Kulis.Az 103 nəfər arasında keçirtdiyi “Azərbaycan poeziyasının ən yaxşı 5 şeiri” sorğusu bir çox cəhətlərə görə əhəmiyyət daşıyır. Hər şeydən qabaq bu sorğu 14 ildir başa çatan XX əsrə bir əlavə, zəruri bir sözardıdır.
Sorğu 103 nəfəri əhatə edən böyük miqyasına görə də xüsusi maraq kəsb edir. Çünki sorğuda XX əsrin 50-ci illərində yazıb-yaratmağa başlayan ədiblərdən tutmuş yaradıcılığa yeni başlayan gənclərin də rəyləri öyrənilərək emal edilmişdir.
Hər şeydən qabaq qeyd etmək lazımdır ki, sorğu elmi xarakter daşımır, lakin bu cür sorğuları da elmiləşdirmək də çox mürəkkəb sosioloji mexanizmlər tələb edir və bu da prinsip etibarı ilə mümkünsüzdür. Bu cür sorğuların təşkil edilməsində əsas prinsip kimi avtoritetlərin rəyi əsas götürülür. Misal üçün Fransanın məşhur “Qallimard” nəşriyyatı dünyanın məşhur 31 romançısından XX əsri təmsil edən romanı seçmələrini xahiş etmişdi. Biz də eyni metoda müraciət etmişik. Sadəcə olaraq sorğuya mümkün qədər çox respondent əlavə edərək onu daha geniş bir areala çıxarmışıq.
Bu sorğuların ən mühüm əhəmiyyəti poeziya həvəskarlarını düzgün istiqamətləndirmək, onların diqqətini kənarda qalmış mətnlərə çəkməkdir. Bu mənada sorğuda adı xatırlanan 219 şeir həm kəmiyyətcə böyük, həm də keyfiyyətcə rəngarəngdir və hər bir şeir oxunmağa, əzbərlənməyə layiqdir.
Sorğuda Mikayıl Müşfiqin ən məşhur şeirinin qalib gəlməsinin səbəbləri haqda, yəqin ki, uzun-uzadı düşünməyə dəyməz. Bu şeir özünün bədii-estetik keyfiyyətlərinə görə çox parlaq bir şeir olmaqla bərabər, daşıdığı inqilabi romantika ilə də məşhurdur. Müşfiqin şeirinə göstərilən bu böyük diqqətin arxasında bizcə Azərbaycan poeziyasının modernizmə olan canatmalarındakı qətiyyət dayanır. Hər nə qədər bizi folklorla manipulyasiya etməyə çalışsalar da, modernist bir şeir siyahıda qalib gəlir. Roman sorğusunda “Qətl günü”nün qələbəsi də bu baxımdan xarakterikdir.
Nəticədə ən çox təəccüb doğuran imza heç şübhəsiz ki, Əli Kərimdir. Onun adı siyahıda düz 62 dəfə çəkilir. Bu göstəricilərə görə Əli Kərim sorğuda birincidir. Və bu 62 səs 17 şeir arasında bölünüb. Yaşı 40-a çatmamış vəfat edən Əli Kərimin Azərbaycan poeziyasına verdiyi töhfəni yəqin ki, bu rəqəmlərdən gözəl heç nə ifadə etmir. Bu qiymət öz yerində, fikrimizcə burda daha vacib məqam Əli Kərim estetikasının aktuallığı, bu gün də öz əhəmiyyətini saxlamasıdır. Çünki Əli Kərim sözün həqiqi mənasında novator idi, lakin ancaq novator da deyildi, poeziyamızın özündən sonrakı inkişaf yoluna işıq salan bir mayak idi, bu mənada Əli Kərimi bu qədər aktuallaşdıran, hətta onu Sabir, Müşfiq kimi nəhənglərdən önə keçirən də bu aktuallıqdır, bu müasirlik, çağdaşlıqdır.
Səməd Vurğunun “Azərbaycan” şeiri isə yəqin ki, Azərbaycan dilində ən məşhur şeirdir, bu şeirdən heç olmasa bir misra belə bilməyən insan təsəvvür edə bilmirəm. Milyonlarla insanın beynində şeir sözü məhz “Azərbaycan”la kodlaşdırılıb. Sanki hər birimiz içinə bu şeir kopyalanmış bir beyinlə anadan olmuşuq. Və bütün bu populyarlıqla bərabər “Azərbaycan” şeiri poetik vüsətinə, epik çalarına görə Azərbaycan ədəbiyyatının ən unikal şeirlərindən biri olaraq qalır, şeirdəki inqilabi romantika da öz ləzzətində, öz yerindədi, öz dadındadı. Eynilə Müşfiqin “Yenə o bağ olaydı” şeirində…
Böyük ad-san yiyəsi olub, müxtəlif adlarla cəmiyyətə manipulyasiya etməyə çalışan şairlərin də acınacaqlı durumu göz önündədir. Məsələ bundadır ki, hər cür qeyri-ədəbi yarlıqlarla, “İstiqlal şairi” kimi epitetlərlə ədəbiyyatda qalmaq mümkün deyildir.