Rəqs edən qadınları linçləyən şübhəli trol şəbəkəsi - Dondurma şousu kimləri narahat edir?

Rəqs edən qadınları linçləyən şübhəli trol şəbəkəsi -  Dondurma şousu  kimləri narahat edir?
18 avqust 2026
# 11:10

Kulis.az Günel Novruzun "Rəqs edən qadınları linçləyən şübhəli trol şəbəkəsi - Dondurma şousu kimləri narahat edir?" yazısını təqdim edir.

Bu günlərdə Bakının mərkəzində yay axşamının ilıq mehi altında sadə bir küçə şousu olur. Türkiyədən gəlmiş və sosial şəbəkələrdə "Çılğın dondurmaçı" kimi tanınan bir adam dondurma satır, ritmik musiqi sədaları altında dondurma təqdim edir, qarşısındakı insanları da bu şouya, bu əyləncəyə qatır. Kimisi gülümsəyir, kimisi dondurmasını alıb keçir, kimisi də uzağı bir dəqiqəlik həyatın gündəlik, yorucu qayğılarını unudaraq musiqinin ritminə qoşulub onunla bərabər rəqs edir. Bir qismi də kənardan onları telefon kamerasına çəkir. ( Sonra paylaşıb linçləmək üçün...)

Bəli, cəmi bir neçə dəqiqəlik küçə sevinci, səmimi bir təbəssüm, zərərsiz bir əyləncə...

Amma bu görüntülər sosial şəbəkələrə düşən kimi, həmin o işıqlı küçə ab-havasının arxasında pusquda duran virtual linç ordusu hərəkətə keçir. Klaviaturanın arxasında gizlənən minlərlə "əxlaq polisi", "namus keşikçisi" və trol şəbəkəsi ağızlarından zəhər tökməyə başlayır. Hədəf isə bəllidir: sadəcə əylənən, rəqs edən, həyat dolu qadınlar və onlara bu şounu təqdim edən bir türk dondurmaçısı.

Bu şərhləri oxuyanda adam dəhşətə gəlir: "Evində kişi yoxdur", "Bunun yiyəsi hara baxır?", "Qadın azadlığının sonu...", "Tükləri qovmaq lazımdır..."

Əvvəla, bu linç psixologiyasının ən çirkin qatından başlayaq. Bir qadının küçədə musiqiyə qol götürüb oynamasını "yiyəsizlik" adlandıran şüur(suz), əslində qadını fərd, insan kimi deyil, sahiblənilən bir əşya, bir mülk kimi görən xəstə təfəkkürün təzahürüdür. Bu, müasir, dünyəvi Azərbaycan cəmiyyətinin deyil, orta əsr cəhalətinin dilidir. Qadının sahibi olmur; qadının şəxsi iradəsi, azadlığı və ən əsası, istədiyi kimi əylənmək hüququ olur.

Maraqlıdır, bu virtual "əxlaq qaziləri" öz anaları, bacıları, xanımları toylarda, el şənliklərində, bayramlarda oynayanda da eyni çirkin arqumentləri ortaya qoyurlarmı? Toyda qol qaldırıb oynamaq halaldır, amma küçədə bir dondurma alarkən ritmə uyğun iki addım atmaq "əxlaqsızlıq"dır? Bu necə bir ikiüzlülük, necə bir riyakarlıqdır? Əgər bir hərəkət sənə xoş gəlmirsə, sən oynamazsan, baxıb keçərsən. Sənin kimi yaşamayanı, sənin kimi düşünməyəni, sənin kimi qaşqabaqlı, zəhər tuluğu sifətində gəzməyəni təhqir etmək, ləkələmək haqqını sizə kim verib? Bizim cəmiyyəti ancaq kədərə, matəmə, qəm-qüssəyə məhkum etmək istəyən bu qaranlıq kütlə nədən bu qədər sevgisiz və bədbəxtdir?

Sosial şəbəkələrdə rəqs edən xanımların ünvanına ən ağır söyüşlər yağdıranlar elə zənn edirlər ki, ekran arxasında oturub anonim qalmaq onları toxunulmaz edir. Qətiyyən belə deyil. Bunlar həm də hüquqi məsuliyyət yaradır. Hər bir vətəndaşın şərəf və ləyaqətinin toxunulmazlığı Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət Məcəlləsi ilə qorunur. İnternet informasiya resurslarında şəxsin şərəf və ləyaqətini ləkələyən, onu təhqir edən, böhtan atan hər kəs qanun qarşısında birbaşa mülki və cinayət məsuliyyəti daşıyır. Küçədə dondurma alıb rəqs edən bir xanıma "yüngül", "əxlaqsız" damğası vurub ağır ifadələrlə söyüş yazmaq sadəcə "fikir azadlığı" deyil, konkret olaraq hüquq-mühafizə orqanlarının müdaxiləsini tələb edən cinayət tərkibli əməldir. Bu gün bu şərhləri yazanlar anlamalıdırlar ki, bircə şikayət ərizəsi ilə həmin o virtual "qəhrəman" məhkəmə zalında xəcalətli üzr istəməyə və cəza çəkməyə çevrilə bilər.

