Kənan Hacı: “3 min dollar hesab verdim”

Kənan Hacı: “3 min dollar hesab verdim”
12 mart 2015
# 12:44

“Kulis” “Yeməli söhbət” layihəsində Kənan Hacı ilə söhbəti təqdim edir.

- Kənan, hansı yeməkləri sevirsən?

- Ən çox sevdiyim yemək küftə-bozbaşdır. Mənim rəhmətlik xalam bu yeməyi o qədər ustalıqla bişirirdi ki, dadından doymaq olmurdu, kənddə bütün xeyir-şər məclislərinə onu aparırdılar. Elə anam da yaxşı bişirirdi. Bakıdakı kafelərdə bişirilən bozbaş bozbaş deyil. Bir dəfə havaların şaxtalı vaxtı idi, Maştağada təsadüfi bir kafeyə girdim, kafenin aurası mənə xoş gəldi. Kafe mənə Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” əsərində təsvir etdiyi məkanı xatırlatdı. Masa arxasında oturmuş üzü tüklü, səliqəsiz geyimdə olan kənd kişiləri iştahla yemək yeyirdilər. Ortadakı odun sobası da ləzzət elədi. Ofisiant oğlan yaxınlaşıb nə yeyəcəyimi soruşdu. Ağzımdan çıxdı ki, bozbaş gətir, baş soğanı, göy-göyərtisi də olsun. Məlum oldu ki, çəkmə araqları da var. Nə başını ağrıdım, orda yediyim bozbaş əsl kənd bozbaşı idi. Təxminən yeddi-səkkiz ilin söhbətidir. İndinin özündə də könlümə bozbaş düşəndə şəhərdən Maştağa getməyə ərinmirəm. Yazar dostları da bir neçə dəfə ora aparmışam. İstəsən, bir dəfə gedərik. Bozbaşdan başqa yarpaq dolmasını xoşlayıram, düşbərə, qutab da öz yerində.

- Yemək bişirə bilirsən?

- Mən əsgərliyə gedənə qədər evdə əlimi ağdan-qaraya vurmamışam. Evin tək uşağı olduğum üçün məni bir az ərköyün böyüdüblər. Elə buna görə əsgərliyə də gec getdim. İyirmi yeddi yaşında. Əsgərlikdə əməlli-başlı ağıllandım, paltarlarımı özüm yuyurdum. İlk dəfə yeməyi də orda bişirmişəm. Dağdaydıq, möhkəm qar yağmışdı, yollar təhlükəli idi, ərzaq gətirən maşın gəlib çıxmamışdı. Onda düzənlikdə yekə bir göbələk tapdıq və bu göbələyi mən bişirəsi oldum. Təsəvvür edin, çovğun ocaq qalamağa imkan vermir, zülmlə ocaq qaladıq, ağac budaqlarını yonub şiş düzəltdik, göbələyi doğrayıb şişə çəkdim və biz o göbələyi yavan yedik. O qədər dadlı idi ki. İndi də o dad damağımdadır. Sonra tabor komandirimiz bundan xəbər tutdu, mənə dedi ki, uşaqlar zəhərlənsəydi, nə cavab verəcəkdin? Göbələk zəhərli də ola bilərdi. Amma heç birimiz zəhərlənmədik.

Əsgərlikdən qayıdandan bir müddət sonra anam dünyasını dəyişdi. Beş il tək yaşamalı oldum. Bu beş ildə şəhərin bütün kafelərini tanıdım. Evdə yemək bişirməyim yadıma gəlmir. Bir dəfə Əlisəmid Kür qaldığım bağa gəlmişdi, əməlli-başlı bazarlıq eləmişdi. Onunla köməkləşib yaxşı bir “tava” düzəltdik. Gecə yarıdan keçənəcən Əlisəmidlə dərdləşdik. O gün həyatımın ən unudulmaz günlərindən biridir. Toyuq qızartmasını necə bişirirlər, onda öyrəndim. Bu yaxında da xaşın bişirilmə qaydasını öyrənmişəm. Deyilənə görə, kababı da pis çəkmirəm.

- Tələbəlik illərinin kafeləri necə keçib?

- Onda atam sağ idi, cibimə pul qoyurdu, “stilyaqa” vaxtlarım idi, çalışırdıq elit restoranlarda oturaq. Qızların diqqətini çəkməyə çalışırdıq. Cavanlıq idi də.

- Kənan səni bir az tanıyıram. Sən əvvəllər ucuz kafelərdə yeyib-içmisən. O günlərdən bir az danışa bilərsən? Bir də o kafelərdə hesab təxminən nə qədər olurdu?

- Anam vəfat edəndən sonra bir neçə il işsiz qaldım və həyat mənə ucuz kafeləri tanıtdırdı. Amma 90-cı illərdə elə vaxt olub ki, bir gecəyə bir maşının pulunu restorana qoyub çıxmışam. İlini də xatırlayıram, 99-cu ildə yeddi-səkkiz nəfəri başıma yığıb Altıağaca getmişdik. Onlara demişdim ki, hesab mənlikdir, səhərə qədər yeyib-içdik, səhər ofisiant hesabı gətirdi. Məlum oldu ki, 3 min dollar borcumuz var. Hesabı ödədim və Bakıya qayıtdıq. Bir gecəyə 3 min dollar xərclədik.

Bilgəhdə dənizin sahilində “Xəyal” restoranı vardı. Ora biznesmenlər, vəzifəli adamlar gəlirdi. Hər həftə ora gedib yaxşıca yeyib-içirdik. Ucuz kafelərdən “Yağ kimi” romanında yazmışam. Hesab yeməkdən asılı idi, on “şirvan” bizim üçün böyük hesab idi.

- Kənan, sənə nəyi isə xatırladacaq yemək var?

- Yoldaşımla yenicə tanış olmuşduq, bilirdi ki, tək qalıram. Bir dəfə soruşdu ki, ən çox sevdiyin yemək hansıdır? Dedim ki, bozbaş. Səhəri gün görüşəndə gördüm ki, mənə bankada bozbaş gətirib. O qədər duyğulandım ki! Təsəvvür edin, uzun müddət ev yeməyi yeməyən adam üçün bu, nə deməkdir.

- Kababla aran necədi?

- Əla! Amma heyf ki, son vaxtlar səhhətim imkan vermədiyi üçün ancaq toyuq kababı yeyə bilirəm.

- Kənan, kafedə verdiyin ən ucuz hesab nə qədər olub?

- Elə vaxt olub ki, iki yüz qram araq və bir porsiya yeməyə bir “şirvan” ödəmişəm.

- Kənan Bakıda böyümüsən. Bakı mətbəxini sevirsən?

- Çox. Bakı mətbəxini həddən artıq sevirəm. Bakı kəndlərinin düşbərəsinə, qutabına, dolmasına heç nə çatmaz.

- Kənan bir vaxtlar spirtli içki qəbul edirdin. İndi necə?

- İndi səhhətimə görə əvvəlki kimi içə bilmirəm. Həkim də qəti surətdə qadağan edib. Qaraciyərin axırına çıxmışam. Amma arada dostlarla oturanda 50-100 qramla qurdumu öldürürəm. Həyatımı təhlükəyə atdığımı anlayıram. Amma bunsuz da olmur.

- Kənan, səhhətin indi necədir?

- Mənim xəstəliyimi bilirsiz, müalicə xərcləri olduqca bahadır. Ona görə ciddi müalicə almaq imkanım yoxdur. Tez-tez ağrıyıram. Gileylənməyi xoşlamıram. Yaşayırıq da.

- Ananın bişirdiyi yeməklərdən darıxmısan?

- O yeməklərdən ötrü çox darıxıram, əlbəttə. Anam uzun illər pedaqoji fəaliyyətlə məşğul olub, orta məktəbdə Azərbaycan dili və ədəbiyyatını tədris edib. Amma kənd qadını idi və bütün kənd qadınları kimi mətbəxə çox bağlı idi. Bilirsiniz ki, İsfahan halvasını hər qadın bişirə bilmir. Səməni halvası da deyirlər buna, onun mürəkkəb bişirilmə texnologiyası var, çox çətindir. Bunun üçün kişi qüvvəsi tələb olunur. Yekə tavada xəmiri o üz-bu üzə çevirmək yorucu bir işdir. Amma anam hər ilin yanvar-fevral aylarında bu ağır zəhmətə tablaşırdı. Onun bişirdiyi İsfahan halvasının dadı, ətri adamı bihuş edirdi.

- Kənan, Monolit üçün darıxmısan? (“Monolit” kafesi “İçəri” şəhər metrosunun yaxınlığında Sabir bağı ilə üzbəüz yerləşirdi. O kafedə bir-çox şair və yazıçılar yeyib içirdi. Həmin kafe artıq fəaliyyət göstərmir.)

- Hər dəfə o yerdən keçəndə Monolitlə bağlı xatirələr canlanır, nostalji hislər baş qaldırır. Ora gələn adamları müşahidə edəndə məni dəhşətli hislər bürüyürdü. Çoxu ömrünü yaşayıb qurtarmış, keçmişdən başqa heç nəyi olmayan adamlar idi. Bura onların ömürlərinin son dayanacağı idi. İndi yəqin ki, çoxu dünyasını dəyişib. Bakıda yaşayan elə bir şair, yazıçı, jurnalist tapmazsınız ki, Monolitlə bağlı hansısa bir xatirəsi olmasın. Hətta rayondan gələn şair dostlarımızı da aparıb orda qonaqlıq verirdik.

- Kənan ,o kafe ilə bağlı nəsə bir xatirə danışardın.

- Hansını danışım, ay Fuad? Birdimi-ikidimi? Bir dəfə rəhmətlik Elçin Səlcuq, Mübariz Məsimoğlu və mən sağ tərəfdə, küncdəki masada oturub yeyib-içirdik. Bir də gördük ki, rəhmətlik Kələntər Kələntərli stolumuza yaxınlaşdı. Kələntər müəllim o kafenin daimi müştərisi idi. Çox vaxt da bilinçik yeyərdi, arağa da həmişə “Sprite” qatırdı. Nə isə, qırımından gördük ki, kişinin halı özündə deyil.

Mübariz müəllim soruşdu ki, Kələntər müəllim, niyə belə birtəhərsiz? Dedi ki, o başdakı stolda oturanlar məni təhqir elədilər. İndi onların mübahisəsinin motivini xatırlamıram, amma o yadımdadır ki, Mübariz müəllim gedib həmin masada oturdu və Kələntəri təhqir edənlərlə möhkəm “razborka” başladı. Elçin Səlcuq taxta oturacaqlardan birini qaldırdı ki, onları vursun və möhkəm söyüş söydü. Aləm bir-birinə qarışdı, Kələntəri söyən adamlar bir-bir aradan çıxdılar. Çox xatirələr var, ən çox bu əhvalatı xatırlayıram.

- Kənan, ev işlərində həyat yoldaşına kömək edirsən?

- Çox nadir hallarda.

- Bugünlərdə 40 yaşını qeyd etdin. Qırxla necə yola gedirsən?

- 40 yaş elədir ki, nə cavansan, nə qoca. Bu yaşda balansı qorumaq çox çətindir. Yaşam tərzində müəyyən redaktələr etməyə məcbur olursan. Yaş artdıqca məsuliyyət hissi də artır, müəyyən komplekslər yaranır, bu yaşdan sonra adam öz yazdıqlarına da bir az fərqli yanaşır, davranışlarında da bir az ehtiyatlı olmağa çalışır. Amma mən həmişə harada olmağımdan asılı olmayaraq daxili azadlığımı qorumuşam və yəqin ki, bundan sonra da belə olacaq.

- Yaradıcılıqda nə yenilik var?

- Çoxdan bəri üzərində işlədiyim “Fironun dəftəri” romanını nəhayət ki, bitirdim. Ara-sıra şeirlər də yazıram. İstəyirəm Kulis.az saytında yazdığım yazıların bir qismini kitab halında çap etdirim.

- Kənan, subay olmaq yaxşıdır, ya evli?

- Sevdiyin qadının yanında olması yaxşıdır.

# 1759 dəfə oxunub

Müəllifin son yazıları

# # #