Gecə - “Ən yaxşı hekayəmiz”

Gecə - <span style="color:red;">“Ən yaxşı hekayəmiz”
23 aprel 2017
# 16:00

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahıya əsasən Afaq MəsudunGecə” hekayəsini təqdim edirik.

Elə bil çovğunun sonu olmayacaqdı. Bir həftəydi, ya on gün idi, ac canavar kimi ulamaqdan yorulmurdu. Son üç günü şəhərin əksər məhəllələrində işıq xətləri qırılmışdı deyə şəhərin bir tərəfinə soyuq bir qaranlıq çökmüşdü. Qaz, çovğun başlayan gündən kəsilmişdi. İndi də deyəsən su boruları donurdu… dar ayaqqabının içində sıxılan kimi, şaxtanın donundan sıxılıb çıq-çıq çıqqıldayırdı.

...Hava qaraldıqca, qaranlıqla bir Talıb kişinin canına damla-damla vahimə dolurdu.

Çovğun başlamamışdan bir müdət əvvəl Talıb kişi yuxusuna ağ saqqallı, ağ əbalı nurani bir adamı girmişdi. O Talıb kişinin əlindən tutub yatağından qaldırmış, arxasınca çəkə-çəkə, harasa, ucu-bucağı görünməyən ağappaq səhralığa bənzər qəribə bir yerə aparmışdı... elə oradaca əlindən buraxıb qeybə çəkilmişdi və Talıb kişi külək uğultusuyla dolu həmin o səhralıqda təmtək qalmışdı... sonra necə olmuşdusa Talıb kişinin ayağının altında yer tərpənmişdi və Talıb kişi aşağı baxıb görmüşdü ki, sən demə, bayaqdan bəri donub dayandığı yer – səhnədi… bir qədər irəlidə aşağıda, əllərində musiqi alətləri, saysız-hesabsız musiqiçilərdən ibarət böyük orkestr onun işarəsini gözləyir... onda Talıb kişini elə səhnədəcə ağlamaq tutmuşdu... bədənində, çoxdannan bəri yadırğadığı tanış istiliyi hiss eləmiş, bir vaxtlar elədiyi kimi, saçlarını sığallayıb əllərini havaya qaldırmışdı… gözlrini yumub orkestrə başlamaq işarəsi vermişdisə də, orkestr çalmamışdı… onda Talıb kişinin qolları yanına düşmüşdü, vahimədən dizləri əsməyə, ürəyi zəifləməyə başlamışdı, dayandığı yerdəcə donub qalmışdı... orkestrin musiqiçiləri alətlərini kənara tullamış, tələsik hərəkətlərlə yuxarı dırmanıb zalın ortasında yekə bir xəndək qazmağa başlamışdılar, ordan səhnəyə çıxıb dəmir kimi soyuq əlləriylə Talıb kişinin qollarından yapışmış, sürüyə-sürüyə onu aşağı düşürüb xəndəyə yıxmışdılar… bayaqdan bəri onun işarəsini gözləyə-gözləyə əllərində saxladıqları violonçel və skripkaları da üstünə atıb torpaqlamağa başlamışdılar... torpaq ağzına, boğazına dolub nəfəs yollarını tıxadıqca, skripkaların ucuiti taxtaları sinəsini,. qabırğalarını dəlib qanatdıqca, Talıb kişinin bu işıqlı dünyada son dəfə gördüyü - göydən lopa-lopa yağan qar olmuşdu...

...Həmin o qar idi... yuxusundan başlayıb düz on gün idi yağırdı... Çovğunun içiylə tozanaq qoparan burulğan tək göyə sovrulub pəncərələrə çırpılırdı, sakni şüşələri qırıb içəri daxil olmaq, yuxunun sonluğundakı kimi, Talıb kişinin üstünə yağmaq istəyirdi…

…Yatağından qalxıb stolun siyirtməsini çəkdi, dərmanlardan çıxarıb bir-bir dilinin altına qoydu, pəncərənin qabağına keçib bir müddət pərdənin arxasından çovğunun, tufanın içində itib-batan şəhərə baxdı. Şəhər görünmürdü…

Bütün günü telefon da zəng çalmamışdı. Elə bil şəhərdə olan-qalan qohum-əqrəbanın, tanış-bilişin hamısı çovğunun içində donub yoxa çıxmışdı. Ya harasa, ha yanasa köçüb getmişdilər?!..

- Talıb, a Talıb...

- Ay can.

…Talıb kişinin qarısı idi. Hələ lap cavanlıqdan xırdaydı, qocalıb indi az qala fındıq boyda olmuşdu, çarpayının tən ortasında, yorğanın bir ucunun altında dovşan kimi yığılıb xırda, oynaq gözləriylə ona baxırdı.

- Qorxuram nəsə.

- Nədən qorxursan?..

- Bu nə çovğundu, a Talıb? Heç Bakıda belə çovğun olduğu yadına gəlir?..

Talıb kişi çöməlib qarının ayaq tərəfində oturdu, əlini onun bumbuz alnına çəkdi:

- Ürəyin necədi indi?..

- Bir az babatdı. – qarı deyib udqundu.

- Sən çalış, yat.

- Elə bütün günü yatıram. Nə qədər yatmaq olar?..

- Nə qədər yatsan, bir o qədər yaxşıdı.

- Bu il yazın gəlməyi nə uzun çəkdi?! Mart qurtarır, yazdan isə əlamət yoxdu.

- Olar da, niyə tələsirsən?.. Cavanlığından belə hövsələsizsən. - Talıb kişi dedi və o dəqiqə də dediyinə peşiman oldu.

Qarı, cavanlığından söz düşəndə, həmişə niyəsə məyus olurdu, balaca, qırışlı üzü yığılıb az qala nöqtəyə dönürdü.

- Talıb...

- Hə.

- Yazın birinci əlaməti nədi, əgər bildin?!.

- ...

- Hə?.. Niyə dinmirsən?..

- Fikirləşirəm.

- Burda fikirləşməli nə var ki?!..

- Yəqin yağış olar da.

- Hə, yağışdı... O yağışın bir cür qəribə qoxusu olur...

- Qoxusu?.. Suyun da qoxusu olar?..

- Bəyəm bilmirsən?.. Yaz yağışından həmişə ot iyi gəlir.

- Sən həmişə hər şeyi tərs-mayallaq deyirsən. Yazda təzə ot bitir deyə, yağış yağanda hər yanı otun iyi bürüyür.

- Hə. Sən məndən ağıllısan.

- Qışın ömrünə az qalıb daha. Bir azdan havalar isinəcək, quşlar oxuyacaq, işığımız düzələcək, televizor işə düşəcək...

- Telefon da deyəsən işləmir, hə?.. Heç zəng eləyən olmayıb bu gün. Elə bil lap adadayıq.

Qarının bu sözündən Talıb kişinin bədənindən soyuq gizilti keçdi. Yenə o gecəki vahiməli yuxusu düşdü yadına.

...Ayağa qalxıb başmaqlarını sürüyə-sürüyə mətbəxə keçdi. Mətbəx lap qaranlıq idi, xırda pəncərələri küləyin müqavimətindən əsim-əsim əsirdi.

Əlini bufetin siyirtmələrində gəzdirib dünən yandırdığı yarımçıq şamı tapdı, yandırıb nəlbəkiyə yapışdırdı, əlləri əsə-əsə otağa apardı…

Çovğunun soyuğu elə bil evin içinə də dolmuşdu. Soyuq külək qaranlıq dəhliz boyu ulayır, pəncərə pərdələrini vahiməli-vahiməli yellədirdi.

Talıb kişi şamı gətirib nahar masasının üstünə qoydu, özü də yaxındakı stula oturdu.

Qarının səsi çıxmırdı, yorğanın altından xırda başı, bir də quş caynaqlarına oxşar balaca, sümüklü əlləri görünürdü. Dinməz-söyləməz uzanıb qaranlıq tavana baxırdı.

Talıb kişi şamı götürüb yatağın böyründəki dolabçanın üstünə qoydu, dikələndə dayandığı yerdə ləngər vurdu. Yenə ürəyi idi… zəifləyib bütün bədənini əldən salmaq istəyirdi...

"Daha dərman da kar eləmir." – Talıb kişi fikirləşdi.

- Talıb, a Talıb...

- Ay can.

- Elə bil daha dərman da kar eləmir mənə.

Talıb kişi çarpayının ayaq tərəfində - döşəyin üstündə oturdu, nəfəsini dərib:

- Hamısı soyuqdandı əzizim. – dedi. - Soyuq damarları sıxır, qoymur qan yaxşı işləsin. - bununardınca istədi desin ki, «bəlkə su qızdırıb ayaqlarına döşəyim?», yadına düşdü ki, nə qaz var, nə işıq.

- Yuxun gəlmir?..

- Yox. - qarı başını sərçə başı kimi tərpədib susdu, sonra gözlərini döydü.

- Talıb...

- Hə.

- Qorxuram.

- Nədən qorxursan, yatmaqdan?..

Qarı başını tərpədib "hə" dedi.

- Mən ki, yanındayam, nədən qorxursan?.. – dedi və şamın öləziyən işığında qarının heç nə ifadə eləməyən üzünə baxdı.

- Sən yanımda olanda heç nədən qorxmuram. – qarı haçandan haçana, tavana baxa-baxa dedi. - Sən güclüsən. Həkim də demişdi. Yadındadı, həkim nə demişdi?..

- Demişdi də.

Hiss elədi ki, danışmağa heyi yoxdu, ürəyi, cərəyanı azalan əl lampası kimi tədricən sönür...

- Yox, de.

- Nə deyim?..

- Həkim nə demişdi, onu.

- Demişdi, bədənim çox sağlamdı.

- Hə...

Qarı "hə"-nin axırını uzada-uzada dedi və elə bil rahatlandı, sonra qırıq-qırıq əsnədi.

Gözlərini qıyıb qarının üzünə diqqətlə baxdı və az qaldı qorxudan ürəyi dayana.

Qarının ağzının bir tərəfi əyilmişdi. Nə vaxt əyilmişdisə, görməmişdi. Ən pisi isə o idi ki, qarı deyəsən, ağzının əyildiyini hiss eləmirdi.

Qarısının ağzına baxıb kövrəldi, gözləri doldu, yadına, bu bəstəboy qadının cavanlığı, ağappaq şümal dərisi, cazibəli gözləri düşdü… Onların heç birindən əlamət yox idi. Hər şey qurtarırdı, bitirdi, sönürdü...

Talıb kişi belə fikirləşdikcə, ürəyi tamam zəifləyirdi, çovğununsa gücü elə bil bir az da artırdı.

Qarı ərinin, onun üzünə zilləndiyini görüb xırda, heysiz əlləriylə yorğanın ucunu burnunacan çəkdi.

- Niyə elə eləyirsən? Nəfəsin daralar. – Talıb kişi dedi və yorğanı qarının üzündən çəkmək istədisə də, qarı yorğanın ucunu buraxmadı:

- Baxma mənə. – deyə yorğanın altından quş kimi bippildədi.

- Niyə, əzizim?..

- Elə bil ağzım keyiyib.

- O sənə elə gəlir.

Çovğun cuşa gəlib qapı-pəncərələri yerindən oynadır, elə bil yarıqaranlıq, soyuq otaqlarda, qaranlıq, kimsəsiz adada təmtək qalmış qocaları qorxutmaqdan zövq alırdı...

- Talıb... - qarının səsi yorğanın altından güclə eşidildi.

- Hm.

- Qoyarsan mən ölüm?..

Talıb kişinin, qarının bu sözündən ürəyi sıxılsa da, zorla gülümsündü:

- Mən ölmüşəm ki, sən öləsən?..

Talıb kişinin bu sözlərindən, qarının çuxura düşmüş gözlərində sevincə oxşar zəif işartı yanıb-söndü.

Talıb kişi isə arada bir büdrəyib dayanan ürəyinin zəif əzələlərini bircə-bircə hiss elədi… Ürəyinin əzələləri tiftiklənmişdi, bunu o necəsə, dəqiq hiss eləyirdi. Ürəyi daha ona tabe olmurdu. Dərmanlardan da imtina eləyirdi.

Sonra çovğunun ətürpədən uğultusundan oldu, ya otağın qaranlığı ürəyini sıxıb əzdi, nə oldusa, birdən-birə havası çatmadı… Əli ilə bir neçə dəfə sinəsinin ortasını döyəclədi və yalnız bundan sonra sinəsinin dərin guşəsindən, suyun altından çıxan tək, bir neçə hava qabarcının boğazının içinə dolduğunu hiss elədi.

Fikirləşdi ki, bəlkə bir təhər geyinib qarısını da bələyib sürünə-sürünə də olsa, havaya çıxsın?!.. Sonra yadına düşdü ki, işıq yoxdu axı?! Demək lift də işləmir, bu qədər mərtəbəni necə düşüb-çıxacaqlar?.. Liftin işləməməyindən lap vahimələndi. Demək, çovğun qurtaranacan elə burdaca - göyün üzündə qalmalı olacaqdılar…

Qəribəydi ki... - Talıb kişi çarpayının taxtaına dirsəklənib ürəyini ova-ova fikirləşdi - qonşuların da səs-səmiri gəlmir. Elə bil hamı çovğunun əlindən qaçıb harasa, uzaqlara, isti, işıqlı ərazilərə göçüblər. İndi çovğunun içində itib batan bu görünməz şəhərin ortasında, bu qar-qiyamətin içində qarısıyla qalan bircə o idi…

- Talıb…

- Hm.

- Bu il elə bil yaz olmayacaq.

- Elə şey olar?..

- Niyə olmur?!.. - qarı danışdıqca elə bil nəfəsi təngiyirdi.

- Deyirsən, bu qar çovğunun ardınca birdən-birə yay gələcək?..

- Hə. Yaydan zəhləm gedir. İstidə təzyiqim düşür.

Talıb kişi hiss elədi ki, gözləri qaralır, bədəninə soyuq tər gəlir.

Özünü dikəldib zorla da olsa, ayağını ayağına aşırdı. Bilirdi ki, belə oturanda əzəmətli görünür. Yorğanı qarının üzündən çəkib:

- Sus, əzizim, danışma. - dedi. - Sənə danışmaq olmaz.

- Sakitlikdən qorxuram.

- Niyə?..

- Onda küləyin səsi gəlir. Bir də külək pəncərələri tərpədir...

- Burda qorxmalı nə var ki?.. Külək əsəndə pəncərə titrəyər də.

- Talıb…

- Hm.

- Elə bil bu külək nə isə istəyir.

- Nə istəyir?..

- Bilmirəm.

- ...

- Eşidirsən necə ulayır?.. Elə bil ağlayır. Ürəyim sıxılır.

- Dedim axı sənə, danışma.

Talıb kişi bütün qüvvəsini toparlayıb bir təhər qarıya sarı əyildi, qurumuş dodaqlarıyla onun alnından öpdü:

- Sakit uzan, mən danışım, sən qulaq as.

- Danış Talıb, amma çox danış. Bir də bərkdən danış.

Talıb kişi nəfəsini dərdi, qurumuş diliylə dodaqlarını yalayıb uzun-uzadı yola hazırlaşan adamlar kimi, bir neçə saniyə susub nəfəs dərdi, sonra boğazını arıtlayıb, lap astadan, az qala pıçıltıyla danışmağa başladı:

- Qışın ömrünə az qalıb. İndi otlar, çiçəklər qarın altında yuxulu-yuxulu cücərməkdədirlər… ağacların tumurcuqları düymə kimi yığılıb dəqiqələri saya-saya çovğunun axırını gözləyirlər. Quşlar, bizim kimi haralardasa gizlənib çovğunun səsinə qulaq asa-asa mürgüləyirlər. Ona görə deyirəm ki, sən də yat. Sən də hansısa quşa oxşayırsan. Bunu sənə demişdim, deyəsən...

Ürəyi yenə dayandı... Qarı görməsin deyə, yanakı oturub sinəsini yavaş-yavaş ovxaladı. Ürəyi zəif-zəif atıb dayanırdı, benzini qurtarmış maşın mühərriki tək, son döyüntülərini vururdu...

- Hə, niyə susdun?.. Deyirsən hansı quşa oxşayıram?..

- Yaz lap yaxındadı. Mən hiss eləyirəm. Səhər yuxudan ayılıb görəcəksən ki, bu qaranlıq otaq işıqla doludu. Bura evin ən işıqlı otağıdı axı?!.. Yayda həmişə buranın pəncərəsindən qalın pərdələr asırsan ki, gün şığıyıb divarları, pianinonu bozartmasın.Sənin o qalın pərdələrin hardadı?..

- Pərdələr?.. Hansı pərdələr?..

- Yay pərdələrini deyirəm. Üstündə qırmızı tovuzquşuları olanları. O tovuzquşların hamısı sənə oxşayır. Bunu demişdim sənə?..

- Deyəsən demişdin. Hə, demişdin.

- Sən elə indi də tovuzquşuna oxşayırsan...

- Sən danışırsan, ürəyim yaxşı işləyir. Özü də həmişə elə gözəl sözlər tapıb deyirsən ki?!.. Gərək yazıçı olaydın...

...Külək bir də cövlan eləyib hardasa, damda nəyisə kökündən qopartdı... Antenaydı, ya damın dəmirləriydi, nə idisə yerindən oynayıb gur-gur guruldadı.

Qarı gurultunun səsindən başını yorğanın altında gizlədi, bir qədərdən sonra çölə boylanıb nəfəsini saxladı və diqqətlə gurultuya qulaq asdı… Qəfildən gözləri işıldadı:

- Göy guruldayır... Talıb!.. Eşidirsən?.. Bu nə vaxtın gurultusudu?.. Heç qışda da göy guruldayar?.. Bəlkə yağış yağır?.. Dur bir pəncərədən bax. Sən düz deyirdin. Yaz lap yaxındaymış. İndi yadıma düşdü, o tovuzquşulu pərdələr hardadı. Çöl şkafında, yuxarı gözdə. Özü də təmizdi, keçən yay onları yuyub-ütüləyib qoymuşdum. Onları yaxalayanda dırnağımın birini də sındırmışdım, yadındadı?.. Dırnaqlarım da qocalıb... Talıb, niyə dinmirsən?.. Susma, sən susanda qorxuram axı?!.. Yağış yağır... Vallah yağır... Eşidirsən səsini?.. İndi otlar cücərəcək, yarpaqlar tumurcuqlayacaq, gün çıxacaq, hər yer isinəcək, işıqlı olacaq... Mən o tovuzquşu pərdələrimi çıxarıb asacağam. Talıb, qurbanın olum, danış... Nolar, bir söz de... Talıb... Talıb... a Talıb... danış, qurbanın olum, qorxuram axı?!.. Talıb...Talıb... Talıb?..

1986

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal"

Y.Səmədoğlu "Astana"

Ə.Haqverdiyev "Bomba"

Anar "Gürcü familiyası"

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib"

S.S.Axundov "Qaraca qız"

Ə.Haqverdiyev "Mirzə Səfər"

Ə.Əylisli "Nənəmin tütün kisəsi"

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək"

Qan Turalı "Şaxtababanın qətli"

Anar "Asılqanda işləyən qadının söhbəti"

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

Ə.Məmmədxanlı "Buz heykəl"

Anar “Mən, sən, o və telefon”

Ə.Haqverdiyev “Çeşmək”

E.Əlləzoğlu “Doğum”

Y.Səmədoğlunun “İncə dərəsində yaz çağı”

Yaşar “Tabut”

Ə.Haqverdiyev “Şeyx Şəban”

Elçin “Parisdə avtomobil qəzası”

K.Abdulla “Səhvlərimizin qrammatikası”

Ş.Ağayar "Şəkil"

Elçin Qatar. Pikasso. Latur. 1968.”

A. Divanbəyoğlu “Can Yanğısı”

N.Kamal "Nana sevirdi"

E.Hüseynbəyli “Kəndə gün çıxanda qayıdacağıq…”

K.Abdulla "Adaşlar"

S.Əhmədli "Arabaçı"

Y.Səmədoğlu “Soyuq daş”

F.Uğurlu "Dərviş"

S.Baycan “Puqaçov üsyanı”

R.Əlizadə "Əncir qurusu"

R.Tağı "Qoca Məcnun"

S.Baycan “Evdən siçovul çıxaran”

A.Ayvaz "Buri"

S.Budaqlı "Firuzə qaşlı sırğa"

Ə.Haqverdiyev "Pir"

R.Məcid "10 sentyabr"

A.Məsud "Gecə"

# 1102 dəfə oxunub

Oxşar xəbərlər

Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

17:45 2 noyabr 2024
Dədə Qorqu casus olub? - Zəhra Həşimova

Dədə Qorqu casus olub? - Zəhra Həşimova

17:00 1 noyabr 2024
"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

12:00 27 oktyabr 2024
"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

09:00 23 oktyabr 2024
Bəlkə, ədəbiyyatı ləğv edək?

Bəlkə, ədəbiyyatı ləğv edək?

16:00 21 oktyabr 2024
Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

15:00 19 oktyabr 2024
# # #