Şəhla Nihandan yeni hekayə: “Fuqa”

Şəhla Nihandan yeni hekayə: “Fuqa”
30 aprel 2020
# 21:01

Kulis.az Şəhla Nihanın “Fuqa” hekayəsini təqdim edir.

Yoxluğa toxunanlar üçün

Məhdudiyyətdə - adi insan çərçivəsində təbiətin bir parçası olaraq öz aliliyini kəşf etmək, sonsuzluğa qovuşub mütləq azadlığa yüksəlmək. Bəsitlikdə böyümə.

(F.V.Şellinq, G.V.Hegel)

Hündür iynəyarpaqlıların qol-budağını aşağıya əyib şaqqıltı ilə sındıraraq böyük sürətlə yerə dəydi. Gövdəsi altında neçə kirpi yuvası, kiçicik meşə heyvanlarının sığınacağı, ağac koğuşunda gizlədilmiş sincab azuqəsi, ətlipapaq göbələk, palıd, şam və küknar qozası qalıb məhv oldu. Meşənin nəm ağuşunda çürüyüb üst-üstə qalaqlanmış yarpaq layları gözlənilmədən peyda olmuş səmavi elçinin basqınından lərzəyə gəlib, illərlə yatıb qaldığı daimi məskənindən oynadı, gəminin torpaqda açdığı iri, əhatəli çuxurdan sıçrayıb yaxındakı ağacların gövdəsinə yapışdı. Altı üstünə çevrilmiş torpağın çürüntü qoxuyan rayihəsi aləmi bürüdü. Qəza kasıb bir məmləkətin gözdən iraq guşəsində, qalın meşənin dərinliklərində baş verdiyindən nə görən oldu, nə eşidən. Gəmi bir az ləngər vurub qaratorpağa kip oturduqdan sonra korpusunun yan tərəfindəki illüminatorlu kiçicik qapı yuxarı çəkilərək açıldı. Elə həmin dəqiqə sanki qapının o biri üzünə söykənib açılmasını gözləyən birisi şappıltı ilə üzüqoylu yerə yıxıldı, uçuş kostyumunun kaskaya oxşar yuxarı hissəsi qopub torpaq üstdə diyirləndi. Qonağın yad planetdə gördüyü ilk mənzərə çürüntülü qapqara meşə torpağı, ilk təəssüratı – eniş oldu. Planetlərarası səyahət aparatının ehtiyatsız “oturuşundan” huşunu itirmiş burunsuz, qulaqsız, iri gözlü, qəribə görkəmli ağ skafandrlının ətrafında az sonra hardansa peyda olmuş qırmızı zərrəciklər dövrə vurmağa başladılar. Bu zərrəciklər qəribə parıltı ilə zəif işıq saçır, bəzən sönüb yox olur, bəzən yenidən əmələ gəlir, ya yavaş, ya sürətlə hərəkət edirdilər. Hiss olunurdu ki, hərəkətlərində xüsusi nizam gözlənilir, düzülüşləri nəyəsə xidmət edib nələrsə cızır havada. Sonra zərrəciklər bir-birindən törəyərək ardıcıl surətdə çoxalmağa başladılar. Çoxalaraq da aşağı, yerə sərili qalmış yadplanetlinin üzərinə şığıyır, arı pətəyə yığışan kimi onu dövrəyə alıb üzərində sıx topa əmələ gətirirdilər. Sonra topa seyrəlməyə başladı. Əvvəl qonağın ayaqları göründü, qolları, bədəni və nəhayət saçı. Amma əynindəki artıq ağ skafandr deyildi. “Arılar” onu təğyiri-libas etmiş, buranın qaydası ilə casual stilində (işçi, gündəlik geyim) köhnə, sürtülmüş cins şalvar və nimdaş gödəkcə geyindirmişdilər. Ayağında üstü və yanları çatlamış kobud çəkmələr vardı. Boğazına nazik, boz-qara zolaqlı şarf dolanmışdı. Əyni kimi sifəti də dəyişilib başqa görkəm almışdı. Zərrəciklər çəkilib gedən kimi adam kəskin hərəkətlə başını torpaqdan qaldırdı. Burnu, qaşları, çənəsi palçığa bulaşmışdı. Üzünü gödəkcəsinin qolu ilə silib cəld ayağa qalxdı. Çaşqın-çaşqın ətrafına nəzər saldı. Kosmik gəmini görüncə qorxusundan çığırdı. Yaxınlaşıb əlini füzelyaja (uçan aparatın korpusu) toxundurdu. Ətrafına fırlanıb diqqətlə nəzərdən keçirdi onu, girişi tapa bilmədiyindən içərisinə baxmaq istəyi baş tutmadı, qapı onu aşağı atandan sonra təkrar kilidlənmişdi. Meşədə bir az gəzişib buranı tərk etmək üçün yollar aramağa başladı. Bu vaxt irəlidə yanıb-sönən qırmızı zərrəcik nəzərini cəlb etdi. Ona doğru getdikcə zərrəcik də uzaqlaşırdı. Beləcə bir müddət yol qət etdikdən sonra meşədən çıxmağa müvəffəq oldu. İri bir talaya çatdı.

- Buralar nə qəribədir... Bu nə rəng bolluğudur və nəyə lazımdır bunca çalar? Üstünlük təşkil edən rəngin adı nədir?

Susqunluq fonunda telepatık cavab alındı.

- ...

- Belə,... yaşılmış. Yaşıl... Başqa rənglər onun dominantlığında itib batmış... Bunlar güllərdir, bilirəm. Rəngləri?

- ...

- Qırmızı və sarıymış...

Çəmən boyu addımlaya-addımlaya bütün rəngləri öyrəndi. Hətta onları sistemləşdirdi də: qapalı və açıq rənglər.

Anidən gördüyü mənzərə onu yerə pərçimlədi. Bayaqdan talada addımlasa da bu qəribəliyi yalnız indi görürdü. İri, yanar kürə göydən asılı durmuşdu. Düz ona zilləndi, o kor edən parıltıya. Amma kürə nə yandırdı gözlərini, nə kor etdi.

- Bu nə?

- ...

- İşıq və istilik mənbəyi. Hm...

Beynində onlarca sual doğurdu, bəzilərinə anən cavab alınır, bəziləri elə cavabsız sönüb gedirdi. Çox şeydən yerindəcə agah edildiyindən ətrafı öyrənmək maraqlı gəlirdi ona. Belə anladı ki, məkan onunçun son dərəcə yad və gözlənilməzdir. Burada əvvəllər olmuşdumu?.. bilmirdi,. heç nə bilmir, heç bir şey xatırlamırdı. Onu ən çox narahat edən və görünməz müsahibinin cavabsız buraxdığı “Mən kiməm, bura necə düşmüşəm, əvvəl harada idim?” sualları idi. Nəhayət, hər şeyi axınına buraxmağı qərara aldı.

