bir şey deyim. Füzulinin “yar” deyəndə birbaşa qadını nəzərə tutduğu qəzəlləri çoxdur. Amma indi Fizulinin təfsirçilərinin hansından soruşsan deyəcək ki, Fizuli hara, qadın hara, Fizuli “yar” deyəndə Allahı nəzərdə tutub. Yaxşı, bəs Fizulinin bir gözəli hamamda təsvir eləyən şeirini necə yozacaqsan?

- Bizim dastan qəhrəmanlarımız niyə çox yeyən olur? Məsələn, Koroğlu...

Salam: Yarızarafat bir şey deyim. Bu gün əksər villaların hər mərtəbəsində bir tualet var. Bu da dolayısıyla şüuraltımızdakı qarın amiliynən bağlıdır. Koroğlunun çoxyeyən obrazının bir ucu da camaatımızın yoxsul həyat tərzinə gedib çıxır. Məişətimizdəki “bir qarın çörək”, “bir qismət çörək” fəlsəfəsinin gözündən çox dəyərlərimiz su içib.

Pərviz: Dastanlar nəsildən-nəslə keçir və bunu da bir nəfər yazır, çıxardır ortaya. Yaradıcı adamlar da həmişə ac olub. Kasıb itinin adın gümüş qoyduğu kimi, dastanın da qəhrəmanı çox yeyən və o yeməyi tapan kimi qabardılır. O dastanı yaradan da kimdirsə, o yazıq yəqin ki, acından ölürmüş. İndiki yazarlar kimi elə...

- Salam müəllim, siz bir müddət əvvəl toylara getməkdən imtina etmisiniz. Sizin üçün çətin olmadı?

- O bəyanatdan 3 gün sonra əmim oğlunun toyu oldu. Əmim məni o toya dəvət eləmədi. Bu mövqeyimdən sonra qardaşlarım oğlanları üçün sünnət toyu eləmədilər. O vaxtdan bəri heç bir toya getməmişəm. Bu barədə yazı da yazmışdım ki, qohum-əqrəbanın, dost-tanışın əhatəsi o qədər böyükdü ki, bir də ayılıb görəcəyik, ömrümüz bu dairənin xeyir-şərinə get-gəllərdə keçib getdi. Mən toylardan imtina eləməmişəm, söhbət indiki bayağılığıyla, saxtalığıyla keçən toylardan gedir.

Pərviz: Toylarda müəyyən islahatlar aparmaq lazımdır. Bu gün toy məclislərinə 500-600 adam çağırırlar. Ay qardaş, sənin toyuna gələn adamların hamısı sevinə-sevinə gəlmir axı. Bir adamın toyuna ən uzağı 50 nəfər sevinər. Bu 50 nəfərlik məclisi də çox rahat şəkildə pulsuz və daha mənalı eləmək olar. Mən doqquzuncu sinifdə oxuyanda əmim kənddə, bəlkə də ölkədə ilk dəfə öz oğluna pulsuz toy elədi. Əmimin elədiyi bu hərəkət hamıya təəccüblü gəldi. Mən özüm də toylara ya getmirəm, çünki əsəblərim dözmür, ya da gedəndə çox vaxt pul atmıram. Çünki fikirləşirəm, qismət olsa, övladlarımın toyuna ən yaxın adamları çağıracam, qonaqlıq kimi. Yəni belə ölürük ki, ömürdə bir-iki dəfə 50 nəfərə qonaqlıq verə bilməyəcəyik? Bizimki toy deyil, lotereya oyunudu. İyrənc bir şey.

- Sizin əhatənizdə olan şəxslərdən, yəni ictimai yükü olan şəxslərdən hansı daha yaxşı yemək bişirir?

- Salam: Tahir Kazımlı yaxşı kabab bişirir.

- Pərviz: Qənimət Zahid qədər gözəl buğlama bişirən adam hələ görməmişəm. Bir dəfə Qənimət Qəbələdə yüz qram su ilə yekə bir cəmdəkdən buğlama bişirdi. Heyrətdə qalmışdım ki, bu, susuz necə bişəcək. Ancaq bişdi və mən hələ də o yeməyin ləzzətini unuda bilmirəm.

# 8814 dəfə oxunub

Müəllifin son yazıları

# # #