Xalq şairini ağladan qadın

Xalq şairini ağladan qadın
11 mart 2015
# 22:00

“Misra qılıncı” layihəsinin qonağı şairə Aləmzər Sadıqqızıdır.

-Aləmzər xanım, Feybukda adınızı dəyişdirib Zeralem etmisiniz. Bunun xüsusi səbəbi varmı?

- Bəli. Pis şəkillər etiketlənirdi. Kimsə dedi ki, əlifbaya görədir. Fikir verdim ki, hə “A” ilə başlayan adlar daha çoxdur. Mən başqa cür istəyirdim. “Zer-Alemzer” olmasını istəyirdim. Oğlum belə dəyişdi. İndi özüm də darıxıram. Amma hələ iki ay belə qalmalıdı.

- Yəqin ki, öz adınız üçün darıxırsınız. Axı ad getdikcə insanın əzizinə, doğmasına çevrilir...

- Mən ümumiyyətlə çox tez öyrəşən adamam. Profil şəklimi hərdən dəyişmək istəmişəm, amma özüm darıxmışam. İnsan özü üçün də darıxır. Bakıda 21 dəfə kirayə ev dəyişmişəm məcburən. İndi oralardan keçəndə ixtiyarsız gözümdən yaş axır.

- Özünüz üçün darıxdığınız anlarda şeir, söz dadınıza çatırmı?

- Bəli. Demək olar ki, hər gün şeir yazıram. Amma son 15 gün xəstə oldum. Bir dənə şeir yazdım. Təkcə özümçün yox ... Hava ücün, Günəş üçun, Ay üçün... Bütün dunya üçun darıxdım..

- Hər gün yazdığınız şeirlər könlünüzü riqqətə gətirirmi? Misralarınızda ruhunuzun təması duyulurmu?

- Başqalarını bilmirəm, mən heç vaxt şeir yazmaq xətrinə şeir yazmamışam. Yaşadığım hisləri yazıram, bəzən göz yaşımla... Və yazdıqlarımla yaşayan adamam... Bir qonaq qız vardı bizdə. Bir gün şeir oxudum ona. Dedi, xala, sən o gün ağlaya-ağlaya yazırdın ey, onda şeir yazırdın? Yəni şeir elə bir dostdur ki, özündən gizlətdiyini belə ondan gizlətmək olmur.

- Şeir göz yaşlarına dəyərmi? Yəni göz yaşı içində yazılan şeirlər sonradan üzünüzü güldürürmü?

- Yox... Bir essem var: "Mənim gerçək nağılım". AYB-yə üzv olanda yazmışdım. Fikrət Sadıq onu mənə oxutdurdu. Tərcümeyi-hal kimi yazmışdım... Başımı qaldırdım ki, Söhrab Tahir və otaqda olan bir çox yazıçılar ağlayır. Onu “Ədəbiyyat qəzeti”nə Fikrət Sadıq göndərmişdi. Mən özüm o yazını yüz dəfə də oxusam kövrəlirəm.

- Necə oldu ədəbiyyatı seçdiniz? Üzünüzü güldürməyən bir sənəti yaşatmaq yəqin ki, çox çətindir...

- Sadəcə həyat... Uşaq olanda məni birinci sinifdən üçüncü sinfə keçirmək istədilər. Çünki bütün dərslikləri əzbər bilirdim. Üçüncü sinifdə oxuyanda artıq “Başsız atlı” romanını oxuyurdum. O vaxt bütün əsərləri oxuyurdum. Bütün şairləri az qala əzbər bilirdim. Bütün məktəb saatlarla mənə qulaq asırdı. Ancaq həyat o qədər oyun oynadı ki, indi öz şeirlərim də yadımda qalmır. Və çox nadir hallarda kitab oxuyuram. O Aləmzəri çoxdan dəfn etmişəm. Əvvəllər yazdıqlarımı cırıb atırdım. Bu 23 yaşıma qədər belə davam etdi. Sonra “Bu gün toyundur sənin” adlı ilk mənsur şeirimi “Azərbaycan qadını” jurnalına göndərdim. O vaxt Azərbaycanın hər yerindən oxucu məktubları alırdım.

- Həyatın hansı oyunlarından narazısınız? Sizi ən çox incidən, qəlbinizi qıran nədir?

- On yaşım olanda – Novruz bayramı günü atam maşın qəzasına düşdü. O gün gördüyüm yuxu, o günün acı xatirəsi hələ də gözümün önündədir. O gün bir şeir yazmışdım. “40 ildi”...

Bir bahar atamı götürüb gedib
40 ildi, 40 bahar gətirə bilmir.


Sonu belə bitirdi:

40 ildi hər sabah çıxıb gedirsən,

40 ildi hər axşam ölüb gedirsən.

Qardaşım da Novruz bayramı günü ölüb. Sonra yoldaşı. Dörd uşaqları qaldı. Özüm atasızlığın hər üzünü görmüşdüm. Onları tək qoya bilməzdim. Mən bu ömrü ana kimi yaşadım.

- Çox kədərlidir... Yaradıcı insanı bu cür ağrılar böyüdür. Çətinliklər yaradıcılığa stimul verir. Düşünürəm ki, ən gözəl şeirlər ağrıdan, acıdan, kədərdən yaranır. Sizcə, xoş anları, sevinci şeirə çevirmək asandır, yoxsa kədəri?

- Sevinci yaza bilmirəm... Sadəcə ağrılarımı yazıram. Anamı üç ildi itirmişəm. Bir il yataq xəstəsi oldu. Evdən bir gün də çıxmadım. Amma bu il ona onlarla şeir yazmışam.

- Kədərli ovqatdan uzaqlaşaq, məncə... Ədəbi mühitimizdən razısınızmı? Özünüzü təsdiqlənmiş imza hesab edirsinizmi?

- Yox... İndi istedadla bərabər insanda başqa şeylər də olmalıdır. Mən özümü çox gizlədən adamam. Dostu özümdən çox təbliğ edən adamam. Bütün günü redaksiyaların içindəyəm. Amma istəmələrinə rəğmən şeir vermirəm. Məişət qayğılarından ayrıla bilmirəm. Mənim əl tutduğum, kimlərəsə zəng edib tapşırdığım adamlar bütün günü efirdədir. Mən heç vaxt buna çalışmadım. Mən bir şeir məclisində şeir oxuyanda 3 gün utandığımdan özümə gəlmirəm.

- Tez-tez efirə çıxan şairlərə münasibətiniz necədir? Məsələn, şair Yafəs Türksəs hər həftə efirdədir. Şair televiziyalarda tez-tez görünməlidirmi?

- Şair televiziyada şair kimi görünməlidir. Yafəs mənə deyir ki, sən klassik qadınsan, müasir deyilsən. Bax elə adını çəkdiniz. Mən 15 il olardı, “Ekspress” qəzetində səhifə aparırdım. Onda Yafəsdən müsahibə yazdım, güclə çap etdirdim. Mənə görə məşhurdan yapışmaq düzgün deyil. Müasirlik abırsızlıqdırsa, bu mənə lazım deyil.

- Yafəsi müasir abırsız hesab etmək olarmı?

- Yooox, bunu ona demədim. Bəzi qadınlara, karyera üçün min dona girənlərə dedim.

- Konkret ad çəkə bilərsiniz? Kimlərdir karyera üçün min dona girənlər?

- Yox, ad çəkmirəm. Xəcalət çəkərəm. Hərə özü bilər. Əslində bəlkə elə "xoşbəxt” olmaq üçün hər şeyi bacarmalısan. Bəlkə onlar daha düz edir. Onlarla üz-üzə gəlirəm. Bir dəfə birinə dedim, ayıbdı, bu yaşda belə gödək geyinmək olmaz axı. Acığına gəldi.

- Sizcə, qadın necə geyinməlidir? Daha doğrusu xanım şairə necə geyinməlidir? Açıq-saçıqlıq, bəzək-düzək ədəbiyyat adamına yaraşarmı?

- Vallah, mən kəndə gedəndə deyirlər, elə bil şəhərdə yaşamırsan. “Febe”də şəkillər paylaşılır. Toyda da, işdə də, yasda da eyni paltar var. Yadıma gəlmir mən toya saç düzəltdirib gedim. Bəzək-düzək də taxmıram. Qadınlar adi tədbirlərdə neçə üzük taxır. Mənim heç yoxumdur. Olsa da, taxa bilmərəm, darıxaram. Açıq-saçıq geyimin tam əleyhinəyəm. Qadının sinəsinin görünməsi ayıbdır.

- Ədəbi mühitimizdəki xanımlardan kimi bəyənirsiniz? Həm geyimi, həm davranışı, həm də yaradıcılığı ilə xoşunuza gələn varmı?

- Təbii ki, var. Amma inanın, ad çəksəm, bir müddət söz-söhbətdən qurtarmayacam. Kimisə unudaram. İcazə verin heç kəsin xətrinə dəyməyim.

- Necə istəyirsiniz. Gənc şairlərdən kimin yaradıcılığını bəyənirsiniz?

- 2006-cı ildə o məşum hadisələr oldu. Mən uzun müddət ədəbi mühitdən uzaq qaldım. Bir ildir ki, FB-yə gəldim və özümü ədəbi mühitdə hələ də qonaq kimi hiss edirəm. Amma istedadlı gənclər çoxdu. Şeirdə açıq-saçıqlığı kişilər yazanda da sevmirəm. Nuridə Atəşiyə bənzəyən heç bir istedadlı xanımı bəyənmirəm. Qadın şeirdə də abrını gözləməlidir.

- Yaradıcılığınızda hansı yeniliklər gözlənilir?

- İçimdə həmişə bir roman yazıram... Bir də tanıdığım bir qadın var, onun taleyini bir povest şəklində yazacam. Şeir kitabımı dərc etdirmək istəyirəm. Təbii ki, pul olsa... Bu zəmanədə özünü təsdiq etmək üçün həm də pulun olmalıdır. Türkiyədə çap olunan antologiya üçün çox əziyyət çəkdim. Amma nə olsun, gedə bilmədim.

- Sponsorluq üçün kiməsə müraciət etmisinizmi? Ümumiyyətlə, hansısa imkanlı adamın hesabına cild-cild kitablar çap edən yazarlara münasibətiniz necədir?

- Bacarana can qurban. Mənim heç vaxt sponsorum olmayıb. Sonuncu "Sirr" kitabımı cəmi 100 ədəd Şəmsi Vəfadar bir qardaş kimi çap edib öz nəşriyyatında. Onda anam ağır idi, gedib yoxlaya da bilmədim. Kitabda səhvlər gedib.

- Neçə kitabınız çap olunub?

- İkisi mən rayonda olanda çıxıb. Heç bəyənmirəm. Biri Anar müəllimlə bağlıdır. Mənim Anar müəllimlə bağlı çoxlu xatirələrim vardı. Əsəd Cahangirin təhriki ilə yazdım. Hələ 1985-ci ildə oxucu kimi ona məktublar yazır, cavab alırdım. Nigar Rəfibəylini çox sevmişəm. Bir də bir şəhid haqqında Südabə Sərvi ilə bir kitabım var. Amma nədənsə şeirlər kitabımı daha maraqla gözləyirəm. Şeir çox qəribə duyğudur. Haçan içinə girir bilmirsən.

- Son olaraq oxucularımıza nə demək istərdiniz? Hansı sualı gözləyirdiniz, vermədim?

- Hamıya mənalı ömür arzulayıram... Qadınlara isə kişi çörəyi yeməyi arzulayıram. Mən “delovoy" qadın deyiləm... Bacarmaram da... Xəyanətsiz, tər-təmiz dünya arzulayıram. Qadın gərək mələk kimi olsun, şeytan kimi yox.

Söhbətləşdi: Cəlil Cavanşir

# 1139 dəfə oxunub

Müəllifin son yazıları

# # #