Əynindəki geyim deyilməz dərəcədə darıxdırırdı onu, sanki özününkü deyildi, tam yad, yabancı gəlirdi ona. Tez-tez şalvarını dartışdırır, əllərini ürpəşirmiş kimi üst-başına toxundurur, kürəyinə yapışan köynəyin təmasından dilxor olurdu. Ona bu libasda nə isti idi, nə soyuq. İsti-soyuq anlamırdı zatən, amma paltarın ağırlığını hiss edirdi. Ona elə gəlirdi ki, belə olmamalıdır, belə olmayıb heç vaxt və nəsə artıq şey var əynində. Axırda gödəkcəni soyundu və soyunanda cibindən nəsə düşdü yerə. Əyilib götürdü, əlcəklər idi. Barmaq yerlərindən başa düşdü ki, əl üçündür. Yalnız onları əllərinə keçirəndən sonra barmaqlarının ifrat həssaslığının ona çəkdirdiyi məşəqqətdən qurtuldu.

Taladan sonra ilk gözünə dəyən müxtəlif tikililəri, örüş yeri, çoxsaylı anbarları və bir çox başqa tərkib hissələri ilə ranço oldu.

Ömründə ranço, ferma və ya bunun bənzərini görməmişdi. Ya bəlkə görüb unutmuşdu... O axı indi heç nə xatırlamırdı. Gözləri qarşısında açılanın məhz nə olduğunu, ordakı məişət qayğılarını, həyat tərzini, işin spesifikasını, insanların xüsusiyyətlərini, istifadə olunan dili və bir sıra digər naməlum şeyləri telepatik anlatdılar ona. Qəzanın ilk dəqiqələrindən məkan və burdakı davranış qaydaları haqda informasiya hazır proqram şəklində beyninə yüklənməkdəydi. İndi onun çox şey haqda məlumatı vardı və vaxt keçdikcə gördükləri onu daha az təəccübləndirirdi.

***

Rançoya adaptasiya nə ağır, nə yüngül oldu. Həyata sıfırdan başlayırdı. Əvvəlki yaşam tərzi, kimliyi büsbütün silinmişdi hafizəsindən və silindiyinin də fərqində deyildi. Keçmiş onun üçün qapqara, yepyekə bir boşluq idi.

İnsanlarla ünsiyyət üçün müəyyən səriştə və bacarıq aşılanmışdı ona, o səbəbdən istədiyini anlada, ətrafındakıları da anlaya bilirdi. Hətta onu bəzən Yer həyatı əyləndirirdi də... Bir qisim Gəlmə, bir qisim Yad adlandırırdı onu, adını heç kəs bilmirdi, heç özü də.

Bura əsasən maldarlıqla məşğul olan kənd təsərrüfat oyuğu idi. Fazendada ranço sahibinin – patronun iri sütunlu, geniş aynabəndli yaraşıqlı malikanəsi, onun arxasında patio, balaca bağça, su quyuları, odun, silos, avadanlıq anbarları, heyvanların saxlandığı xüsusi yer, ağıl, işçilər üçün nəzərdə tutulmuş komalar, ocaqxana, yeməkxana vardı. Fermada inək, camış, buğa kimi iribuynuzlular və xırdabuynuzlu qaramal saxlanılırdı.

Rançodan şimala uzanan preriya heyvanların otlaq yeri idi. Düzəndən sonra sıx meşə başlayırdı və onu da sıra dağlar qaytanlayırdı. Rançonun qərbindən ta cənub-şərqinə qədər əhalisi kasıb yaşayan, əsasən əkinçilik və balıqçılıqla məşğul olan iri bir qəsəbə uzanırdı.

Burada, mülayim iqlim qurşağının yaratdığı üstünlüklərdən yetərincə yararlanmış bu diyarda təbiət insanları öz şıltağı ilə o qədər də sınağa çəkməzdi. Bu işi onun əvəzinə insanlar özləri edərdi.

Düşdüyü yerin inkişaf alqoritmini müəyyənləşdirmək, insanların psixologiyasını öyrənmək üçün çox vaxt lazım gəlmədi. Bilmədiyi yeganə şey öz mənşəyi idi. Özü haqda xatırladıqları qalın meşə, qəzaya uğrayıb sıradan çıxmış uçan apparat, başından aldığı zərbə ilə tamamlanırdı.

Rançoda bir üst cins – adına kişi deyirdilər, bir də ucuz işçi qüvvəsi kimi istənilən sahədə istismar olunan, qadın adlandırılan “ikinci cins” vardı. O özünü bunların hansı birinə aid etməli olduğunu bilmirdi. Telepatik suflyor öz ixtiyarına buraxmışdı seçimi. Kişilərin ona vecsiz münasibətindən, qadınlarınsa rəğbətindən belə aydın olurdu ki, burada onu birincilərə aid edirlər. Onunçun cinsi mənsubiyyət heç nə ifadə etmirdi əslində. Ona görə haqlı-haqsızı asanca sezirdi, diskriminasiyaya meylli deyildi. Ədalət duyğusu güclüydü, mübarizə və süstlük, dözümsüzlük və tolerantlıq, qayğı və müdafiə anlayışlarından xəbərdar idi. Kədər və sevinc aşılanmışdı ona, zarafat etməyi, hətta qəhqəhə çəkib gülməyi öyrənmişdi. Qorxu hissi elə meşədəcə yaranmışdı. Bəzi sırf insani emosiyalarsa yad idi ona: peşmançılıq, təəssüf, təkəbbür, utancaqlıq, önyarğılı olmaq. Cinslərarası münasibətlər də həmçinin, düşüncəsi xaricində olduğundan belə ünsiyyətdən qaçırdı.

Rançoda sağıcılar yalnız qadınlardı. Onlar mal-qaraya qulluq edir, ot, kök, silos kəsən cihazları, peyin transportyorlarını işlədir, region ərazisinin təmizlik işlərinə baxır, işçilər üçün yemək tədarükü görürdülər. Kişilərin əsas işi xammalın (ət, süd, gön, yun) realizəsini təşkil və təmin etmək idi. Onlar həm də yun qırxımı ilə məşğul olur, nasaz cihazları təmir edirdilər. Yeniyetmələr və uşaqlar heyvan otarırdılar.

Rançoda kovboyların ən çox sevdiyi müsabiqə/oyunlar – ipə-sapa yatmayan mustanqı ram etmək və qızğın buğanın boynuna lasso atmaq olardı.

Axşamlar rançonun istirahət saatları hesab olunurdu. İşçilər geniş yeməkxananın həyətinə yığışıb, çöl, cütçü mahnılarına qulaq asardılar. Onların da əkinçilərinki kimi öz holavarları vardı.

Bu saatlar qonağın ən çox iztirab çəkdiyi vaxt olardı. Bütün qız, qadınların diqqəti onun üzərində cəmləşər, baxışlar ona sancılardı. Ümumiyyətlə, bura qədəm basdığı gündən əsas müzakirə obyektinə çevrilmişdi. Anlaya bilmirdi ki, şəxsinə bu boyda marağı nəylə və necə qazanıb. Bacardığı qədər özünü onlara bənzətməyə, davranışlarını, danışıqlarını, həyat tərzlərini, qabalıqlarını təqlid etməyə çalışırdı. Yemək yeyərkən ağzını onlar kimi marçıldadır, ayranı hortultu ilə içir, hamının gözü qarşısında intim yerlərini qaşıyır, burnunu qurdalayır, ayaqlarını masanın üstünə qoyur, balaca uşaqların boynunun ardına şapalaq ilişdirirdi. Amma bütün bunlar onda başqaları kimi təbii alınmadığından tezliklə əl çəkdi təqlidçilikdən.

Buranın qadınlarını heç cür bir-birindən ayıra bilmirdi. Zənni ilə, onlar hamısı eyni görünüşlü idi. Hamısının dərisini gün yandırmışdı, saçları ləçəklə möhkəm çəkilib bağlanmış, ağır fiziki əməkdən əlləri kobudlaşıb çat-çat olmuş, döyənəklərlə örtülmüşdü. Çoxunun bir neçə barmaq buğumu çatmırdı, otdoğrayan maşın aparmışdı. Qısası, qadınlar bir-birinin bənzəriydi, hamısı eyni boyda, eyni biçimdə, kişilərsə fərqlənirdi. Saqqallı - saqqalsız, arıq - cüssəli, hündür - qısaboy, gur saçlı - keçəl və s.

Sağıcı qadınlardan birinin ona hədsiz diqqəti nəzərindən yayınmamışdı və bu ona sıxıntıdan başqa heç nə vermirdi. “Niyə mənə belə uzun-uzadı baxır?” deyə düşünür, bir şey anlamırdı. Sağıcını uzun yaşıl donu ilə tanıyırdı. Donunu dəyişəndə Gəlmə digər qadınlardan seçə bilmirdi onu. Hamısı boz ləçək bağlayıb çirkdən rəngi bilinməyən önlük taxırdı. Başqa birisi onun kimi yaşıl don geyəndə elə bilirdi həmin sağıcıdır.

Burada, ranço ərazisində həbsxana və ruhi-əsəb dispanseri vardı.Əlbəttə ki, qadınlar üçün. Əsas və ağır işi onlar apardığından əsəbləri pozulan və səhvə yol verən də onlar olurdu. Bu il mal-qara arasında dabaq xəstəliyi yayılıb heyvanları tələf etdiyindən bir çox baxıcı qadın azadlıqdan məhrum olunmuşdu. Həbsxanada yer olmadığından cəzalandırılanları artıq ora yox, klinikaya yerləşdirirdilər ki, mahiyyət etibarilə ikisi də eyni sayıla bilərdi. Onsuz da xəstəxanada müalicə etmirdilər, təcridxanada isə haqq səsini ucaldanları sakitləşdirmək üçün sakitləşdirici uyuşdurucu vururdular.

Nə iy, nə dad tanıyırdı. İsti-soyuq da həmçinin. Öz planetində zərdab, konsentrat və pastalarla qidalandığını unutsa da buranın qida rasionuna da öyrəşə bilmirdi heç cür. Ətdən elə ilk günlərdən imtina etmişdi. Otardığı, yununu qırxdığı, sığalladığı canlının sonra kəsib ətini yeməyi vəhşilik sayırdı. Qidasını əsas etibarilə yarmalar, meyvə-tərəvəz və süd təşkil edirdi.

Əlcəklər... onlarsız keçinmirdi, əllərinin həssaslığını yalnız onların köməyilə susdura bilmişdi. Tanımadığı yad əşyaların xüsusiyyətini öyrənmək üçün yalın ovcunu onların üstündə tutması kifayət idi, yalnız bu zaman əlcəyi çıxarardı.

Patronun bu qəribə adama münasibəti qənaətbəxş idi. Gəlməni digər işçilərdən ayırır, onun ağıl və bacarığına, səliqə və intizamına hörmətlə yanaşırdı. Onu tez-tez fazendaya çağırıb qəzet oxutdurur, müxtəlif məsələlərlə bağlı fikrini sorurdu. Gəlmə əslində hərf tanımır, oxuya bilmirdi. Yazıya ötəri göz gəzdirərkən mətnin məğzi beyninə proyeksiya olunurdu. Patronun bu cür qiraət texnikasından xəbəri yox idi.

Tez-tez qəsəbəyə düşərdi. Qəsəbənin girəcəyində tozlu yol ayrıcında yan-yana düzülmüş iri daşların üstündə dörd əldən düşmüş nurani qoca əyləşərdi. Onlar dünya durduqca orada olasıydılar. Yalnız dörd apokalipsis çaparı göründükdə buraları tərk edəcəkdilər. Beşinci – sinninə baxmayaraq son dərəcə qıvraq görünən, qocaların həm anası, həm bacısı, həm övladı və yaxın dostu olan Premaniketana (məhəbbət rezervuarı) qarı idi. O, gündə bir dəfə fermaya gedib qocalar üçün bir bardaq süd və keçi pendiri gətirərdi.

İşvara Ali Hakim deməkdi. Dinabandxu (məzlumların dostu) – onun yaxın məsləhətçisi, qalan iki nəfərsə köməkçilər idi.

İşvara nuranilərdən ən ahılı və müdrikiydi. Tərpənəndə üstündən əsrlərin tozu tökülər, heç vaxt çimmədiyindən çürüyüb əyninə yapışmış rəngi naməlum libas da parça-parça qopub oturduğu yerdə qalardı.

Qonavrindapala – balaca çobanların hamısı. Qurdlar qoyunları yeyəndə balaca çobanlar onun yanına şikayətə qaçardılar. O da bacarığını işə salıb xüsusi dualar oxuyar, qurdları yanına çağırıb, dağdakı gedərgəlməz mağaraya göndərərdi. Bu işdə ona Moxanavamşivixari (fleytaçalan) kömək edərdi. Sağ ayağı üstə durub, o birini qatlar, sağ ayağın dizinə qoyardı. Məhz bu pozada sehrli fleytasında mahnılar çalar, qurdlar mağarada görünməz olduqda onun ağzına yekə bir qaya parçası gillədərdi.

İndi Gəlmənin yolu yenə qəsəbədən idi və pirani babaları görüncə onlara yaxınlaşıb hal-əhval tutdu.

İxtiyar qocalar ona qalın, qıraqları cilalı bir şüşə uzatdılar. Bəsirət gözünün modeliydi, arxasından baxdıqda başqasının görə bilmədiklərini görürdün. Gəlmə şüşəni gözünə yaxınlaşdırıb tacı başqa ağaclarla qovuşan iri göyrüşə tuşladı. Orada bir nəfər oturmuşdu, üzü eynən gövdə kimi cadar-cadar, damar-damar, əlində də ağac dəstəkli balta. Budaqları qırmaqla məşğul idi.

- Sən kimsən?

- Bu ağacın ruhu.

- Orada nə edirsən?

- Hüdudlarımı müəyyənləşdirməyə çalışıram. Ağrının bitdiyi yer mənim hüdudumdur. Onun susduğu yerdə mən qurtarıram, başqası başlayır.

Qıra-qıra özünü tacına dolaşmış fıstıq və vələs budaqlarından arıdırdı.

Gəlmə şüşəni İşvaraya qaytardı. Müdrik qoca qəlyanını ağzından çıxarıb dedi:

- Nə qədər ki, ruh hər budaqçun ağrımır, dünya elə belə də qalacaq...

Əzab çəkənə qoşulub əzab çəkməklə onun dərdini yüngülləşdirən Dinabandxu üzünü ona tutub söylədi ki, insanların məşəqqəti həyata müqavimətdən doğur. Həyatı başına buraxmaq lazımdır. Sonda da əlavə etdi ki, müdriklərin əzabı çox səthidir əslində. Əzabın dərəcələri var, onlarınki lap ilk pillələrdədir. Və bir də dedi ki, dünya olayları üçün nə kədərlənməyə, nə sevinməyə dəyməz.

***

“Yenə o yaşıl donlu... Sağdan keçim ya soldan?...”

Palçıqlı qəsəbə yolunda iki nəfər üz-üzə gəldi. Biri – çiskindən sonra havanın hələ də tutqun və soyuq olmasına rəğmən gödəkcəsini çıxarıb qolu üstünə atmış, nazik köynəyinin yaxasını iki-üç düymə açmış cavan kişi (hiss olunur ki, temperaturun son günlər kəskin düşməsi vecinə deyil), digəri - dolu bədənli, üzünü çil bassa da eybəcər sayılmayacaq sağlam, qırmızıyanaq sağıcı qadın. Hər ikisi yaxındakı rançoda işləyirdi və tez-tez rastlaşsalar da sağıcı bu qəribə, qadınlardan qaçan insanla heç cür dil tapıb ünsiyyət qura bilməmişdi. Onun ürkəkliyi qadını bir az da şirnikləndirirdi. Kişi indi vurnuxur, qadınla üz-üzə gəlməməkçün sivişib aradan çıxmaq istəyirdi. Qadın əli ilə onun sinəsindən vurub saxladı.

- Məndən qaçırsan?

- Mən? Yox... qaçmıram.

- Qaçırsan axı. Görürəm.

- Mən tələsirəm, işim var.

Onda pis alınsa da ətli dodaqlarını büzüb inciklik təəssüratı yaratmağa çalışdı:

- Fermada hamıya kömək edirsən, hamının süd bidonlarını daşıyırsan, heyvanlarına su, yem gətirirsən, bir mənə kömək etmirsən. – ləçəyi açmadan başından çıxarıb düyününü əlləşdirməyə başladı. Başını sağ çiyninə əymişdi, öz aləmində nazlanırdı və hesab edirdi ki, bunca qəribə ləçək çıxarmaq jesti Gəlməni ehtiraslandırmalıdır.

- Mən şəxsən kiməsə kömək etmirəm. Ümumilikdə fermanın işini yerinə yetirirəm.

Sağıcı əllərini bir-birinə vurub ürəkdən şaqqanaq çəkdi.

- Yalan deyirsən! Ay səni! Ay yalançı! Hamıya kömək edirsən, mənəsə yox. Niyə? Hə? De görüm də, de, niyə axı?

Sonra qəfildən Gəlmənin əlindən yapışıb harasa dartmağa başladı.

- Gəl çıxaq yoldan, burda dayanmayaq, görən olar.

Gəlmə əlini sağıcının möhkəm biləklərindən xilas etmək üçün çırpınıb:

- Dəli olmusuz? Buraxın! Buraxın məni! – çığırdı.

Bu dəm qadın dartıb onun əlcəklərini çıxartdı və yerə atdı. Gəlmə az qaldı huşunu itirə. Bu onunçun diş mayasına ülgüc çəkmək kimi bir şeydi. Onun həssas, sensitiv barmaqları qadının kobud, qabarlı ovcunda!... Gəlmə ikrahla qadını itələyib yerdən əlcəklərini qapdı və düz rançoya tərəf götürüldü. Müvazinətini itirib yerə yıxılmış sağıcı heç nə olmamış kimi ayağa qalxdı, üst-başını çırpıb yaxındakı koldan bir zoğ qopartdı, dişlərini qurdalaya-qurdalaya Gəlmənin ardınca yollandı.

***

Gəlmə bu işin nə ilə qurtaracağını bilmədiyindən müəyyən qədər rahatlığını itirmişdi, hətta qorxurdu da.. və qorxusu əbəs yerə deyildi. Sağıcı qadın rahat durmurdu. Rançoda onun təkidiylə bir qrup nümayəndə heyəti patronun yanına göndərilmiş və məsələ necə bəyan edilmişdisə, həyat kredosu - yaxşı yaşamaq, məqsədi – biznesin uğurla idarə olunması, qorxduğu şey – rançonun reputasiyasına xələl gətirilməsi olan şəxs Gəlməni yanına çağırıb ona öyüd-nəsihət verməyi qərara almişdı.

- Bizim sağıcı qadınla münasibətin necədir?

- Tanımıram.

Patron heyrətdən böyümüş gözlərini onun üzünə dikdi.

- Necə yəni tanımırsan? Bütün işçilər sizdən danışır.

- Bizdən??

- Sizin ikinizdən, bəli. Sizin macəranızdan.

- Nə macəra?

- Hər gün meşədə sevişməyinizdən... şabalıd ağacının altında..

Gəlmə bu sözün mənasını aydın dərk etməsə də söhbətin nədən getdiyini təxmin edə bildi... və dəhşətə gəldi.

- Yooox...

- Nə yox?

- Ola bilməz! Mən heç bu adamı tanımıram.

Patron başını bulayıb acı-acı güldü.

- Oğlum, axı niyə belə edirsən? Mənim sənə münasibətim pis olmayıb heç vaxt. Səni həmişə ayırmışam o birilərindən.., qiymətləndirmişəm..

- Axı mən..

Patron sözünü kəsib danışmağa qoymadı onu.

- Sənə elə gəlmirmi ki, məni azdırmaqçün çox təcrübəsizsən? Sən kimə kəf gəlirsən? – səsini alçaldıb bic-bic süzdü onu - Biz də cavan olmuşuq, mən hər şeyi başa düşürəm. Ola bilsin, o sənin xoşuna gəlib. Hətta çox xoşuna gəlib. Belə olan surətdə onunla münasibəti elə quraydın ki, heç kim xəbər tutmayaydı, daha indiki kimi yox. Hamı sizi müzakirə eidr. Sonra sənin misalın hamıya örnək olacaq, qadınları yoldan çıxarıb zorlayacaq və atacaqlar, cəmiyyətimiz mənən çökəcək, iş axsayacaq. Mənəsə bu heç lazım deyil. Mən nizam-intizama və yüksək mənəviyyata önəm verən insanam.

Patron susan kimi Gəlmə özünü müdafiə etmək üçün dedi:

- Mən ümumiyyətlə başa düşmürəm söhbət nədən və kimdən gedir. Hansı sağıcı qadın? Mənim axı heç kimlə işdən xaric münasibətim olmayıb.

Patron yumruğunu masaya vurub əsəbiləşdiyini gizlətmədi.

- Burax mənimlə bu axmaq zarafatı! Heç məsləhət görmürəm. Pis qurtara bilər səninçün. Səni həbsxanaya saldıraram, ya da dəlixanaya.

- O qadın kimdir axı?

- Dedim ki, sağıcıdır. Qabaqcıl sağıcımız. Ay tülkü, guya tanımırsan... bəs hər axşam nəvaziş göstərib qucağında odlu öpüşlərə qərq etdiyin kimdi, hə?..

Gəlmə ilk dəfəydi ki, belə sarsaq vəziyyətə düşürdü. Etmədiyi işi zorən boynuna qoymaq istəyirdilər. Ən pisi də o idi ki, özünü müdafiə şansı tanıtmırdılar ona... Toparlanıb soruşdu:

- Lütfən onun sağdığı inəyin sıra nömrəsini deyərdiz.

