Kulis.az İbrahim Azizin "The Mill" filmi haqqında təəssürat yazısını təqdim edir.
Hər yeni günə oyanarkən, həyatımızda təzə bir səhifə açdığımız zənninə qapılırıq. Ehtimal ki, ətrafımızdakı insanların böyük əksəriyyəti də bu düşüncəni paylaşır. Yəqin ki, bir çoxumuz həyatımızın müəyyən mərhələsində bu məsələ ətrafında fikir yürütmüşük. Lakin etiraf etməliyəm ki, ötən gün sözügedən filmə tamaşa edənədək, son dövrlərdə bu mövzu haqqında düşünmürdüm.
Rejissorluğunu Şon Kinq O-Qreydinin etdiyi və "Hulu" platformasında yayımlanan filmin baş rolunda Lil Rel Hauer, Co adı ilə "Mallard" şirkətinin əməkdaşı kimi qarşımıza çıxır. Filmin ilkin mərhələdə ağır tempdə irəliləməsinə baxmayaraq, izləyicini öz sirli atmosferi ilə cəlb etdiyini söyləyə bilərik.
Tək məkandan ibarət görünüşü ilə filmin lap əvvəldən bizə sorğulayıcı və ya ən azı düşündürücü tərəfi ilə gələcəyini təxmin etmək çətin deyil. Co, hələ başlanğıcdan qaradərili olmasına rəğmən, səliqəli geyimi və mədəni davranışları sayəsində şirkətdə müəyyən bir vəzifə sahibi olduğunu nümayiş etdirir.
Filmin başlanğıcında onun özünə gəlməsi və ayılması, zənnimcə, təsadüfi xarakter daşımır; burada xüsusi diqqət yetirilməsi istənilən bir məqam var ki, o da fərdin özünüdərkidir.
Film bizə iş dünyası ilə yeni tanış olan gənc bir insanı xatırladır. Hara düşdüyünü xatırlamayan (əslində bilməyən) qəhrəmanımız getdikcə naməlumluğun gətirdiyi qorxu ilə panikaya qapılır. Düşdüyü bu kiçik qala bağçasına bənzəyən həbsxanavari məkandan xilas olmaq üçün çabaladığının şahidi oluruq. Təbii ki, Co kimi, biz də bunun faydasız olduğunu tez bir zamanda dərk edirik.

Film, ilk yarım saatında bizə fərdin qurulmuş bu sistemə təkbaşına qarşı gələ bilməyəcəyini, hətta bunun mənasız olduğunu ustalıqla ötürür. Bağıraraq ətrafdan kömək istəyən Conun səsini eşidən ilk növbədə, divarların birindəki havalandırma dəliyindən səsini eşitdiyimiz Aleks olur. Aleks də eynən Co kimi sistemin daxilində çabalamağa məhkum olan fərdlərdən biridir. Qəhrəmanımızdan fərqli olaraq o, sanki bu vəziyyətlə artıq barışmış kimi görünür.
Aleks Coya “bu vəziyyəti qəbul etsən daha yaxşı olar” deyərək, ona bir növ müasir dünyanın sarsılmaz sistemlərini göstərir.
Burada filmin elmi-fantastik qatı mövzuya daxil olur və şirkəti təmsil edən bir qadının səsini eşitməyə başlayırıq. Bu səs bizə dövrümüzün nəhəng sistemlərinin “Hammurabi qanunları” tək dəyişməz olduğunu nümayiş etdirir. O, bizə sadəcə “əmr” edir; onu sorğulamaq və ya qərarını dəyişdirmək kimi bir şansımız yoxdur.
Məkandakı dairəvi yol boyunca böyük bir daşı itələyərək dövrə vurmaq və bunu hər gün ən azı 50 dəfə təkrarlamaq şirkət tərəfindən gündəlik tapşırıq olaraq təyin edilir. Üstəlik, sistem bununla da kifayətlənmir; digər otaqlardakı «işçilər» arasında ən az dövrə vuran şəxs fiziki olaraq məhv edilir. Bu, bizə müasir müəssisələrdəki absurd işçi rəqabətini nümayiş etdirir.
«Absurd» deyirəm, çünki filmdə də müşahidə etdiyimiz kimi, Conun yüksək sayda dövrə vurması həm digər işçilərdən, həm də Conun özündən olan gözləntiləri normadan qat-qat yuxarı daşıyır.
Qarşılığında isə bu, eyni absurdluqda ona “mükafat” olaraq qayıdır. O məkanda qələm, Co üçün ən yaxşı halda otaqda özünəməxsus bir iz qoymağa yaraya bilər ki, bu da əslində çalışan fərd üçün heç bir əhəmiyyət kəsb etmir. Bu, real dünyada işçinin yüksək performansına rəğmən, sırf ətrafa “mükafatlandırdıq” təəssüratı yaratmaq üçün edilən formal hərəkətləri əks etdirən bir səhnədir.
Filmin davamında biz baş qəhrəmanımızın oyanışına şahid oluruq. Bu, müasir kapitalist sistemdə fərdin çarəsiz hayqırışını təsvir edir. O, gücün birlikdə olduğunu, kollektiv şəkildə etiraz edildiyi təqdirdə sistemin buna qarşı aciz qalacağını izah etməyə çalışır.
Başlanğıcda hər kəs onunla razılaşdığını iddia etsə də, iş vaxtı gəlib çatdıqda bəzi işçilərin bu razılığa əməl etmədiyini görürük. Onlar, hər nə olursa olsun, sadəcə öz mənfəətlərini düşündükləri üçün haqsızlığın qarşısını almaq mümkünsüzləşir.

Qəhrəmanımızın qaradərili olması, bu nəhəng şirkətlərin guya ayrı-seçkiliyə qarşı həssas olduğu və “ədalət” anlayışını rəhbər tutduğu imicini bizə yansıtır. Co, digər işçilərlə müqayisədə qat-qat üstün performans göstərsə belə, sistem ona ən təməl insani ehtiyac olan duş qəbul etməyi böyük bir mükafat kimi təqdim edir.
Bu, əlimizdən alınan insan haqlarının bizə təkrar necə “satıldığının” ən bariz nümunəsidir. Film bizə qəhrəmanın həyat yoldaşı ilə yaşadığı anları nümayiş etdirərək, bir fərdin məcburiyyət qarşısında nələrə dözməli olduğunu əks etdirir. Şirkətin nümayiş etdirdiyi “qaçırdığı xatirələr” Conun peşmanlığı vasitəsilə tamaşaçıya gərgin iş rejimi ucbatından nələri itirdiyini xatırladır.
Film, get-gedə artan şirkət tələblərinin, əslində, ən uğurlu işçini belə bir müddət sonra necə tükəndirdiyini peşəkar şəkildə nümayiş etdirir.
Bununla da mənəvi-fiziki cəhətdən çökən və ən sadə tapşırığı belə yerinə yetirməyə taqəti qalmayan fərdin, sonda şirkət tərəfindən necə “borclu” çıxarıldığının şahidi oluruq. Qəhrəmanımız tərəfindən şirkət təmsilçisinə vurulan hər yumruq, əslində, müasir dünya sisteminə qarşı çılpaq fərdin daxilində boğduğu hayqırışın vizual təmsili idi.
Filmin sonunda baş verənlərin şirkət tərəfindən həyata keçirilən bir sınaq simulyasiyası olduğunu görsək də, Conun real iş həyatının da bu nəhəng korporasiya daxilində həmin o həbsxana kamerasından o qədər də fərqlənmədiyinin şahidi oluruq.
Kamü "Sizif haqqında mif" əsərində daşı təpəyə qaldırmağa məhkum olan qəhrəmanı xoşbəxt təsəvvür etməyimizi istəyirdi.
Lakin "The Mill" bu nikbinliyi darmadağın edir. Çünki modern Sizif olan Co, o daşı öz iradəsi və ya cəzası ilə deyil, korporativ sistemin mənfəəti üçün itələyir.
Filmin finalı bizə sübut edir ki, divarların aradan qalxması azadlıq demək deyil. Conun simulyasiyadan çıxışı əslində bir xilas deyildi, sadəcə sistemin onu daha səmərəli istismar etməsi üçün növbəti mərhələyə keçid idi.
Rejissor bizə göstərir ki, müasir insan üçün "dəyirman" artıq fiziki bir daş parçası deyil; o, bitməyən dedlaynlar, hədəflər və karyera nərdivanlarıdır.
Biz hamımız o daşı itələyirik və bəlkə də ən dəhşətlisi odur ki, bunu "həyat tərzi" adlandıraraq özümüzü xoşbəxt olduğumuza inandırmağa çalışırıq.