Öz başdaşı üçün gənc yazardan şeir istəyən Ramiz Rövşən

Öz başdaşı üçün gənc yazardan şeir istəyən Ramiz Rövşən
13 aprel 2021
# 11:10

Kulis.az gənc şair Ulucay Akifin həmkarı Orxan Saffarinin Ramiz Rövşən haqda yazdığı yazıya cavabını təqdim edir.

Orxan Saffarinin Ramiz Rövşən haqqında yazdığı “tənqid”i yazını oxudum və fikirlərimi yazmaq qərarına gəldim. Məlum yazını oxusanız, tənqid sözünü dırnaq içində yazmağıma haqq qazandıracaqsınız.

Niyə belə düşündüyümü izah etməyə çalışacam.

Əvvəla, başlayaq elə Orxanın yazısının ilk abzasından. Müəllif ilk cümləsindəcə yazını nə paxıllıq, nə də şöhrət eşqindən yazmadığını dilə gətirir. Özü qəbul etməsə də, bu, açıq-aşkar günahkarlıq sindromudur. Şüuraltında vicdanı onu narahat edir deyə izahat verməyə çalışır. Əslində, o izahatı da bizə yox, elə vicdanına verməyə çalışır.

Yazı bazar-məişət dilində, yəni Orxan Saffariyə xas “üslub”da yazılıb.

Bilməyənlər üçün deyim ki, Orxan mənim dostumdur. Elə iki gün qabaq Orxangilin evində yaxşıca yarpaq dolması yemişik. Yəni, yazıda heç bir qərəz axtarmayın.

Orxanı tanıyanlar bilər, məclislərdə də çox dəxilsiz yerdə səsini ucaltmağı var. Məsələn, elə də uzağında olmayan külqabını qəfil “O külqabını maaa verin!” deyib qışqıraraq istəyə bilər. Bunu asta səslə də istəyə biləcəyini desən, daha yüksək səslə “Yaxşıııı elyirəmmm!” deyəcək.

Ramiz Rövşən haqqında yazdığı yazını oxuyanda da hər cümlədə Orxanın səbəbsiz yerə ucalan köntöy səsi qulağımda cingildəyirdi. Hətta yazının “səs-küyü” başıma düşürdü.

Elə bildim kimsə cümlələri zorla qulağıma qışqırır. Dişimi sıxıb güc-bəla ilə “yazını” sona qədər oxumağa müvəffəq oldum. O cür mənasız yazını sona qədər oxuya bilmək mütləq ki, böyük bir uğurdur.

Müəllif yazıda Ramiz Rövşən poeziyasına, onun yaradıcılığına aid demək olar, heç nə demir. Bunu da başa düşürəm. Yəqin yaradıcılığında tənqid etməyə nəsə tapa biləcəyinə ümidi olmayıb.

Orxan yazının vurğusunu Ramiz Rövşənin “susmağının” üstünə salıb.

Yəqin, susmaq deyəndə şairin heç bir siyasi-ictimai məsələyə mövqe bildirməməyini nəzərdə tutur.

Bu məsələyə aid əvvəla onu deyim ki, əgər bunu kriteriya kimi götürsək, gərək ölkədə heç bir yazıçını, şairi sevməyək. Onda Vaqif Bayatlı Odəri də, Musa Yaqubu da və adını çəkmədiyim digər şairləri də sevmə. Axı onlar da susub. Hətta sizə deyim, onların susqunluğu adamın qulağını kar edəcək dərəcədə şiddətlidir.

Bəs niyə bu qədər susmuş şairlərin, yazarların içində ən çox Ramiz Rövşəni tənqid edirlər, qınayırlar, niyə ən çox ona kin qusurlar?

Bəlkə “adam umduğu yerdən küsər” deyə daha çox Ramiz Rövşəndən küsürlər?

Belə olduğunu düşünmürəm. Əgər küsənlər oxucular olsaydı, buna inanmaq olardı, amma fikir vermişəm, Ramiz Rövşəni susqunluğuna görə qınayanların hamısı yazı-pozu adamlarıdır. Oxucuların, xalqın Ramiz Rövşənlə heç bir problemi yoxdur. Ramiz Rövşəni həmişəki dərəcədə sevirlər, oxuyurlar.

Ramiz Rövşəni qınayanların ancaq yazıçılar, şairlər olması onu göstərir ki, əsas səbəb qısqanclıqdır. Bunu yalanlamağın heç adı yoxdur.

Yuxarıda adını çəkdiyim və çəkmədiyim digər şairlərdən fərqli olaraq, Ramiz Rövşən şeirlərində heç vaxt susmayıb. Şairi şair edən şeirləridir, şairi şair edən mövqeyi şeirlərində olur. Ramiz Rövşənin də mövqeyi şeirlərindən həmişə bəlli olub və şeirlərində heç vaxt susmayıb.

Əsas olan da bu deyilmi?

Məncə, Ramiz Rövşənin xalq tərəfindən yekdil halda sevilməsi sizi narahat edir. Digər məsələlər isə, məsələn, fəxri ad alması, ev verilməsi bu narahatlığınızı hiddətə, qəzəbə çevirir.

Şübhəsiz ki, belədir.

Orxan yazısında Ramiz Rövşənin yaradıcılığı haqqında təkcə onu deyib ki, şeirləri çox qaramatdır, “ağlamalinski”dir və xalq ağlaşmanı sevir.

Əvvəla, Ramiz Rövşənin şeirlərinin qaramat olduğu fikrinin doğru olmadığını düşünürəm. Ramiz Rövşənin ölüm haqqında şeirlərinin, misralarının çox olduğu doğrudur, amma, məncə, bu həyatda ölümdən daha böyük bir məsələ yoxdur. Hətta, həyatın özü belə ölüm üzərində qurulub, ölümə planlanıb. Buna görə də ölüm haqqında çox yazmağı normaldır.

Və Ramiz Rövşən şeirlərinin heç birində ölümü kədərlə təsvir etmir. Şairin ölümü çox rahatlıqla qəbul etdiyi hiss olunur.

Haşiyə çıxıb sizə Ramiz Rövşənlə görüşlərdən birində baş verən bir hadisəni danışım.

2016-cı il idi. Ramiz Rövşənin 70 yaşı tamam olurdu. “Yuğ” Teatrında şairlə görüş keçirilirdi. Mən də orda idim. Tədbirin sonlarına yaxın hər kəsə imkan yaratdılar ki, sual versin. Mən də bu fürsətdən istifadə elədim.

Ən arxa sırada idim. Ayağa qalxdım və sualımı verdim:

- Sizin ölüm haqqında çox şeiriniz var. Heç baş daşınızda nəyin yazılacağını düşünmüsünüz? Baş daşınız üçün epitafiya yazmısınız?

Və əlavə etdim ki, şəxsən özüm baş daşım üçün bir bəndlik epitafiya yazmışam.

Ramiz Rövşən sualıma həmişəki təbəssümü ilə cavab verdi:

- Sən hələ cavansan. Öz baş daşın üçün yazdığını ver mənə, sonra özün üçün təzəsini yazarsan.

Hər kəs bu zarafata güldü. Yəni, qaramat adlandırdığınız Ramiz Rövşən bu cür qaramat suala hər kəsi güldürəcək cavab verə bilmişdi.

Ümumiyyətlə, Ramiz Rövşənin bir neçə tədbirində iştirak etmişəm. Bütün o tədbirlərdə ab-hava çox müsbət olub. Oxucuların üzündən gülüş əskik olmayıb.

Bu ab-havanı təkcə zarafatlar yox, həm də məzəli şeirlər yaradır.

Məncə, Ramiz Rövşən şeirlərində ən çox yumor, məzə olan şairlərimizdən biridir. O, bircə misra ilə adamı çox asan güldürə bilir. Həmçinin düşündürməyi də, kədərləndirməyi də çox ustaca bacarır.

Qəbulumdur, söz oyununa qaçdığı məqamlar da çox olur, amma şeir həm də söz oyunu deyilmi?

Ramiz Rövşənin şeirləri haqqında tərifnamə yazmaq fikrim yoxdur. Həm də detallara girib yazını uzatmaq istəmirəm. Görünən kəndə bələdçi lazım deyil.

Keçim Orxanın yazısındakı digər yanlış məqama

Orxan yazısında qeyd edib ki, Ramiz Rövşənin şeirləri artıq 30-40 ildir aktual deyil. Axı bu açıq-aydın yalandır. Primitiv misallar həmişə həqiqəti daha aydın göstərir.

Əgər Ramiz Rövşənin şeirləri aktual deyilsə, niyə bu qədər oxucusu, şeirlərini əzbər bilənlər var?

Ümumiyyətlə, aktuallıq deyəndə nəyi nəzərdə tutur?

Əgər sırf ədəbi cəhətdən, poeziya baxımından aktuallığını itirdiyini deyirsə, nisbətən haqq vermək olar, çünki indi sərbəst şeir daha aktuallaşıb.

Amma...

Amma bu aktuallıq hələ özünü tam təsdiqləyə bilməyib. Bunun üçün, yəqin ki, hələ uzun bir müddət lazımdır.

Məsələn, son illərdə ən yaxşı sərbəst şeirlərin müəllifi mənə görə Aqşin Yeniseydir. Düşünürəm ki, Orxan üçün də belədir. Lakin Aqşin Yeniseyin şeirləri hələ yetərincə aktual, populyar deyil. Ən populyar olan şeiri də hecada yazılmış şeiridi.

Şair və şeirinin bir müddət sonra aktuallığını itirməsi çox normaldır. Bu şeirin, ya da şairin dəyərinə xələl gətirmir.

Məsələn, indi Nəsimi, Füzuli, Nizami oxucu üçün, elə ədəbiyyat üçün nə dərəcədə aktualdır? Məncə, heç aktual deyil. Bu günün oxucusu üçün artıq klassiklər maraqlı deyil. Bunu kim nə qədər danmağa çalışsa da, reallıq budur və bunda qeyri-adi heç nə yoxdur. Maşın qala-qala insanları faytona minməyə məcbur etmək olmaz. İnsanlar hər şeyin yenisinə, təzəsinə, özünə daha yaxın olana meyl edir.

Əlbəttə, böyük ehtimal, bir müddət sonra Ramiz Rövşən də aktuallığını itirəcək, sonra Aqşin Yenisey də, amma heç biri öz dəyərindən itirməyəcək.

Etiraf etməliyik ki, Ramiz Rövşən poeziyamızın önəmli mərhələlərindən biridir. O mərhələ mütləq ki, olmalı idi və biz buna sadəcə sevinməliyik. İndilik yazmaq istədiklərim bu qədər.

# 6411 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #