İntiqam Soltan : “Atam söyülməyə layiq adamdır”

İntiqam Soltan : “Atam söyülməyə layiq adamdır”
23 noyabr 2015
# 09:00

Kulisin “Yeməli söhbət” layihəsinin qonağı “Bakı Uşaq Teatrı”nın direktoru və bədii rəhbəri, aktyor İntiqam Soltandır. İntiqam müəllimlə Elmlər Akademiyası metrostansiyasının çıxışı ilə üzbəüz olan “Künefe Evi”ndə görüşüb, söhbətləşdik

- İntiqam müəllim, necəsiz?

- Yaxşıyam. Yavaş-yavaş tənhalığa alışmışam. Üzrlü səbəbdən tək yaşayıram. O dərəcədə alışmışam ki, evə qonaq gələndə 15 dəqiqə səmimi görüşürəm, 15 dəqiqədən 30 dəqiqəyə qədər tab gətirirəm, 30 dəqiqədən sonra qonaq maraqlı olmayanda qapının yerini xatırladıram. Azərbaycanda necə olmaq mümkündürsə , bir o qədər yaxşıyam.

- Rəhbəri olduğunuz “Bakı Uşaq Teatrı”nda vəziyyət necədir?

- Vəziyyət əslində pis deyil. Yəni belə pis deyil ki, real iş gedir. Amma Bakı şəhərinin mərkəzindən 25 kilometr məsafədə 70 nəfərlik kollektivi olan teatra 14 kv.m-lik yer verilibsə, buna nə dərəcədə yaxşı olmaq mümkündürsə, ondan 10 dəfə artıq yaxşıdır. Bir ölkəni məhv etmək üçün onun mədəniyyəti və təhsilini məhv etmək lazımdır. Təəssüf ki, bu gün bizim mədəniyyətimizi məhv etmək istəyən məmurlar var.

- Gənc aktyorların bugünkü səviyyəsi sizi qane edir?

- Nə qədər aşağı olmaq mümkündürsə, bir o qədər aşağı. Bircə nümunə çəksəm yetər. İncəsənət Universitetini qurtarıb işə düzəlmək istəyən 10 gəncə 2 sual verdim. Sulların biri “Aktyorluq nə deməkdir?”, ikinci sual isə “Teatr nə deməkdir?” idi. Bunlar nəinki cavab verə bilmədi, hətta biri sənət müəlliminin adını belə bilmədilər.

Mən həm də çox təəssüf edirəm ki, İncəsənət Universitetində bir nəfər uşaq psixologiyasını bilən mütəxəssis yetişdirilmir. İncəsənət Universitetindən bizə gələn uşaqlar yenidən kurs keçirlər. Sonradan kollektivə daxil olurlar. Yetər ki, teatrı sevsinlər. Qalan şeylər düzələr.

- Özünüzü kimin davamçısı hesab edirsiz?

- Bu bir az qəliz sual oldu. Müəllif teatrlarının rəhbərlərindən oğurluqcasına dərslər götürmüşəm. Bunlar sanki ustad dərsləri idi. Bunlar Hüseynağa Atakişiyev, Vaqif İbrahimov, Cənnət Səlimova, Vidadi Əliyevdir. Mən hər addım atanda fikirləşirəm ki, bunu Hüseynağa Atakişiyev, Vaqif İbrahimov necə edirdisə mən də elə edim. Amma mən uşaqlığımda canlandırdığım ideal İntiqamın arxasınca gedirəm.

- Siz xeyli sayda filmə və seriallara çəkilmisiz. Bunların içində hansı rol sizə doğmadır?