Məsələnin ən təhlükəli və dərin tərəfi isə bu şərhlərin arxasındakı gizli mexanizmdir. Şərhlərə diqqətlə baxdıqda, onların heç də sadəcə "təsadüfi vətəndaş qəzəbi" olmadığı dərhal üzə çıxır. Profil şəkillərinə, istifadəçi adlarına, yazılan mesajların dilinə baxın: standart saxta profillər, süni intellektlə hazırlanmış qondarma fotolar, dini-ideoloji çağırışlar və ən əsası, açıq-aşkar Türkiyə əleyhinə nifrət püskürən şüarlar.

Bu ritorika haradan qaynaqlanır? Təbii ki, Azərbaycanın dünyəvi quruluşunu, xalqımızın müasir həyat tərzini və ən başlıcası, Azərbaycan-Türkiyə qardaşlığını həzm edə bilməyən xarici dairələrdən, xüsusilə də İranın idarə etdiyi xüsusi trol şəbəkələrindən (əksəriyyətin profil fotolarında arxa fonda İran bayrağı qoyulub) Onların məqsədi sadədir: cəmiyyətə aqressiya, qapalılıq, qadın düşmənçiliyi aşılamaq və Türkiyədən gələn hər bir iş adamını, sənətçini, hətta sadə bir dondurmaçını belə hədəfə alaraq "türkləri qovmaq lazımdır" tezisini tirajlamaq. Şərhlərdəki sistemli anti-türk ritorikası təsadüf deyil, məqsədyönlü ideoloji təxribatdır.

Və nəhayət, bu çirkin oyunda alətə çevrilən bəzi yerli sosial media "xəbər səhifələri". Onların dərdi nə ictimai asayişdir, nə mədəniyyət, nə də xalqın mənəviyyatı. Onlar çox gözəl bilirlər ki, belə bir videonu təxribatçı başlıqla paylaşanda həmin o radikal trol sürüsü postun altına axışacaq, minlərlə şərh yazılacaq, baxış sayı və "reytinq" artacaq. Üç-beş bəyənmə və klik xatirinə öz həmvətənlərini, xüsusilə də qadınları kütlənin qarşısına atıb linç etdirmək ən böyük məsuliyyətsizlik və peşə etikası xəyanətidir.

Həyat rəngarəngdir - insanlar gülə də bilər, əylənə də. Və küçənin ortasında bir dondurma bəhanəsi ilə uşaq kimi sevinib rəqs də edə bilər. Bir cəmiyyətin inkişaf səviyyəsi qadınlarının nə qədər qorxu içində büzüşməsi ilə deyil, nə qədər sərbəst və üzündə təbəssümlə yaşaya bilməsi ilə ölçülür.

Küçədə rəqs edən bir qadına nifrət püskürən, ona düşmən kəsilən təfəkkür isə nə bu torpağın milli kimliyinə, nə də Azərbaycanın işıqlı gələcəyinə aiddir.

Təbii ki, "Çılğın dondurmaçı"nın şousu bir gün bitəcək, amma insanların bir neçə dəqiqəlik sevincini söndürmək istəyən qaranlıq zehniyyətlə mübarizəmiz bitməməlidir.

# 133 dəfə oxunub

Oxşar xəbərlər

"The Odyssey"dən növbəti uğur – Nə qədər gəlir əldə etdi?

"The Odyssey"dən növbəti uğur – Nə qədər gəlir əldə etdi?

11:52 18 avqust 2026
"Lion" sənədli filmi təqdim edildi

"Lion" sənədli filmi təqdim edildi

11:08 18 avqust 2026
Tbilisidə Azərbaycan və Gürcüstan rəssamlarının sərgisi təşkil olundu

Tbilisidə Azərbaycan və Gürcüstan rəssamlarının sərgisi təşkil olundu

10:20 18 avqust 2026
"Sevgi oyunları və həzz almaq yaxşı şeydir, amma..." - Onore de Balzakı niyə ittiham edirdilər?

"Sevgi oyunları və həzz almaq yaxşı şeydir, amma..." - Onore de Balzakı niyə ittiham edirdilər?

10:00 18 avqust 2026
Müslüm Maqomayevin məzarı ziyarət edildi

Müslüm Maqomayevin məzarı ziyarət edildi

17:30 17 avqust 2026
Rəssam Cavad Mircavadovun məzarı ilə bağlı zəruri tədbirlər görüləcək

Rəssam Cavad Mircavadovun məzarı ilə bağlı zəruri tədbirlər görüləcək

16:35 17 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər