"Səfeh bir eşq ucundan batıb gedirsən..." - İlqar Fəhminin şeirləri

"Səfeh bir eşq ucundan batıb gedirsən..."  - İlqar Fəhminin şeirləri
18 avqust 2026
# 17:00

Bu gün şair, yazıçı, kinodramaturq, Əməkdar mədəniyyət işçisi İlqar Fəhminin doğum günüdür.

Kulis.az şairi ürəkdən təbrik edir və onun şeirlərini təqdim edir.


Gecə ekspressiyalarından...

Mənim şeirlərim soyuq,
Bir az da yorğun olsa da,
Sənin səsin yağış səsi,
Sənin sözün şeir kimi...

Mənim şeirlərim ağır,
Bir az da bədbin olsa da,
Sənin hekayə saçların,
Sənin üzün şeir kimi...

Mənim şeirlərim sönük,
Bir az dumanlı olsa da,
Sənin zərif baxışların,
Sənin gözün şeir kimi...

Mənim şeirlərim bir az
Həyata küskün olsa da,
Sənin həyatda varlığın,
Sənin... özün şeir kimi...


Gecə ekspressiyalarından...

Bir səddimiz olsaydı, aşardıq,
Bir göz yaşı olsaydı, silərdik.
Bir ömrümüz olsaydı, yaşardıq,
Bir qəbrimiz olsaydı, ölərdik..


Bir bağımız olsa, sevinərdik,
Bir meynəmiz olsaydı, əkərdik..
Bir sevgimiz olsaydı, sevərdik,
Bir dərdimiz olsaydı, çəkərdik.

Bir nurumuz olsaydı, saçardıq
Bir kölgəmiz olsaydı, yatardıq.
Bir sirrimiz olsaydı, açardıq,
Bir dostumuz olsaydı, satardıq.

Ömrün dolaşıq yolları haqda,
Bir şeirimiz olsaydı, yazardıq...
Zülmətdə də yol azmadıq heç vaxt,
Ehhh, ağlımız olsaydı, azardıq.
...lap çoxdan azardıq.


***


Nə gözəl duyğudu, hərdən
Sənə baxmaq... və düşünmək.
Gecə narın yağış olmaq,
Sənə yağmaq... və düşünmək.
Dənizində qayıq olmaq,
Sənə dalmaq... və düşünmək.
Əriyib nəmli gözündə
Sənin olmaq... və düşünmək.
Yenə qan rəngli şərabtək
Səni içmək... və düşünmək,
Bu qədər varlıq içində
Səni seçmək... və düşünmək...
Səni sevmək... və darıxmaq.

Bürkülü yay ekspressiyalarından...

Uçurumdan qopan anda, əlini tutmasa kimsə,
Gözünü zillə səmaya, bacarırsansa, gülümsə...
Ən ağır məngənə içrə nicatın yalnız ölümsə,
İnanırsansa, dua et, bacarırsansa, gülümsə.
Sənin ən qorxulu həftən,
mənim ən qanlı günümsə,
Gözümə bax, dişini sıx, bacarırsansa gülümsə.
Batıran ruhuna iynə bu acı zəhr dilimsə,
Zəhərə azca şəkər qat, bacarırsansa gülümsə.
Bu günəşdən yorulan yay mənim ən son fəsilimsə,
Payız haqqında danışma, bacarırsansa gülümsə...
Elə səssizcə gülümsə...


Hal şeirlərindən...

Darıxmağın gözəldi - baxır kiminçün...
Ürəkdə şimşəyin var - çaxır kiminçün?
Səfeh bir eşq ucundan batıb gedirsən,
O inci göz yaşın da - axır kiminçün?
Səbirli ol, ayıbdı, - görüb deyərlər,
Qəzəblənib dişin gör - sıxır kiminçün?
Günəş də aşiq olmuş - yəqin ki, bir vaxt,
Görən batır kiminçün? - Çıxır kiminçün?
Səmada bir mələk var - yaman nigaran..
Görən gözündə yaşla - baxır kiminçün?

Gecə ekspressiyalarından

Sənin həmişə BİR sualın oldu
Mənim cavablarım çoox,
Sənin ölən ümidlərin çox idi,
Mənim kitablarım çoox...

Vərəqlərin içində gizli qaldım,
Yavaş-yavaş saraldım,
Sənin üzündə görünürsə ruhun,
Mənim niqablarım çoox...

Sənə ümid, işiq verən adamlar
Az olsa da, şükür, var,
Mənim fərəh, sevinc duyan halım yox,
Mənim əzablarım çoox...

Yolun behiştədir, çönüb dayanma,
Mənim halıma yanma,
Hesab günü sənin yolun açıqdı,
Mənim hesablarım çoox...

Zamanə tərsinə çönərsə Fəhmi,
Mənə gələrsə rəhmi,
Savab ilə günah yerin dəyişsə,
Mənim savablarım çoox.
Günaha bənzəyən savablarım çoox...

Halsız şeirlərdən...

Mən bir zaman əllərdə gümüş bir qələm oldum,
Sən keçmiş həyatında qəşəng bir şeir idin,
Mən sirli səmalarda buludlar kimi azad,
Sən sərsəri sevdalar əlində əsir idin...

Mən bir zaman atəşlərə düşmən külək oldum,
Sən keçmiş həyatında da şıltaq yağış idin...
Mən dərdi duman zənn elədim, azmağa qorxdum,
Sən qarə buludlarla o vaxtdan tanış idin...
Mən bir zaman hər qəlbə nicat verməli tövbə,
Sən keçmiş həyatında şirin bir GÜNAH idin,
Mən Adəmin ağlındakı o qorxulu xülya,
Sən ORDA da Həvvanın əlində silah idin.
...çox incə, zərif bir silah idin.

# 93 dəfə oxunub

Oxşar xəbərlər

"Bu küçədə yaşayan adamların qalıqlarıyıq... "-  Alik Əlioğlunun şeirləri

"Bu küçədə yaşayan adamların qalıqlarıyıq... "- Alik Əlioğlunun şeirləri

17:30 18 avqust 2026
"Məni endirməyin yerə, amandır..."  - Bəxtiyar Vahabzadənin şeirləri

"Məni endirməyin yerə, amandır..." - Bəxtiyar Vahabzadənin şeirləri

14:00 16 avqust 2026
"Heç kim bizim kimi sevə bilmədi..." - Edqar Allan Podan həyat yoldaşına

"Heç kim bizim kimi sevə bilmədi..." - Edqar Allan Podan həyat yoldaşına

13:30 15 avqust 2026
"Gündüz içki içirəm, gecə yuxu yatmıram" - Sevinc Yunuslunun şeiri

"Gündüz içki içirəm, gecə yuxu yatmıram" - Sevinc Yunuslunun şeiri

12:30 15 avqust 2026
"Allah, məni Bakıda öldür, dirilt Təbrizdə!"- Həmid Herisçinin şeirləri

"Allah, məni Bakıda öldür, dirilt Təbrizdə!"- Həmid Herisçinin şeirləri

14:00 14 avqust 2026
"Hökmən Allah lazımdır mənə..." - Çeslav Miloşun şeirləri

"Hökmən Allah lazımdır mənə..." - Çeslav Miloşun şeirləri

13:30 14 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər