SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Baş katibinin müavini Arkadi Şevçenko XX əsrin ən səs-küylü casus qalmaqalının qəhrəmanı olub.
1956-cı ildən başlayaraq, Şevçenko XİN-də çalışmağa başlayır və əqli, işgüzar xarakteri, zəhmətsevərliyi sayəsində özünə parlaq karyera qazanır. Bütün bu nəticələri əldə etməkdə gözəl, uzaqgörən, başqaları ilə ünsiyyət qurmaqda mahir olan həyat yoldaşı Linanın da böyük rolu olur.
Lina ərinin xidməti işində yüksəlməsi üçün hər bir imkandan istifadə edirdi. Belə ki, o XİN-nin yüksək rütbəli məmurlarının həyat yoldaşları ilə dostluq əlaqələri yaradır, onlara müxtəlif xidmətlər göstərərək qiymətli hədiyyələr bəxş edir, qonaq çağırır, dadlı yeməklərlə onları valeh edirdi.
Linanın bu diqqəti öz bəhrəsini verir və çox keçmədən Şevçenko əvvəlcə Cenevrədə, 1963-1970-ci illərdə Nyu-Yorkda diplomatik vəzifələrdə çalışır, 1970-1973-cü illərdə isə xarici işlər naziri A.Qromıkonun məsləhətçisi pilləsinədək yüksəlir.
43 yaşlı Şevçenko sovet diplomatiyası tarixində ən cavan səfir idi. O, 1973-cü ilin aprelindən BMT-nin Baş katibinin siyasi məsələlər üzrə birinci müavini təyin olunur. Həmin dövrlərdə Baş katibi vəzifəsini Kurt Valdhaym icra edirdi və Arkadinin təyin edildiyi kürsü ənənəvi olaraq SSRİ-yə məxsus idi. Həmin imtiyaz Stalinin sayəsində yaradılmışdı.
Arkadi Şevçenkonun peşəkar erudisiyası və gözəl yaddaşı bir çoxlarında fərəh və qibtə hissi oyadır, onun analitik bacarığı barədə yuxarılarda əfsanələr söylənilirdi. A. Qromıkonun xüsusi göstərişi əsasında Arkadi xarici ezamiyyətlərə Linanı və qızı Anyanı da aparırdı.
Bir çoxları Linanın Qromıkonun arvadı və qızı ilə dostluq etdiyindən xəbərdar idilər və bu əlaqələr də Arkadinin xüsusi imtiyazlara sahib olmasına şərait yaradırdı. Məsələn, XİN-də mövcud olan sərt qaydaya əsasən diplomatın yaxın qohumları eyni vaxtda kapitalist ölkələrinə gedə bilməzdilər. Şevçenko üçün isə bu qadağa istisna təşkil edirdi. Özü Nyu-Yorkda çalışan zaman oğlunu Cenevrəyə uzun müddətlik ezamiyyətə göndərməyi də bacarmışdı.
Həmin sahədə daha bir maraqlı qayda-qanun hökm sürürdü. Belə ki, fəaliyyətinin son yarım ili müddətində Arkadi maaşını səfirliyə deyil, özünə saxlamışdı və heç kəsin də bu barədə Qromıkoya məruzə etməyə cürəti çatmırdı. O dövrlərdə XİN-nin bir çox məmurları spirtli içkiyə meyl göstərirdilər. Lina da içkiyə qurşanan Şevçenkonun bu aludəçiliyinə alışmışdı. Hərdən elə olurdu ki, lül-qəmbər Şevçenkonu köməkçisi Kuzmin ziyafət və qəbullardan sonra çiynində evə daşımalı olurdu.
O zaman kimsə Şevçenkonun 1975-ci ildən başlayaraq Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) işlədiyini bilmirdi. Elə içkiyə də məhz haçansa ifşa olunacağından qorxduğuna görə qurşanmışdı. Görəsən, onu satqın olmağa nə vadar edirdi? Şevçenkonun özünün dediyinə görə o, son dövrlərdə kommunist ideallarına inanmaqdan və rəhbərin hər bir əmrinə sadiqcəsinə əməl edən robot olmaqdan bezərək könüllü şəkildə amerikalılarla əməkdaşlığa başlamışdı.
Şevçenkonun xəyanəti barədə XİN-də cürbəcür şayiələr dolaşırdı. Bəzilərinin dediyinə görə, MKİ onu qadınlar sayəsində, bəziləri isə içkinin sayəsində ələ ala bilmişdir.
DTK-nın Nyu-Yorkdakı keçmiş rezidenti Yuri Drozdovun söylədiyinə görə, Arkadinin ikitərəfli oyun oynaması hələ 1975-ci ildə şübhə altına alınmış, lakin Qromıkonun himayədarlığından qorxaraq səfirin işi ilə ciddi məşğul olunmamışdılar.
Buna baxmayaraq, 1978-ci ildə Y.Andropov Şevçenkonun hökumətin məsul iclasında iştirak etməsi bəhanəsi ilə Moskvaya çağırılması üçün Qromıkonu dilə tutmağa nail olur.
Vətənə dönməyə hazırlaşan Arkadi gözlənilmədən Moskvadan ABŞ-a gəlmiş köhnə diplomat dostu Gennadi Staşevski ilə görüşür və söhbət zamanı ona mühüm iclasda iştirak edəcəyini bildirir. Dostu “Nə iclas, canım?”- deyərək təəccübləndikdə Şevçenko bunun tələ olduğunu anlayır. Aprelin 7-də Arkadi həyat yoldaşına birgə qaçmaq təklifi ilə məktub yazıb qoyaraq gecəyarısı evini tərk edir. Lina məktubda yazılanları təxribat kimi qəbul edir və telefonla Staşevskiyə zəng vurur. Onlar Arkadinin oğurlanaraq təzyiq altında məktub yazdığını fərz edib səfirliyə yollanırlar.
Orada Lina ilə Staşevskiyə təcili surətdə Moskvaya uçmağı əmr edirlər. Bu xəbər Moskvada böyük qalmaqala çevrilir. Şevçenkonun Amerika kəşfiyyatına nələr söyləyə biləcəyini yalnız xarici işlər naziri Qromıko bilirdi.
Tezliklə XİN-nin əməkdaşlarını DTK-da dindirlər. Bir çoxları Şevçenkonun Moskvada olarkən onları həmişə eyni fransız restoranına dəvət etdiyini və eyni masa arxasında oturduqlarını xatırlayırlar. Demə, orada aparılan söhbət və şayiələr amerikanlar tərəfindən gizli surətdə lentə alınırdı. Dindirilən hər kəs öz karyerasından qorxaraq restorandakı danışıqları yada salmağa çalışırdılar. Həmin diplomatlardan bəzisi sonralar bir neçə illər ərzində xaricə buraxılmırlar. Bu qalmaqaldan sonra Staşevskinin həyat yoldaşı Alladan başqa Linanın çoxsaylı dostları onunla telefon əlaqəsini kəsirlər…
… Arkadinin xəyanəti Linanı şoka salmışdı. Ərinin adını çəkməsə də, onu həyatından silə bilmir, həyəcan və əziyyət çəkirdi. Lina oğluna görə də narahatçılıq keçirirdi. Çünki atasının qaçışı onun diplomatik xidmətinə də zərbə vura bilərdi.
Ölümündən az əvvəl Lina rəfiqəsi Allaya zəng vurur və “Əgər başıma bir iş gəlsə, qızım Anyanı tək qoymayın”,- deyə xahiş edir. Bu telefon danışığından sonra Lina anasını bağa yollayır və intihar edir.
Hökumət bu ölüm faktına şərh vermir. Şevçenko isə belə bir fərziyyə irəli sürür: “Qeyd edim ki, bundan sonra ona ABŞ-a getməyi qadağan edəcəklər. Mənim qayıtmayacağımı anlayan kimi o çox güman ki, öz kin və qəzəbini tam başqa insanların üzərinə yönəltmişdir. Bəlkə də o, yüksək rütbəli şəxslərin şəxsi həyatından xoşagəlməz sirləri ifşa edə biləcəyinə görə kimlər üçünsə qorxulu idi. Əgər bu bələdirsə, deməli, o kimlərinsə karyerası üçün təhlükə yaradaraq məhv olunmağa namizəd idi. Görəsən, onu özünümüdafiə və eyni zamanda məni cəzalandırmaq üçün aradan götürə bilərdilərmi? Düşünürəm ki, bu belə də olmuşdur”.
Arvadının ölüm xəbəri Şevçenkonu bir o qədər də sarsıtmır. “İzvestiya” qəzetinin Vaşinqtondakı xüsusi müxbiri A.Palladinin dediyinə görə, Linanın ölümündən iki həftə keçməmiş Arkadi Cudi Çaves adlı yüngül həyat tərzi keçirən bir qadınla tanış olur. Yarım ildən sonra isə Eleyn adlı jurnalist qadınla evlənir.
Şevçenko övladlarının ABŞ-a buraxılması üçün Brejnevə müraciət etsə də, xahişinə əməl olunmur.
Məhkəmə Arkadi Şevçenkonu əmlakı müsadirə olunmaqla qiyabi ölüm hökmünə məhkum edilir. Lakin hökmün ciddiliyinə baxmayaraq, ailənin əmlakı müsadirə olunmur. Oğlu XİN-dəki fəaliyyətini davam etdirərək dissertasiya müdafiə edir. Bəlkə də bu, bir növ saziş idi. Yəni Şevçenko böyük sirlər barədə susacağı təqdirdə onun övladları da təqib olunmayacaqdılar.
“Nyu-York Tayms”ın yazdığına görə, Şevçenkonun hər hansı bir hərbi sirləri barədə məlumatı olmadığından, o, bu barədə nəsə söyləmək iqtidarında deyildi. O yalnız siyasətlə bağlı məlumat ötürə bilərdi. O dövrlərdə Moskva ABŞ administrasiyası ilə silahsızlaşdırılma sahəsində danışıqlar aparırdı. Şevçenko da bu sahə üzrə mütəxəssis olduğundan və Moskvanın mövqeyindən xəbərdar olduğundan Vaşinqtonu yalnız bu barədə məlumatlandıra bilərdi.
Amerikalılar üçün bu uduş təbliğatı və psixoloji cəhətdən çox uğurlu idi. Axı onların tərəfinə hansısa bir dissident deyil, sosializmin “üstünlüklərinə” qiymət verə bilməmiş yüksək elita nümayəndəsi keçmişdi. Bir sözlə, Şevçenko MKİ-nin 70-ci illərdə ələ keçirdiyi ən böyük qənimət hesab olunurdu. Amerikanın yüksək rütbəli xadimlərindən biri onun barəsində söyləmişdir: “Aman Allah, gör nə böyük balıq ovlamışıq!”. 1985-ci ildə Amerikada Arkadi Şevçenkonun “Moskvadan qoparkən” adlı memuarı işıq üzü görür.
Bu kitabı xaricdə əldə edən və böyük risklə Moskvaya gətirən sovet diplomatları onun yad adamın əlinə düşməsindən qorxub çəkinirdilər.
Şevçenko bir müddət icmalçı qismində televiziyada çıxışlar edir və öz şəxsi firmasını yaradır. Eleynin ölümündən sonra Rusiyadan gəlmiş gənc tələbə qızla ailə qursa da, onlar tezliklə ayrılırlar.
SSRİ-də Qorbaçov islahatları başlandıqdan sonra Arkadinin də övladları Amerikaya köçürlər. Lakin o tənhalıq içində vəfat edir. Deyilənlərə görə bir gün Arkadinin telefon zənglərinə cavab vermədiyini görən qızı onun mənzilinə gələrək atasını ölmüş görür. Meyitin üzərində heç bir zorakılıq əlaməti aşkar olunmur. Dəfnində isə təkcə MKİ-nin əməkdaşları iştirak edirlər.