Anar Nağılbaz: "Ermənilər Amerikada dolma satır" - MÜSAHİBƏ

Anar Nağılbaz: "Ermənilər Amerikada dolma satır" - MÜSAHİBƏ
24 fevral 2014
# 09:00

Onu demək olar ki, cavan nəslin hamısı tanıyır. Azərbaycan repində sözünü demiş, özünəməxsus ifa tərzi olan Anar Nağılbaz müəyyən müddətdir ki, efirlərdə görünmür. Anarı bəzi vəfasız fanatları unutmuşdu, amma o, yenidən səhnəyə qayıtdı. Biz isə istedadlı insan, məşhur reperi unuda bilməzdik.

Milli Konservatoriyanın sağ tərəfində, Mirzəğa Əliyev küçəsində yerləşən "Karvan" restoranında “Yeməli söhbət” layihəsinin qonağı reper Anar Nağılbazdır.

Reperlə söhbət başlamazdan əvvəl ofisiantı çağırıb sifariş verdik. Sifariş verməyi Anar müəllimə həvalə etsəm də, reper bu məsələni mənim öhdəmə buraxdı. Ofisianta qoyun ətindən sac içi sifariş edib söhbətə başladıq.

- Yeyib-içməklə aranız necədi?

- Əla. Yaxşı dostlarla oturub yeyib-içməyin ləzzəti başqadır. İstədiyin insanlarla pendir-çörək belə yesən adama ləzzət edir.

- Sizinlə oturub yeyib-içmək üçün qarşınızdakı insanın hansı xüsusiyyəti olmalıdır?

- Mənim üçün əsas şərt ondan ibarətdir ki, qarşımda oturduğum insanla söhbətim alınsın. Sevinirəm ki, yeyib-içdiyim dostlarımın hamısı bu şərtə cavab verən insanlardır. Əhatəmdə kifayət qədər rahat oturub yeyib-içdiyim insanlar var.

- Milli mətbəxdə nələri sevirsiniz?

- Ac olanda nə gəldi yeyirik. Amma ən sevdiyim isti təndir çörəyi, təzə göyərti, bir də pendirdir. Mənim üçün ən gözəl yemək budur. Anamın bişirdiyi yeməkləri çox sevirəm. O heç vaxt dadsız yemək bişirməyib.

- Özünüz nə bişirirsiniz?

- Mal ətindən, toyuğun döş ətindən əla qamburgerlər hazırlayıram. Bu qamburgerlər xüsusi reseptlə hazırlanır.

- Sizcə milli mətbəximiz get-gedə unudulur?

- Bu gün bizim mətbəxə xeyli yeməklər, salatlar daxil olub. Bu özü çox yaxşı haldır. Bir şərtlə ki, milli mətbəx unudulmasın.

- Xaşa münasibətiniz necədir?

- Adətən xaş həvəskarlarına xaşist deyirlər. Mən özümü xaşist hesab edirəm. Xaşı ancaq istirahət günləri yeyirəm. Çünki xaşı sirkəsiz, sarımsaqsız, içkisiz yemək mümkünsüzdür. Ümumiyyətlə xaş istirahətin bir növüdür.

- Ermənilərlə Qarabağ müharibəsindən əlavə bir də dolma uğrunda savaş gedir...

- Bizdə bu sahədə heç bir iş aparılmır. Amerikada erməni qadınlar küçədə dolma satır. Amma bu dolma bizim dolmadan fərqli olaraq düyü ilə bişirilir. Orda çox adam elə küçədə o dolmanı alıb yeyir. Təbii olaraq bu da amerikalının yaddaşında erməni dolması kimi qalır. Yəni biz bu sahədə ancaq danışırıq və heç bir iş görmürük. Dolma özü türk mənşəli söz olub, doldurmaqdan ibarətdir.

- Sizi təəccübləndirən yemək olub?

- Məni həmişə Çin və Meksika mətbəxi təəccübləndirib. Çin mətbəxi deyəndə yalnız ilan ətindən bişirilən yeməkləri təsəvvür edirdim. Mənə Çində bir nəfər dedi ki, bizim mətbəx heç də ilan ətindən bişirilən yeməklərdən ibarət deyil. Çində kasıb təbəqə elə yeməklər yeyir. Onların bitkilərdən hazırlanan çox gözəl sousları var. Mən ilk dəfə yeməkdə şirin ilə acının bir yerdə olduğunu Çində görmüşəm. Toyuğu yeyirsən şirin tam gəlir. Amma birdə görürsən ki, ağzının dadı acılaşdı. Meksika mətbəxi bizim mətbəxə çox oxşayır. Onların buritası var. Eynən bizim lavaşarası dönərə oxşayır. Fərq yalnız ondan ibarətdir ki, onlar əti qiymə formasında edir. Bir də dönərə avokada sousu vurulur. Meksikada avokada bizdən fərqli olaraq çox ucuz bir şeydi. Avokada çox dadlı bitkidir. Bişmiş kartof dadı verir.

- Nə qədər ac qala bilirsiz?

- Qarnımın olduğuna baxmayaraq, xeyli ac qala bilirəm. Oruc tutanda iftar vaxtında da demək olar ki, yemirəm. Çərəzlərlə başımı qatıram. Ümumiyyətlə çox yemək yeyən deyiləm. Əvvəllər işləyəndə saat 9-da iş başlayırdı. Yol uzaq olduğuna görə, saat 7-də evdən çıxırdım. İşdən evə axşam 9-da çatırdım. İşdə də heç nə yemirdim. Evə gəlib bir butulka pivə içib yatırdım. Bu rejim hardasa üç ay davam edib.

- Sırf yemək üçün hansısa rayona getmisiniz?

- İmişliyə lülə kababa, Lənkərana yay ləvəngisinə görə bir neçə dəfə getmişəm. Yay ləvəngisi çox dadlı yeməkdir. Balıq təndirdə bişirilir. İçinə xırda pomidor, bibər qoyulur.

- Yeməklə bağlı başınıza maraqlı nə əhvalat gəlib?

- Belə əhvalatlar həddən artıq çoxdur. Azərbaycanı kənd-kənd gəzmişəm. Birini danışım. 1997-ci il idi. Artıq tanınmağa başlamışdım. Mən universiteti Londonda bitirmişəm. O vaxt məndə bank və çek kartı var idi. Amma içində pul az idi. Yasamalda tanınmış restoranların birində dostlarımla yemək yeməyə getmişdim. Restoranda bizim oturduğumuz masaya qonşu stoldan şampan göndərdilər. Bizim stolda bir xanım da əyləşmişdi. Fikirləşdim ki, yəqin qıza sataşırlar. Mən də onlara bahalı bir çaxır göndərdim. Ardınca onlar bizə 3 bahalı pivə göndərdilər. Bu ardıcıllıqla 10 dəfə davam elədik. Bir də gördüm ki, bizim stolda içki əlindən barmaq qoymağa yer yoxdur. Cibimdən çek kartını çıxarıb o stula 250 funt sterlinqlik çek göndərdim. Əslində heç mənim kartımda o qədər də pul yox idi. Bundan sonra həmin adamlar bizim masaya gəldi və səmimi görüşdülər, məni tanıyırdılar. Məlum oldu ki, həmin şəxslərin biri general, o biri polkovnikdir.

- Sizi hansısa toy məclisinə pulsuz çağırıblarmı?

- Belə təkliflər olub, iştirak da etmişəm. Zəng edib deyirlər ki, oğluma toy edirəm. İstəyirəm siz o toyu aparasız, amma pulumuz yoxdu. Deyirəm baş üstə. Ancaq toy yiyəsi bəzən deyir ki, gəlib yeyib-içərsiz. Bu söz artıq adamın xətrinə dəyir. Biz bir qarın yeməyə möhtac deyilik axı. Belə ifadələri işlətməsələr daha yaxşı olar.

- İlk dəfə spirtli içkini nə vaxt içmisiz?

- Məktəbi bitirəndə içmişəm. Şampanla araq içmişdik. Sərxoş idik. Məktəbdə oxuyanda əlaçı olsam da VII sinifdən siqaretin aludəçisi oldum. İçki aludəçisi deyiləm. Bəzən yorğun vaxtlarda, işdən gələndə 150 qram qəbul edirəm. Ümumiyyətlə heç kimə arzu etmirəm ki, nəyinsə aludəçisi olsun.

- Xarici ölkələrdə çox olmusuz. Azərbaycan mətbəxi xarici mətbəxlə müqayisədə necə görünür?

- Bizim mətbəx çox zəngindir. Lakin yeməklərimiz çox yağlıdır. Bir də çörəyi çox yeyirik. Tərslikdən nə ziyanlı şey varsa bizim mətbəxdə cəmlənib.

- Qeyd etdiniz ki, təhsilinizi Londonda almısız. Orda yeməklər necə idi?

- Tələbəlik illərimdə Bakıda indiki qədər fast-foodlar yox idi. Ona görə Londonda daha çox qamburger yeyirdim. London özü bahalı ölkə olsa da, fast-food çox ucuzdu. Onlar fast-fooda fəhlə yeməyi deyirlər. Xaricdə bizdən fərqli olaraq səhərlər süd, meyvə şirəsi içirlər. Bu da insanı gün ərzində gümrah saxlayır.

- Azərbaycan restoranlarında çatışmayan cəhət nədir?

- Bizim restoranların əksəriyyəti görünüşə fikir verir. Yəni bahalı bir restoran açılır, hər cür dizayn. Gedib oturub bir qayğanaq yeyirsən. Bu yeməyin maya dəyəri 50 qəpikdir. Amma qiyməti maya dəyərindən 10 dəfə çox olur. Bu gün bizim restoranların əksəriyyəti həddən artıq bahadır. Restoranlarda qiymətlər Avropa qiymətləri ilə eynidir. Bəzən isə bir az da baha olur. Məsələn, Amerikada steyk adlı bir yemək var. Bu yemək can ətindən hazırlanır. O yemək Amerikada 10-12 dollara başa gəlir. Amma paytaxtda o yemək ən yaxşı halda 30 manatdır.

- Toylarda başınıza maraqlı əhvalat gəlib?

- Bir dəfə Qubaya “JEK” müdirinin oğlunun sünnət toyuna getmişdik. Normal toy gedirdi. Həmin bu “JEK” müdiri xeyli içmişdi. Mənə gəlib dedi ki, sən niyə toya gələnləri qapıda qarşılayıb içəri salmırsan? Mənə verdiyi 500 manatı cibinə qoyub getdim. Sonra peşman olub bizi qaytardı.

- Ova münasibətiniz necədir?

- Ovu sevirəm. Bəzən dostlarla gedirəm.

- Sizin əvvəllər kifayət qədər fanatınız var idi. İndi vəziyyət necədi?

- Azərbaycanda ilk fan-klub 1996-cı ildə məndə olub. Xətai Mədəniyyət sarayında fəaliyyət göstərirdi. Orda pulsuz diskotekalar təşkil edirdik. 2000-ci ildə Heydər Əliyev adına İdman Konsert Kompleksində bir gündə iki dəfə konsert verdik. Hər konsertə 7500 nəfər adam gəlmişdi. Konsert bitəndən sonra bir-bir bütün fanatlarla görüşüb, avtoqraf verdim. Tamaşaçı əgər sənin konsertinə bilet alıb gəlibsə, ona hörmətlə yanaşmaq lazımdır.

- Hobbiniz nədir?

- Məndə bir neçə eksponat, avtoqraflar var. Məsələn, “Çapıqlı adam” filmində olan avtomobil və Al Paçinonun maketi olan eksponat mənim kolleksiyamda xüsusi yer tutur. Bu mənim eksponatlarımın içində ən qiymətlisidir. Ona görə ki, bu eksponatdan cəmi 1000 ədəd istehsal edilib. Evdə kitabxanamda 2000-ə qədər kitab var. O kitabların içərisində 1925-ci ilin kitabları da yer alır.

- "Facebook"da vəziyyət necədir? Gənclərin orada davranışı sizi qane edir?

- Açığını desəm qane etmir. Bu gün oradakı gənclərimizin əksəriyyətini maariflənmədən uzaq işlərlə məşğul olduğunu görürəm. Açığı bu məni çox incidir. Mən həmişə savadlı, intellektual gənclik görmək istəmişəm. Yəqin zamanla öz arzuma çataram.

# 4355 dəfə oxunub

Müəllifin son yazıları

# # #