"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?
7 fevral 2026
# 13:30

Bu gün ABŞ yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Sinkler Lüisin doğum günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.

Sinkler Lüisin əsərləri oxucunu ovutmaq, təsəlli vermək üçün deyildi. Sinkler Lüis cəmiyyətin öz-özünə qurduğu mifləri dağıdan, “normal” sayılan həyatın içində gizlənmiş boşluğu üzə çıxaran yazıçı idi.

XX əsrin əvvəllərində Amerika özünü rifah, inkişaf və bərabər imkanlar ölkəsi kimi təqdim edərkən, Lüis bu parlaq vitrinin arxasına baxmağı təklif edirdi.

Kiçik şəhərlərin sakitliyi, ailə dəyərlərinin möhkəmliyi, orta təbəqənin nümunəvi həyatı onun əsərlərində birdən-birə şübhə altına düşürdü.

Erkən yaşlarından macəra axtarmağı sevir və bir yerdə qərar tuta bilmirdi. Üç il oxuduqdan sonra universiteti atıb sosialist kommunasında işə düzəlmişdi. Lakin az keçmədən kommuna da onu bezdirmişdi. Sinkler ədəbiyyatla daha ciddi məşğul olmaq məqsədi ilə Nyu-Yorka getmişdi. İlk hekayələrini buradakı ədəbi jurnallarda çap etdirməyə müvəffəq olmuşdu. Sonra yenidən macəra axtarışlarına çıxaraq Panama kanalının tikintisində işləmişdi. 1908-ci ildə Yel universitetini bitirməsi haqqında diplom almışdı.

Bir müddət Kaliforniya ştatındakı rəssamlar icmasında yaşayan Sinkler 1910-cu ildə yenidən Nyu-Yorka dönmüş, beş il müxtəlif nəşriyyat və redaksiyalarda çalışmışdı. Öz etirafına görə həyatının Kaliforniya dövründə ehtiyac üzündən bir sıra hekayələrinin ideya və süjetini Cek Londona satmalı olmuşdu. Cek Londonun süjetini Sinklerdən pulla aldığı əsərlərdən biri də onun "Qətllər bürosu" romanıdır. Amma London bu romanı yalnız başlamağa imkan tapmışdı. O, 1922-ci ildə qəflətən vəfat etmiş və roman yazılmamış qalmışdır. Bu romanın süjetinə görə aldığı qonorar Sinkler Lüisə özünə yeni palto almağa çatmışdı.

Sinkler Lüis ilk ciddi əsərini – "Bizim cənab Vrenn" romanını 1914-cü ildə çap etdirmişdi. Romanın gənc və xəyalpərvər qəhrəmanının timsalında müəllifin özünü tanımamaq mümkün deyildi. Əslində, Sinklerin bir yazıçı kimi peşəkar fəaliyyəti də bu romanla başlamışdı. Adı məşhurlaşdıqdan sonra redaksiyalar və nəşriyyatlar ona kifayət qədər yüksək qonorar ödəməyə başlamışdılar. Məsələn, təkcə bir hekayəsinə görə Sinkler populyar "Saterdey ivninq post" jurnalından həmin dövr üçün çox böyük məbləğ – min dollar almışdı. Bu da artıq cəmiyyətdə tanınan yazıçının bütün diqqətini yaradıcılığa yönəltməsinə imkan yaratmışdı.

O, çoxsaylı hekayələrlə yanaşı, biri-birinin ardınca "İş" (1917), "Sadəlövhlər" (1917), "Açıq havada" (1919), "Baş küçə" (1920) romanlarını çap etdirmişdi. Sonuncu əsər Sinkleri ABŞ-nin kəskin sosial mövzulara və ictimai tənqidə üstünlük verən tanınmış yazıçıları sırasına çıxarmışdı. Bu romanda Amerikanın əyalət həyatı özünün bütün miskinliyi, məhdudluq və təkəbbürlülüyü ilə əks olunmuşdu. Müəllifin ictimai mövqeyi əks fikirlər və mübahisələr doğursa da, "Baş küçə"nin bədii məziyyətlərinin yüksəkliyi yekdilliklə qəbul edilmişdi.

"Baş küçə"nin ardınca Sinkler Lüis hər birində Amerika cəmiyyətinin çeşidli problemləri qaldırılan, lakin ziddiyyətli təsir bağışlayan və mübahisə doğuran əsərlər çap etdirmişdi. "Bebbit" (1922), "Errousmit" (1925), "Elmer Hentri" (1927) kimi romanlarında o, amerikan orta təbəqəsinin həyatını sərt, hətta sarkastik boyalarla təsvir etmişdi. "Errousmit" romanına görə yazıçı 1926-cı ildə nüfuzlu Pulitser mükafatına layiq görülsə də özündən daha layiqli müəlliflərin diqqətdən kənarda qaldığını bildirərək mükafatdan imtina etmişdi.

Bundan dörd il sonra isə amerikan yazıçısı "güclü və ifadəli təhkiyə sənətinə, satirik və yumoristik çalarlarla zəngin yeni tip və xarakterlər yaratmaq sahəsindəki nadir istedadına görə" Nobel mükafatı aldı. İsveç Akademiyasının daimi katibi Erik Karlfeldt təqdimat nitqində Sinkler Lüisi 120 milyonluq Amerika xalqının fikir və hisslərini ifadə edən yeni amerikan ədəbiyyatının təmsilçisi adlandırmış, onu ədəbi fəaliyyətindəki yenilik və tənqidi ruh baxımından qitənin çoxsaylı çətinliklərə və mübhəmliklərə sinə gərən ilk sakinləri ilə müqayisə etmişdi.

Laureat isə "Ədəbiyyat qarşısında amerikalı qorxusu" adlandırdığı Nobel mühazirəsində Fenimor Kuperdən başlayan və yüz ildən bir qədər çox yaşı olan amerikan ədəbiyyatını əsasən tənqidi baxımdan gözdən keçirmişdi. O, həmvətənləri Lonqfello, Louell, Helms, Elkott kimi sənətkarları "avropalıların sentimental təqlidçiləri" adlandırmışdı. Sinklerin fikrincə, həyat həqiqətləri və amerikan gerçəkliyinə sağlam tənqidi münasibət üzərində qurulan yeni nəsrin tarixi əslində H.Harlendin yaradıcılığı ilə başlamışdı. Adı çəkilən müəllifi o, eyni zamanda həm də özünün sənət müəllimi sayırdı.

Sinkler Lüis də Nobel aldıqdan sonra əvvəlki əsərləri ilə müqayisədə daha zəif yazan laureatlar sırasına daxil edilir. Müəllifin 1930-1940-cı illərdə çap olunan 10-dan çox romanının əksəriyyətini ədəbi tənqid soyuq qarşılamış, yaxud mənfi qiymətləndirmişdi. Həyatının son illərində Sinkler onu tanıyanların yaddaşında daha çox qalmaqallı adam və içki düşkünü kimi qalmışdı.

Sinkler Lüisin əsas mirası sadədir: ədəbiyyat bəzən oxucunu sevindirməməlidir. Bəzən o, insanı narahat etməli, düşündürməli və özünə sual verməyə məcbur etməlidir. Onun yazıları da məhz bunu edir.

# 96 dəfə oxunub

Oxşar xəbərlər

"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

12:00 7 fevral 2026
Günahı başqalarında axtarmaq ehtiyacı...  - Mətanət Vahid

Günahı başqalarında axtarmaq ehtiyacı... - Mətanət Vahid

14:15 30 yanvar 2026
"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

10:00 30 yanvar 2026
"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" -  Virciniya Vulf  niyə intiharı seçmişdi?

"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" - Virciniya Vulf niyə intiharı seçmişdi?

15:00 25 yanvar 2026
Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian

Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian

16:45 22 yanvar 2026
SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

18:21 21 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər