"Devin Media" ilə bağlı yeni qalmaqal - Şikayətçilər vəsaitlərini geri tələb edir

"Devin Media" ilə bağlı yeni qalmaqal - Şikayətçilər vəsaitlərini geri tələb edir
18 avqust 2026
# 12:15

“Devin Media” Bakıda film və serial çəkilişlərinə cəlb olunma vədi ilə vətəndaşlardan qanunsuz ödənişlərin toplanması iddiaları ilə yenidən gündəmə gəlib.

Kulis.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Bakıda kino və serial çəkilişlərində iştirak adı altında vətəndaşlardan kütləvi məbləğlərin toplanması ilə bağlı yeni iddialar ortaya çıxıb. Yayılan cəlbedici elanlara inanaraq aktyorluq xəyalı quran yüzlərlə şəxsin sadəcə qeydiyyat və WhatsApp qrupuna daxil edilmək üçün ödənişə cəlb olunduğu bildirilir. İlkin məlumatlara görə, qısa müddətdə yüzlərlə şəxsdən toplanan vəsaitin məbləği minlərlə manatı ötüb və məsələ artıq həm televiziya məkanında, həm də hüquq müstəvisində ciddi müzakirə mövzusuna çevrilib.

Sosial şəbəkədə çıxış edən şikayətçilərdən biri deyir ki, müraciət edən şəxslərdən ilkin olaraq qeydiyyatdan keçmək üçün 20 manat, daha sonra hansısa qeyri-müəyyən müqavilə əsas gətirilərək 800 manat tələb olunub. Zərərçəkən bildirir ki, 20 manat ödənişi edib, daha sonra 100 manat da məbləğ ödəyib. Lakin sonra tələb olunan vəsaiti ödəyə bilməyəcəyini deyib və ödədiyi məbləğləri geri istəyib. Ancaq ona vəsaiti geri qaytarılmayıb.

Qeyd edək ki, kulis.az analoji iddiaları təxminən iki il əvvəl də işıqlandırmışdı. Həmin vaxt da vətəndaşlardan qrupa qoşulmaq adı ilə 20 manat, ardınca isə kurs üçün əlavə ödənişlərin istənildiyi iddia edilmişdi. Qeyd edək ki, həmin vaxt “Devin Medya Akademi”nin yaydığı elanda Həmidə Ömərova, Pərviz Malik kimi ustadların dərs verəcəyi bildirilmişdi. Xalq artisti isə belə bir kursa dəvət edilsə də təkliflərini qəbul etməmişdi.

P.S. Bildirək ki, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında (“Amay” Ticarət Mərkəzi, 3-cü giriş, 2-ci mərtəbə) fəaliyyət göstərən “Devin Media”nın saytına nəzər saldıq. Qurumun rəsmi internet resursu olan devinmedya.com saytını incələyəndə platformanın xüsusi vizual tərtibatla genişmiqyaslı prodakşn və kino təhsili mərkəzi kimi dizayn edildiyi görünür.

Saytda Türkiyənin ən reytinqli serialları istinad və tərəfdaşlıq kimi təqdim olunsa da, statistika bölməsində aktyor və layihə sayğaclarının sıfır ("0") olaraq qalması platformanın real fəaliyyət göstəriciləri barədə açıq suallar doğurur. Eyni zamanda, saytda yerləşdirilən 4 mərhələli aktyor seçimi modelində ilk addım kimi "İlkin qeydiyyat və sistemə giriş", ardınca isə ödənişli təlimlərə qatılım prosesinin irəli sürülməsi vətəndaşların şikayətlərindəki detallarla tam üst-üstə düşür. Yerli televiziya kanalları üçün elan edilən serial və ssenari müsabiqəsi layihələrinin adları çəkilsə də, onların yayım və ya istehsalat statusuna dair konkret hüquqi və ya rəsmi sənəd təfərrüatları açıqlanmır. Nəticə etibarilə, iddialı, sadəcə görüntü əks etdirən vədlərlə saytda əks olunan faktiki məlumatlar arasındakı ziddiyyətli mənzərə sözügedən fəaliyyətin ciddiliyi ilə bağlı ictimai şübhələri daha da artırır. Yəni sayt ilk baxışda nə qədər süni təmtəraqla yaradılsa da hiss olunur ki, sadəcə "üstü bəzək..."dir. Təbii ki, rəsmi platformada təqdim olunan bu cür iddialı rəqəmlər və vizual göstəricilərlə real vətəndaş müraciətlərindəki narazılıqlar arasındakı təzad məsələnin hərtərəfli araşdırılmasını zəruri edir.

Yəqin ki, səsləndirilən iddialar hüquqi müstəvidə öz həllini tapacaq, amma yaxşı olardı ki, rəqəmsallığın geniş yayıldığı müasir dövrdə - bütün fəaliyyətlərin aydın və real faktlarla göz önündə olduğu bir vaxtda vətəndaşlarımız da harasa pul ödəməzdən əvvəl onlara "qızıldan dağlar vəd edənlər"in heç olmasa, ən azından internet resurslarını gözdən keçirsinlər...

# 102 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənnidən təbii fəlakətdə zərərçəkənlərə böyük yardım

Məşhur müğənnidən təbii fəlakətdə zərərçəkənlərə böyük yardım

12:45 18 avqust 2026
"The Odyssey"dən növbəti uğur –  Nə qədər gəlir əldə etdi?

"The Odyssey"dən növbəti uğur Nə qədər gəlir əldə etdi?

11:52 18 avqust 2026
Rəqs edən qadınları linçləyən şübhəli trol şəbəkəsi -  Dondurma şousu  kimləri narahat edir?

Rəqs edən qadınları linçləyən şübhəli trol şəbəkəsi - Dondurma şousu kimləri narahat edir?

11:10 18 avqust 2026
"Lion" sənədli filmi təqdim edildi

"Lion" sənədli filmi təqdim edildi

11:08 18 avqust 2026
Tbilisidə Azərbaycan və Gürcüstan rəssamlarının sərgisi təşkil olundu

Tbilisidə Azərbaycan və Gürcüstan rəssamlarının sərgisi təşkil olundu

10:20 18 avqust 2026
"Sevgi oyunları və həzz almaq yaxşı şeydir, amma..." - Onore de Balzakı niyə ittiham edirdilər?

"Sevgi oyunları və həzz almaq yaxşı şeydir, amma..." - Onore de Balzakı niyə ittiham edirdilər?

10:00 18 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər