“Sevgidən bixəbər kişi”ni Almaniyadan niyə qovdular?

“Sevgidən bixəbər kişi”ni Almaniyadan niyə qovdular?
5 iyun 2013
# 10:25

Dünyanın ən gözəl sevgi əsərlərindən biri olan “Əli və Nino” romanının Qurban Səid imzasıyla 1937-ci ildə Avstriyanın Vyana şəhərində alman dilində çap edilməsindən az müddət keçsə də, kitab nəinki Avropada, hətta bütün dünyada məşhurlaşıb tezliklə 33 dilə çevrilərək 66 ölkədə çap edildi.

Qurban Səid axtarışında

“Əli və Nino” romanının dünyada sevilərək şöhrət tapmasına baxmayaraq, Qurban Səidin kim olması ilə bağlı fikirlər uzun illər hələ də bir çoxları üçün sirr olaraq qalırdı. Qurban Səidin kimliyi zaman-zaman müxtəlif dairələrdə böyük səs-küylü mübahisələrə səbəb olurdu. Bir müddət sonra isə Qurban Səid imzasının sahibinin Lev Nussimbaum adlı yəhudi olması ilə bağlı fikirlər dünyanın Kütləvi İnformasiya Vasitələrində dolaşmağa başladı. Amma romanda yəhudi mədəniyyətindən deyil, Qafqaz-müsəlman mədəniyyətindən bəhs edilməsi səslənən fikirləri böyük şübhə altına aldı.

İllər sonra Almaniyada, Avstriyada və digər Avropa ölkələrinin arxivlərindən tapılan sənədlər Qurban Səidin heç də yəhudi deyil, məhz azərbaycanlı olduğunu ortaya çıxardı. Amma bu da Qurban Səid və romanla bağlı şübhələrə, habelə mübahisələrə son qoymadı.

Rəsmi sənədlərə əsasən, Qurban Səid avstriyalı baronessa Elfrida Erenfelsin təxəllüsü olub. Buna görə də uzun illər “Əli və Nino” romanının müəllifi Elfrida Erenfels hesab olunub. Lakin az sonra amerikalı şərqşünas Tom Rays bir sıra faktlara əsaslanıb “Əli və Nino”nun əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nussimbauma məxsus olduğunu, baronessa Elfrida Erenfelsin isə yalnız onun yaşadığı qadın olması fikrini irəli sürüb. Bu sübut ciddi sənədlər və arqumentlərlə müşayiət olunduğu üçün dünyada qəbul olunmuş əsas variantlardan biri hesab edilib. Digərləri isə “Əli və Nino”nun yazıçı Yusif Vəzir Çəmənzəminliyə məxsus olmasını iddia ediblər. Amma bu iddialar ciddi sənədlərə söykənməyib.

“Əli və Nino”nun müəllifinin Y.V.Çəmənzəminli olduğunu iddia edənlər isə yazıçının digər nəsr əsərlərindən və “Əli və Nino” romanından oxşar məqamları qeyd etməklə kifayətləniblər. Ümumiyyətlə, “Əli və Nino” romanının bədii üslubuyla Y.V.Çəmənzəminlinin bədii üslubu arasında heç bir bənzərliyin olmamağı da əsas diqqətçəkən məqamlardan biridir.

“Əli və Nino” romanının Y.V.Çəmənzəminlinin adına çıxarılmasının tarixçəsi tərcüməçi Semih Yazıçıoğlunun adı ilə bağlıdır desək, bəlkə də yanılmarıq. Belə ki, o, 1971-ci ildə “Əli və Nino”nu türk dilinə çevirib həmin kitaba ön sözdə yazır ki, “Amerikada yaşayan Yusif Qəhrəman və Türkəqul adlı şəxslər bu romanı 1971-ci ildə oxuyandan sonra əsərdə bəhs edilən bir sıra yerlərin adlarını tanımışlar və belə bir əsəri yalnız yazıçı Y.V.Çəmənzəminlinin yaza biləcəyini güman etmişlər”. Onlar tanımadıqları Qurban Səid imzasının Y.V.Çəmənzəminliyə aid ola biləcəyini düşünmüşlər. Elə bu güman da neçə ildən bəri Qurban Səidin kimliyi barəsində onsuz da dolaşıq düyünü daha da bərkitmişdir. Bundan sonra isə bəzi araşdırmaçılarımız uzun illər bu fikrin üzərində dayanmışlar. Digər bir tərəfdən isə Y.V.Çəmənzəminlinin oğlu Orxan Vəzirov mətbuatda bildirib ki, Qurban Səidin, onun atası olduğunu vaxtilə Fransada mühacirətdə yaşayan ziyalı Ceyhun Hacıbəyli də təsdiqləyibmiş. Həmçinin Azərbaycan Yazıçılar Birliyi də 1993-cü ildə qəbul etdiyi qərarda “Əli və Nino” romanının müəllifinin Y.V.Çəmənzəminli olduğunu rəsmi şəkildə təsdiq etmişdir.

Azərbaycandakı arxiv sənədlərində Qurban Səid imzasıyla çap edilmiş hər iki romanın Y.V.Çəmənzəminliyə məxsus olması barədə isə heç bir məlumata rast gəlinmir. Baxmayaraq ki “Əli və Nino” 1937-ci ildə, “Altunsaç” romanı 1938-ci ildə çap edilmiş və Y.V.Çəmənzəminli isə 1943-cü ildə sürgündə vəfat etmişdi. Hər-halda bu illər ərzində Y.V.Çəmənzəminli müəllifliyi ona istinad edilən əsərlər haqqında haradasa məlumat verə bilərdi. Ortaya isə daha bir sual çıxır: Bəs romanlar nə üçün Y.V.Çəmənzəminli imzasıyla deyil, Qurban Səid imzasıyla çap edilmişdir?

Bir məqamı da qeyd etmək yerinə düşər ki, “Altunsaç” romanında hadisələr Almaniyada, Avstriyada, ABŞ-da və Yaxın Şərqdə cərəyan edir ki, bu yerlər də əsərdə coğrafi dəqiqliklə təsvir edilib. Amma Y.V.Çəmənzəminlinin adıçəkilən yerlərdə olması heç bir sənəddə öz əksini tapmır.

Bu qəbildən olan dolaşıq fikirlər də hər iki romanın Y.V.Çəmənzəminliyə aid olduğunu daha da şübhələr altına almağa başladı.

Yaxın vaxtlarda Almaniyada yaşayan azərbaycanlı şairə Nuridə Atəşi araşdırma işində daha da irəli gedərək Qurban Səidin Azərbaycanlı yazıçı Məhəmməd Əsəd bəy olduğu fikrini arxiv sənədlərindəki faktlara əsasən irəli sürüb.

Son dövrlər özünü Qurban Səidin araşdırılmasına həsr etmiş Nuridə Atəşi ədəbiyyatsevərlərin nəzərlərini Avropada toz basmış arxivlərə yönəltməyi bacardı. O, faktlara söykənib bir daha sübut etdi ki, Qurban Səid imzasının müəllifi məhz azərbaycanlı yazıçı Məhəmməd Əsəd bəydir. Düzdür, ondan əvvəl bu haqda bir sıra faktlara əsasən ayrı-ayrılıqda Əhməd Cəmil Məzhər, Tom Rays, Uilfrid Fuhrman və başqaları Qurban Səidin Məhəmməd Əsəd bəy olduğunu sübuta yetirmişdilər. Amma Nuridə Atəşi Qurban Səid haqqında olan tarixi sənədləri arxivlərdən taparaq bir çox təkzibedilməz faktları ortaya qoydu.

Məhəmməd Əsəd bəy kimdir?

Azərbaycan mənbələrində M.Əsəd bəy haqqında demək olar ki, yetərincə məlumat yox idi. Avropa arxivlərində olan sənədlərdə isə M.Əsəd bəy adına rast gəlmək mümkün deyildi. Çünki yazıçının rəsmi sənədlərdəki adı Almaniyadakı arxivlərdə Lev Nussimbaum, Avstriyadakı arxivlərdə isə Elfrida Erenfels kimi qeyd edilmişdi.

Neft milyonçusunun oğlu olan Məhəmməd Əsəd bəy 1905-ci il oktyabrın 20-də Bakı şəhərində anadan olub. Uşaqlıqdan evdə qapalı şəraitdə tərbiyə alan M.Əsəd bəyin yeganə dostu olan oxuduğu kitablar onun gələcəkdə bir yazıçı kimi yetişməsində böyük rol oynayıb. Bu haqda özü sonralar belə yazacaqdı: “14 yaşıma qədər mən təkbaşına heç zaman evi tərk edə bilməzdim. Amma, bəlkə də, həmin qapalı ev tərbiyəsi bu gün həyatımın köhnə bir kresloda məhdudlaşdırılması üçün mənə səbir verir”.

1920-ci ildə Sovet qoşunlarının Azərbaycanı zəbt edib hakimiyyəti öz əllərinə keçirməsilə barışmayan Bakının o dövrkü bəzi ziyalıları kimi 15 yaşlı M.Əsəd bəyin ailəsi də buna etiraz edib mühacir həyatına qərar verir.

M.Əsəd bəyin atası İbrahim Arslanoğlu əslən səmərqəndli, anası Alisa Şlutski isə əslən rus idi. Amma Alisa sonradan İslam dinini qəbul edərək özünə Aişə adını götürür. M.Əsəd bəyin altı yaşı olanda anası vəfat edir.

Abraham Nussimbaum M.Əsəd bəyin xalası Bertanın əri olub. M.Əsəd bəy xalası əri ilə Azərbaycanı tərk edərək hələ kommunist dalğasının gəlib çatmadığı Gürcüstana gedir. Çox güman ki, M.Əsəd bəy öz təhlükəsizliyi üçün adını dəyişdirib Lev, soyadını isə Nussimbaum qoyur (maraqlıdır ki, “Əsəd” ərəbcə, “Lev” isə rusca “şir” mənasını verir). M.Əsəd bəy buradan da Avropaya yol alır. O, əvvəlcə Turkiyəyə, oradan Romaya, sonra Parisə, daha sonra isə Berlinə gedib çıxır. A. Nussimbaum M.Əsəd bəyi Almaniyada bir yəhudi kimi təqdim etməsindən sonra yazıçı rəsmən özünə götürdüyü qondarma ad və soyaddan imtina edir, həmçinin İslam dinini qəbul edirək yenidən “müsəlman olur”.

Yetərincə savadı olan M.Əsəd bəy Fridrix-Vilhelm adına Berlin Universitetində şərqşünaslıq üzrə ali təhsilə başlayaraq öz elmini daha da artırır. O bu illər ərzində türk, ərəb, fars, rus, alman, ingilis, italyan dillərində sərbəst danışmağı və yazıb-oxumağı dərindən mənimsəyir. Eyni zamanda yazıçının uğurlu jurnalistlik dövrü də elə bu vaxtalara təsadüf edir. O, bu dövrdə bir sıra qəzetlərdə məqalələr yazır, Azərbaycan Cümhuriyyəti və Şərq, eləcə də İslam dünyası haqqında yazılar dərc etdirir. Eyni zamanda o, “İslam İcması”nın, “Şərq Dilləri Seminariyası”nın və “İmperiya Yazıçıları Palatası”nın üzvü olur.

1929-cu ildə M.Əsəd bəyin ilk iri həcmli qələm məhsulu olan “Şərqdə neft və qan” əsəri Berlinin “Deutsche Verlags-Anstalt” nəşriyyatında çap edilir. Qısa bir vaxt ərzində böyük oxucu kütləsi qazanan kitab məşhurlaşaraq digər Avropa dillərinə də çevrilib Qərbdə geniş yayılmağa başlayır.

M.Əsəd bəyin “Şərqdə neft və qan” əsərini sevənlər kimi, gözü götürməyənlər də az olmur. Almaniyadakı o vaxtkı azərbaycanlılar bu kitabı Azərbaycanı aşağılamaqda, əsəri yalan və böhtanlarla dolu olmaqda ittiham edərək müəllifə qarşı böyük bir təbliğat kampaniyasına başlayırlar. Bu kampaniyanın başında o vaxt Almaniyada təhsil alan azərbaycanlı tələbə Hilal Münşi dayanır. O, bir-birinin ardınca M.Əsəd bəy haqqında alman hökumətinə donoslar yazır. Az keçməmiş bu donoslar artıq öz təsirini göstərir. Belə ki, M.Əsəd bəyin adı Almaniyanın hər yerində qadağan edilir, bütün əsərləri “ziyanlı və arzuolunmaz” hesab edilərək kitabları yasaqlanır, “İmperiya Yazıçıları Palatası”nın üzvlüyündən çıxarılır, ona yəhudi damğası vurulur və bütün bunların məntiqi sonluğu kimi o, Almaniyadan qovulur. Yazıçı 1932-ci ildə Avstriyanın Vyana şəhərinə köçür. Amma bütün bunlara baxmayaraq o, həvəsdən düşməyərək bir-birinin ardınca bir sıra maraqlı əsərlər yazır.

Onun sonralar yazdığı “Qafqazın 12 sirri” (1930), “Qafqaz. Dağlar, xalqlar və tarix” (1931), “Stalin. Fanatın karyerası” (1931), “Məhəmməd. Sonuncu peyğəmbər” (1932), “Ağ Rusiya” (1932), “Dünyaya qarşı qəsd. Q.P.U.” (1932), “Rusiya yol ayrıcında” (1933), “Maye qızıl” (1933), “Manuela Lods” (1934), “Lenin” (1935), “İkinci Nikolay. Sonuncu çarın əzəməti və sonu” (1935), “Rza şah – sərkərdə, padşah, islahatçı” (1935), “Allah böyükdür. (Allahu Əkbər) Əbdül Həmiddən İbn Sauda qədər İslam dünyasının tənəzzülü və yüksəlişi” (1936), “Mussolini” (1937) kimi əsərlər dünyada maraqla oxunan kitablar sırasındadır.

Az sonra M.Əsəd bəy ABŞ-da, Liviyada (orada ərəb-italyan dilləri üzrə tərcüməçi işləyir) uzun müddətli səfərlərdə olur. Yazıçının bir qadınla ailə qurması haqqında çox az məlumat olsa da, arxivlərdə onun övladlarının varlığı haqqında heç bir məlumata rast gəlinmir.

Qurban Səid imzasının tarixçəsi

1937-ci ildə Qurban Səid imzasıyla “Əli və Nino” romanı Vyananın “Tal” nəşriyyatında çap edilir. Elə də çox müddət keçməmiş əsər haqqında yeddi ölkədən Vyanaya daxil olan fikirlər romana böyük marağın təzahürü kimi qiymətləndirilir. Tez bir zamanda Avropanı, daha sonra isə bütün dünyanı fəth edən bu romanın bir azərbaycanlı tərəfindən yazıldığını düşünərkən adam qürur hissi keçirməyə bilmir.

Roman bütün dünyada məşhurlaşsa da, əsərin müəllifi Qurban Səidin kim olması çoxlarına naməlum qalır. Hamı bu sevimli romanı kimin qələmə aldığı haqqında maraqlansa da məsələ uzun müddət qaranlıq və müəmmalı qalır.

M.Əsəd bəyin “Əli və Nino” romanını öz imzasıyla çap etdirməməyinin əsas səbəbi isə, onun adının əvvəllər qalmaqallarda hallanması olur. Yazıçının adının gündəmə gəlməsi yenidən onu gözü götürməyənləri qıcıqlandıra bilərdi. Ona görə də M.Əsəd Qurban Səid imzası altında kitabını çap etdirməklə bir növ öz təhlükəsizliyini sığortalamış olur.

Qurban Səid imzasının yaranma tarixçəsi isə belədir: 1936-cı ildə Qurban bayramı günlərində M.Əsəd bəylə kitabxanada görüşərkən Ə.C.Məzhər ona “Qurban Səid!”, yəni “Qurban bayramınız mübarək!” – deyir. “Əsəd bəylə söhbət edən bir turist elə başa düşdü ki, mən özümü onlara Qurban Səid kimi təqdim etdim. Turist gülümsəyərək mənə “sizinlə tanış olmağıma çox şadam, cənab Qurban Səid” dedi. Beləliklə, Qurban Səid mənim məzəli adıma çevrildi. Bir gün Əsəd bəy ilk romanını çap etdirmək üçün təxəllüs axtarırdı. O, mənə Qurban Səid təxəllüsünü götürmək istədiyini bildirdi. Beləcə, biz razılaşdıq”.

M.Əsəd bəy bundan sonra əsərlərini Qurban Səid imzasıyla çap etdirməyi qərara alır.

Vətəndən bixəbər kişi

M.Əsəd bəyə sonuncu əsəri olan “Sevgidən bixəbər kişi” romanını bitirməyə uzun sürən ağır xəstəliyi imkan vermir. O, 1942-ci ilin avqust ayının 27-də 37 yaşında İtaliyanın Neapol şəhərinin yaxınlığında yerləşən Pozitano adlı yerdə vəfat edir və elə oradaca dəfn olunur.

Diqqətçəkən məqamlardan biri də M.Əsəd bəyin dəfn edildiyi məzarın zahiri görünüşüdür. Belə ki, yazıçının məzarı üzü Məkkə şəhərinə doğrudur, başdaşı isə sufi mədəniyyətinə xas olan Şərq memarlıq üslubundadır. Üstündə isə Əsəd bəyin adından başqa, müqəddəs Qurani-Kərimin ilk ayəsi həkk edilib. Onun vaxtilə yaşadığı Berlindəki evin qarşısına vurulmuş barelyefdə yazıçının dilindən yazılmış - “Vətənsiz həyat boş və mənasızdır” deyimi isə insanı kövrəltməyə bilmir.

Bax, beləcə, Məhəmməd Əsəd bəyin çətin həyat yolu başa çatır. Yazıçı öz arxasınca bütün dünyada sevə-sevə oxunan 15-dən çox bir-birindən gözəl əsər və elə onlar qədər də müəmmalar qoyub gedir. Azərbaycanı bütün dünyada tanıdan və onu dəlicəsinə sevən, həyatı keşməkeşlərlə dolu olan yazıçının həyatına son nöqtə qoyulur.

Seyid Ramin

# 5484 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #