"Daxili ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..." - "Şeytan əməli" haqqında qeydlər

"Daxili  ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..."  - "Şeytan əməli" haqqında qeydlər
16 avqust 2026
# 14:00

Kulis.az Aydan Ağayevanın yeni yazısını təqdim edir.

Bu yaxınlarda yazıçı Rüstəm Dastanoğlunun "Şeytan əməli" hekayəsini oxudum.
Əsər ilk baxışdan adi bir tələbənin poliklinika dəhlizindəki sıxıntısını təsvir edir kimi görünür, amma mətni oxuduqca anlayırsan ki, burada söhbət fiziki ağrıdan çox, insanın öz daxili dünyası ilə cəmiyyətin tələbləri arasında sıxılıb qalmasından gedir. Hekayə pafoslu, akademik ritorikadan uzaqdır; oxucunu yormayan, samimi və hamımıza tanış bir dildə qələmə alınıb.
Mənə elə gəlir ki, qol ağrısı hekayədə sadəcə bir impuls, ana süjeti hərəkətə gətirən "qıcıqlandırıcı” rolu oynayır.

Müəllif fiziki ağrının insanı necə absurd fikirlərə sürüklədiyini dəqiq tutub və bunu sadə bədii dillə dolğun şəkildə ifadə edib. Gecə ağrıdan "nağarasız, qarmonsuz oynamaq", gündüz ağrının çəkilməsinin verdiyi arxayınlıqla həkimə getməyi təxirə salmaq — hər kəsin həyatında azı bir dəfə yaşadığı klassik insani tənbəllikdir.

Poliklinika dəhlizində oturarkən qəhrəmanın öz-özünə verdiyi vədlər ("Bu gündən vaxtımı hara gəldi sovurmayacam...", "...dediklərimi etməsəm, əclafın yekəsiyəm") o qədər canlı, inandırıcı və tanış cümlələrdir ki, oxucu bu məqamlarda özünü görür. Həmin anlarda oxucuda həm bir təbəssüm, həm də gənc bir tələbənin içindəki xaosu anlamaq hissi yaranır.

Hekayənin ən uğurlu tərəflərindən biri qəhrəmanın xəyalında kəndə, ailəsinə qayıtdığı epizodlardır. Anasının oğlundan gözləntiləri və doğma ləhcəylə dediyi “Bala, qadan alım, indi Allah qoysa, oxuyuf qurtarandan sonra, səni hansı vəzifəyə qoyajaxlar? Bala, and olsun allaha, sənin heç nəyin bizə lazım deyil, qoca adamlarıq, bir ayağımız gordadır, bir ayağımız burda, hay-hayımız gedif, vay-vayımız qalıf. Birjə sənin adını istəyirik, adını. Qoy desinlər ki, filankəsin oğlu urusetdə ağılnan başnan oxuyuf qurtardı, indi də filan yerdə filan vəzifədə işdəyir” – dediyi məqam əslində cəmiyyətimizdəki "diplom və vəzifə xəstəliyi"nin sadə xülasəsidir.

Müəllif bunu quru publisistika kimi tənqid etmir, ananın öz dili ilə, təbii dialektlə stəqdim edir.
Kənddəki vəzifə dəyişiklikləri təsvir olunan hissə isə absurd teatrını xatırladır: “Canavar Əfəndini bij Ağakərəmin yerinə kənd sovetinin sədri qoydular. Mal ferma müdiri cücə Səmədi çıxartdılar, eşşək Dadaşın yerinə qoyun ferma müdiri qoydular. Qoyun ferma müdiri eşşək Dadaşı da çıxartdılar, cücə Səmədin yerinə mal ferma müdiri qoydular. Tır-tır Ağahüseyni anasının əmcəyini kəsən Balahüseynin yerinə ambardar qoydular”- bu obrazlar oxucuya idarəçilik sistemindəki mahiyyətsizliyi bir neçə cümlə ilə çatdırır. Səlahiyyəti olanların sadəcə "hörüklərinin dəyişdirilməsi" cəmiyyətdə heç nəyin mahiyyətcə dəyişmədiyini göstərən ironiyadır.

İnsan beyninin generatora bənzədilməsi və ölkədəki qaranlığın səbəbi kimi potensialın işlədilməməsinin göstərilməsi hekayənin fəlsəfi yükünü artırır. Mətnin əsas düyünü isə anasının danışdığı nağılla vurulur: beynindəki şeytan olmasa, insan inkişaf etməz, arzulamaz, çabalamaz.

"Şeytan" burada neqativ simvol kimi yox, insanı hərəkətə gətirən, var-dövlət və mövqe ardınca qaçıran "ambisiya" kimi təqdim olunur. Qəhrəmanın "görəsən, Allah mənim beynimə şeytan qoymağı unudub?" sualı onun cəmiyyətdəki ümumi qaçhaqova, tamaha uyğunlaşa bilməməsindən qaynaqlanır.

Mətndə müəyyən qüsurlar da nəzərə çarpır. Məsələn, qız epizodunun bəsit işlənməsi. Dəhlizdə görünən tünd göy koftalı qız epizodu çox qəfil və bir qədər bəsit süjet mexanizmi kimi işlədilib. Qəhrəmanın dərin sosial və fəlsəfi depressiyadan anidən, sırf gənc və cazibədar bir qızı görməklə çıxması, dəli kimi gülərək xəstəxanadan qaçması bir az süni təsir bağışlayır. Gənclik psixologiyası baxımından bunu anlamaq olsa da, keçid biraz şablon görünür və qurulmaqda olan fəlsəfi havanı anidən yüngülləşdirir.

Hekayənin finalında keçid qırıqlığı hiss olunur. Ağacların altında şeytan haqqında dərindən düşünən qəhrəmanın anidən yenidən axşam gələcək qol ağrısına və təxirəsalmaya qayıtması süjet vurğusunu iki yerə bölür. Fəlsəfi kulminasiya ilə məişət müstəvisindəki sonluq tam bütöv xəttə otura bilmir, oxucuda bir az yarımçıq təəssürat yaradır.

"Şeytan əməli" oxunası, daxili səmimiyyəti olan və dili kənd ləhcəsinin şirinliyi ilə zənginləşdirilmiş uğurlu bir hekayədir. Müəllif oxucunu yormadan, süni pafosa qaçmadan insanı öz daxilindəki ambisiyalarla və cəmiyyətin ritmi ilə üz-üzə qoymağı bacarıb.

# 117 dəfə oxunub

Oxşar xəbərlər

"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

10:00 15 avqust 2026
Salamın 60 yaşına — 40 ildən çox gecikmiş, amma vaxtında yazılmış təbrik

Salamın 60 yaşına — 40 ildən çox gecikmiş, amma vaxtında yazılmış təbrik

10:30 13 avqust 2026
"Kor-koranə heyranlıq tarixin saxtalaşdırılmasına yol açır..."- Etimad Başkeçid

"Kor-koranə heyranlıq tarixin saxtalaşdırılmasına yol açır..."- Etimad Başkeçid

15:45 7 avqust 2026
Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi...  - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi... - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

12:00 5 avqust 2026
Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

12:30 4 avqust 2026
Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə  - Hansı el şairi ona buta vermişdi?

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?

15:30 1 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər