Kulis.az “Yeni imza” layihəsindən Emin Akifin şeirlərlərini təqdim edir.
Zəngə kimi
saçlarını qələmlə yığan
qızın önündə,
oğlanlar qələmin başını
gəmirməklə dayanardı,
hələ məktəb vaxtlarında.
kitabın öyrətmədiyi
həqiqətlər var axı, Günəş,
lap Adəmin quş ovlamağı,
Həvvanın odu qorumağı
kimi.
ovlamaq kişinin günahına,
od qadının silahına çevrildi.
sonra gördük ki,
xəyanətlə yekə-yekə
xanlıqlar devrildi.
indi bütün dillərdə qadına
xanım deyilir,
səncə təsadüfmü?
müəllimlər yemək yemirdi –
deyib aldatmışdılar bizi,
sən demə,
müəllimlər ac da qala
bilirmiş
kapitalizmin qucağında.
bundan böyük təəssüfmü?
bizə öyrətmişdilər ki,
quşların birini vuranda,
o birilər də uçub gedirmiş
ağacın budağından.
yəni,
bir adamı tərk etmək,
bütün bəşəriyyəti
öldürməkdir.
o qoca Misir müəllim də,
dəmir xəttkeşini partaya
vurmaqla
səs salmağın ən faciəli şey
olduğunu deyirdi bizə,
birinci dəfəydi görürdüm
saçlarını qələmlə yığan
qızın,
gözlərinin dolduğunu,
"müəllim, o xətkeşlə,
dünyada silah səsini
kəsmək olar?" - deyib
ağlamışdı,
atasını Qarabağda itirən qız.
birinci dəfə idi,
o qoca Misirin dili-ağzı
bağlanmışdı.
heç vaxt yoxlanışa gələn
komissiyanı görmədik,
həmişə bizim başımızı belə
aldatdılar.
ki, görmədiyimiz
nələrdənsə
qorxmağı öyrənək.
gördük,
qardaşının ayaqqabısıyla,
köynəyiylə dərsə gələn
qızdan
kişi kimi qadın olmağı,
Yusifin atasının önündə
əyilən direktor
2-nin başı aşağı 5
olmasıydı.
yəni,
Günəş, dadı olmazdı
həqiqətlər gizlin
olmasaydı.
və zəng çalınır,
əvvəlcə hay-küy düşür,
sonra səssizlik.
hə, Günəş,
əvvəlcə sən batırsan,
sonra çökür sənsizlik.
dünyanın bombasını,
mərmisini,
səs-küyünü nə vaxtsa belə
susduracaqlar.
Bir gün
Bir gün fıstıq qabında
siqaretlər yurd salar,
Bir gün əlüzyuyana su axar
gözlərimdən.
Daha günəşdən qabaq
üzümə dəyməz əlin,
Saçlarının ətrini alaram
dizlərimdən.
Divar asılqanında zaman
cəllada dönər
Hər gün o zəhrimər şey
beynimi qamçılayar.
Yoxluğunu səsiylə,
əqrəblərin iyirmi dörd saat
hədəsiylə salar yadıma hər gün.
İstisini itirmiş yastıq da sən dillənər,
Toz basmış güldandakı
solmuş çiçəklər də sən.
Hər gün çirkli qab-qacaq,
sərxoş olub sındırdığım
çərçivəli şəkillər,
boğazımda ilişən dadsız
yeməklər də sən.
Bu yol inadkar külək
səni axtaran zaman boşa
çıxır əllərim,
Təklik üzümə qayıdır sırtıq
tüpürcək kimi.
Bu boza dönmüş həyat
tor bağlayıb gözlərimin
ucunda
arsız hörümçək kimi.
Ağlımı itirmişəm.
Gah qayıdanda evə
bir dəstə gül alıram,
Gah da ki, eşidirəm
mətbəxdən gülüşünü.
Gah da hərdən telefonda
yığıramsa nömrəni –
Bu insan mövcud deyil!
İtirdin Günəşini!
Hə, yadıma düşdü axı,
nəsə bir söz demişdin,
Demişdin ki, bilmək olmur
avandımı, tərsimi.
İşdir, bir gün mən olmaram
darıxar qulaqların
Eşidirsən?
Lazım olar...
Yaxşı-yaxşı qulağında sırğa
elə səsimi.
Gedək qış yuxusuna
gəl, öyrət mənə saymağı,
sənəcən nə qədər sayım?
de ki, neçə gecə sayım,
de ki, neçə səhər sayım.
sən də yaxşı bilirsən
ki,
titrək olur
tənhaların əlləri.
bu nazik barmaqlarımın,
dizlərimin ucu göynər,
saçlarından ötəri...
ürək elə, mesaj yaz,
darıxma, qayıdıram,
bu gün, sabah gəlirəm.
gələnəcən özünə
biraz da bax, gəlirəm.
qayıdıram, içəsən
əllərimdən isti çay,
isti kökə yeyəsən,
dayan, tapdım deyəsən,
deyim, neçə gecə say,
bu gün, sabah gəlirəm,
ürəklənim cavab yazım
tənhaların
bütün ili qış olur.
dönüb ana qarğışına,
tənhaların qarğışı da
tutmayan qarğış olur.
isti çay, isti kökə,
o sonranın işidi.
qayıtmaq istə, sonrası
ayaqların işidi.
qayıt, bayrama çevirək
bu təkliyi yıxmağı.
təkliyə barmaq yelləyib
qışqıraq ki, demişdik
bir gün devirəcəyik
bu əclaf darıxmağı...
ikimiz yola verərik
ömrün bütün qışlarını.
Sonra sənə sayaram,
sevdiyim qarğışları.
gəl, ötüb gedək saatı
saatı öldürməyə.
hamını bir-bir yaşadıb
həyatı öldürməyə.
səni and verirəm, Günəş,
o kökə qoxusuna,
qol-qola, çiyin-çiyinə
gedək qış yuxusuna.
“Detdom” uşağı
"Detdom" uşağıyam,
əli yuxarıyam,
üzü aşağıyam - deyib
zümzümə edən uşaq,
böyüdü,
hələ də başa düşmədi ki,
ana və ata niyə
müqəddəsdir?
böyüdü,
sığına bilmədiyi qucaqlarla birgə,
"bəlkə,
gələcəklər?" - deyib,
umduğu uzaqlarla birgə,
böyüdü.
“Detdom” çarpayısından
əzablı günlərin qucağına
atıldı,
dünyanın ən soyuq yerləri
“Detdom” uşağına pulsuz satıldı:
küçələr...
skamyalar...
laqeyd adamlar...
Təklik sənə yaraşır
bu təklik xərçəng kimidir,
tutulmaq ehtimalı var.
gəbərir içində adam
saçın yolan bir halı var.
tarla müqəvvası kimi
açanda qollarımızı
nolar, bizi də qucaqla
Məryəmin İsası kimi.
hardasa bir çomağın var,
təkliyin gözünü çıxart,
başını əz, ilahi.
vallah, öz aramızdı da
təklik sənə yaraşır,
özün tək gəz, ilahi!
Bu şeiri atamın xatirəsinə həsr edirəm
Allah zərbəsini vurub
dağıtdı ailə üçbucağımızı,
sevginin gözləri açıldı
ucsuz-bucaqsız yetimliyə
atam düşdü Yerin
biradamlıq dəliyinə,
səpələndik biz öz yerimizə,
doğma adamlar öz yerlərinə.
sən demə, Yerin cazibə
qüvvəsiymiş adamları
torpağa aparan
adamlar dünyadan Ozon
qatını dəlib gedirlər,
bir gün o dəlikdən böyük
tənhalıq düşəcək yer üzünə
laap, dünya boyda...
sən demə, milyon ildi
adamlar dünyanı dağıtmaq
üçün gəlib gedirlər.
ən çox da anam üşüdü
qucağı buz təklikdən,
hardan biləydim ki, demə,
qadınlar yetim qalırmış
ərlərindən.
anamın saçları boz
darıxmağın əllinci çaları,
gözləri su səpir yollara,
diksinir qapının zəngindən,
təəssüf ki, o yollar
qaytarmır, aparır.
demə, ana olmaqdan daha çətini
ata olmaqdır
bütün dul qadınlar üçün...
bütün dul qadınlar üçün
evinin qibləsidi
ərinin şəkilə dönüb asıldığı
o divar
anam atamdan danışır və
divarı göstərir...
bəs, Allaha çatmağa
görəsən neçə ev var?
indi bir-birimizə qısılıb
arzuladığımız şey,
gedənlərin sürətinə çatmaq
üçün
qu quşlarına bağlanmış
arabada Günəşə doğru
uçmaq...
gedənlər ayaqdan belə
itisə,
niyə belə ləng olur bu buz
darıxmaq?
daha sonra,
sonrası, çətin olur
doğmalarla aradakı hasara
dırmanmaq,
ürəyim, fikrim, gözüm qalır
hasarın o biri üzündə,
bəzən ayağımın altına
qoyuram arzuları,
boyumun çatdığı yerdə
şüşə qırıntıları kəsir
əllərimi,
iki əl saxlamışam
ağlamağa,
içimdəki adam deyir,
heç olmasa onları itirmə,
buz kimi saxladığın ürəyin
nə vaxt əriməyi bilinmir....
xoş günlərin tavasını
sıyırdım, doya bilmədim,
əvəzində yağdı yağışlar,
sevindi torpağın ətriylə
oynamaqdan ötrü buludlar,
indi bu yağış adamları
ovutmur, ilahi,
biz sənə möcüzələrlə
inanmışıq,
bilirsən ki, dünyanın
səkkizinci möcüzəsi –
xoşbəxtlikdir,
bundan sonra,
sonrası, bizə möcüzə
göstər...