Türkiyədə yazı taxtasına yazdığım “Azərbaycan” sözü – Şərif Ağayar yazır... 

Türkiyədə yazı taxtasına yazdığım “Azərbaycan” sözü – Şərif Ağayar yazır... 
29 oktyabr 2020
# 11:40

Yeni əsrimizin ikinci ilində tale elə gətirdi Türkiyənin Malatya şəhərində keçirilən türkdilli xalqların və ölkələrin ədəbiyyat görüşündə iştirak etməli oldum.

Onda qardaş ölkədə nə Azərini tanıyırdılar, nə Qənirə Paşayeva alovlu çıxışlar edirdi, nə də Sevil Nuriyevanın efiri vardı...

Onda ən məşhur mahnılarımızı belə anonim adı ilə oxuyurdular.

Təbii, türk ictimaiyyəti Qarabağda baş verənləri də təfsilatı ilə bilmirdi. Onların çoxuna elə gəlirdi, erməni ovub, biz qaçmışıq...

Yadımdadır, iştirak etdiyim görüşlərdə bir neçə dəfə xəritə gətirdib, vəziyyəti izah eləməli oldum.

Bu məsələ ilə bağlı ən yaddaqalan xatirəm isə Malatyanın relyefi bir az bizim Şuşanı xatırladan Arapgir ilçəsi ilə bağlıdır. Xatirəmi qələmə almazdan əvvəl balaca bir haşiyə çıxım.

Malatya dağları lap qədimlərdən heç zaman düşmənə təslim olmayıb. Belə bir məkanda yurdu – dağları ermənilərin işğalına düşmüş qələm adamının keçirdiyi hissləri yəqin anlayarsınız.

Yeganə ərəblər işğal edib buranı, onu isə işğal saymayıblar, yeni mədəniyyətin, yeni sivilizasiyanın gəlişi hesab ediblər. Bu münasibətlə ilçəyə verilən “Arapgir” adı o illərin canlı nişanəsi kimi yaşayır.

Biz Arapgir ilçə mərkəzinin gəzməli-görməli yerlərində olduq, axırda yeni istifadəyə verilmiş məktəb binasına gəldik. Tətil idi. Şagirdlər yox idi. Amma müəllimlər bizi müşayiət edirdi. Çünki valinin humanitar məsələlər üzrə müşaviri bizimlə idi.

Mən tarix sinfinə daxil olanda böyük xəritələr gördüm. Burda həm dünyanın, həm də yaxın-uzaq coğrafiyaların xəritəsi vardı. O zamandan türkcə çox oxuduğum üçün dil problemim yox idi. Valinin köməkçisindən xahiş edib tarix müəllimini çağırdım, yazı taxtasında iri hərflərlə “Azərbaycan” sözünü yazdım. Xahiş etdim ki, dərslər başlayan gün uşaqlara Azərbaycandan danışsın, Qarabağ problemini anlatsın. Təbii, ən vacib ipuclarını verdim. O vaxt çox da yayğın olmayan internet resurslarından da yararlana biləcəyini söylədim.

Məktəb ziyarətimizi bitirib geri qayıdanda tarix kabinetinin açıq qapısından içəri boylandım, məğlubiyyət kompleksindən irəli gələn narahatlıqla yazı taxtasında yazdığım “Azərbaycan” sözünün silinib-silinmədiyini yoxladım. Onu nəinki silməmişdilər, qarşısına daha iri hərflərlə “Can” yazmışdılar. Həm də qırmızı rəngli tabaşirlə. Sözdəki “C” hərfi bizim və Türkiyənin bayraqlarındakı ayparaya bənzəyirdi…

O vaxt torpaqlarımızın bir qarış da geri alınacağına ümidim yox idi. Amma məni kövrəldən, gözlərimi yaşardan o “Can” kəlməsindən içimə bir işıq düşmüşdü.

Türkiyə balaca ölkə deyildi və bizə qarşı bəslənən bu böyük sevginin mütləq xoş bir nəticəyə gətirib çıxacağını gizli-gizli hiss etməkdəydim…

Bu gün Türkiyənin Cümhuriyyət günüdür…

TC həm də bizim cümhuriyyətimizdir. 1920-ci ildə süqut edən ADR-in mühacir hökuməti burda fəaliyyət göstərirdi. Şərqin ilk demokratik cümhuriyyətinin banisi Məhhəməd Əmin Rəsulzadə burda yaşıyırdı.

Yaşayır da!

Bu gün Azərbaycan da güclü, müstəqil ölkədir və 30 il düşmən tapdağında qalan torpaqlarını ləyaqətlə azad edir.

Türkiyə ictimaiyyəti Qarabağ gerçəklərini bizdən artıq bilir.

Azərinin səsində havalanan “Çırpınırdı Qara dəniz” mahnısını bizdən çox sevirlər.

Bəzən biz, elə mənim özüm Türkiyəni ərklə tənqid etmişəm, bizə daha çox kömək etmək imkanı olduğu halda bunu etmədiyini bildirmişəm. Lakin indi, qardaş ölkənin ən mutlu günündə bir etirafda bulunuram:

Türkiyənin varlığı bizə bəsdir!

İgid, qoçaq, yenilməz böyük qardaş kimi…

O, sənə konkret əməli kömək eləməsə belə ətrafdakı düşmənlər səni həm də ona görə sayırlar, hörmət edirlər, “qırmızı xətti” heç vaxt keçmirlər.

Ad günün mübarək, doğma Türkiyə!

Yaxşı ki, varsan və dünya durduqca var olacaqsan.

# 4004 dəfə oxunub

Oxşar xəbərlər

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

13:10 20 avqust 2026
Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

10:00 20 avqust 2026
"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

15:10 19 avqust 2026
"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

13:15 18 avqust 2026
"Daxili  ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..."  - "Şeytan əməli" haqqında qeydlər

"Daxili ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..." - "Şeytan əməli" haqqında qeydlər

14:00 16 avqust 2026
"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

10:00 15 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər