Cəlil Cavanşir yazır...
“Köhnə dostları,
Yəni badə dostlarını
Və onların boğazdan yuxarı tostlarını
Yaşadığın və atdığın qadınları,
Müştərisi olduğun gecə barlarını
Unut getsin!”
Yuxarıdakı misralar Kənan Hacının son romanındandır. “Faniliyin əyaniliyi” adlı bölmə bu şeirlə bitir. Mənə elə gəlir ki, son romanında – “Yaddaş kartı”nda Kənan unutmaq istədiyi hadisələri yazır və xilas olmağa çalışır.
Amma unutmaq mümkündürmü?
Məncə mümkün deyil.
Kənan Hacıdan sonuncu dəfə müsahibə alanda (təxminən ilyarım olar) “Yaddaş kartı” barədə xeyli danışmışdıq. Bilirdim ki, Kənan 2010-cu ildə “Yaddaş kartı”nı yazmağa başlayıb və tələsmədən bu romanın üzərində işləyir.
Hər görüşümüzdə, hər söhbətimizdə romanın yazılma prosesindən uzun-uzadı danışır, müzakirələr edirdik.
“Yaddaş kartı”nın yolunu çoxdan gözləyirdim.
Kitab çıxar-çıxmaz əldə etdim və demək olar ki, birnəfəsə, 2-3 saat ərzində oxuyub bitirdim.
Dünya ədəbiyyatında avtobioqrafik roman janrının böyük ustaları var. Tomas Mann, Çarlz Dikkens, Stendal və s. müəlliflərin avtobioqrafik səciyyəli romanları dünya ədəbiyyatının inciləri cərgəsindədir. Azərbaycan ədəbiyyatında da bir çox müəlliflər ahıl yaşlarında bu janrda öz qələmlərini sınayıb. Alınanı da var, alınmayanı da.
Məsələn, Anarın “Sizsiz”i mənə çox təsir eləmişdi.
Deyəsən Azərbaycan ədəbiyyatında Kənan Hacı gənc yaşında avtobioqrafik roman yazan ilk yazıçıdır. Ömrün qırxıncı pilləsinə qalxmağa hazırlaşan Kənan Hacının bu janra müraciət etməsi cəsarətli addımdır.
Roman maraqlı bir girişlə başlayır: “Bəzən mənə elə gəlir ki, çox uzun bir ömür yaşamışam. Arada nəfəs dərib yaşadığım ömrə nəzər salanda dəhşətə gəlirəm; ilahi, bu cavan yaşımda mən nələrin şahidi olmamışam?!”
Ardınca müəllif nə üçün memuar-roman, avtobioqrafiya yazdığını əsaslandırır. Bəli, 13 yaşından siyasət meydanına atılan, böyük bir imperiyanın çöküşünü müşahidə edən bir qələm adamının bu janra müraciət etməsi təbiidir.
Romanda Kənan öz uşaqlıq, yeniyetməlik və gənclik dövrünə işıq tutub, jurnalistikaya gəlişini, bu sahədə rastlaşdıqlarını maraqlı və oxunaqlı dildə qələmə alıb. Eyni zamanda son 20-25 illik tarixi-siyasi proseslər, unudulanlar, unutdurulanlar da çox maraqlı bir üslubla xatırlanır, yada salınır.
Eyni zamanda Kənan Hacı öz babalarının soy-kökünü, doğulduğu, boya başa çatdığı Buzovna kəndinin tarixini də gözardı etmir.
Xeyli yazıçılarımız, şairlərimiz, alimlərimiz bu romanda xatırlanır. Müəllif müxtəlif adamlarla, ailə üzvləri ilə bağlı xatirələrini elə gözəl şəkildə qələmə alıb ki, oxucu qətiyyən yorulmur.
Məncə romanın ən təsirli bölümü “Anama yazdığım məktublar”dır.
Oxuduqca kövrəldim, boğazımdakı qəhəri birtəhər siqaretlə ovudub əsgərlik illərimi, valideynlərimlə məktublaşmalarımı xatırladım...
“Yaddaş kartı”nın haradan açıb oxusanız, marağınızı çəkəcək. Çünki bütün bölmələr həm də sərbəst bir hekayə, bir xatirə yazısı kimi oxunur.
Nədənsə mənə elə gəldi ki, bu roman Kənanın xoş günlərə qayıdışından daha çox, ağrılı-acılı xatirələrdən xilas olmaq cəhdidir...
Yuxarıda qeyd etdiyim ki, “Yaddaş kartı” avtobioqrafik olsa da, son 20-25 ilin tarixi hadisələrini işıqlandırır. Bu baxımdan kitab yalnız Kənan Hacını tanıyanlar üçün deyil, geniş oxucu kütləsi üçün də olduqca maraqlı bir kitabdır.