“Dolu”, yoxsa “Sarı gəlin”?

“Dolu”, yoxsa “Sarı gəlin”?
1 may 2014
# 10:59

Soyuq başla analiz edəndə, mənzərə aydın görünür: son illər müharibə mövzusunda yazılan əsərlərdə, çəkilən filmlərdə nəzərə çarpan ucuz populizm, saxta vətənpərvərlik əslində ciddi sənətin uduzmasından savayı bir şey deyil. “Mən vətəni səndən çox sevirəm” prinsipindən həqiqi vətən sevgisi də, müharibə mövzusu da çeynə-tüpür oldu. Vəziyyət o yerdədir ki, müharibə haqqında yazmaq eşqinə düşənlərə istehzalı münasibət günbəgün daha çoxalır. Hələ üstəlik, məsələnin başqa - daha ağrılı tərəfi də var: məğlub ölkənin yazıçısı, rejissoru müharibədən nə yaza, nə çəkə bilər? Uzağı kütləni təsəlliyə tutmaq cəhdi ilə özü-özünü adada bilər.


Qəribədir, bizim müharibə görənlərimiz populizmdən qaça bilmir, problemə öz baxışı ilə yanaşanları da mövzunu bilməməkdə günühlandırırlar. Oddan-alovdan keçib soyuqqanlılığını saxlayan Remark yetişdirməkdən də danışmaq bekara işdir. Remark bir tərəfə, müharibəyə və faciəyə münasibətdə qızıl orta tutub əsl sənət nümunəsinə çevrilən misalların sayı çoxdur. Tutalım, biri Tolstoyun “Hacı Murad”ı.


Və bir acı həqiqət: Rusiyaya və dağlılara münasibətdəki Tolstoy nümunəsini 150 il sonra Azərbaycana cəmiyyətinə tətbiq etmək özü təhlükəli işdir. Sən demə, rejissor Yavər Rzayevin “Sarı gəlin” filminin misalında bu təhlükəni 16 il əvvəl gözə almaq olarmış. Özü də, dövlət vəsaiti ilə çəkilən filmin nümunəsində.

Yavər Rzayevin filmində bu gün Ermənistan-Azərbaycan münasibətləri müstəvisində aparılan ideoloji siyasətlə üst-üstə düşməyən xeyli səhnə saymaq olar. Lap düzü, kəsişməyən xətlər səhnələrdə yox, ssenarinin kökündədir. İdeyasında düşmən humanizmi olan bütün mövzuların dövranı və bazarı indilik deyil.


Filmdə könüllü cəbhəyə yollanan sadəlövh, humanist Qədirin düşmən əsirliyinə düşməsi, əsirlikdə erməni döyüşçüsü ilə qoşalaşıb müharibə meydanından qaçmaları əslində hər iki xalqın ideologiya qurbanı olmağının sübutudur. Bu qədər sadə: xalqların heç biri müharibə istəmir. Dağıdılan erməni və azərbaycanlı kəndlərində öldürülən insanların taleyinə eyni bədbəxtlik hakimdir. Hacı İsmayılov və Cahangir Novruzovun parlaq aktyor oyunları kadrbakadr bir həqiqətə xidmət edir: hər iki xalq bir yerdə çox rahatlıqla yaşaya bilər! Müharibədə ailəsini, qardaşını itirmiş komandirin (Ramiz Novruz) düzəni dağılan həyatı, pozulan psixologiyası müharibənin insanın həyatındakı izaholunmaz dərəcədə dəhşətli damğasının sübutudur.


Və ortalığa başqa suallar çıxır: ev-eşiyindən didərgin düşən, ömrünü uduzan, əsirlikdə anası-bacısı olan Azərbaycan insanına düşmənlə barışığın yeganə yol olduğunu inandırmaq mümkündürmü? Yaxud çözülməz düyündə ortaq məxrəcə gəlmək üçün nəyəsə göz yummaq nə dərəcədə ədalətlidir? Və ya, xalq diplomatiyasının effekt vermədiyi, münasibətlərin gərgin məqamında ölkənin taleyini həqiqi sənət deyilən nəsnənin ümidinə buraxmaq haqdandırmı? Bəs bunca ədalətsizliyə düçar olan xalqın itirdiklərinin bədəlini kim ödəyəcək?


Bitməz haqlı suallar...


Ümumiyyətlə, bizə hansı tip filmlər lazımdır: “Dolu”, yoxsa “Sarı gəlin”? Görünən odur ki, hazırkı Azərbaycan reallığında “Sarı gəlin” kimi barışığa xidmət edən filmləri nəinki çəkməzlər, onu heç nümayiş etdirməyi də məqbul bilmirlər. Hər halda, nə qədər ki, senzurasız kino mühiti yaranmayıb, “Sarı gəlin”lər meydanda hələ çox qərib görünəcək.


Filmin mövzusunun xırdalığına varmıram, ayrı-ayrı səhnələrdəki əsl şedevr məqamları, mesajları tutmağı tamaşaçının öhdəsinə buraxıram. Aydın olan bir şey var: final səhnəsindəki erməni və azərbaycanlını aparan sülh qatarını dayandırmaq istəyən qüvvələr olan yerdə, bayağı “Sarı gəlin” davası etmək elə məğlub olmağın başqa adıdır. Və bir gün o sülh qatarı mütləq iki xalqın sərhədlərini aşıb-keçəcək...

# 2920 dəfə oxunub

Müəllifin son yazıları

# # #