- Şüurla düşünəndə Məmməd Əmin obrazını sevirəm. Bu obrazı 4 bölümdən ibarət olan “Qara Bayram” serialında canlandırmışam. Mən Məmməd Əmin Rəsulzadəni canlandırmağımla fəxr edirəm. Amma ən yaxını “Pərvanələrin rəqsi” serialındakı Valeh doktor obrazıdır. Çünki ilk dəfə aktyor kimi özümü tapmışdım və rahat işləyirdim. Bu bəlkə də dostum, tələbə yoldaşım, rejissor Rövşən İsaqdan asılı idi. Bu filmin ssenaristi həyat yoldaşım Arzu Soltan idi. İki sevdiyim insanın arasında olmaq çox xoş idi. Təsəvvür edin ki, ssenarinin 10 səhifəlik bir hissəsini bircə dəfəyə oxuyurdum, yadımda qalırdı. Əslində obraz çox müsbət idi. Amma bunu sonuncu seriaya baxanlar bilir. Aktyor obrazı dünyaya gətirən anadır. Ana üçün isə övladların hər biri doğmadır. Fiziki baxımdan zəif olanlar isə daha əzizdir. Çünki onların sevgiyə, qayğıya digərlərindən daha çox ehtiyacı olur.

- Teatr truppanızla qastrollarda olan zaman maraqlı əhvalatlardan danışardınız.

- O qədər çox olub ki. Yetərincə tanınmış sənətkarlardan biri xarici festivalların birində gecə domino oynadığımız yerdə masanı tərk edib, yatmağa getdi. Bunun hərəkətinin əvəzini çıxmaq istədik. Gecə saat 2-də bunun yatağına bir balaca su tökdük. Səhər həmin sənətkar mənə dedi ki, İntiqam müəllim bəs deyirdiz, buralar istidir? Sonra dedi ki, mən deyəsən soyuqlamışam. Amma nə məsələ olduğunu demədi. O biri gecə suyu sənətkarın o biri tərəfinə tökdük. Bunun həmin su tökülən gecələrdəki islaq döşəklə rəftarını o otaqda qalan gənclər elə təsvir edirlər ki. Bu sirrin hələ üstünü açmamışıq.

- Tələbəlik illərinizdən bir az danışaq.

- Bakıya gələndə geyinməyə paltarım yox idi. Atam əslində yetərincə söyülməyə layiq bir adamdır. O, Sovet hökumətində ferma müdiri olub. Amma mən imtahana əlil əmimin təqaüdü ilə dolanan oğlunun paltarlarında gəlmişdim. Yəni o qədər təmiz yaşamaq mümkün deyil. Sovet hökuməti oğurluq və fahişəlik üzərində qurulmuşdu. Bu cür hökumətin var-dövlətini qoruyub öz övladlarını ac-yalavac böyütmək ifrat təmizlikdir. Heç nəyin ifratlığı təmiz demək deyil. Özüm pulsuzluqdan kirayə qalmırdım, İncənət Universitetinin də yataqxanası yox idi. İnanın, avtomat telefon butkalarında gecələdiyim vaxtlar olub. Hərdən qohum evində qalırdım, amma orda da çox qalmaq olmur. Tələbəlik illərim çox acınacaqlı keçib.

Bizim tələbəlik dövründə Gürcüstanda sel olmuşdu. Həmin seldən zərər çəkənlərə burda yardım yığılırdı. Mən aldığım 40 manat təqaüdün 2 manatını xərcləmişdim, 3 manatını da götürüb qalan 35 manatı həmin hadisədən zərər çəkənlərə ayrılan yardım fonduna köçürtdüm. Həmin gün atam aldığı 90 manat təqaüdün yarısını mənə göndərmişdi. O gün mən müəllimimgildə qalmışdım. O evə müəllimimin dayısı oğlu gəlmişdi, mənim 45 manatımı oğurladı, həmin ayı 3 manatla başa vurdum. Gənclik illərində yaşadığım bu əziyyətlərə görə, indi teatrımızda olan maddi çətinliklər məni qorxutmur.

Bizim teatrda elə aktyor var ki, onun evi ilə teatr arasında məsafə 40 kilometrdir. Bu əziyyətlə işə gələn aktyor 150 manat maaş alır. Sizi inandırım ki, bu günə qədər bir tamaşaçı hələ bizi tamaşa bitməmiş tərk etməyib. Azərbaycanda elə tamaşalar var ki, o, ən yaxşı bizim teatrda qoyulub. Məsələn, narkomaniya ilə bağlı bizim tamaşamız Avropa Şurasında 80 ölkə arasında ilk üçlüyə düşüb.

- Tələbəlik illəriniz çox kasıb keçib. Bununla belə hər halda yemək yediyiniz müəyyən yerlər olub. O yerlər barədə bir az danışardız.

- Təxminən o kafelərdə çöllə içəri arasında bir təmas var idi. Çöldən gələn iy kafelərdən, kafelərdən gələn iy cəmiyyətdən gəlirdi. Sovet dövründə bir balans var idi. 3-4 il qabağa qədər 28 May küçəsində bizim dövrün nostalji kafelərindən biri qalırdı. Nə qədər tox olsam belə ordan keçəndə həmin kafedə bir tikə yeyirdim. Kasıbçılıq bizi Avropa mədəniyyətinə yönəltdi. Biz sovet vaxtı evə gələn qonağa bir qoç kəsirdik, amma indi bulku veririk. Bu əslində Avropa mədəniyyəti deyil, insanların bir-birindən uzaqlaşmasıdır.

Bizim tələbəlik illərinin daha bir kafesi indiki Xəqani Ticarət Mərkəzinin yerində idi. Həmin yerin adı 100 nömrəli kafe idi. Ora o qədər gözəl idi ki, mən onu indiki o əzəmətli binaya dəyişməzdim. Orda çox gözəl sosiska və pivə verirdilər. Təbii ki, biz pivə içmirdik. Həm dərs vaxtı iyə görə, həm də pula görə. O kafedən maraqlı iy gəlirdi. Bulvarda bir kafe var idi. Ora əsas incəsənət adamları yığışırdı. Yeri gəlmişkən, sizə bir şey deyim. İncəsənət adamları ilə şou adamlarını bir tutmaq olmaz. Sadəcə olaraq şou mədəniyyətin cılız bir növüdür. Yalnız incəsənətdən sui-istifadə edib dolanmaq üçün ora gəlirlər.

Mənim burda bir kasıb əmim yaşayırdı. Onlara tez-tez gedirdim. Çox vaxt orda yemək yeyirdim. O vaxt çox ucuzluq olduğuna görə dolanmaq olurdu. Məsələn, peraşki 5 qəpik idi. Bir dəfə “28 May” metrosunun yanında bir peraşki aldım. Satıcı dedi ki, “a bala o peraşki sənə neyləyəcək?” Dedim əmi mən doymaq üçün yemirəm, meylimi küsdürmək üçün yeyirəm. Əsas odur ki, o vaxt bizim mənəvi qidamız var idi. Biz amallarımız uğrunda yaşayırdıq.

O vaxtlar meydan hərəkatı dövrü idi. Universitetimizin qapısını bağlamışdılar ki, tələbələr dərsdən çıxa bilməsin. Amma biz paltarlarımızdan kəndir düzəldib üçüncü mərtəbədən aşağı düşüb mitinqə gedirdik. Meydanda tutulanlardan biri mən idim. Mənim institutdan çıxarılmaq məsələm var idi. Tələbə yoldaşlarımız hamısı tələbə biletlərini təhvil vermişdilər ki, İntiqam çıxırsa biz də çıxırıq.

- Yeməyi üçün darıxdığınız adam var?

- Əlbəttə. Anasının yeməyi üçün darıxmayan insan varmı? Əslində biz kişilər seçib öz anamıza bənzər xanımla ailə qururuq. Ən azı həyat yoldaşımızın bişirdiyi yeməklər anamızın bişirdiyi yeməklərə oxşayır. Anam çox maraqlı yeməklər bişirirdi. Düzdür, növbənöv olmurdu. Çünki çox kasıb yaşayırdıq. Anam yeməyə hər şeydən əlavə öz sevgisini qatırdı. Biz çoxuşaqlı ailə idik. Yeddi bacı, dörd qardaş olmuşuq, valideynlərimizlə birgə 13 nəfər. Anam boşqabları sayıb bilirdi ki, hansımız yoxuq. Anamın çox zəhmət çəkdiyinin fərqinə necə vardığımı sizə danışım.

Biz qrupda 13 nəfər idik. Bir dəfə yeyib-içmək istədik. Dostlarla məclis qurduq. O məclisə xeyli hazırlaşdıq. Amma axırda yenə nəyinsə əskik olduğunu gördük. Mən onda fikirləşdim ki, anam hər gün gündə 3 dəfə 13 nəfərə yemək hazırlayıb, özü də hər şey öz yerində.

Mən aprel ayından bu günə qədər 25-27 kiloqram arıqlamışam. Yeməyimə sərhəd qoymuşam. Əsas yemək prosesini sevirəm.

- Spirtli içkilərlə aranız necədir?

- Əvvəla deyim ki, teatrdan başqa heç nəyin aludəçisi deyiləm. Amma heç nəyə qarşı pəhriz də saxlayan deyiləm. 36 yaşıma qədər dilimə içki vurmamışam. Anam namaz qılan adam idi. Bir dəfə məni öpəndə dedi ki, mama qurban sənə, qurban olum sən içmə. Qardaşların içir, onları düz-əməlli öpə bilmirəm. Heç olmasa sən içmə, səni rahat öpə bilim. 35 yaşımda bədənimdə kəskin ağrılar oldu. Həmin vaxtlarda qaçqın şəhərciklərində uşaq bağçaları yaradırdıq. Ağrıların möhkəm tutduğu vaxtlarda mənim üstümə möhkəm içən bir nəfəri gətirdilər. Bu “Kefli İskəndər” tipində bir adam idi. Məni yoxlayıb dedi ki, “arada iç ki, beynin dincəlsin”. Amma anama söz verdiyimə görə içmədim. Orucluq girən gecə idi, anam yuxuma girdi. Anam dedi ki, sözünün üstündə durmusan. Bundan sonra iç. Yadımdadır səhər teatra gəlib dedim ki, axşam sizi iftara aparacam, amma iftarı pivəylə açacıyıq. Təbii ki, həmin gün içmədik.

- Hansısa yeməyi peşəkarcasına bişirirsiz?

- Bir çox yeməyi peşəkar bişirirəm. Lobya şorbasından tutmuş, öz reseptimlə hazırladığım yeməklərə qədər. Uşaqlar bir müddətdir gedib, mən vərdiş olaraq yeməyi çox bişirirdim. Amma indi qədərində bişirirəm. Bu yeməkləri bişirəndə fikirləşirəm ki, bundan Arzu (həyat yoldaşını nəzərdə tutur-F.C), uşaqlar yeyəcək. Göbələkdən, toyuq ətindən, qiymədən çox gözəl yeməklər bişirirəm. O gün hətta yerkökü qızartmışdım. Çox dadlı idi.

- Ordubad rayonundansız. Sizin bölgənin spesifik yeməyi hansıdır?

- Mən Ordubaddan olmağımla fəxr edirəm. Orada iki kənddən biri o birinə qız verib, qız alanda deyirdi ki, toyu necə edək, bizim adətlə yoxsa sizin? İki qonşu kəndin hərəsinin öz adəti var. Ordubadın baş yeməyi qayğanaqdır. Biz tərəfin çox maraqlı yeməkləri var. Məsələn, pomidor mürəbbəsi. Elə kəndimiz var ki, orada şah yemək lobya şorbasıdır. Əslində lobya kalori baxımından öz yerini ətə verir. Ordubad yeganə yerlərdən biridir ki, orda lobya ildə iki dəfə məhsul verir.

Biz tərəfin çox qəribə halvası var. Bundan başqa Ordubad alanası var. Alana xüsusi növ şaftalıdan hazırlanır. Demək, şaftalının qabığı soyulur, tumu çıxarılır. Sonra içinə şəkərburanın içinə doldurulan qatqı doldurulur. Çox maraqlı bir şeydir. Amma bundan az edirlər. Çünki çox əziyyətlidir.

# 3033 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #