Rəbiqə Nazimqızı: “Gözəl olmadığım üçün şanslıyam”

Rəbiqə Nazimqızı: <span style="color:red;">“Gözəl olmadığım üçün şanslıyam”
20 may 2016
# 08:30

Kulis.Az şairə Rəbiqə Nazimqızı ilə müsahibəni təqdim edir.

- Rəbiqə, şeir yazırsan, tərcümələr edirsən. Bizdə qadın imza çox azdır. Ümumiyyətlə, ədəbiyyatda qadın-kişi bölgüsünə necə baxırsan?

- Bu sualla bağlı müxtəlif zamanlarda müxtəlif cür fikirləşmişəm. Əvvəllər bu bölgüyə qarşı idim. Amma sonra baxdım ki, qadın şeiri ilə kişi şeiri arasında müəyyən fərqlər var. Məsələn, mənim şeirlərimin əksəriyyətini oxuyanda bilirsən ki, bunu qadın yazıb. Elə hisslər var ki, spesifik olaraq qadına aiddir, kişi bunu hiss edə, deyə bilməz. Bir dəfə Elnaz Eyvazlının bir şeirini oxudum, çox xoşuma gəldi. Ancaq orda bir yer vardı: “Qayıt, məni saçlarınla yuvama zəncirlə”. Düşündüm ki, Elnaz bu saç məsələsində ciddi səhv edib. Özünə də dedim, bunu qadın deyə bilməz. Cavabında dedi ki, şeirin adı “Kişi etirafı”dır. Belə xırda, ziddiyyətli məqamlar var. Mən elə bilirdim ki, şeirlərimin hamısı qadın dilindədir. Amma bir dəfə belə bir hadisə oldu. Ukrayna jurnalı üçün şeirlərim tərcümə olunmuşdu. Tərcüməçi dostum mənə dedi ki, atanın dilindən qızına yazdığın “Aynur üçün” şeiri çox xoşuma gəldi. Dedim, bu şeiri ana qızına yazıb, Aynur mənim qızımdır. Az qala məndən mübahisə edəcəkdi ki, yox, orada qəhrəman atadır. Sonra məsələyə aydınlıq gətirdik. Tərcüməçi yanlışlıq olduğunu etiraf etdi. Bu, bir az da gülməli hadisədən sonra düşünürəm ki, şeirin qadın və ya kişi tərəfindən yazılmağının elə də əhəmiyyəti yoxdur. Əsas mətndir.

- Bəlkə kişilərin üstünlüyünə görə bu bölgü yaranıb? Çünki kişi şairlər daha çox tanınır, sevilir...

- Bu, yəqin ki, kişilərdə düşünülmüş şəkildə yaranan aqressiyanın təzahürü deyil, əsrlərdən gələn bir düşüncədir, təhtəlşüurdan doğur. Təkcə “qadın şeir yaza bilməz” məsələsi deyil. Deyirlər, guya qadın yaxşı riyaziyyatçı, fizik ola bilməz. Kişilərin alt şüuruna görə, qadının yeganə ixtisası elə qadınlığıdır - analıq, uşaq doğmaq, evə baxmaq, paltar yumaq, kişinin qayğısına qalmaq və s. Qadın da çox vaxt imtina edə bilmir, təbiətcə fədakardır. Buna görə də ədəbiyyata tam olaraq özünü verə bilmir. Ancaq mən elə düşünmürəm ki, qadın yazarların mətnləri səviyyəcə geri qalır. Biz çox yaxşı qadın yazıçılar, şairlər tanıyırıq.

- Yəqin bizim cəmiyyətdə kişi mərkəzçiliyi olduğu üçün belədir...

- Əlbəttə. Qəribə bir məqam var: zərif cinsin təmsilçisi intellektualdırsa, kişi ona qadın kimi yanaşmır. Və əksinə, qadın gözəldirsə, onun zəkası kişinin onu sevməsinə mane olur. Düşünürlər ki, mütləq hansısa tərəfdən axsama olmalıdır. Eləcə də düşünürlər, gözəl qadın şeir yaza bilməz. Yəni gözəl şeir yaza bilməz.

- Deyirlər, qadınlar daha çox şöhrətpərəst olur...

- Məktəb illərində beləydim. İnstitutun ilk illərində də şöhrətpərəstlik vardı. İyirmi beş yaşımdan sonra məsələyə münasibətim dəyişdi, şöhrət xoşuma gəlməməyə, hətta bəzən qıcıq doğurmağa başladı. Kütləvi sevgi qazanmış şairlər görürdüm, onlarla ünsiyyətdə olurdum. Hiss edirdim ki, onların heç biri xoşbəxt deyillər. Hətta əksinə, bu şöhrət onları incidir. Oturub öz-özümə dedim ki, sən Ramiz Rövşəndən böyük şair ola bilməyəcəksən. Bu, təkcə istedad məsələsi deyil, şərait, şans da önəmlidir. Sovet təbliğatı vardı. Bu gün içərimizdə ən çox tanınan, sevilən gənc imza Aqşin Yeniseydir, amma ölkə miqyasında götürəndə onu da geniş oxucu kütləsi tanımır. Yəni, anladım ki, böyük mənada şöhrət qazanmaq çox çətindir və bunu qazanmaq da məni xoşbəxt etməyəcək. Mənsə xoşbəxt olmaq istəyirəm. Üstəlik, şöhrət həm də mane olur. Kimsə küçədə mənə şair kimi yaxınlaşanda xoşuma gəlmir. Az qala demək istəyirəm ki, oxucusan, lap yaxşı, get kitabımı oxu, mənə niyə yaxınlaşırsan. Həyatda mən də sənin kimi adamam, şair deyiləm.

- Çox aqressiv deyilsən?

- Ola bilər, aqressivəm. Bəlkə, yeniyetməlik vaxtlarında mən də hansısa şairə yaxınlaşıb, onun şeirlərini sevdiyimi deyərdim, bilmirəm. İndi eləmirəm. Şair kitabda, şeirdə maraqlıdır. Məişətdə o da hamı kimi adamdır. Üstəlik, hərənin öz şəxsi həyatı var, ona qarışmaq lazım deyil. Hərənin öz mənfi cəhətləri var, mən də bir az aqressivəm, kənar çevrəyə qapalıyam. Bəlkə də, problem budur ki, oxucuların səmimiyyətinə inanmıram. Ümumiyyətlə, ədəbiyyat haqqında danışmağı çox sevmirəm. İndi səndən hardasa oturub çay içsək bu söhbətləri eləmərəm, xoşlamıram, yorur. Mənim üçün ədəbiyyat çox intim məsələdir. Onu heç sevgiliylə də müzakirə etmək istəmirəm. Həm də o qədər daha maraqlı mövzular var ki danışmağa...

- Şairlər təkcə şeirləri ilə deyil, bioqrafiyaları ilə də maraqlı gəlir oxuculara. Qadın şairlər isə çox vaxt gizlədirlər öz bioqrafiyalarını. Bəlkə də, sənin oxucudan uzaqlaşmağın da bu üzdəndir.

- Xaricdə başqa cürdür, razıyam. Kimsə öz şəxsi həyatını geninə-boluna göstərir. Onların cəmiyyəti bizdən fərqli çox açıq və azaddır. Amma, təkrar edirəm, mənim şəxsi həyatımın oxucuya nə dəxli? Düzdür, memuar yazmaq istəyərdim nə vaxtsa. Amma cəmiyyət necə qəbul edər məsələsi də var. Mən ətrafla ciddi ziddiyyətlərə getməyin tərəfdarı deyiləm. Əvvəla, ona görə ki, əsəblərim sıradan çıxacaq. İkincisi, ətrafımda olan insanlar var, onları düşünməliyəm. Bizim cəmiyyət alçaltmağa meyllidir.

- Deyirlər, qadın şairlərimiz öz hislərini çılpaq şəkildə yaza bilmirlər...

- Mən erotik şeirlər yazmışam. Bunu da məqsədli eləmişəm. Təxminən on-on beş il əvvəl ədəbiyyata qrup halında gələn xanım yazarların mətnlərini oxudum və bəyənmədim. Mən cinsi orqanların adının şeirdə işlənməsini anlamıram, bu barədə oxumaq istəsəm, tibbi kitablara baxaram da. Mənə çatmır, şeirdə buna heç bir ehtiyac yoxdursa, “sperma” sözü niyə işlənməlidir. Göstərmək üçün ki, sən daha cəsarətlisən?

- Yəni deyirsən, şeir toxunulmazdı...

- Yox. Tək bu deyil. Şeirin kriteriyaları var. Ədəbiyyatda söyüş işlənə bilər. Məsələn, bir gürcü müəllifinin şeiri var, təxminən yadımdadır. Deyir, mənim min dənə dodaqlarım var, min dənə əlim var, min dənə vaginam var, amma bunların hamısı səndən ötrüdür. Şeir nəinki vulqar görünmür, əksinə, çox təmiz, ülvi səslənir kontekstdə, ya da belə deyək, mətndə əriyib gedir bu söz. Amma bizim xanımlarda deyək ki, “filan xanım bunu yaza bilməz, çünki qorxur, cəsarəti çatmır” eqosu hiss olunur. Yaxud da qalmaqal yaratmaq istəyir. Mən fərqli elədim, “Siqaret” şeirini yazdım, erotik prosesi siqaretin üzərinə köçürdüm. Nə o şeirdə, nə də digər mətnlərimdə heç bir kobud, vulqar ifadə yoxdur. Ümumiyyətlə, vulqarlıq mənim tərzim deyil.

- Sənin daha çox “Aynur üçün” şeirin məşhurdur. İki kitabın çıxıb: “Sənə qədər” və “Epizodik sevgilər”. Reaksiyalar necədir?

- Özün də bilirsən ki, reaksiyalar ancaq yaradıcı adamlardan gəlir. Oxucuların da əksəriyyəti yaxşı-pis özləri də yazırlar. Belə bir ümumi problemimiz var. Ünsiyyətdə olduğum oxucuların sayı çox deyil əslində. Qadınların reaksiyası pis olmayıb. Kişilərin reaksiyası isə ziddiyyətli və fərqlidir. Daha çox mövzuların kasadlığına irad tuturlar. Tənqidçilər yazıblar, əksəriyyəti yaxşı fikirlər bildiriblər - Cavanşir Yusifli, Vaqif Yusifli, Elnarə Akimova. Və mənim haqqımda ilk yazını rəhmətlik Tofiq Abdin yazıb. Çox adam fikrini bildirib. Ədəbiyyatdan kənar söhbətlərdə isə bir “tənqidçinin” şeirlərimi ciddiyə almadığını eşitmişəm. Mən də onun özünü ciddiyə almıram. Onun qərəzli, qeyri-obyektiv münasibətinin dəfələrlə şahidi olmuşuq. Hamımız da tanıyırıq, söhbətin kimdən getdiyini bilirik (gülür).

- Bəs qadın yazarlardan kimləri ciddi imza hesab edirsən?

- Ad çəkmək qəliz məsələdir. Çünki, kiminsə adını çəkəcəm, deyəcəklər, rəfiqəsidir. Kiminsə adını çəkməyəndə də deyəcəklər bəlkə, münasibətləri yaxşı deyil. Ümumiyyətlə, istər qadın, istər kişi yazsın, fərqi yoxdur, mən yaxşı mətnin tərəfdarıyam. Bu gün qadın yazarlar var. Məsələn, Könül Həsənqulunun şeirləri xoşuma gəlir. Elnaz Eyvazın sərbəst şeirləri çox yaxşıdır. Aysel Əlizadənin ithaf şeirləri gözəldir. Sevinc Çılğının şeirləri, hekayələri maraqlıdır, yumor hissi özünəməxsusdur. Feyziyyənin xüsusi ilə müharibə və sevgi hislərini müqayisə edən şeirləri çox maraqlıdır. Günel Eminlinin hekayələri yaxşıdır, düzdü, o az yazır, amma çox maraqlıdır. Amma qadın üçün dəhşətli çətindir.

- Hə, qadının kişiyə nisbətən görəcəyi iş daha çoxdur...

- Təkcə iş məsələsi deyil. Məsələn, qadın evə gec getməməlidir. Ona görə yox ki, qadının ailəsi, qonşuları var. Ümumiyyətlə, cəmiyyət gecə vaxtı qadını küçədə görməyə hazır deyil. Məsələn, dostlarla kafedə otururuq, gec olur, evə taksi ilə getməli oluram. Taksi şoferi müştəri olduğumu unudur. Suallar verməyə başlayır: “Harda yaşayırsan?”, “Nə işlə məşğulsan” və s. Və söz arası soruşur ki, bu vaxt hardan gəlirsən. Evdəkilər, qonşular bir yana, tanımadığım taksi şoferinin bu cür münasibəti məni incidir. Belə məqamlar var.

- Bəs, Rəbiqə, oxuculardan bu cür qeyri-ciddi münasibət olub heç?

- Mən onları oxucu hesab etmirəm. Oxucu adı ilə sosial şəbəkədə yazan çoxdur. Yazar olduğunu görüb başlayırlar sual verməyə ki, nə yazırsan, yazdıqlarını oxumaq istəyirəm. Əvvəllər cavab yazırdım ki, google açın, adımı yazın, yazılarım çıxacaq. İndi heç onu da yazmağa həvəsim yoxdur. Demək ki, bu adamın ağlı, ya istəyi olsa, axtarıb yazımı tapar, oxuyar da. Deməli, vaxt keçirmək istəyir. Mənim də vaxtım yoxdur, üstəlik də əsəbləşmək istəmirəm. Ona görə cavabsız qoyuram belə məktubları. Bizim cəmiyyətdə müəyyən sahələrdə qadının olmağını qəbul edə bilmirlər. Məsələn, düşünürlər ki, qadın ən yaxşı halda müəllimə, həkim ola bilər. Şairə ola bilməz. Aktrisa ola bilməz. Şairə, aktrisadırsa, jurnalistdirsə, deməli, əxlaqsızdır.

- Həm də bir şey var: kişilər hesab edirlər ki, qadının önə çıxma şansları daha çoxdur.

- Hə, o məsələ də var. Allaha şükür, bu məsələdə bəxtim gətirib. Heç kim deyə bilməz ki, hansısa uğurumu kiməsə, kiminləsə münasibətə borcluyam. Ümumiyyətlə, mən heç vaxt münasibətləri işə qatmağın tərəfdarı olmamışam. 18 yaşından işləyirəm və həmişə öz pulumu özüm qazanmışam. Həm də bir şey var: bizim ədəbi mühitdə elə xanımlar var ki, daha gözəldirlər. Mənim bəxtim bu mənada da gətirib. Yəni onlar qədər gözəl olmadığım üçün az maraq doğurmuşam. Bu, yaxşıdır. Çünki deməyəcəklər ki, Rəbiqəni gözəl olduğu üçün irəli çəkirlər.

- Bir gözəl xanımın çox tanınmağını görəndə düşünmüsən ki, bunu kimsə qabağa çəkib?

- Həmişə ilk növbədə mətninə baxmışam. Mətndən dəqiq bilirsən (gülür.) Əlbəttə, mətn zəifdirsə, bunu niyə qabağa çəkirlər, məlumdur. Uzun illər jurnalist işləmişəm, təcrübəyə görə bilirəm ki, bu mətndən rüşvət, şantaj, ya da tərif, yaltaqlıq iyi gəlir...

- Rəbiqə, AYB-dən istefa vermişdin. Bir neçə gənclə bir yerdə bu addımı atdın. Səbəb nə idi?

- İndi düşünürəm ki, bunu gurultulu təqdim etməyə nə ehtiyac var. Getmişəm də. Nə böyük hadisədir ki?

- Çox vaxt AYB-dən çıxmağı diqqəti özünə tərəf çəkmək kimi şərh edirlər.

- Mən diqqət çəkməyin daha maraqlı yollarını bilirəm. AYB-dən çıxıb AYO-ya gedə bilərdim. Hərçənd ilk təklifi də AYO-dan almışdım. Əvvəldən AYB-yə getməklə bağlı tərəddüdlərim vardı. AYO-dakılarla da estetik görüşlərim üst-üstə düşmürdü. Ancaq AYB-də yeni gənclər gəlmişdi, düşündüm ki, bəlkə, yeni hava yaranar. İndi fikirləşirəm, sən AYB-dəsən, ya AYO-da, zirzəmidə yaşayırsan, ya villada - bunun nə fərqi var. Bunlar hamısı ədəbiyyat ətrafı şeylərdir. AYB-dən çıxmağı bilirsən necə şərh edərdim? Məsələn, dostluğa qədərki simpatiya olur e. Bir müddət kimsə sənin rəğbətini qazanır, oturub çay içirsən, söhbət edirsən, rəfiqə olmaq istəyirsən, amma bir müddətdən sonra alınmır, xasiyyətlər tutmur, ya kimsə kiməsə maraqsız gəlir. Bunu faciəyə çevirməyə nə ehtiyac?

- Rəbiqə, mənim üçün maraqlıdır. Ədəbiyyatda olduğun üçün peşmansan?

- Zaman-zaman hissiyyatım mənə deyir ki, şeirlə, ədəbiyyatla məşğul olmasaydın, daha rahat olardın. Niyəsə mənə elə gəlir ki, tum satan, göyərti satanın həyatı daha sakit keçir. Həmişə yaşamadığın şeylər sənin üçün daha maraqlı olur da. Hərdən mənə elə gəlir ki, faciələrimin çoxusu ədəbiyyatla bağlıdır. Hərçənd böyük faciəm də yoxdur. Əsəbləşəndə günahı ədəbiyyatın üstünə yıxıram. Ədəbiyyat məndən küsməyəcək axı.

- Ədəbiyyatı xilas kimi görmüsən bəs?

- Xilas edir. Çünki mətni yazanda özündə qəribə bir enerji boşalması hiss edirsən. Aqressiya, narahatlıq gedir. Həm də mətn elə oxucu kimi də səni xilas edə bilər.

- Rəbiqə, bir qızın var, hətta ən çox tanınan şeirin də qızınla bağlıdır. Onu hansı istiqamətə yönəltmək istəyirsən?

- Aynur humanitar sahəyə meylli idi. Bir ara hekayələr yazırdı, mən o hekayələri oxuyub qorxuya düşdüm. Gördüm ki, “virus” yoluxub. Sonrakı illərdə daha çox şeir yazırdı. Bizim aramızda qəribə, sözsüz anlaşma vardı. Heç vaxt mənə şeir yazdığını demirdi. Dəftərini açıb masama qoyurdu, mən də bilirdim ki, oxumağım üçün belə edib. Oxuyub çox zaman fikir bildirmirdim. Bir dəfə söhbət etdik, dedim, Aynur, istəmirəm sən şeir yazasan. Zarafatla dedim ki, yazsan, barmaqlarını qıraram sənin (gülür.) Ümumiyyətlə, incəsənətə meyllidir. Mahnı oxumaq istəyir, bir müddət aktrisa olmağa meylləndi. Mən də dedim ki, əsas sənin sənətin olsun, ondan pul qazana biləsən. Ondan sonra istedadın varsa, üzə çıxacaq, mən sənə qadağa qoymayacam. Hətta oxumaya bilərsən, yaxşı dərzi, bərbər ola bilərsən. Belə deyəndə ağzını büzürdü, xoşuna gəlmirdi. İndi turizm sahəsinə meyl edir. Ancaq bu günlərdə bildirdi ki, humanitar sahəyə imtahan verəcək. Heç nə demədim, çünki öz başıma gəlib. Anam məni İqtisadiyyat Universitetinə, II qrupa meylləndirmişdi, imtahanlara on gün qalmış, ona dedim ki, bu, mənim sevmədiyim ixtisasdır, qəbul olacağıma da inanmıram. Dedim, sən imkan ver, öz istədiyim ixtisası seçim və səni əmin edirəm ki, nəticələrim yaxşı olacaq. Olmasa, özümü Qız qalasından atacam (gülür). Belə bir vəd verdim, özümdən arxayın idim. Mən ən son anda inadkarlığımı göstərirəm, bir az da hiyləgərəm. Amma Aynur daha prinsipialdır, əvvəldən də razılaşmır. İstəyirdim Aynur xaricdə oxusun. Amma elə böyüyüb ki, evdən çölə çıxmayıb, heç yeri tanımır. Ona görə anam dedi, Aynur xaricdə oxusa, gərək mən də onun yanında gedəm. Mən də dedim, sən gedirsənsə, gərək mən də gedim (gülür.) Belə. Görək, nə olur?

- İstəmirsən, ədəbiyyatla məşğul olsun?

- Açığı, yox. Çünki qadın üçün arzuolunmazdır ədəbiyyat. İstəyirəm qazanclı işi olsun. Yazırsa, yazsın, problem deyil. Həm də mən özümü Aynurun anası kimi yox, daha çox rəfiqəsi kimi hiss edirəm. O da elə hiss edir.

# 2897 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
# # #