Yazıçının baş kəsməsi

Yazıçının baş kəsməsi
14 noyabr 2014
# 11:25

Yazıçı Səfər Alışarlının “Yazıçı nəyi necə yazmalıdır?” yazısı yumşaq desəm, məndə qəribə təəssürat yaratdı.

Bu, şəksiz belədir: ədəbiyyat haqqında olan bütün müzakirələri və mübahisələri ancaq təqdir etmək lazımdır, ətalət və yeknəsəqlikdənsə, hətta yanlış qənaəti ortalığa atıb dartışmaq daha yaxşıdır.

Bunu şərti mənada da qəbul etmək olar, qeyri-şərti mənada da!

Üstəlik, nəzərə alsaq ki, ədəbiyyat üçün kifayət qədər maraqlı olan mövzunu ciddi imza sahibi ortalığa atıb, deməli, onu müzakirəyə çıxarmağın üstünlüyü bir başqadır.

Keçək mətləbə!

Səfər Alışarlı deyir ki, “arvadım o qələti eləsəydi, mən onun başını kəsərdim” cümləsini əsərdə yazmaq, Biləsuvardan vurub Goranboydan çıxan “namus qətlləri”nin təxminən iştirakçısı olmaq deməkdir. Və bir Azərbaycan yazıçısının bu cür düşünməsi sənətin ötən əsrdə həll etdiyi “ədəbiyyat tərbiyə və islah-əmək müəssisəsi deyil” fikrinin bizim kimi mühafizəkar Şərq ölkəsinə uzaqdan-uzağa təsir etmədiyi anlamını verir desəm, naqolay səslənməz.

Məsələ ədəbiyyatın köməkliyi ilə namus qətllərinin qarşısını almaqda deyil. Məsələ heç onda da deyil ki, tutalım, ədəbiyyat cinsi orqanı kəsilən kişinin “dadına çatsa”, bütün fundamental suallara cavab tapmış olacaq. Zorakılıq, qətl, vəhşilik bütün hallarda pislənməli, tənqid olunmalıdır, amma zənnimcə, burda ədəbiyyatın materialı başı və cinsi orqanı “kəsənlə, kəsilən”in psixoloji vəziyyətini göstərməkdir.

Problem obrazın mozalansayağı ifşasında da deyil. Mənə görə, müəlliflərlə “baltalı” cümlə davası etməkdənsə, onun qələmindən çıxan əsərdə bəlalı cümlənin işlənmə məqamına görə nadan obrazı olsa belə, onun haqqını peşəkarlıqla tanımaqdır. Bu, sözügedən qəhrəmana bəraət qazandırmaq anlamına gəlmir, sadəcə, onu bu məqama çatdıran səbəbləri göstərməkdən ötrü yazıçı “baş kəsdirməkdən” çəkinirsə, deməli, həmin ədəbiyyat olur “bağça ədəbiyyatı”. Burda dartışılası məsələ mahiyyəti izah etməkdən, psixoloji dərinliyi göstərməkdən, obrazı baş kəsməyə məcbur edən səbəblərə güzgü tutmaqdan ibarət ola bilər.

“Məhz onlar öz əsərlərində insanlara bir daha izah edirlər ki, adamı Allahdan savayı kimsənin öldürməsi böyük günahdır” didaktik ədası ilə ədəbiyyat yaratmağın mümkünlüyünü Tolstoy dövrü insanlarına Hüqo istedadı ilə inandırmaq olsaydı belə, bizim zamanda bu aydın həqiqətin ayaq tutub yeriməyəcəyinə adım kimi əminəm.

Gəlin, insan həyatını zəhərləyən namus-qeyrət anlayışından tutmuş, bizim ziyanımıza işləyən bütün mental dəyərlərə bir yerdə tüpürək, zorakılığa səbəb olan bütün vasitələrə qarşı hansısa şəkildə mübarizə aparaq, amma və lakin bu maarifpərvərliyin mayasında qeyri-rəsmi hakim ədası varsa, onun nəticəsi haqqında danışmaq bekara işdir.

Səfər müəllimin “yazıçı o cümləni yazıbsa, deməli, yazıçı yox, mirzə və qəzet reportyorudur” ittihamını isə ədəbiyyatşünaslara tapşırmaq ən gözəlidir. Ədəbiyyat haqqında gözəl-gözəl danışıb, mətndə onu “sübut” edə bilməyən yazıçıdansa, reportajında “baş kəsən” istedadlı reportyor daha urvatlı deyilmi?!

Sayğı və sevgilərlə...

# 1405 dəfə oxunub

Müəllifin son yazıları

# # #