Patronu gülmək tutdu. Axı hardan biləydi ki, Gəlmə üçün burdakı qadınlar hamısı eyni simadır.

- Sən arvadları onlara həvalə olunmuş inəklərlə tanıyırsan?

Əlbəttə ki, eləydi. İnəklərdə müxtəliflik var, kişilər kimi. Onlar rənglərinə, dərilərindəki xalların sayına, ölçüsünə, formasına və bir sıra başqa xüsusiyyətlərinə görə fərqlənirdi. Buradakı qadınlar isə hamısı eyni cür idi.

- Bəli, mən onları heyvanların nömrəsi ilə yadda saxlayıram.

Patron belə qət etdi ki, Gəlmə sakit, mədəni adam təsiri bağışlasa da vicdansızın biridir. Rançodakı bütün qadınlarla əlaqədə olduğundan adlarını yadında saxlaya bilməyib. Bu biabırçılığın qarşısını almaq, rançoda sağlam mühiti bərqərar etmək, Gəlmə kimi yaxşı işçini (əxlaqsız olsa da qabiliyyətinə söz ola bilməzdi) itirməmək, onu düzgün yola dəvət etmək üçün radikal qərar qəbul edilməli idi. Və bu qərar qəbul edildi.

- Sən evlənməlisən!

- Nə??

- Evlənməyin məsləhətdir o qadına. Adını ləkələmisən, indi zəhmət çək, günahını yu!

Yenə də patronun nəyə işarə etdiyini yalnız təxmin edən Gəlməni dəhşət bürüdü. Nəsə məşəqqətli bir şeyə məruz qoyulduğunu anlayınca yadplanetli ədaları və soyuq temperamenti tərk etdi onu.

- Siz nə danışırsız?! Heç vaxt!!

- Evlənməlisən, qurtardı!

- Axı mən istəmirəm!

- Axı səndən soruşan yoxdur! O vaxt fikirləşəydin... indi gecdir artıq.

Gəlmə iniltiyə bənzər səs çıxartdı. Patron yumşalıb səsinin tonunu dəyişdi:

- Burda çətin bir şey yoxdur. Ailəniz olar, bu ki, gözəldir. Ailə kiçik dövlətdir və sağlam cəmiyyətin bünövrəsidir. Hamı necə, sən də elə! Sən Aydan gəlməmisən ki!..

Patron hədəfə düşdüyünü təxmin belə edə bilməzdi...

Tənbeh olunan danışmağın artıq mənasız olduğunu anlasa da inadında israrlı idi:

- Mən istəmirəm..

Patron onu yola salmaq üçün eşikağasını çağırmalı oldu..

***

Rançonun hündür sərv ağacları ilə əhatə olunmuş yeməkxanasında işçi heyətindən ibarət toy çalındı. Süfrə başına yığışanlar qarğıdalı yaymasına bükülmüş vəhşi meşə quşlarının ətindən dadıb inək beynindən hazırlanmış delikatesə qonaq oldular. Gəlin aqavadan çəkillmiş alkoqollu pulkedən vuraraq süfrəyə düzülmüş ləzzətli təamlardan yaxşıca yeyib doydu, bəy isə ətdən imtina etdiyindən yalnız yayma və südlə kifayətlənəsi oldu. Bütün baş verənlər Gəlmə üçün söylənilməz dərəcədə heyrətamiz idi. Toy yekunlaşan kimi Gəlmə masa arxasından durub üstufca əkilmək istədi. Amma qonaqlar sərxoş olsalar da onun məramından duyuq düşüb imkan vermədilər, çığırda-çığırda aparıb gəlinin otağına saldılar bəyi. Hətta pusqu da qurdular ki, qaçmasın. O gecə bəyin başına olmazın məşəqqətlər gəldi.... gətirildi... Ən dəhşətlisi əlcəklərinin soyundurulması oldu..

***

Ağlamaq nə olduğunu bilməzdi. Yanında ağlayanda böyük maraqla izlər, əlcəkli əlləri ilə ağlayanın göz yaşlarını silib dilinə vurardı. Əvvəllər iy, dad tanımasa da indi ayırd edirdi. Göz yaşları duzlu idi. Ağlamağı da öyrənmişdi. Fiziki ağrını hiss etməsə də mənəvi ağrını tanıtmışdılar ona. Evləndiyi gündən etibarən tez-tez doluxsunub ağlayırdı. Toyundan bir müddət sonra daxilində baş verən dəyişikliyi hiss etməyə başladı. Nəsə cücərirdi sanki. Xəbəri yox idi ki, əslində hermafroditdir, öz planetinin bütün normal sakinləri kimi. Yəni unutmuşdu belə olduğunu. Burda onu kişi cinsinə aid etdiklərindən o da özünü kişi kimi təqdim edirdi ətrafındakılara. Doğma planetində insan cinslərə ayrılmamışdı, bir ortalıq cins vardı, həm qadın, həm kişi idi, hər ikisinə məxsus orqanlar rudiment şəklində qalmaqdaydı fərdlərdə. Çoxalma ya tumurcuqlanma, ya da klonlaşma ilə gedirdi. İkinci üsulla istənilən əlverişli xüsusiyyəti qabardılmış nəsil almaq mümkün olduğundan əsasən ona üstünlük verilirdi. Onun gəldiyi yerdə ölüm-itim, müharibələr, xəstəliklər, dünya malına hərislik və s. eybəcərliklər olmadığından doğub-törəyib nəsil artırmaq və bu yolla özündən sonra elə özün sayaq iz buraxmaq həşiri də yox idi. O bunları bilmirdi. Daha doğrusu unutmuşdu.

Sağıcı dominantlığı öz əlinə aldığından bizim qəhrəmanda dişi cinsi sistem aktivləşmiş və partenogenez (mayalanmadan) çoxalmaya rəvac verilmişdi. Qadının onun psixikasında və cinsi sistemində törətdiyi qıcıq Gəlməni hamilə qoymuşdu. İndi bətnindəki cücərir, ürəyi bulanır, özünü əzgin hiss edirdi. Qarnı yavaş-yavaş böyüməyə başlamışdı. Artıq fiziki ağrı da tanış idi ona. “Qonaqpərvər” Yer yadplanetlini bu danılmaz atributu ilə də tanış etməyə müvəffəq olmuşdu. Təxminən üç ay ona tamamilə yad hisslərlə əlbəyaxadan sonra daxili səsi meşəyə getmək lazım olduğunu pıçıldadı. Meşədə doğuş baş tutdu, xoşbəxt məqam yetişdi və o, üç aylıq yükdən, ağrılı diskomfortdan azad oldu. Dünyaya “göz açmış” dörd gözəl bala öz şəffaf təbəqəli kürələrində mayallaq aşa-aşa ard-arda ata bətnini tərk edib göyə milləndi. Onlar getmək lazım olan yeri – vətənin səmtini intuitiv duymuşdular. Ataları kimi qəzaya uğramamışdılar deyə bu çamur dolu yad planetdə onları saxlayacaq qüvvə yox idi.

Nə isə.., xoşbəxt atanın heç onlarla salamlaşmaq, özünü tanıtmaq imkanı da olmadı. Başını qaldırıb bir-birinə dəyə-dəyə göyə uçan balalarına baxdı, gözləri sevinc yaşları ilə doldu. Arxasında isə mamaça rolunu oynayan qırmızı, sirrli zərrəciklər bir-birini qovur, rəqs edirdilər.

***

Qocalar qəlyanı bir-birinə ötürə-ötürə dünyanın gərdişini çözürdülər. Premaniketana qarı hərəyə bir qab təzə sağılımış keçi südü süzürdü. Özgələrçün ağlamaqdan gözü tutulmuş Dinabandxunun əlləri əsdiyindən qarı nənə südü ona özü içirdirdi.

- Sən fikirlərinin məhsulundan qeyri bir şey deyilsən – dedi İşvara.

- Ən böyük xoşbəxtliyi huzurda taparsan. – Qonavrindapala əlavə etdi.

- Ruhundan başqa bu dünyada sənin olan başqa bir şey yoxdur. Azacıq düşünürkən onun da sənin olmadığını anlarsan. – bu da Moxanavamşivixarinin sözləri idi.

Dinabandxu yerində qurcalanıb deyilənləri təsdiqlədi:

- Sən dünyanı fəth edə bilərsən, sonunda onsuz da məğlub kimi gedəcəksən, çünki ölümə uduzacaqsan.

İşvara dostlarını dəstəklədi:

- Hər səhər yenidən doğuluruq. Dünən gecəki Məni bu gün səhərki Mənin kürəyinə şələləməyimizdə heç kəs günühkar deyil, özümüzdən savay.

Qonavrindapala öz fikrini gizlətmədi:

- Bəlağət mənanı pozur. Sözlər qoy çılpaq qalsın.

Müdriklər ağır eşitdiklərindən dedikləri bir-birinin qulağına yetmirdi çox vaxt. Amma hamı özünü elə aparırdı, sanki eyni mövzu ətrafında danışır.

Bir tək Premaniketana qarı susurdu adətən. Yaşı 175-i ötdüyündən nitq qabiliyyətini itirmişdi, amma hamını çox gözəl eşidir və anlayırdı, heç əlləri də əsmirdi. Cavan vaxtlarında hamıya özünü Geba kimi təqdim edərdi, indi də deyəsən cavanlıq ilahəsi olduğuna inam onu tərk etməmişdi, ona görə “Olimpiya allahlarına” cani-dildən qulluq edirdi.

***

Azad olduqdan sonra daha arvadının gözünə görünmək istəmirdi. Ona qarşı dərin ikrah duymağa başlamışdı. Yeni ailəyə ayrılmış otaqda qadın gecələr tək uyuyurdu. Əri hər gün hansısa inəyin ya keçinin nasazlığını bəhanə edib, heyvanlara feldşer qayğısı və yardımı lazım olduğu üçün tövlədə gecələyəcəyini deyib canını sağıcı qadından qurtarırdı.

Bir dəfə fermada şıdırğı iş zamanı qadınlardan birinin çığırtısı hamını onun başına topladı. Qadın barmağını silosçəkən maşınla zədələmişdi. Tibb bacısı gələnə qədər zərərçəkən xeyli qan itirdi. Hamı o yan-bu yana qaçır, qanı ara üsulları ilə saxlamağa çalışırdı. Kimi kül gətirib yaranın üstünə basır, kimi hörümçək toru təklif edirdi.Bir tək o kənarda dayanıb heyrətlə olanlara tamaşa edirdi. İlk günlərlə müqayisədə iyləri artıq ayırd edə bilirdi. İndiki qoxunu – qan iyini əvvəllər heç duymamışdı. Qanın spesifik iyi və rəngi varmış... Kirimişcə durub axşamı gözlədi. Axşam hamı dağılışandan sonra bir küncə cəkilib bıçaqla barmağını azacıq çərtdi. Və... dəhşətə gəldi! Onun qanı qırmızı deyildi! Göyümtül rəngli maye barmağı ilə aşağı axıb yerə damcılayırdı. Heç iy də bayaq duyduğu dəmir iyi deyildi. Bütün sinirləri gərilmiş vəziyyətə gəlmişdi, gördüklərinı nə ilə izah edəcəyini düşünürdü. Artıq çoxdandı ki, özü ilə yerli camaat arasında böyük fərq, adlanmaz sədd olduğunu görür, duyurdu. Özünün onlardan olmadığını, bunca primitivlikdən gəlmədiyini, başqa dünyanın adamı olduğunu şüuraltısı pıçıldayırdı ona. Amma “Niyə? Nədən? Necə?” suallarına cavab yox idi. Bir şey aydın idi ki, belə davam etməsinə artıq yol verə bilməzdi. Qurtulmalı idi buradan. Necə qurtulacağını bilmirdi. Ümumiyyətlə, kimliyi, mənşəyi barədə məlumatı yox idi. Hardan gəlməsi barədə təsəvvürü olmasa da bu, mövcud durumla barışmağa əsas vermirdi. Nələrsə etməliydi. Elə bu vaxt gözləri önündə qırmızı zərrəciklərin qaçışdığını gördü. Məhz onlar meşədən çıxıb rançoya gəlməsinə bələdçilik etmişdilər, doğuşda onu tək qoymamış, yanında olmuşdular. Bu qürbət diyarda zərrəciklərlə qəribə doğmalıq duyub onların ardınca cumdu.

-Ey! Dayanın, durun! Mənə kömək edin, kömək! Mənə lazımsız! Tək buraxmayın məni!

Zərrəciklər anidən peyda olduqları kimi anidən də yox oldular.

***

Onu buralardan xilas olmaq xəyalı bir an belə tərk etmirdi. Gecə-gündüz düşünür, yollar axtarırdı. Nəhayət, qərarı belə oldu: buradan uzaqlaşıb qəsəbəyə yaxın yerdə xüsusi qanunlarla idarə olunan kiçicik bir icma yaratsın, bir növ öz dünyasını və beləliklə qəbul edə bilmədiyi reallıqdan çənbərləsin özünü.

Rançoya gəlişindən uzun müddət ötmüşdü artıq. Qurtuluş ideyasının reallaşması çətinliklə də olsa baş tuturdu. Rançodan bəzi işçilər ona qoşulur, ətraf qəsəbələrdən fəhlələr axışıb gəlir, birləşərək demokratik idarəetmə sisteminə malik suveren qurum yaradırdılar.

Onun yaratdığı kənddə qadın əməyinin istismarı, zorakılıq və gender bərabərsizliyi yox idi. Hamı eyni cür işləyir, eyni cür dolanırdı. Hər kəsə əməyinə görə qiymət verilirdi. İnsanlar əkinçiliklə məşğul olur, plantasiyada işləyir, banan, pambıq, şəkər qamışı becərirdilər. İşlə təmin olunmada əsas meyar – insanın bacarığını, meyl, maraq və fitri özəlliyini aşkara çıxarıb, onun qabiliyyət və fərdi xüsusiyyətlərinə uyğun fəaliyyət növünə cəlb olunması idi.

Burda insanı heyrətə gətirən qəribəlik qadınların yaşıl paltar geyməsinə qoyulan qadağa idi. Əflatuni ideyalarını Platon kəndində həyata keçirməyi məqsəd qoymuş Gəlmənin ailə və nigaha olan qərəzli münasibəti qurduğu dövlət modelində də öz əksini tapmışdı. Ailə məfhumu məhv edilmişdi. Cütlüklər istədikləri sürəcə bir yerdə yaşaya bilərdi. Uşaqlar doğulan kimi ailələrdən alınıb xüsusi ictimai yerdə tərbiyə olunurdular. Qadınlar bütün günü işlədiklərindən onsuz da uşaqların tərbiyəsi ilə məşğul ola bilmirdilər. Kənddə spartansayağı tərbiyə üsulu bərqərar idi. Bərabərlik təlqin olunur, individuallıq və eqoizm törəmələri aradan qalxırdı. Gəlmə şəxsi meyl, maraq və məqsədlərin, mülkiyyət və xoşbəxtliyin ictimai dəyərlərə, ümumi prinsiplərə qurban verilməsinin tərəfdarı idi.

Platon kəndi mükəmməl insan obrazını xatırladırdı. İnsan üçün elmlərin anası fəlsəfə olduğu kimi bu kiçicik dövləti də filosoflar idarə edirdi.

Həmin dörd müdrik qoca idarə işlərinə cəlb edilmiş, İşvara lider elan edilmişdi. Bunun sayəsində ətraf qəsəbələrdən kəndə insan axını güclənmişdi. Qocaların qəsəbələrdə böyük hörməti vardı. İşlər pis getmirdi...

Bir qədərdən sonra administrativ heyətdə bəzi dəyişikliklər edildi. Burada artıq maldarlıq bir sənət növü kimi tətbiq olunmur, əsasən əkin-biçinə üstünlük verilirdi. Sağıcılıq peşəsi də, qurd-çoban münasibətləri də aradan çıxmışdı. Həmçinin iztirab çəkən, göz yaşı töküb təsəlli gəzən yox idi. O üzdən üç ahıl – Dinabandxu, Qonavrindapala və Moxanavamşivixari işsiz qalıb təqaüdə göndərildi. Onlar yalnız İşvaraya məsləhət lazım olanda dövlət işlərinə cəlb olunurdular. Qalan vaxtlarını qocaman sekvoyyanın kölgəsində tor nənnidə (qamak) uzanıb qəlyan çəkməklə keçirirdilər. Premaniketana nənə isə öz vəzifə borcunu şərəflə yerinə yetirir, məhəbbətini heç kəsdən əsirgəmədən hamıya keçi südü paylayırdı, həmişə olduğu kimi.

Gəlmənin patronla münasibəti kəskin pisləşsə də yeni layihənin bəxş etdiyi sevinc və başgicəlləndirən uğur ona hər şeyi unutdurur, çox şeyi gözardına vurmağa kömək edirdi. Patronsa onun haqqında başqa fikirdə idi. Yuxusu ərşə çəkilmişdi. Rançodan xeyli işçinin Gəlməyə qoşulub getməsi buradakı normal həyat ritmini pozmaya bilməzdi. Yerdə qalanlar da daim narazı görünür, hətta əvvəllər cürət edib başını qaldırmayanlar indi az əmək haqqından, dözülməz iş şəraitindən gileylənir, buradan qaçmağa bəhanə axtarırdılar. Daha axşamlar yeməkxana həyətinə toplaşıb şən zarafatlar etmir, holavar oxumurdular. Ranço öz süqutunu yaşayırdı. Patron Gəlmənin başını əzmək üçün gecə-gündüz yollar arayırdı.

Bir gün axşamdan xeyli ötmüş, işçilər komalarına çəkilib taxta masa arxasında şam işığında gündəlik qayğılarını müzakirə etdikləri vaxt onun malikanəsini qara libaslı üç nəfər saqqallı tərk etdi. Birinin kürəyində içində odlu silah olan torba, toqqasında qızıl sikkələrlə dolu pul kisəsi vardı.

Həmin o ayazlı gecə, zülmətin ayı da qovub öz səltənətindən didərgin saldığı vaxt əldən-ayaqdan uzaq yerdə, çirkli fəhlə evciklərindən birində üç ayaq üstündə laxlayan köhnə masanın ətrafında üç nəfər baş-başa verib xısın-xısın söhbətləşirdi. Tapşırıq alınmış, günah müəyyənləşdirilmişdi. İndi sui-qəsd planı müzakirə olunurdu.

- Patrona qarşı çıxıb. Onun günahı böyükdür!

- İşini bitirmək lazımdır.

- Günahı tək o deyil. Mənim sevdiyim qadınla evlənib, sonra da atıb getdi. Axı o hardan peyda oldu? Niyə gəlib yaşayışımızı pozdu?

- O günahkardır! Günahısa yalnız qanla yumaq olar!

- Yalnız qanla! – çığırıb pivə parçlarını toqquşdurmaqçun hər üçü ayağa sıçradı.

- Nə yaxşı ki, o günahkardır. Biz onu haqqına öldürəcəyik! Günah müqəddəsdir!

- Müqəddəsdir! – bağırıb parçları boşaltdılar. Sonra bir ağızdan təkrar etdilər:

- Gəlmənin günahı onun gəlməsindədir!!

Masa üzərindəki qara çörəyi kəsdikləri cib bıçaqlarını götürüb havada çarpazlaşdırdılar. Sonra barmaqlarını çərtib qanlarını bir-birinə qatdılar, yalamaqla andlarına xitam verdilər.

Beləliklə, Gəlmənin fitvasına öz aralarında haqq qazandırmış oldular.

Yarıaçıq pəncərə önündə dövrə vuran qırmızı zərrəciklər komada baş verənləri müşahidə edirdilər. Onlar bir-birini qovaraq sürətlə həmin yerdən uzaqlaşıb bir ağacın arxasında toparlanmağa başladılar. Sıxlaşıb toplanıb qəribə görkəmli, burunsuz, qulaqsız bir məxluqa çevrildilər. Əynində ağımtıla çalan açıq metal rəngli skafandr vardı, sinəsində qırmızı işıq yanırdı. Məxluq qarnını tutub uğunurdu. Onu güldürən səbəb bayaq gördüyü üç nəfər qiyamçı idi. Dünən onlardan birini qəsəbənin zibilxanasında eşələnən sahibsiz, yoluq, xəstə it dişləmişdi və indi bu binəva quduzluq virusunun daşıyıcısı olduğundan, həmçinin onu tüpürcəklə yaralı barmaqlardan dostlarına da ötürdüyündən əlbəttə ki, xəbərsiz idi...

***

İşlərin gedişatından razı idi. Hər şey planlaşdırdığı şəkildə cərəyan edirdi. Özündə natiqlik və təşkilatçılıq qabiliyyəti aşkar etmişdi ki, bu da onu sevindirməyə bilməzdi. İnsanları inandırıb onların hörmət və rəğbətini qazana bilmişdi.

Bir gün yorğunluğu çıxsın deyə talada və qoz meşəsinin ətrafında gəzməyə getdi. Buraların təbiəti ona magik təsir göstərir, hətta ovundururdu. Ayaqlarını torpağı örtmüş yumşaq yarpaq xalısına ehtiyatla basaraq irəliləyir, meşənin səssizliyini pozan xışıltıya qulaq kəsilirdi.

Arxasınca pusan üç qara libaslıdan hələ xəbəri yox idi. Ağacların ardında gizlənə-gizlənə irəliləyir, ayaq səslərinin eşidilməməsi üçün onunla aralarındakı müəyyən məsafəni gözləyirdilər. Amma duydu, çox keçmədi ki, izlənildiyini anladı. Yüksək intuisiyasına əmin olduğundan dönüb arxasına baxmağı da lazım bilmədi. Qəfildən addımlarını sürətləndirib qaçmağa başladı və ağaclar arasında gözdən itdi. Qaçanda ona çatmaq real bir şey deyildi. İzləyicilər çaşqın halda gizləndikləri yerdən çıxıb ətrafa boylandılar. O heç yerdə görünmürdü. Gözləri önündə qəfildən peyda olmuş kəskin parlaq qırmızı işıq quduzluq qıcolmalarına rəvac verdi və onları iflic edib yerə sərdi.

Ayaqları tutunca meşə boyu qaçır, təqibdən qurtulduğunu yoxlamaq üçün dayanmağı heç düşünmürdü də. Başından aldığı möhkəm zərbədən yıxılıb huşunu itirməsəydi hələ çox qaçacaqdı.

Qırmızı zərrəciklər sürətlə onu araya aldılar. Rəqs edirmiş kimi ətrafında dövrə vurur, gah sıxlaşıb, gah açılırdılar. Nəhayət, zərrəciklər ondan aralandıqda yerdə ağ skafandrlı, burunsuz, qulaqsız, iri gözlü məxluq uzandığı aşkar oldu. Tədricən huşu qayıdır, özünə gəlirdi.

Üzüqoylu yıxıldığı torpaqdan başını qaldıranda qarşısında ağımtıla çalan metal parıltılı skafandrda eynilə özünə oxşayan birinin dayandığını gördü.

- Sənsən?

- İlkin fuqada da əvvəl gördüyün qara torpaq, duyduğun eniş oldu, ikincidə də.

Üzünün palçığını qoluna silib ayağa qalxdı. Dostu qısa xülasə verdi:

- Buraların mahiyyəti bu. Eniş və qara torpaq. Uçanlarçün nəzərdə tutulmayıb bura, yaşayası yer deyil, eləmi?

- Mən hardayam?

- Getdik.

- Dayan! Bura haradır?

- Qara torpaq. Yerdir bura. Biz bura enmişik, Yerə.

- Mənə nə olmuşdu?

- Getdik. Yolda danışaram hamısını.

Birlikdə addımlayır və olanları araşdırırdılar. Uzun səyahət boyu daim rəhnüması (bələdçi) olan və onun haqda uzaq planetdəki idarə mərkəzini məlumatlandıran həmyerlisi ona fuqa yaşadığını, yaddaşını, özü haqda bütün informasiyanı itirib, Yerdə yenidən həyata başladığını, sonra isə, yəni indi yenə hafizəsini itirib, burada olub-keçənləri unutduğunu və əvvəlki yaddaşının bərpa olunduğunu söylədi. Onlar Gəlmənin meşədə sıradan çıxıb qalmış kosmik gəmisinə tərəf gedirdilər. O elə hey suallar yağdırır, başına gələnlərlə maraqlanırdı. Özü heç bir şey xatırlamırdı. Həmplanetlisi ona bəyan etdi ki, onun Yer səyahəti əslində əvvəldən düşünülmüş plan üzrə olan bir işdi. Qəza da təsadüfi deyildi, bu, onun üçün cəza kimi nəzərdə tutulmuşdu. O kiçilib bəsitləşməli, təbiətin bir parçası olub, özünü dar, məhdud çərçivədə, ehtiyacda tanımalı, sınamalı, əzab çəkməli və bu yolla öz azadlığına, mükəmməlliyinə dəyər verməli idi. Haqqında çıxarılmış verdikt belə idi: O, Absolyutun daha bir təkmil emanasiyası, öləri insan övladı kimi yaşayacaq, əziyyətini paylaşacaq, tablaşdığına tablaşacaq, üzüntüsünə üzüləcək, ağrısına şərik çıxacaqdı, mənəvi və fiziki ağrısına. Bu məqsədlə onun xarici görünüşü qismən dəyişilmiş, burada gərəkən dil, lamisə, hissiyyat və bir sıra başqa qabiliyyətlər aşılanmış, bir sözlə təcrübə üçün lazım olan “ekipirovka” ilə təmin olunmuşdu. Demək lazımdı ki, onun uğurlarından orada, öz vətənində razı idilər. Bələdçi bir şeyi də qeyd etdi ki, unutduqları tədricən və müəyyən redaktələrlə bərpa olunacaq hafızəsində, yoxsa səyahətının əhəmiyyəti olmaz.

Söylənilənlərə diqqətlə qulaq aslb bir sual verdi:

- Niyə bəs ikinci dəfə yaddaş pozğunluğuna məruz qoyuldum?

- Buralarla vidalaşman üçün əsl kimliyin bərpa olunmalı idi. Bir də bizimkilər sənin son fəaliyyətindən razı qalmamışdılar. Yeni dövlət quruculuğundan. Yoxsa hələ bir müddət qalman mümkün idi.

- Mən bura ədalət gətirəcəkdim.

- Sənin ədalətin burda heç kəsə lazım deyil.

- Niyə?

- Bu insanlar ədalətə layiq deyil hələ. Azadlığa da... Tezdir hələ onlarçün...

Gəlib kosmik gəminin yanına çatdılar. O qaydasında idi, təmir olunmuş, saz vəziyyətdə sahibini gözləyirdi. Gəlmə dönüb son dəfə ona bu qədər yad, qəribə, mənasız və eyni zamanda isti, doğma, tanış gələn meşəyə nəzər saldı, küknardan kiçik bir budaq qırıb gəminin salonuna adladı. Bələdçisi gəldiyi qayda ilə dematerializasiya olundu.

Gəmi ağır-ağır Yerdən aralandı. Orda, o uzaq qalaktikada Gəlməni həmyerlisinin mütəmadi surətdə onun Yer sərgüzəştləri ilə bağlı hesabatı, fotoşəkillər, videoçəkilişlər və bu macəranın maddi sübutu kimi dörd canlı – onun özgə yerdə, yad mühitdə dünyaya gətirdiyi balaları gözləyirdi.

Gəmi Vətənə doğru irəliləməkdə idi...

***

Müəllif açıqlaması:

Fuqa daim həyatda qarşılaşdığımız fenomendir, sutkada iki dəfə tezliklə. Yuxu gerçəklikdən, gerçəklik də yuxudan fuqa ilə ayrılır.

Daha uzaq miqyasda doğuşa qədər və doğuşdan sonra da bu cür mükəmməl və möhtəşəm unutqanlıq ana bətnində sürdürülən varolumu - real sayıb ömür adlandırdığımız həyatda, ömür olaylarını isə ölümdən sonra unutdurur. Kim qeybdən xəbər gətirib bunun belə olmadığını sübuta yetirsə ikinci cümlənin üstündən xətt çəkməyə hazıram.

P.S. Bundan daha uzaq fuqa modeli də var – inkarnasiya. Bu tam qara zolaq olduğundan haqqında danışmağa dəyməz.

# 5212 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #